Azərbaycandakı siyasi konyuktura
Son illər ərzində Azərbaycan qeyri-demokratik, patriarxal, kapitalist-istismarçı, irqçi və dözümsüz siyasi rejimin insanları istismar etməsi, qadın və kuirləri əzməsi və onlara qarşı zorakılığa biganə qalması, 2020-ci ildə Qarabağda öz maraqlarına xidmət edən müharibə aparması, insan azadlığı, yaradıcılığı və alternativ hər hansı bir fikrin boğulmasından əziyyət çəkir.
Məhz bu cür artan siyasi anomaliyanın nəticəsi olaraq, bugün, Azərbaycan cəmiyyəti alternativ fikrə dayanışı olmayan, zorakılığı normallaşdıran, ideoloji olaraq qapalı və totalitar bir mühitə çevrilib.
Bu hadisələr fonunda Azərbaycanda həqiqi feminist təşəbbüslər və feminist məzmunlar əmələ gəlir, yerli feministlər özünüdərk edərək, transmilli hərəkatlardan bəhrələnir və yerli müqavimətin formalaşması başlayır. Feminist Sülh Kollektivi də cəmiyyətimizdə baş verən sosial-siyasi hadisələrin parçası olaraq məhz həmin dövrdə yaranmağa başlamışdır.
Bu cür repressiv mühitin olmasına baxmayaraq, sülh (feminist və geniş mənada), azadlıq və bərabərlik arzulayan radikal səslər cücərir və təşkilatlanaraq alternativ ideyaların yayılmasına xidmət edir.
Dayandığımız nöqtə
08 mart 1917-ci ildə Birinci Dünya müharibəsinin sonunda, Rusiyada Fevral inqilabını bizə gətirən cəsur əməkçi qadınların “çörək və sülh” tələbləri ilə tarixə həkk olunan bu gün, bir əsrdən çox keçməsinə baxmayaraq reproduksiya olunmuş və daha da dərinləşmiş problemlərlə bizi ayağa qaldırır. Bugün Rusiyada inqilabçı nənələrinin ruhunu daşıyan minlərlə feminist “müharibəyə yox” deyərək həbs olunmaq, polis zorakılığa məruz qalmaq təhlükəsi ilə üz-üzə dayanır. Ukraynadakı feminist yoldaşlarımız ölümlə üz-üzə qalaraq imperial ambisiyalara müqavimət göstərir.
Yeni inqilabın zamanı deyilmi? Amma biz həm, Emma Goldmanın arzuladığı kimi rəqs edəcəyimiz inqilaba, həm də Ursula K.Le Guinin etmək yox olmaqla yaranacaq inqilabına çevriləcəyik.
1914-cu ildə proletariat qadına xitab edən Roza Lüksemburq, ən kasıb, ən gücsüz qadınları kapitalist hökmranlığına qarşı çıxmağa çağırırdı. Roza Lüksemburqun son sözlərinə xitab olaraq bu gün biz ümid, müqavimət və üsyanla bir araya gəlirik və deyirik: “Biz var idik, varıq və var olacağıq!”
1915-ci il Amerikanın I Dünya Müharibəsinə qoşulmasına etiraz edən Amerika pasifist hərəkatın himni olaraq deyirik: “Biz övladımızı əsgər olsun deyə böyütmədik”!
1929-cu ildə Koreyanın ilk sosialist qadınlar təşkilatında yazan Chong Ch’ilsong sadəcə xilas olacağımızı gözləməklə kifayətlənməməyə çağırışı davam etdiririk: “Öz taleyimizi yaratmayılıq”.
1937-ci il Fransız-kubalı yazar Anais Ninin sözləri ilə deyirik: “Gücümüzü hiss edirik. Yoldan çıxartmaq, işləmək, sevmək və sevilmək gücü!”
1955-ci il İranlı şair Foruğ Farruxzadənin İran qadınlarına xitab etdiyi şeirlə səslənirik: “ Heç vaxt zülmə boyun əyməyəcəyik. Qəzəb, nifrət və ağrı seli ilə coşacağıq!”
1960-cı ildə Dominikan Respublikasındakı Rafael Trujillonun diktatoruluğuna qarşı çıxan və öldürülən “Kəpənəklər” kimi tanınan dörd Mirabal bacılarının səsiyik: “Əgər bizi öldürsələr, əllərimizi qəbirdən çıxardacağıq və daha da güclü olacağıq”!
1965-ci il Amerikada qara dərili qadınların haqları üçün mübarizə aparan, Vyetnam müharibəsinin əsas tənqitçilərindən olan Fannie Lou Hamerin məşhur kəlməsi ilə deyirik: “Biz bezməkdən bezmişik!”
1969-cu il Amerikada Stonvol ixtişaşlarında “gey gücünü” ortaya qoyan kuir rəqqasların devizi olaraq deyirik: “ Biz Stonvollu qızlarıq, saçlarımızı burarıq, alt paltarsız gəzərik, abrımızı tökərik”
1970-ci il Punjab Universitetinin tələbələrinin yaratdığı radikal sol təşkilat “Qadın Cəbhəsi”-inin sloqanını xatırladırıq: “Qadınlar və siyasət birdir”.
1970-ci il Amerika inqilabçı transvestit və trasnseksual aktivistlərinin tələbləri ilə səslənirik: “Biz həm geylərin, həm də qadınların üzləşdiyi zülmü paylaşırıq. Hər bir trans* fərd tam və bərabər hüquqlara sahib olmalı, bütün əzilən insanlar üçün mübarizə aparmaqları üçün tam- səslə təmin olunmaldır”.
1971-ci il Vyetnam müharibəsinə, ABŞ imperializminə qarşı çıxan Şimali Amerikada yaşayan qaradərili, qəhvəyidərili, asiyalı və yerli Üçüncü dünya qadınlarının imperializm və müharibə əleyhinə həmrəylik marşını xatırlayırıq: “Bütün güc Üçüncü Dünya ölkələrindəki insanların olsun!”
1974-cü il Himalay dağlarında meşələrinin qırılmasına etiraz edən Hindistanın Reni kəndinin qadınları və onların Çipko hərəkatının deviziyik: “Bu meşə bizim ana evimizdir. Bütün gücümüzlə onu qoruyacağıq”.
2017-ci il Argentinada qadın qətllərinə etiraz olaraq 8 mart günü bütün dünyadakı qadınları qlobal tətilə çağıran “Ni Una Menos” hərəkatının səsi ilə deyirik: “Daha bir qadın, daha bir kuir qətlinə son”.
2019-cu il Çili feminist hərəkatı Lastesisin də himinini xatırladırıq: “Təcavüzkar sən idin, təcavüzkar sənsən! Polislərdir, hakimlərdir, dövlətdir, prezidentdir”.
Mövqeyimiz və çağırışımız
2022-ci ildə Azərbaycan və Qafqazdan feminist səslər olaraq tələblərimizi və mövqeyimizi göstərən çağırışı bu manifest ilə ifadə edirik.
Biz, produktiv və reproduktiv əməyimizlə qidalan, amma həm də onu heçə sayan kapitalist-patriarxal istismarçılara qarşıyıq!
Biz, müharibədə ətrafında yaratdıqları ənənəvi dəyərlər, maskulinlik, kişi şovinizmi ilə bizi susdurmağa çalışanlara qarşıyıq!
Biz, qadınlara və LGBTQİ+lara qarşı zorakılığı normallaşdıran, patriarxal zorakılığı gücləndirənlərə qarşıyıq!
Təbiəti sonunadək istismar etməklə kifayətlənməyib, bir də neft gəlirləri ilə heyvanları qətl edən şirkətlərə qarşıyıq!
Biz, irqçi, istismarçı və prekariatçı işə qarşı olaraq, hər kəsə yüksək maaş tələb edirik!
Femisiddən təngə gəlib, qadın qətllərinin siyasi olduğunu bir daha bəyan edirik!
Sülhün, sadəcə rəqəm olmayan 2783+4088 insan həyatı bahasına nail olunmadığı,
Ədalətin və bərabərliyin abstraksiya olmadığı,
İstismar və kasıblığın keçmişdə qaldığı
bir mühit üçün
Həmrəy olmağa,
Zorakılığa və zülmə sıfır tolerantlıq göstərməyə,
Feminist anti-militarist, anti-kapitalist, anti-imperialist, anti-irqçi mövqe göstərməyə çağırış edirik!
8 Mart günü, bizimlə eyni dəyərləri paylaşan hamını - əzilən, hüquqları tapdalanan, döyülən, öldürülən və hər cür zorakılıqla gündəlik üz-üzə qalan, əməyi istismar olunan, susdurulan, yaşamağa və yaratmağa azadlığı olmayan hər kəs üçün dirəniş göstərərək həmrəy olmağa çağırırıq!
Həmrəy olaraq qalib, parçalanaraq məğlubuq!
İlhamlandığımız mənbələr
–
Jessie Kindig (2020), The Verso Book of Feminism Revolutionary Words from Four Millennia of Rebellion
Nurlana Cəlil (2022). Azərbaycan F-99 Hərəkatının təşəkkülü və feminizmin transformasiyası. Bakı Araşdırmalar İnstitutunun saytında çap edilib. Oxunub, 8 mart 2022-ci il, https://bakuresearchinstitute.org/az/the-formation-of-the-f-99-movement-and-the-transformation-of-feminism-in-azerbaijan/
Comments