top of page
Nicat Eldarov

Bədənin feminist siyasi ekologiyalarına doğru


Bədənin feminist siyasi ekologiyalarına doğru: II Dağlıq Qarabağ Müharibəsi, Covid-19 Pandemiyası və çoxnövlü ekoədalət


Giriş

İkinci Dağlıq Qarabağ müharibəsi kimi xarakterizə edilən və 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-a kimi Azərbaycan və Ermənistan respublikaları arasında baş tutan 44 günlük müharibə Azərbaycan və Ermənistan milli kimliklərinin antaqonistik xarakterə malik olmasını büruzə etdi. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin müvafiq diskurslardan istifadə edərək ekzistensial təhlükəsizlik məsələsi olduğunu bəyan edərək, onun millətin sağ qalma prosesində əhəmiyyətli rola malik olduğunu vurğuladı. Yeni müharibənin özü ilə yeni material reallıqları və milli kimliklərin dinamik transformasiyasını gətirməsini nəzərə alaraq, feminist sülh tərəfdarlarının bu proseslərin güc münasibətləri ilə qarşılıqlı əlaqələrini öyrənməsi önəmliləşmişdir. Beləcə, hazırki tədqiqat münaqişəyə dair milli kimlik diskurslarını posthumanist feminist perspektivdən analiz etməyə çalışacaqdır.

Dağlıq Qarabağ münaqişəsi kontekstində və bu kontekstdən kənarda Azərbaycan milli kimliyi çoxsaylı araşdırmaçının tədqiqat obyekti olmuşdur. Bu araşdırmalar Sovet İttifaqında ərazi-əsaslı Azərbaycan milli kimliyinin inşa edilməsi (məsələn: Yilmaz 2013), müstəqillik dövründə “Azərbaycançılıq” ideyası (məsələn: Tokluoglu 2005; Cornell 2015), Azərbaycan milli kimliyi, gender və din arasındakı qarşılıqlı əlaqə (məsələn: Tohidi 1996; Tohidi 2008), Azərbaycan tarix kitablarında (məsələn: Gürbüz 2014), incəsənətində (məsələn: Najafizadeh 2015) və xəritələrində (Broers 2020) Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqət rejimlərinin inşa edilməsi kimi mövzularda aparılmışdır.

Hazırki araşdırma milli kimliklərin transformasiyasında bədən metaforalarının roluna fokuslanır. Mən, xüsusən, 44 günlük müharibə çərçivəsində bədən metaforalarının Azərbaycan tərəfindən istehsalına yer ayıraraq, COVID-19 pandemiyası və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı milli təxəyyülləri ehtiva etdiyindən, Azərpoçtun müharibə və pandemiyanın bir illiyinə həsr edilən aşağıdakı ştampını keys olaraq istifadə edəcəyəm (Torre 2021). Bu keys, həmçinin, insan-virus münasibətlərini yenidən nəzərdən keçərməyə imkan verəcəkdir.

Cəmiyyətlərin, millətlərin və dövlətlərin bədən metaforaları ilə təsvir edilməsinin tarixi Sokratdan öncəyə qədər gedib çıxır. Bədənsəl ifadələrin siyasi və sosial məsələlərə transferinin ən ekstrim nümunəsini Holokost diskurslarında görmək olar ki, bədən-milli dövlət assosiasiyalarının tədqiq edilməyə başlaması məhz bu cür metaforların soyqırım kimi faciəvi aktı legitimləşdirəcək dərəcədə güclü təsirə malik olması ilə əlaqədardır (Musolff, 2010).

Belə ki, Nasist Almaniyası siyasi elitasının yəhudilərlə bağlı diskursunda onlar “infeksion xəstəliklərin daşıyıcıları”“parazit” metaforaları ilə artikulyasiya edilmişlər ki, bu da həmin dövr ictimai düşüncəsində yəhudilərin total məhv edilməsi fikrini, məhv edilmədikləri halda Ari irqindən olan təmiz alman xalqının kütləvi yoluxmaya məruz qalacağı fikrini legitimləşdirmişdir. Xəstəlik-diaqnoz-müalicə ssenarili bu cür diskurslar müvafiq marjinallaşmış qrupların milliləşmiş bədəndən atılması gərəkən ünsurlar olduğunu inşa etməyə kömək etmişdir (ibid).

Bədən metaforaları, təkcə siyasi çıxışlarda yox, həm də xəritələrdə istifadə edilərək “geo-bədən”in inşasında əhəmiyyətli rol oynayır. Azərbaycan Respublikası xəritələrində Dağlıq Qarabağ, Ermənistan Respublikası və İran Azərbaycanının təsvir mexanizmlərini öyrənən işində Laurens Broers (2020) “geo-bədən”in “coğrafi ərazi, xalqlar və mədəniyyətləri əhatə edən total sistem” tərifindən istifadə edir. Gürcüstanda ölkədəki sesessiyanın heç vaxt sağalmayacaq bədən yarası olaraq xəyal edildiyini vurğulayan Broers bu cür kartoqrafik təlaşların səfərbərlik, emosional ekstrimlər və zorakılıqlarla xarakterizə edilən “qaynar millətçilik” və vətəndaşları xəritələr də daxil olmaqla müvafiq siqnallar vasitəsilə milli nizama gündəlik sosiallaşdıran “banal millətçilik” arasında dinamik münasibətlərə gətirib çıxardan affektiv milli təxəyyülləri formalaşdırdığını iddia edir (Broers, 2020).

Fiqur 1. Azərpoçtun müharibə və pandemiyanın bir illiyinə həsr edilən ştampı

Geo-bədən və bədən metaforaları ilə bağlı ədəbiyyatlar, lakin, bədənsəl münasibətlərlə bağlı ictimai təxəyyüllərin enaktəsi zamanı bədəni koqnitiv xəritə məkanı olaraq diskursiv şəkildə istehsal edirlər. Bu yanaşma Dekartçı bədən-ruh dualizmini istifadəyə verərək, bədənsəl mövcudiyyətin sosial-diskursiv sferanı aktiv dəyişmək qabiliyyətinə malik olmasına laqeyd qalır. Bu essedə mən Merlo-Pontinin fenomenologiyası ilə Evald İlyenkovun radikal realizmindən təsirlənən Yan Börkitin işlərinə istinad edərək iddia edirəm ki, bədən və ruh arasında xətti səbəb-nəticə əlaqəsi, eləcə də, ayrıca verilmiş "bədənsiz düşüncə" və "düşüncəsiz bədən" komponentləri mövcud deyillər (Burkitt, 1998). Beləcə, bütün bilik aktiv, münasibətcil, situativ və bədənsəl praktikadan gəldiyi üçün verilmiş mövzudakı ədəbiyyatı subyekt/obyekt, bədən/ruh, təbiət/mədəniyyət kimi dualizmləri sorğulayan, eləcə də insan və qeyri-insan bədənlərinə münasibətdə qayğı, nativizm və materiallaşma proseslərini araşdıran feminist texnoekologiyalar nəzəriyyəsinə (Barla & Hubatschke 2017) istinad edəcəyəm [1]. Analizdə, həmçinin, immunologiya ilə bağlı ənənəvi və alternativ ictimai təxəyyülərin nəzərdən keçirilməsi üçün tibbi antropologiya sahəsindən işlərə də istinad edilmişdir.



Analitik çərçivə

Barla və Hubatşke (2017) feminist texnekologiyaları “sərhədlərin hekayələri ilə məşğul olduqda önə çıxan əlaqəliliklər, düyünlər və kəsikləri tədqiq edən spekulyativ düşüncə forması” kimi ifadə edirlər. Avro-Qərb aydınlanmasının gətirdiyi insan/qeyri-insan, bədən/ruh, obyekt/subyekt, təbiət/mədəniyyət kimi dualizmləri sorğulayan müəlliflər sərhədləri “biosiyasət və nekrosiyasətlərin qanunlarına tabe etdirilən insan və post-insan həyatlarının həyati qüvvələri və ekzistensial axınlarını hədələyən, bir-birinə bağlayan və kəsən təbiətmədəniyyət fenomeni” [2] olaraq görürlər. Bu cür yanaşma hazırki tədqiqat işi üçün kifayət qədər əhəmiyyətlidir, çünki o, həm münaqişə kontekstində nəzərəçarpan məsələ kimi Dağlıq Qarabağ ərazisinin statusunu – yəni, sərhədlərin harada başladığı və bitdiyini – tədqiq etməyə, həm də qeyri-insan bədəni olan “virus”lara, eləcə də, milliləşdirilmiş bədənə özgə olan “erməni”lərə münasibətdə semantik sərhədlərin inşa edilmə mexanizmlərini öyrənməyə imkan verir.

Müəlliflər sərhəd və sərhədləşdirməyə dair nəzəriyyələrini Qattari (2005) və Yuval-Deyvisin (2006) konseptlərinin yaxından oxunuşu əsasında formalaşdırırlar. Ekologiyanı “sosial”, “mental” və “ətraf mühitsəl” kateqoriyalarının cəmi kimi görən Qattari (2005) iddia etmişdir ki, İnteqrativ Dünya Kapitalizmi nəinki ətraf mühitə dağıntılarla xarakterizə edilmiş, həmçinin, kollektiv kütləvi media subyektivliklərinin istehsalı nəticəsində doğmalıq şəbəkələrini yox etmiş və insanların düşüncə sistemini manipulyasiyaya məruz qoymuşdur. Bundan əlavə, Qattariyə görə, atomar vahid olaraq ayrıca “insan” və “təbiət” mövcud deyil, əvəzində isə onlardan birini digərində istehsal edən və mexanizmləri bir araya gətirən proseslər mövcuddur. Bu iddia, beləcə, öz/qeyri-öz, eləcə də, daxili/xarici kimi dixotomik fərziyyələri əhəmiyyətsizləşdirir (ibid).

Qattarinin bu iddiası Nils Borun kvant fizikası və Cudit Batlerin performativlik nəzəriyyəsini bir-biri vasitəsilə oxuyaraq posthumanist performativlik nəzəriyyəsini irəli sürən Karen Baradın (2003) intra-aktiv münasibətlərə dair tezisini xatırladır. Barad iddia edir ki, intra-aktiv münasibətlər elə münasibətlərə deyilir ki, həmin münasibətlərin vahidləri münasibətdən kənarda mövcud deyillər [3]. Bu isə o deməkdir ki, “insan” və “təbiət” material-diskursiv vahidləri yalnız ayrı-ayrı münasibətcil dolaşıqlıqda [4] “üzə çıxa” bilərlər, çünki ayrıca “insan” və “təbiət” vahidləri mövcud deyillər – onlar, həmişə iç-içədir və daim bir-birlərini rekonfiqurasiya edirlər. “İnsan” və “təbiət”; “öz” və “qeyri-öz” kimi vahidlərin fərqləndirilməsi yalnız münasibətcil dolaşıqlıqlar tərkibində baş verə bilər – bu cür fərqləndirmələrin inşasına Barad “agentik kəsik” adını verir (Barad, 2003).

Qattari ekologiya haqqında nəzəriyyələrində, həmçinin, “transversallıq” terminindən istifadə edir. Transversal orijinal olaraq riyaziyyatda istifadə edilən və eyni müstəvinin iki fərqli nöqtələrində yerləşən düz xətlərdən doğru keçərək onları kəsən xəttə verilən addır. Qattarinin anlayışında isə transversal fərqlilikləri və fundamental olaraq heterogen olan hissələri birləşdirən nəsnəyə verilən addır. Beləcə, transversal düşüncə və fəaliyyət heterogen aktorlar, məsələn, insan və qeyri-insan bədənlər arasında ortaq nöqtələri tapmağa çalışan və həmrəyliyi canlandıran siyasətdir (Qattari, 2005). Feminist aktivist və nəzəriyyəçi Yuval-Deyvis bu anlayışdan ilhamlanaraq heterogen mövqe və nöqteyi-nəzərləri bir araya yığaraq onları ortaq mübarizələr istiqamətində mobilizə edən siyasəti “feminist transversal siyasət” adlandırır. Yuval-Deyvis, xüsusən, miqrasiya və nativlik mövzularını araşdıraraq, bu anlayış vasitəsilə öz-özgə binar düşüncəsindən qurtulmağı və əvəzində “transversal biz”ləri təxəyyül etməyi təklif edir (Yuval-Davis, 2006). Barla və Hubatşke “feminist transversal siyasət” anlayışını qeyri-insan bədənlərinə də genişlətməyin əhəmiyyətini vurğulayır və insan və qeyri-insan bədənlərin ortaq mübarizələrinə diqqət çəkən qayğı və mikrosiyasi həmrəylik siyasətini təbliğ edirlər. Bu cür yanaşma nativ öz və işğalçı özgə dixotomiyasını inşa edən agentik kəsiklərin öyrənilməsi, sorğulanması, eləcə də, stabil olmayan, dinamik və açıqlıqla xarakterizə edilən kompleks dolaşıqlıqlara diqqət edilməsini tələb edir (Barla and Hubatschke, 2017).

Beləcə, bu tədqiqat işində Azərbaycan Respublikası xəritəsindəki (milliləşmiş Azərbaycan) insan(ı) bədəni – virus – erməni intraaktiv münasibətləri fonunda nativ – işğalçı dixotomiyasının necə formalaşması izah ediləcək və bu dixotomiyaya alternativ olaraq “transversal biz” təklif ediləcəkdir. Erməni-virus analogiyasının qurulduğu materiallar difraktiv mətn analizi vasitəsilə tədqiq ediləcəkdir [5].


Müzakirə

2021-ci ilin yanvarında Azərpoçt tərəfindən dezinfeksiya mütəxəssisinin Dağlıq Qarabağ və ətraf ərazilərində “kimyəvi təmizləmə” işlərinin aparıldığını göstərən poçt markası istehsal edildi. Poçt markası, rəsmi məlumata görə, Azərbaycan Respublikasının “COVID-19 pandemiyasına qarşı mübarizəsi”ni, eləcə də, 2020-ci ildə baş tutan 44 günlük Dağlıq Qarabağ müharibəsini anır (Torre, 2021). Müharibə ərəfəsində, həmçinin, erməniləri qeyri-insana bənzədən bir çox ritorikadan istifadə edildi. Onlar arasında ən məşhuru Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “erməniləri iti qovan kimi qovmaq” ritorikası idi (Mincom, 2020). Bir çox ictimai təxəyyüllərdə bu ritorikalar erməniləri dehumanizə edən diskurslar kimi səciyyələndirsə də, mən iddia edirəm ki, mən iddia edirəm ki, bədən metaforları insan aliliyini qoruyub saxlayan bu cür təxəyyüllərdən ötədə analiz edilməlidir. Bu cür sorğulama müxtəlif növlərdən olan özgələrlə doğmalıq diskursunu yaratmaq üçün mühüm rola malikdir. Əlbəttə ki, Baradın təbiətin kvir performativliyinə dair tezisi ilə razılaşaraq bildirmək istərdik ki, “qeyri-insana münasibət insanın differensial təşkil edilməsi diqqətimizi yenidən yalnız və yalnız insan üzərində cəmləşdirmişdir” (Barad 2011).

Qeyd edilməlidir ki, Azərbaycanda hakim siyasi rejimin, bəzi nominal müxalifət partiyalarının və kütləvi informasiya vasitələrinin diskurslarında, təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ münaqişəsi və COVID-19 pandemiyası çərçivəsindəki mübarizəsində o, beynəlxalq nizamı işğalçı özgələr kimi haşiyələndirilən ermənilər və viruslardan qoruyan nativ öz kimi səciyyələndirilmişdir. Bu kimlik inşası, adətən, virusun mutasiya və sürətlə yayılma metaforaları vasitəsilə legitimləşdirilmiş və göstərilmiş diskurslar geosiyasi manevrləri özündə ehtiva edərək, Rusiyanı Ermənistanda dəstəkdə, BMT və ATƏT kimi beynəlxalq təşkilatları isə “erməni virusu”na laqeydlikdə günahlandırmışdır [6].

COVID-19 pandemiyasının meydana çıxması, həmçinin, poçt markasında olduğu kimi virusun bədəndən atılması gərəkən vahid olduğunu vurğulayan diskursların çoxalması ilə xarakterizə edildi. Əslində isə çoxalmaq üçün qonağa, yəni, orqanizmin canlı hüceyrələrinə ehtiyacı olan viruslar insan bədəninə heç də insan aliçisi diskurslarında qeyd edildiyi kimi yad deyillər. Əlbəttə ki, endogen retroviruslar insan DNT-nin təqribən 8.3%-i təşkil edib, reproduktiv və şüurluluq funksiyalarına töhfə verirlər (Price, 2020; Lunstrum et.al. 2021). Hüceyrə təkamülündə əhəmiyyətli rol oynayan viruslar insanlarla daxil olduğu intra-aktiv münasibətlərdə, beləcə, təbiət/mədəniyyət, insan/qeyri-insan, subyekt/obyekt, həyat/ölüm kimi dualizmləri “sorğulamış olurlar”. Bu vəziyyət viruslarla bağlı diskursların əsaslarını araşdırmağa stimul yaradır.

Virusların insanlardan ayrı olaraq təsvir edilməsi onların birinin digərini ovlamağa çalışan yırtıcı kimi inşa edilməsinə səbəb olur (Price, 2020). Təbii, Donna Harauey haqlı olaraq, 20-ci əsr obyekti olaraq adlandırdığı immun sistemini qərb biosiyasətinin dialektikasında öz və özgəni tanımaq və tanımamaq üçün bələdçi rolunu oynayan xəritə kimi səciyyələndirir. Öz və özgə arasında sərhədləri inşa edərək, immun sistemi, beləcə, “normal”ı “patoloji”dən fərqləndirir [7] və son kapitalizmdə material və simbolik “fərqliliklər”in prinsipal sisteminə çevrilir (Haraway, 2017; Martin, 1990). Bu fərqliliklər imperial diskursların mirası olaraq, irqçilik, kəmərsıxma siyasəti, kapital dövriyyəsi, sərhədyaratma, qeyri-insana müdaxilə, antroposentrizm kimi praktikalarda öz əksini tapır (Lunstrum et.al. 2021).

Növlərarası münasibətləri idarə etməyə yönələn bu cür diskurslar, adətən, insan-virus münasibətlərini ya müharibə modeli əsasında, ya da polis dövlət modeli əsasında görür (Ferri 2018; Martin, 1990). Mikrobiomun bədənə daxil olmasını öz və qeyri-özün total müharibəsi kimi təsvir edən birinci modelə dair populyar, elmi və siyasi diskurslarda, bu səbəbdən, “immun müdafiəçiləri”, “immun qoşunları”, “yad orqanizmlər”, “amansız işğalçılar” ifadələrinə rast gəlmək mümkündür. Patogenləri xarici düşmən kimi xarakterizə edən müharibə modelindən fərqli olaraq, polis dövləti modelində bədən hüceyrələrinin kimlik təsbitinə sahib olmaları və beləcə “qeyri-qanuni sakinləri” bədənin bona fide tərkibindən fərqləndirməyi bacarması qeyd edilir. Beləcə, patogenləri müşahidə-nəzarətə məruz qoyan bədən hüceyrələri “qeyri-qanuni sakinlər”i “tanıyır” və onları aradan qaldırmaq üçün səfərbər olurlar (Martin 1990) [8]. Bu cür immunoloji təxəyyüllər bədənin axışqan xarakterini inkar edərək, özgələşdirmə mexanizmləri vasitəsilə daim sərhədlər yaradırlar. Təsadüfi deyil ki, bədən metaforalarının milli dövlətə nəzərən işlədilməsi əsasında sərhədlərin müəyyənləşdirilə bilinməməsi yaradan ərazi-etnik münaqişələri, məsələn, Dağlıq Qarabağ münaqişəsi kontekstində nəzərə çarpır. Azərbaycan rəsmi diskursunda münaqişədə ya “ermənilər” düşmən olaraq xarakterizə edilir, ya da II Dağlıq Qarabağ müharibəsi “anti-terror əməliyyatı” olaraq haşiyələndirilir.

İmmun sistemi diskurslarında vahidlərin, özlərin və fərdlərin necə inşa edilməsini "bədənsəl istehsal aparatı" terminologiyası ilə ifadə edən Donna Harauey bədənlərin əvvəlcədən mövcud olma hipotezini rədd edir və əvəzində iddia edir ki, "bədənlər bilik obyektləri olaraq material-semotik yaradıcı düyünlərdir. Onların sərhədləri sosial ünsiyyətlərdə materiallaşır" (Haraway, 2017). Beləcə, bioloji bədənlər bioloji araşdırmalar, nəşrlər, tibbi və biznes praktikaları, metaforalar və narrativlər də daxil olmaqla mədəni məhsullar və texnologiya kimi agentik kəsiklərin birgə formalaşdırdığı assamblajlarda meydana çıxmış olurlar.

Beləcə, biologiya tanıma və tanımama, kodlaşdırma səhvləri, bədənin oxuma praktikalarından ibarət elmə, xəstəliklər isə öz adlandırılan strateji assamblajın sərhədlərinin tanınmaması və ya transqressiyasına çevrilmiş oldu. Nəticədə, viruslarla bağlı müharibə və polis dövləti metaforaları son kapitalizmdəki postmodernist bədənləri idarə etmək üçün formalaşmış bədənsəl kimlik siyasətinin yan məhsulu kimi inşa edildi (ibid).

Deməli, virusları məhv edilməli olan zəhərli orqanizmlər kimi təqdim edən bədənsəl metaforalar elmi obyektivliyi-faktuallığı yox, spesifik material-diskursiv dolaşıqlıqdan meydana çıxan enaktiv mənaları ifadə edir - neytral deyildir. Bu səbəbdəndir ki, biotəşvişlərlə bağlı kitabında Nil Ahuya polisləşmə və hərbiləşmənin ideallaşması nəticəsində səhiyyə və iqtisadi təminatların ədalətli ödənilməsinə dair siyasətlərin diqqətdən kənarda qaldığını qeyd edir (Ahuja, 2016) [9]. Nəhayət, bu diskurslar viruslar barədə homogen imic yaradaraq onları patogenlik funksiyasına reduksiya edirlər: halbuki, viruslar qeyri-patogenik vəziyyətdən patogenikə və ya əksinə, gözlənilməz formada keçid edə bilirlər (Ferri, 2018).

Bədənin radikal tarixi spesifikalarda yerləşdiyini iddia edən bir çox tədqiqatçı viruslarla bağlı metaforaları tənqidində autoimmun xəstəliklərin analizinə əhəmiyyətli yer ayırmışdır. Autoimmun xəstəliklər immun sisteminin məhz "öz döyüşçüləri" tərəfindən "hücum"a məruz qalması nəticəsində yaranan xəstəliklərdir - belə ki, bu xəstəliklər öz-qeyri-öz dixotomik fərziyyəsini çətinləşdirirlər, çünki bədən özü özünə qarşı münaqişə ocağına çevrilmişdir. Buna baxmayaraq, müharibə və polis metaforaları autoimmun xəstəliklər diskursundan da yan keçməmişdir. Azərbaycan dilində "autoimmun xəstəliklər" axtarışı üzrə ilkin Google nəticələrindən birindəki məqalədə immun sistemi "yüksək döyüş qabiliyyətli ordu", T-hüceyrələri "bu döyüşçülərdən ən məşhuru", bakteriyalar və viruslar "özününkü olmayanlar", hüceyrələr, toxumalar və orqanizmin "öz" molekulları "özününkülər", autoimmun hüceyrələr isə "satqınlar" kimi haşiyələndirilir (saglamolun.az, 2012).

Buna baxmayaraq, Jak Derrida və Donna Harauey kimi filosoflar autoimmunitetdən metafora kimi istifadə edərək öz/özgə, daxili/xarici, nativ/yad kimi dixotomik fərziyyələri destabilizə etməyə də cəhd etmişlər. Millətlərin xarici təhlükələrə qarşı göstərdiyi özünüdağıdıcı cavab mexanizmlərinin ziddiyətli təbiətini vurğulayan Derrida (2003), məsələn, qeyd edirdi ki, 11 sentyabr sonrası ABŞ ölkəni gələcək terror təhlükələrindən qorumaq (və ya immunlaşdırmaq) məqsədilə həyata keçirilən təhlükəsizlik tədbirləri əslində onların qorumağa cəhd etdiyi vətəndaş hüquqlarını məhdudlaşdırırdı. Eyni zamanda, Azərbaycan Respublikasının II Dağlıq Qarabağ müharibəsini "anti-terror əməliyyatı" kimi təqdim edən, eləcə də, sosial şəbəkədə bu xüsusda poçt markasında dezinfeksiyaya məruz qalanların "erməni terrorçular"ı olduğunu iddia edən diskurslar autoimmunitetin mübadiləlilik - xeyir və şərin daim rollarını dəyişdiyi dinamika - məntiqini üzə çıxarır - "anti-terror, başqa sözlə, terror olaraq qəbul edilir və beləcə, anti-terror əməliyyatını təhrik edir və sair" (ibid).

Nəticədə, autoimmunitet diskursu antaqonist olmayan mübadilə çərçivəsində öz və qeyri-öz arasında davamlı sövdələşmə təxəyyülünü dixotomik fərziyyələrə alternativ olaraq irəli sürür (Ferri, 2018). Beləcə, bədənin tərkib hissəsi kimi tanınan və tanınmayan arasında dinamik və proqnozlaşdırılması çətin mübadilələr Dağlıq Qarabağ münaqişəsi çərçivəsində də binar düşüncəyə qarşı qoyula bilər - çünki, özünə müharibə elan edən bədənə müharibə elan etmək davamlı müharibə və zorakılıq deməkdir. Autoimmunet metaforası virusu bədəndən, "ermənilər" və ya "erməni terrorçuları"nı da Azərbaycan milli bədənindən kənarda təsvir etməyin əhəmiyyətsizliyini vurğulayaraq, hibridliyə, heterogenliyə və bədənlərin qarşılıqlı əlaqəsinə diqqəti çəkir [10].

“Normal patolojiyə qarşı” diskursiv məntiqi allergiya ilə bağlı tədqiqatlarda da dekonstruksiya edilmişdir. Allergiya zamanı bədən adətən zərərsiz sayıla biləcək xarici cisimcikləri, yəni, antigenləri zərərli olaraq tanıyır və öz bütövlüyünü qorumaq əvəzinə onu zədələyir - yəni özlə özgəni səhv salır. Maraqlıdır ki, allergiya terminini 1906-cı ildə irəli sürən Avstriyalı alim Klemens Pirke onu xəstəlik olaraq yox, "dəyişdirilmiş reaktivlik" formuluna uyğun gələn immun reaksiyası kimi təsvir etmişdir. O iddia etmişdir ki, immun reaktivliyi orqanizmin özünüqoruma funksiyası ilə yox, davamlı olaraq dəyişmə qabiliyyəti ilə müəyyənləşir. Pirke xəstəliyin bir-birindən təcriddəki bioloji komponentlər arasındakı səbəb-nəticə əlaqəsindən yaranması hipotezini rədd etmiş və immun reaksiyalarını dəqiq başlanğıc və son nöqtəsi olmayan açıq proses kimi ifadə etmişdir. Beləcə, Pirkeyə görə, daim transformasiyada olan immun reaksiyaları eyni dərəcədə dəyişkən olan mühitlə əlaqədə olduğundan, orqanizmin sabit kimliyi ola bilməz, əvəzində onun kimliyi mühitlə (antigenlərlə) dialoq-əsaslı münasibətlərdən asılı olaraq dəyişkən ola bilir. Bu isə xətti səbəb-nəticə əlaqəlilik və interaktiv münasibətlər modelindən dəyişdirilmiş reaktivlik və intraaktiv münasibətlər modelinə keçidi şərtləndirir. Həmin modelə görə, orqanizm-antigen münasibətləri yalnız reaktivlik çərçivəsində öyrənilə bilər. Deməli, hər hansı reaksiya zamanı kimliklərin müəyyənləşməsi əvvəlki reaksiyalar və münasibətlərdən asılıdır, çünki orqanizm və antigen daim sövdələşmə içərisindədir [11]. Allergiya ilə bağlı bu yanaşma “nativ öz” və “işğalçı özgə”lərin (münasibətcil dolaşıqlıq olan) proses nəticəsində formalaşmasına və həmin kimliklərin davamlı baş tutan münaqişə transformasiyası nəticəsində dəyişə bilirliyinin xarakterik olduğuna işarə edir.

Bütün bunlarla yanaşı, individ-əsaslı immun təxəyyüllərinə [12] alternativ immunoloji təxəyyüllər mövcudluğunu da vurğulamaq lazımdır. 19-cu əsrin sonu - 20-ci əsrin əvvəllərində rus bioloqları, məsələn, orqanizmin abiotik şəraitlə mübarizəsini müharibə formatlı təbii seçmə kimi yox, növlərarası münasibətin əsas bazisi kimi gördükləri əməkdaşlıq modelli "qarşılıqlı yardım" nəzəriyyəsi ilə izah edirdilər. Oxşar şəkildə Lüdviq Flek sərhədlər inşa etmə əvəzinə, orqanizmləri "harmonik həyat vahidi" kimi, yəni, simbiotik yaşam nəticəsində formalaşan assamblajların agentik kəsikləri kimi görməyin tərəfdarı idi. Bu immunoloji təxəyyüllər neytral olmayıb, birinci halda monarxizm və sosializmə yönəli populizmin formalaşdırdığı kooperativ sosial etos, ikinci halda isə Nasist Almaniyasının "xalq bütöv orqanizm kimi" soyqırımsal siyasətinin buraxdığı neqativ xatirələrin formalaşdırdığı material-diskursiv dolaşıqlıqdan doğmuşdular (Martin, 1990). Bu cür immunoloji təxəyyülləri azərbaycanlı-erməni antaqonizmə alternativ kimi nəzərdən keçirmək məhsuldar və hörmətcil məşğuliyyətlərə gətirib çıxarardı.



Nəticə

Beləcə, Azərpoçtun “ermənilər” və ya “erməni işğalçılar/terrorçular”ı bədəndən atılmalı olan virus kimi təqdim etdiyi poçt markası Azərbaycanda qeyri-insan mikrobiom bədənlərin özgələşdirilməsi, eləcə də, Dağlıq Qarabağ münaqişəsi kontekstində düşmən imicinin formalaşdırılmasında simvolik rol oynayan geo-bədənlər kimi xarakterizə edilməlidir. Bu geo-bədənlər affektiv millətçi təxəyyüllərə töhfə verməklə yanaşı, son kapitalizmin “fərqlilik” diskursu, militarizm və müstəmləkəçilik nəticəsində dissosiasiya edilmiş azərbaycanlı, erməni bədənlər, insan bədənləri və virus bədənlərini bir-birindən ayrı saxlamağa çalışır. Bu səbəbdən, həmin özgələşdirmə mexanizmlərini qısa tədqiq edərək, bu işdə “transversal biz” kimliyinə əsaslanan yeni materialist qayğı etikasının önəmi qeyd edilmişdir. Bu cür kimlik dixotomik münaqişəli fərziyyələri rədd edərək, şəriklik, açıqlıq, sövdələşməyə meyillilik və doğmalığa əsaslanan siyasəti təbliğ edir.



İstinadlar

a. Elmi mənbələr

Ahuja, N., 2016. Bioinsecurities. Duke University Press.

Barad, K., 2003. Posthumanist performativity: Toward an understanding of how matter comes to matter. Signs: Journal of women in culture and society, 28(3), pp.801-831.

Barla, J. and Hubatschke, C., 2017. Technoecologies of borders: Thinking with borders as multispecies matters of care. Australian Feminist Studies, 32(94), pp.395-410.

Beck, A., 2021. Microbiomes as companion species: an exploration of dis-and re-entanglements with the microbial self. Social & Cultural Geography, 22(3), pp.357-375.

Broers, L., 2020. Cartographies of Consensus and Grievance: Visualising the Territory of Azerbaijan. Europe-Asia Studies, 72(9), pp.1468-1497.

Burkitt, I., 1998. Bodies of knowledge: Beyond Cartesian views of persons, selves and mind. Journal for the theory of social behaviour, 28(1), pp.63-82.

Cornell, S.E., 2015. Azerbaijan since independence. Routledge

Derrida, Jacques. 2003. “Autoimmunity: Real and Symbolic Suicides: A Dialogue with Jacques Derrida.” In Philosophy in a Time of Terror: Dialogues with Jürgen Habermas and Jacques Derrida, edited by Giovanna Borradori, 85–136. Chicago: The University of Chicago Press.

Ferri, B.A., 2018. Metaphors of contagion and the autoimmune body. Feminist Formations, 30(1), pp.1-20.

Haraway, D., 2017. The biopolitics of postmodern bodies: Determinations of self in immune system discourse (pp. 203-214). Routledge.

Hsieh, H.F. and Shannon, S.E., 2005. Three approaches to qualitative content analysis. Qualitative health research, 15(9), pp.1277-1288.

Guattari, F., 2005. The three ecologies. Bloomsbury Publishing.

Gürbüz, Y.E., 2014. In Search of New Historiographies for Ex-Soviet Turkic States: Azerbaijan, Uzbekistan and Kazakhstan. Historiography and Nation-Building among Turkic Populations, pp.47-68.

Jamieson, M. (2017) Allergy and Autoimmunity: Rethinking the Normal and the Pathological, Parallax, 23:1, 11-27

Lunstrum, E., Ahuja, N., Braun, B., Collard, R., Lopez, P.J. and Wong, R.W., 2021. More‐Than‐Human and Deeply Human Perspectives on COVID‐19. Antipode.

Martin, E., 1990. Toward an anthropology of immunology: The body as nation state. Medical Anthropology Quarterly, 4(4), pp.410-426.

Murris, K., & Bozalek, V. (2019) Diffracting diffractive readings of texts as methodology: Some propositions, Educational Philosophy and Theory, 51:14, 1504-1517

Musolff, A., 2010. Metaphor, nation and the holocaust: The concept of the body politic (Vol. 3). Routledge.

Najafizadeh, M., 2015. Poetry, Azeri IDP/refugee women, and the Nagorno-Karabakh war. Journal of Third World Studies, 32(1), pp.13-43.

Price, C., 2020. Covid-19: When species and data meet. Postdigital Science and Education, 2(3), pp.772-790.

Tohidi, N., 1996, January. Soviet in public, Azeri in private: Gender, Islam, and nationality in Soviet and post-Soviet Azerbaijan. In Women's Studies International Forum (Vol. 19, No. 1-2, pp. 111-123). Pergamon.

Tohidi, N., 2008. Gender and national identity in post-Soviet Azerbaijan: A regional perspective.

Tokluoglu, C., 2005. Definitions of national identity, nationalism and ethnicity in post-Soviet Azerbaijan in the 1990s. Ethnic and racial Studies, 28(4), pp.722-758.

Yilmaz, H., 2013. The Soviet Union and the construction of Azerbaijani national identity in the 1930s. Iranian Studies, 46(4), pp.511-533.

Yuval-Davis, Nira. 2006. “Human/Women’s Rights and Feminist Transversal Politics.” In Global Feminism: Transnational Women’s Activism, Organizing, and Human Rights, edited by Myra Marx Ferree and Aili Mari Tripp, 275–295. New York: New York University Press.


b. Veb-saytlar

Almazhasret.com, 2020. Vətəndaş Hərəkatı beynəlxalq konfransda erməni təcavüzünü və COVİD-19 pandemiyasını müzakirə etdi. Available at: https://www.almazhasret.com/?p=4888

Axar.az, 2021. Bakıdan erməni xalqına müraciət: Sizə təşəkkür edirəm! Available at: https://axar.az/news/kult/527896.html

Cabbarov Ə., 2021. Erməni xəstəliyi: simptomları, müalicəsi (felyeton). Available at: http://www.serqqapisi.az/index.php/idztimai-siaysi/29190-ermaeni-khaestaeliyi-simptomlar-mualidzaesi-felyeton.html

E-tibb.az, 2020. İnfeksionist: “Virus artıq yaşlı, cavan, yanaşı xəstəlik olub-olmamasını tanımır”. Available at: https://e-tibb.az/xeber/infeksionist-virus-artiq-yasli-cavan-yanasi-xestelik-olub-olmamasini-tanimir-2704

Fed.az, 2021. "Onlar xəstələniblər, koronavirusdan da betər bir virus hopub bunların canına". Available at: https://fed.az/az/qarabag/quotonlar-xestelenibler-koronavirusdan-da-beter-bir-virus-hopub-bunlarin-caninaquot-101767

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, 2020. Mehriban Əliyeva: "Biz ilk döyüşdə qalib gəldik, amma pandemiya ilə müharibə hələ davam edir". Available at: https://its.gov.az/bloq/mehriban-eliyeva-biz-ilk-doyusde-qalib-geldik-amma-pandemiya-ile-muharibe-hele-davam-edir

İCTİMAİ TV, 2021. İrəvanda virusun “Ermənistan ştamı” yayılır. Available at: https://www.youtube.com/watch?v=LZBu6udX7IM

İsmayılov S., 2020. Ermənistan - koronavirus "bombası" – ŞƏRH. Available at: https://report.az/analitika/ermenistan-koronavirus-bombasi-serh/

Qafarlı T., 2020. Türk Birliyini bölən Erməni Virusu və mövcud durum-MÜSAHİBƏ. Available at: https://versus.az/article/az/15576

Qənioğlu T., 2020. Ermənilər faşizm virusuna yoluxublar. Available at: http://www.nuh.az/26155-ermnilr-faizm-virusuna-yoluxublar.html

Mincom, 2020. President Ilham Aliyev addressed the nation. Available at: https://mincom.gov.az/en/view/news/1046/president-ilham-aliyev-addressed-the-nation

Mi-news.az, 2020. İlham İsmayılov: “Biz həm erməni quldurları ilə döyüşürük, həm də COVİD-19-la…”. Available at: https://mi-news.az/ilham-ismayilov-biz-h-m-erm-ni-quldurlari-il-doyusuruk-h-m-d-covid-19-la/

Musayeva Y., 2020. Erməni “pandemiya”sı. Available at: http://www.azerbaijan-news.az/posts/detail/ermeni-pandemiyasi-199187

Məhərrəmov V., 2020. "Covid-88", yaxud "erməni virusu"na qarşı Türkəçarə - Münasibət. Available at: https://525.az/news/149599-covid-88-yaxud-ermeni-virusuna-qarsi-turkecare-munasibet

Seyid, Y., 2020. Müharibədən sonrakı Qarabağ. Available at: https://paralel.az/az/article/220349

Torre, L., 2021. Azerbaijani postal stamps accused of spreading anti-Armenian propaganda. [online] The Calvert Journal. Available at: https://www.calvertjournal.com/articles/show/12442/azerbaijan-stamps-nagorno-karabakh-war-anti-armenian-propaganda

Virtualkarabakh.az, 2020. Erməni icmasının bəzi üzvləri Tural Gəncəliyevə müraciət edib: "Dağlıq Qarabağda koronavirusa yoluxma halları gizlədilir". Available at: https://www.virtualkarabakh.az/az/new-item/6/1664/some-members-of-the-armenian-community-appealed-to-tural-ganjaliyev-infection-cases-of-coronavirus-in-nagorno-garabagh-are-hidden.html

Xalidbəyli E., 2020. Ermənilər 21-ci əsrə "azıb", gəlmişdilər: 2021-ci ildə mədəni inkişaf fərqini qapada bilməsələr, "zaman tuneli" bağlanacaq. Available at: https://musavat.com/news/ermeniler-21-ci-esre-azib-gelmisdiler-2021-ci-ilde-medeni-inkisaf-ferqini-qapada-bilmeseler-zaman-tuneli-baglanacaq_767070.html?d=1

Xalq qəzeti, 2021. Musa QULİYEV: Qarabağda həyatı yenidən canlandıracağıq. Available at: https://xalqqazeti.com/mobile/az/news/67525

Yeni Azərbaycan Partiyası, 2020. Erməni əsgərlər müharibəyə getməkdənsə, COVID-19 testinin “müsbət” nəticəsini pulla almağa üstünlük verirlər. Available at: http://yap.org.az/az/view/news/46401/ermeni-esgerler-muharibeye-getmekdense-covid-19-testinin-musbet-neticesini-pulla-almaga-ustunluk-verirler

Əliyeva N., n.d.. Hər şeydən keçilər, Vətəndən keçilməz! Available at: https://bsu-uni.edu.az/az/news/2028

Şahinoğlu E., 2020. Donbass və Qarabağ separatçıları eyni vəziyyətdədirlər. Available at: https://kafkassam.com/donbass-v%C9%99-qarabag-separatcilari-eyni-v%C9%99ziyy%C9%99td%C9%99dirl%C9%99r.html


Qeydlər

[1]. Bədən/ruh dualizmi materiyanı düşüncə proseslərinə tabe edərək onun spesifik effektə gətirib çıxaran fəaliyyət gücünə sahib olması iddiasını rədd edir. Nəticədə, şüurluluqla assosiasiya edilən insanlar (mədəniyyət) bədənlə assosiasiya edilən qeyri-insanlardan fərqlənir ki, bu da insanın təbiətdən ayrı orqanizm olması düşüncəsini tətikləyir. Bu düşüncəyə təbiət/mədəniyyət dixotomiyası deyilir. Həmçinin, bədən-ruh dualizmi təcrübənin şüurlu müşahidəçi subyekt və müşahidə edilən obyekt arasındakı əlaqə vasitəsilə üzə çıxacağı fikrini legitimləşdirir. Bu fikr subyekt/obyekt dualizmi adlanır. Bu mövzuda daha ətraflı giriş xarakterli məlumat üçün göstərilən mənbəyə baxmaq məqsədəuyğundur: Hawkins, R.Z., 1998. Ecofeminism and nonhumans: continuity, difference, dualism, and domination. Hypatia, 13(1), pp.158-197. Məqaləyə göstərilən linkdən keçid edə bilərsiniz: https://www.jstor.org/stable/3810611

[2]. İngilis dilində natureculture kimi ifadə edilən təbiətmədəniyyət neologizmi ilk dəfə Donna Harauey tərəfindən istifadə edilmiş və Dekartçı dualizmləri sorğulayan tədqiqatçıların geniş ilham mənbəyi olmuşdur. Donna Harauey, adətən, binar düşüncədə yerləşdirilən təbiət və mədəniyyət fenomenlərinin əksliklərinə yox, daim bir-biri ilə intra-aktiv münasibətinə eyham vurmaq üçün nature/culture ifadəsindəki drop işarəsini atmış və natureculture terminini irəli sürmüşdür.

[3]. Bu anlayış, adətən, inter-aktiv münasibətlər termini ilə qarşılaşdırılır. İnter-aktiv münasibətlər dedikdə münasibət komponentlərinin öncədən verilmiş xüsusiyyətlərə malik olan ayrı orqanizmlər olması nəzərdə tutulur. İntra-aktiv münasibətlərdə isə bu komponentlər münasibətlərdə ortaya çıxır, ondan kənarda mövcud deyillər.

[4]. Karen Baradın (2003) məşhur posthumanist performativliyə dair tezisi və digər əsərlərində material-diskursiv dolaşıqlıq və münasibətcil dolaşıqlıq ifadələrinə tez-tez rast gəlmək mümkündür. Kvant fizikasındakı “kvant dolaşıqlığı” ifadəsindən təsirlənilərək irəli sürülən bu ifadələr material və diskursiv sferaların ontoloji məsafədə olmadığına, əksinə, daim bir-birlərini müştərək şəkildə formalaşdırdığına və rekonfiqurasiya etdiyinə işarə edir.

[5]. Bu essedəki analitik çərçivə Donna Harauey və Karen Baradın feminist fəlsəfələri əsasında qurulmuş diffraktiv mətn analizidir. Diffraktiv mətn analizi tədqiqatçının tərkib hissəsi olduğu dünyadan, ənənəvi metodologiyalardan fərqli olaraq, ontoloji məsafədə müstəqil mövcud olduğunu rədd edən və insan-mətn münasibətlərinə məsuliyyətli yanaşma tələb edən post-keyfiyyət analitik çərçivəsidir. Bu cür yanaşma mətnlərin müqayisə və ziddiyyətə məruz qaldığı ədəbiyyat icmalından fərqli olaraq, mətnləri bir-birinə qarşı qoymur, onları bir-biri vasitəsilə oxumağa çalışır. Bu səbəbdən, hər hansı mətn bünövrə hesab edilmir və fərqliliklərin önəm daşıması analizin əhəmiyyətli məqamlarından birinə çevrilir. Diffraksiya modeli Dekartçı dualizmlərə qarşı çıxaraq, bilməni subyekt-obyekt dixotomiyasının subyekt-obyekt dolaşıqlığı ilə əvəz edildiyi birbaşa material məşğuliyyət olaraq tanıyır (Murris & Bozalek, 2019). Münasibətcil ontoepistemoloji dolaşıqlıq olan bilik istehsalı prosesində münasibət komponentləri təyin edilmiş sərhədlərə malik deyil və əvvəlcədən mövcud deyillər - əvəzində münasibətlərdə agentik kəsiklər vasitəsilə ortaya çıxırlar (Barad, 2003). Bu isə o deməkdir ki, diffraktiv mətn analizində affektə və insanötəsi münasibətlərə açıqlıq, insan-mətn intraaktiv münasibətlərində dialoqa əsaslanan məsuliyyətli oxunuş və təsadüfiliyin gözlənilməsi nəticəsində yeni və radikal təxəyyüllərə çıxış, güc istehsal edən ikililərin dekonstruksiyası və eləcə də, tədqiqat münasibətlərinin hər zaman siyasi və etik xarakterə malikliyinin tanınması böyük önəm daşıyır.

[6]. Yazının həcmi ilə bağlı məhdudiyyətlərlə əlaqədar olaraq, erməni-virus analogiyalı mətnlərin difraktiv oxunuşunu daha ətraflı şəkildə hazırki qeyddə yerləşdiririk:

“Erməni-virus analogiyaları, adətən, “iki cəbhədə döyüş” diskursu vasitəsilə legitimləşdirilmişdir. Bu diskursda Azərbaycan Respublikasının eyni zamanda həm COVID-19 pandemiyasına, həm də ikinci Dağlıq Qarabağ müharibəsi kontekstində Ermənistan Respublikasına qarşı mübarizəsinin birgə vurğulanması ilə Azərbaycan tərəfi beynəlxalq nizamı qoruyan “nativ öz”, koronavirus və erməni tərəfi isə onu hədələyən “işğalçı özgə” kimi inşa edilmişdir. Nativ öz kimliyinin konstruksiyasında, adətən, ərazi əsaslı Azərbaycan milli kimliyinə (xüsusən də, ölkədə yaşayan ayrı-ayrı etnik qrupların ortaq “düşmən”ə qarşı birgəliyinin, eləcə də, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasının əhəmiyyəti vurğulanmaqla), bəzən də ortaq türk dünyasına istinadlar öz yerini tapmışdır. Qeyd etmək lazımdır ki, bu diskurslarda virusa militaristik yanaşma həm ictimai-siyasi, həm də tibbi diskursda öz əksini tapmışdır. Analoji diskurslarda tez-tez “koronavirusun Ermənistan ştammı”, “erməni xəstəliyi”, “erməni pandemiyası”, “erməni virusu”, “erməni faşizmi/aqressiyası virusu”, “COVID-88”, “şovinizm və separatçılıq virusu” kimi ifadələrə rast gəlmək mümkündür. Bu diskurslarda “işğalçı bədənlər”in “nativ öz”lərin resurslarını istismar etdiyi və beləcə də, ondan xaric edilməsi əsaslandırılır.

Bu dixotomik düşüncənin əsaslandırılmasında viruslarla bağlı iki əsas ictimai təxəyyülə istinad edilmişdir: virusların mutasiya qabiliyyəti və sürətlə yayılması. Ermənilərin “mutasiya”sı diskursu, daha spesifik olsaq üç arqumenti özündə ehtiva etmişdir. Birincisi, 1905-ci ildən bəri ermənilərin “mutasiya” edərək, 1918-20 və 1988-ci illərdə fərqli formalarda infeksion xarakter qazandığı qeyd edilmiş və ikinci Dağlıq Qarabağ müharibəsindən sonra ermənilərin yenidən mutasiya edəcəyi təhlükəsi əsasında eksepsionalist diskurs diqqət mərkəzinə gətirilmişdir. İkincisi, ermənilərin birinci Dağlıq Qarabağ müharibəsindən bəri mutasiya edərək, ölkəmizin şimal və cənubuna yayıldığı və beləcə, Azərbaycanın ərazi bütövlüyünə hədə yaradacaq separatçı hərəkatlara ilham yaratdığı bildirilmişdir. Nəhayət, sonuncu müharibədən sonra mutasiya nəticəsində ermənilərin 1827-ci ilə “geri qayıtdığı”, beləcə, “nativ bədən”ə yad olması təsdiq edilmişdir (Azərbaycan hökuməti ermənilərin bu günkü Ermənistan Respublikasında avtoxton xalq olmadığını, 1828-ci ildən sonra köçürüldüyünü bir çox hallarda bəyan etmişdir). Mutasiya diskursunda, həmçinin, o da qeyd edilir ki, “mutasiya etməyəcəklərinə” söz verdikləri halda – yəni, statussuz, korridorsuz və yalnız Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdığı bir situasiyada – ermənilər Azərbaycan Respublikasında rahat yaşaya bilərlər. Mutasiyalarından ehtiyatlı olmağa çağırılan erməniləri özgələşdirən və onlara münasibətdə maska və sosial məsafə kimi tədbirlərə əməl etməyi məsləhət görən bir digər yazı isə, maraqlıdır ki, insan-virus münasibətlərini dixotomik tərzdə inşa etmir. Həmin bu alternativ baxışda insanın virusla yaşamağa öyrəşməli olduğu kimi, Azərbaycan tərəfinin də “erməni virusu” ilə birgəyaşayışına ehtiyat tədbirləri görməklə alışılmalı olduğu qeyd edilmişdir.

Virusun yayılması ilə bağlı ictimai təxəyyüllərdə isə Ermənistan və Dağlıq Qarabağ ərazisində yeni koronavirus yoluxmalarının sürətli artımına edilən vurğu Azərbaycanın infeksiyaya təhlükəsinə məruz qalan geo-bədən kimi inşa edilməsini əsaslandırmışdır. Bəzi media qurumları bu mövqelərini koronavirusla bağlı konspirasiya nəzəriyyələrindən istifadə edərək müdafiə etmişlər - belə ki, koronavirus Ermənistan üçün Azərbaycana qarşı istifadə edilə biləcək hazır bioloji silah kimi haşiyələndirilmişdir. Eyni zamanda, yayılma diskurslarında Azərbaycanın Dağlıq Qarabağ üzərindəki de-yure yurisdiksiyasının olması Tural Gəncəliyevin bölgənin erməni icmasına ölkənin seçkili nümayəndəsi olaraq koronavirusa qarşı mübarizə çağırışında, eləcə də, Donbas bölgəsində infeksiyaların artma tempi və de-fakto dövlətin Rusiya Federasiyası ilə açıq sərhədlərinin yoluxmanı gücləndirəcəyi ilə bağlı təhlükə inşasında öz əksini tapmışdır. Belə ki, sonuncu məqamın yer aldığı mənbələrdə “Ukrayna və Azərbaycan torpaqlarının işğalının işğalçı Rusiya və Ermənistana baha başa gələcəyi”, eləcə də, iki ölkənin virusa qarşı mübarizə və ərazi bütövlüyü prinsipinin təminində bir-birinə dəstəyi qeyd edilmişdir.

O da qeyd edilməlidir ki, virus-erməni analogiyaları əsasında qurulan diskurslar bir çox hallarda geosiyasi konnotasiyalara sahib olmuşlar. Geosiyasiləşməyə daha çox "rus virusu"na edilən istinadlara rast gəlmək mümkündür. Bu istinadlar vasitəsilə Azərbaycan qarşısında duran əsas maneənin Rusiya olduğu qeyd edilmiş və sonuncunun Ermənistana dəstəyi pislənilmişdir. Həmçinin, Rusiyanın həm COVID-19 pandemiyası, həm də Dağlıq Qarabağ müharibəsi kontekstində beynəlxalq nizamı xaotik vəziyyətdə saxlayaraq maddi gəlir motivasiyalarını reallaşdırmasına vurğu edilmişdir. Belə ki, bəzi mənbələrə görə Rusiya həm ÜST-ün şübhəli yanaşdığı "Sputnik" vaksinini, həm də (Ermənistana) S-300, S-400 və İskəndər raketlərini satmaqla "viruslar"ı aktiv fazada saxlamışdır. Digər mənbələrdə də rusların ermənilərə mutasiya şansını verməsindən gileylənilmiş və məqsədyönlü virus yayılma vasitəsilə regionda destabilizasiyaya xidmət etdiyi vurğulanmışdır. Geosiyasi konnotasiyalar, həmçinin, BMT və ATƏT-in Minsk Qrupu kimi beynəlxalq təşkilatları "virus"a qarşı səfərbərliyə çağırmış, əks halda isə Azərbaycanın bu təhlükənin öhdəsindən özünün (bir çox mənbələrə görə, Türkiyə ilə əməkdaşlıq formasında) gələcəyi bildirilmişdir. Beynəlxalq təşkilatların "vaksin" tapmaqda maraqlı olmadığı və ya vəzifələrinin öhdəsindən gələ bilmədiklərinə vurğular edilmişdir.”

[7]. Öz-qeyri-öz diskriminasiyasına əsaslanan immunoloji təxəyyüllərin formal əsasları 1940-cu illərdə Avstraliyalı viroloq Frenk Börnetin işlərində qoyulmuşdur. İmmunoloji öz diskursu uzun müddət immunopatologiyanın fundamental əsası rolunu oynayaraq, verilmiş sabit orqanizmin düşmən xarakterli yad hissəciklərə qarşı özünüqoruma instintki kimi haşiyələndirilmişdir. Bu diskursda immun hadisələri bir-birindən təcrid edilmiş və ontoloji məsafəli orqanizm-xarici element münasibətlərinə əsaslanır: belə ki, həmin münasibətlərə girməmişdən öncə də müəyyənləşdirilə bilən fiziki-kimyəvi xüsusiyyətlərə sahib orqanizm və xarici elementdən sonuncusu birincinin tarazlığını pozur (Jamieson, 2017). Beləcə, immunoloji öz diskursunun özəyində immun hadisəsinin xətti səbəb-nəticə əlaqəliliyi və interaktiv münasibətlər dayanır.

[8]. Bu proseslərdə adətən “düşməni” udaraq məhv edən faqositlər feminin, “silah” kimi xarakterizə edilən və aktiv “hücum”a keçən T tipli hüceyrələr isə maskulin diskurslarla müşayiət edilir – beləcə, genderləşmiş immunoloji təxəyyüllər meydana gəlir (Martin 1990). İmmunoloji diskursların genderləşmiş (sisheteronormativ) xarakteri, həmçinin, “öz”ün “bədən”lə assosiasiya edilməsinə əsaslanır ki, bu bağ da kvir və trans araşdırmaları tərəfindən tənqidə məruz qalmışdır – “biologiya tale olmamalıdır” deyən kvir və trans bədənlərə bu assosiasiya zorakılıq olmazdı mı? (Ferri, 2018)

[9]. Maraqlıdır ki, Azərbaycanda viruslarla bağlı militaristik və polisləşmə diskursu münaqişə konteksti ilə məhdudlaşmır. Azərbaycan Respublikasının COVID-19 pandemiyasının qarşısını almaq üçün gördüyü tədbirlər də, adətən, hüquq-mühafizə orqanlarının repressiv fəaliyyəti və lokal sosioiqtisadi narazılıqlarla müşayiət edilmişdir.

[10]. Bu xüsusda “erməni separatizmi virusu” diskursuna xüsusi diqqət çəkmək lazımdır. Belə ki, bu diskurs “erməni” kimliyini ümumi Azərbaycan nativ bədənində yerləşdirərək, ona infeksion xarakterlər qazandırır; yəni, bədənin özünün özünə qarşı mübarizəsi məntiqini üzə çıxardır. Bu baxımdan zorakı sərhədlər inşa etməsinə baxmayaraq, həmin diskurs mahiyyətcə autoimmunitet formuluna uyğun gəlmiş olur və nəticədə, bədənsəl kommunikasiyaların önəmini vurğulayır.

[11]. Daha dəqiq desək, orqanizm antigenə reaksiya verilə bilir hala gətirildikdə sonuncunun təbiət və kimliyi dəyişir və orqanizm öncəkindən fərqli reaksiya vermiş olur. Çünki antigenin tətikləyici rol oynaması üçün o, ilk öncə bədən tərəfindən tanınmalıdır, deməli, o, artıq bədəndə reaksiya formalaşdırmalıdır (Jamieson, 2017). Bu isə o deməkdir ki, orqanizm-antigen münasibətləri birgəyaşayış və dialoqla xarakterizə edilir və öz-özgə münasibətlərinin başlanğıc və son nöqtələrini müəyyənləşdirmək mümkün deyildir. Başqa sözlə, orqanizm və antigen kimlikləri münasibət zamanı formalaşır və onun bazisini davamlı sövdələşmə təşkil edir. Buradan belə nəticəyə gəlmək olar ki, allergiya daxili və xarici, eləcə də, nativlik və dəyişkənlik dixotomiyalarını dekonstruktə edən münasibətcil immun reaksiyasıdır.

[12]. İndivid-əsaslı təxəyyüllər dedikdə essedə tənqid edilən, orqanizmin və “yad” hissəciklərin əvvəlcədən mövcud olduğunu iddia edən və onların bir-birindən fərqli individual komponentlər olaraq mübarizəsini təsvir edən yanaşmalar nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, münasibətlərə fokuslanan ekoloji immun sistemi nəzəriyyələrinə maraq son dövrlərdə mikrobiologiya elmində artan sayda klassik insan və bioloji individuallıq anlayışlarını sorğulayan tədqiqatlar nəticəsində daha da güclənmişdir. Daha ətraflı məlumat üçün baxın: a) Beck, A., 2021. Microbiomes as companion species: an exploration of dis-and re-entanglements with the microbial self. Social & Cultural Geography, 22(3), pp.357-375; b) Schrader, A., 2017. Microbial suicide: towards a less anthropocentric ontology of life and death. Body & Society, 23(3), pp.48-74; c) Rees, T., Bosch, T. and Douglas, A.E., 2018. How the microbiome challenges our concept of self. PLoS biology, 16(2), p.e2005358. Bu mövzuda əhəmiyyətli mikrobiosiyasət anlayışına giriş üçün baxın: Paxson, H., 2008. Post‐pasteurian cultures: The microbiopolitics of raw‐milk cheese in the United States. Cultural anthropology, 23(1), pp.15-47.






115 views
bottom of page