top of page
Aytac Bekməmmədova

Cəbhə arxasında gənc qızların üzləşdiyi müharibə



Mən sizə müharibə deyərkən, keçirdiyim hisslərdən danışmaq istəyirəm.

İlk dəfə müharibənin nə demək olduğunu dərk edəndə bütün ruhuma qorxu çökmüşdü. O mənim üçün evindən didərgin düşmüş, öldürülmüş insanları, zorakılığa məruz qalmış qadınları təmsil edir. Onunla məktəb illəri zamanı 26 fevral Xocalı hadisələrinə həsr olunmuş tədbirlərdən tanış olmuşdum. Səhnədə döyüş gedir, faciə baş verir, onun müharibə vəhşəti isə mənim qəlbimə hopur, özünün real, dəhşətli caynaqları ilə şüurumda cığır açırdı. Bütün ölüm qoxulu çıxışlar mənim üçün hər dəfəsində yeni bir travma idi.

Bəlkə də müharibənin mənə qorxulu gəlməsinin səbəblərindən biri də danışılan hekayələrdəki qadınların başına gətirilən zorakılıqlar, təcavüz halları, onların istəmədən düşdükləri çarəsizliklər idi. Bəlkə də həmcinslərim idilər deyə, hər dəfə səhnələşdirilmiş qadın hekayələrini gördükdə onların çəkdiyi əziyyətlər mənə dəhşətli təsir bağışlayır, çox ağrılı gəlirdi. O zamanlar göstərilən və azyaşlı məktəblilərin oynadığı bu tamaşalarda qızlar hər zaman məzlum, həyat yoldaşını itirən, çarəsiz, oğlanlar isə şəhid, qəhrəman adı verilərək ucaldılmış şəxs kimi göstərilirdi. Və o zamandan etibarən onlara müəyyən rollar biçilmişdi. Məktəb dövrünün bu cür tamaşalarını qəbul etmişdim, onlar mənə tarixi hadisələr kimi görünürdülər. Düşünürdüm ki, onlar elə səhnədəcə olub bitəcək, real həyatda heç vaxt baş verməyəcəklər.

Lakin son illərdə baş verən “kiçik” müharibələr zamanı artıq mən real olaraq qorxu hissi ilə üzləşdim. İlk dəfə Aprel döyüşləri zamanı bu hisslə yaxından tanış oldum. Eyni evi bölüşdüyüm bir şəxsin yaxının müharibədə olması ilə bağlı keçirtdiyi qorxu, həyəcan, stress hissi mənə heç yad gəlmədi. Həmin dönəmlər sanki məktəbdəki tamaşanı izləyirdim. 44 günlük müharibədə isə hisslərimin kuliminasiya nöqtəsində yaşayırdım və ətrafımdakı eyni halı yaşayan insanlarla öz mental sağlamlığımızı qorumağa çalışırdıq. Müharibənin irəliləyən dönəmlərində və sonrasında artan zorakılıq onsuz da yetəri qədər toksik olan bir cəmiyyətdə təhlükəsizlik hissimizi əlimizdən alırdı. Şəhərdə öyrəşmədiyimiz görüntülərlə qarşılaşmaq hər birimizdə stress yaradırdı; bunlara əli silahlı dayanan, davamlı yoxlanışdan keçirən hərbiçilər də aiddir.

Covid dönəmi ilə bərabər komendant saatlarında evə qapanma zamanı şəhərdə artan təcili yardım səsləri atıq 44 günlük müharibə dövründə bizim üçün adiləşmişdi. Mən müharibə əleyhinə olduğumu, gənc yaşında həyatından olanların ölüb torpağa qarışmalarını istəmədiyimi bildirdiyim üçün bir qrup müharibə dəstəkçisi, xüsusilə sishet kişilər tərəfindən psixoloji təzyiqlərə məruz qaldım. Sülh quruculuğu üçün çalışan, sülh üçün xəyallar quran dostlarımın, tanışlarımın istəmədən müharibənin tam ortasına düşüb, ondan əziyyət çəkən qadınlara dəstək üçün döyüşlərin getdiyi bölgələrə yaxın rayonlarda olub, onlara yardım etməsindəki çarəsizlik hissi də mənə yad deyildi.

Müharibə insanların həyatını məhv edən dövlətlərarası bir oyun kimi yaddaşıma həkk olunub. Soruşsalar ki, müharibə səndə nə hisslər buraxıb, deyərdim ki, 44 günlük müharibə dövrü psixologiyama zərbə vuran ən böyük hadisədir. O yaddaşımızda yanlız qorxulu kadrları ilə qalıb. Bilirəm ki, müharibə bizim istəyimizlə baş tutmayan oyundur. İstəyərəkdən və ya istəməyərəkdən əziyyət çəkən hər bir insan üçün təəssüf hissi keçirdirəm. Burada, arxa cəbhədə yer alan qadınlar mənə görə ən çox əziyyət çəkənlərdir. Toksikləşən münasibətlər, artan zorakılıqlar, basdırılmış hisslər bizə vurulan zərbələrin kiçik bir qismidir. Mən bunlardan təsirlənib eyni hissləri bölüşən insanlarla danışmaq, onların hisslərini sizə çatdırmaq istəyirəm. Bu şəxslər yeniyetmə, gənc qızlardır. Onlarla Bərdədə tanış olmuşam və həmin ərazidə də müharibə vəziyyəti ilə bağlı olan kiçik müsahibələrimi sizinlə bölüşmək istəyirəm.




Çinarə, 20 yaş

Gözləmədiyim halda həyatımda itkilər baş verdi. Mənim ağlımda qalan təkcə kədər və şok hissi idi. İndi də müharibə deyəndə eyni hisslər geri qayıdır. Təkcə əsgərlər deyil, qadınlar da müharibədə döyüşürdü. Müharibə qadın, uşaq, yaşından, cinsindən asılı olmayaraq hər bir kəsdə çox pis təsirlər buraxdı. Narahatlıq hissi bizim psixologiyamızı pozurdu. Bərdədə eşidilən səslərdən artıq bilinirdi ki, insanlar öldü, ya qaldı. 10 gündən sonra gəlinimizin bacısı, 17 yaşlı qız artıq dəli olmuşdu. Biz onu sağlam qalsın deyə Bakıya göndərdik. Mən isə burada qalmağı seçdim. Çünki buradan uzaqda olsaydım, baş verənlər mənə daha çox təsir edəcəkdi. Uşaqlar bombaların səsindən qorxub qışqırırdılar. Onlardan ən çox eşitdiyim bir kəlmə var idi; tez- tez “biz də öləcəyik” deyə qışqırırdılar. Məhəlləyə düşəndə ən çox 9-12 yaş aralığında uşaqların öz aralarında danışdığı söhbətləri eşidirdim. Onlar qorxduqlarını deyir, gecə yatanda evlərinə bomba düşəcəyindən narahat olurdular. Müharibənin sonlarında ümidimiz kəsilmişdi. Lakin ilklərdə çox ümidliydik. Hər şey tez bitəcək, deyə düşünürdük. Xəbərlər gəlirdi, ümidimizi kəsən xəbərlər. Vəziyyət pis idi, düşdüyümüz imkansızlıq bizi daha da çökdürürdü. Bərdədə xəstəxanalarda yaralılar o qədər çox idi ki, artıq mənim kimi siravi insanlar oraya gələn yaralılara yardım göstərirdi. Həm də mənim ilkin tibbi yardım təhsilim var idi. Qan qoxusu artıq mənə təsir etmirdi. Prezidentin twittlərinə ümidlənirdik, atdığı bir twittdən bizim həyatımızın növbəti anı bəlli olacaqdı. Bərdədən məktəblərə yerləşdirilmiş müharibədən əziyyət çəkən qadın və uşaqlara gətirilən yardım qutularının hazırlanmasında və paylanmasında biz də kömək edirdik. 44 günlük müharibədə əsgərlər ön cəbhədə vuruşarkən, torpaqlarımız üçün həyatlarını qurban verərkən, onlarla bərabər arxa cəbhədə qadınlar da vuruşurdu. Qadınlar var idi ki, həyat yoldaşları müharibəyə aparılmışdı, bəziləri çağırış ilə, bəziləri könüllü şəkildə qatılmışdı. Həmin qadınların həyat yoldaşlarının bəziləri qazi, bəziləri şəhid olub və indi bundan əziyyət çəkirlər. Bərdəyə Tərtərdən və Ağdamdan gələnlər var idi. Bərdəlilər də sağ olsunlar, hər kəs bir-birinə köməklik göstərirdi. Bəziləri var idi ki, dövlətin verdiyi köməklikdən imtina edib, yollarda öz maşınlarında yatırdılar. Bir mənzərə var idi: Yol kənarında dayanmış maşınlar və içində yaşayan insanlar... Mən həmin ərəfələrdə bir günlük Bakıya gəlmişdim, çox qəribə oldum. Bakıda elə ab-hava var idi ki, sanki ölkədə heç müharibə getmir. Bu məni çox narahat edirdi, ona görə də tez Bərdəyə qayıtdım. Çünki yarı canım cəbhədə vuruşan əsgərlərlə idi. Bakıda başa düşdüm ki, səs-küyün içində olmayan insanlar müharibənin nə olduğunu bilə bilməz.





Gülnaz, 19 yaş

Müharibədən əvvəl hər şey qaydasında idi. O başlayanda isə hər şeyi dəyişdi. İlk başladığı gündən nişanlım da hərbidə olduğu üçün mənə lap çox təsiri oldu. Həm özümüz üçün, həm də oradakı yaxınlarımız üçün dərin narahatlıq hissi keçirirdim. Bu müharibə əsəblərimi tamamilə gərginləşdirib. Adicə televizor səsi məni dəli edir. Yuxu rejimim pozulub, indi də yata bilmirəm. Hər başımı yastığa qoyanda elə bilirəm yenə raket düşəcək. Təkcə psixoloji deyil, həm də fiziki olaraq təsir göstərib. Tez-tez xəstələnirdim. Sonralar stressdən menstruasiyamın kəsildiyini hiss etdim. Müharibə dönəmində keçirtdiyim qorxu, həyəcan elə bilirəm illərlə məndə belə qalacaq. İndi də danışanda əllərim əsir, səsim titrəyir, ürəyim tez-tez döyünür. İçimdəki qorxu hissi heç azalmır. Yəqin hər gün ölüm qorxusu ilə yaşamaqdandır. Bunlar çox pis hisslər idi.







Zərifə, 18 yaş

Ad günümdə raket düz gəlib yanımıza düşmüşdü. Fermada mal-qaralar yaralanmışdı. Mən qorxudan qışqırıb ağlamağa başladım. Atam evdəydi, üstümə qışqırdı ki, ağlama. Birdə heç vaxt, ölsəm də yadımdan çıxmaz, həmin gün qonşuya şəhid gətirilmişdi. Oğlanın anası bizim qapımızı döydü, ay Müşü, oğluma nəsə olub dedi. Müşü, özünü çatdır, balama nəsə olub. Atam-anam onun yanına qaçdılar.

Bu qorxulardan sonra mənim də səhhətimdə problemlər yarandı, burnumdan tez-tez qan açılmağa başladı. O stress və həyəcandan hər dəfə səs gələndə qorxub özümdən asılı olmadan saçlarımı yolub qışqırırdım. Müharibə deyəndə mənim içimdə qorxu hissi baş qaldırır, danışanda ətim ürpəşir, kövrəlirəm.




Rəvanə, 19 yaş

Mən həmin gün hazırlıqda idim. Əslində sizə qəribə gələcək, amma mən elə bil buna hazır idim. 30 il davam edən müharibədir, 44 günlüyünün içindəyik sadəcə. Bu müharibədə yalnız yadımda qalan dəhşətli bir hadisə var. Müharibənin üçüncü günündə eşitdiyim fəryadlar, ah-nalələr məni məhv etdi. Şəhid anasının səsi hələ də qulağımdadır. Bunu yəqin ki, heç vaxt yaddan çıxarmayacam. Həmin ananın oğlunu nənəsi ilə babası böyüdüb, qadın öz oğlundan ayrı yaşayırdı. O oğlan sinif yoldaşım idi. Amma anası bizim yanımızda demişdi ki, oğlu əsgərlikdən qayıdan kimi 19 yaşını evində qeyd edəcək. İndi onun adına bulaq var və 19 yaşını şəhid olaraq qeyd etdilər. Bu ağrı mənim içimdən heç vaxt silinməyəcək. Gecə yatanda da həmin qadının səsi qulağımda cingildəyir. Bu hadisələrin bir də heç vaxt şahidi olmaq istəmərəm.




160 views

Comments


bottom of page