2020-ci il 44 günlük müharibə nəticəsində qazanılan ərazilərlə münaqişənin bitdiyini zənn edən Azərbaycan əhalisinin eyforiyasının bitməsi üçün elə də çox vaxt lazım olmadı. “Qələbə’” ilə qapadılmış gözlərin reallıqları görmək üçün açılması həm simvolik, həm də material gözləntilərinin doğrulmadığı anda başlayır. Atəşkəs imzalanan kimi Rusiyanın hərbi birləşmələrinin fiziki olaraq Qarabağa yerləşdirilməsi, Türkiyə və Böyük Britaniya şirkətlərinin bölgəyə girməsi imperialist və kapitalist maraqların minlərlə insanın həyatı bahasına öz mənfəətlərini necə qoruduğunu aydınlaşdırdı. Bunun ardınca isə ara-sıra hərbi əməliyyatlar keçirib danışıqlar prosesində üstülüklər əldə edən Azərbaycan hakimiyyətinin bu həmlələrə “sülh prosesini sürətləndirmək” donu geyindirməsi bir çoxları üçün haqlı suallar yaradırdı. Nəhayət müharibə veteranlarının, şəhid ailələrinin və müharibə nəticəsində mülklərinə ziyan dəymiş əhalinin müharibədən sonra gözlədikləri simvolik və material bəhrələrini ədalətli şəkildə əldə etmədiklərini, buna etiraz olaraq intihara qədər genişlənən etirazlarını görmək müharibəyə münasibəti qismən də olsa dəyişmişdir.
Bununla yanaşı aydındır ki, uzunmüddətli hərbiləşmiş propaqandanın fonunda milliyətçi illuziyalar yenidən konstruksiya olunur və Dağlıq Qarabağ münaqişəsi bu prosesdə mərkəz obyektdir. Ona görə hal-hazırda iki il keçməsinə baxmayaraq bu gün davam edən müharibənin Ermənistan sərhədlərini aşması belə, böyük əksəriyyət üçün ədalətli həmlə kimi görünür. Bu azmış kimi, üstəlik müharibə cinayətlərini dəstəkləyən pozulmuş kollektiv psixikasını izləmək, zorakılıq və qeyri-insanlaşdırmanın mənəviyyat və vicdanını itirmiş varmongerlər tərəfindən necə normallaşdırıldığını göstərir. Panturkist və faşist diskurslar xaricində olan bir çox insan üçün isə simvolik olaraq əvvəlki qədər məna kəsb etməyən hərbi aqressiyalarla Zəngəzur kimi yeni torpaq əldə etmək istəkləri aydın olmayan mənzərə yaradır. Məsələn Meydan Tv-də paylaşılan bu son sorğuda [1]müsahiblərin bir çoxunun son baş verənlərlə bağlı məyusluğu görünür. Artıq sərhədləşdirmə kimi qısamüddətli hərbi aqressiyalar fonunda ölən və yaralanan hərbiçilərin “sülh” üçün ölmədiklərini başa düşmək bir çox insan üçün yəqin ki, aydın olur. Davamlı qeyri-müəyyənlik və təhlükə içində hiss edən kütləyə “sülh” abstraskiyasının müharibə ilə gəlməyəcəyini anlamağı üçün bəlkə də ən yaxşı məqamdır. Lakin hələ ki, mövzu ancaq “ölməyin” problemli olması ilə məhdudlaşır. Yəqin ki, öldürməyin də problemli olduğunu görən an bir çox insan üçün müharibə əleyhinə mövqenin etik tərəfləri daha da aydınlaşacaq.
Avtoritar stabillik daxilində isə nəinki etik suallar, eyni zamanda kollektiv yaddaşın, müharibə ilə bağlı hekayələrin və incikliklərin açıq müzakirəsi getmədiyi üçün yığılan kollektiv qəzəb təbii ki, çox asanlıqla “özgələşdirilmiş” qruplara qarşı yönəldilir. Bununla da hakimiyyətlə kütlənin müharibə ətrafında şirin ittifaqını pozan hər bir müharibə əleyhinə mövqedə dayananlar asanlıqla “özgələşdirilir” və qəzəb hədəfinə çevrilir. Odur ki, indi ən çox edə biləcəyimiz mifləri dağıtmağa töhfə verməkdir ki bununla da çoxları üçün qəzəbin doğru hədəfini tapmaq mümkün olacaq. Daxili siyasətdə heç bir səsi eşidilməyən kütlənin böyük geosiyasi oyunların bir parçası olmamaq üçün nə edə biləcəkləri belə məlum olmadığı bir vaxt, bəlkə də məhz “sülh üçün savaşmadıqlarını” və ya başqa sözlə desək “ədalətli müharibə aparmadıqlarını” anlamaq münaqişə ilə əlaqəli illuziyaları dağıtmağa və münaqişənin bitməsinin yeganə yolunun müharibəyə qarşı dayanmaq olduğunu görməyə kömək edə bilər.
--
Qeyd: Əlavə məlumat üçün qeyd edim ki, 3 gün öncə Tiflisdə, 3 nəfər müharibə əleyhdarı olaraq etiraz etmişdik. Görünürlüyü çox olmasa belə müəyyən diqqət çəkən bu aksiya əslində hal-hazırkı məqamda müharibəyə qarşı kollektiv dayanışmanın necə önəmli olmasını xatırlatmaq baxımından faydalı ola bilər.