top of page
  • Aysel Budaq

Uşaqlar nələr çəkir?


Ön söz: Mən nələr çəkirdim?

Son dövrlər əksəriyyətimiz üçün çətin keçdi. Pandemiya, müharibə insanlara gözlə görünəcək şəkildə təsir etdi. Lakin bu çətinlik həm də bəzi şeylərin fərqinə varmağa kömək edib. İnformasiya və internetə çıxışın artması ilə əvvəllər xəbərimizin belə olmadığı hadisələr indi bizdən xəbərsiz telefonumuzun içindədir. Ötən il hadisələrə əlçatanlığım olduğu üçün nələri unutduqlarımı görə bildim. Məsələn, məktəblərdə onlayn dərs sisteminə keçidlə bərabər artıq hər kəs rahatlıqla təhsilin gedişatını müşahidə edə bilir. Elə mən özüm dərslərə, şagirdlərin rəsm, şer və inşa müsabiqələrindən çəkilmiş fotolarına, eyni zamanda sosial mediada valideynlərin uşaqlarının şer söylədiyi, əllərində bayraq şəkilli paylaşımlarına rahat baxa bilirəm. Təsadüfən qarşıma çıxan paylaşımlar və onun ardı ilə də məktəblərin onlayn səhifələri mənə məktəblə bağlı unutduğum bir neçə nünası xatırlatdı: Məktəbdə hər il soyqırım və 20 Yanvar günlərində çəkdiyimiz şəkillər, canlandırdığımız səhnələr və əzbərlədiyimiz şerlər...


Əlaçı şagird olmasam da, sinif yoldaşlarım arasında çalışqanlardan sayılmışam. Ancaq buna baxmayaraq, müəllimlərin gözünə girmək üçün başqa yol tapmaq məcburiyyətində qalırdım. Yaxşı qiymət aldığım fənn rəsm dərsi idi. Dərs cədvəlində sonuncu dərs olduğundan ondan əvvəlki tənəffüsdə partamın kənarından başlayan sıra düzülürdü. Hamı üçün rəsm çəkirdim və hamı əla qiymət alırdı. Beləcə yeganə tərifləndiyim və diqqətdə qaldığım fənn idi rəsm dərsi. Özümü doğrulda bildiyim üçün çox sevinirdim. Bütün sinfin tapşırığını mən etdiyim üçün hər il 20 Yanvara və Xocalı faciəsinə həsr olunan dərsimizin tapşırıqlarını da mən çəkirdim. Təbii ki, əgər sinif yoldaşlarımın valideynlərinin evdə tapşırığı etmək üçün vaxtı olmurdusa... Anamın köməyi də danılmazdır, xüsusilə də 26 Fevral və ya 20 Yanvarın təsadüf etdiyi həftələrdə. Yeganə yaxşı qiymət ala bildiyim fənndən anlamadığım mövzuya görə pis qiymət almaq istəmirdim. O vaxtdan unutmadığım bir şey də həmin həftə sinifdəki abu-hava və şəkli çəkərkən olan qorxum idi. Mən qandan, ölü insanlardan, tank və əsgərlərdən ibarət şəkil çəkdiyim üçün yox, sadəcə yaxşı çəkə bilməyib, zəif qiymət alacağımdan qorxurdum. Çünki ilin başqa vaxtlarında çəkdiyim şəkilləri dərk edir və sevirdim. Rəngləri düşünür, hiss edərək seçirdim. Müharibə isə heç başa düşmədiyim bir şey idi. Ona görə də şəkildəki təsvirlərdən qorxum yox idi. Çünki müharibə və ölümün mənasını, qanın belə tam olaraq nə olduğunu bilmədən sadəcə çəkirdim. Bir dəfə yadımdadır bələkdə, üstündə güllə dəliyi və o dəlikdən qanı axan körpə çəkmişdim.


Ola bilər, sinfimizdə rəsm müəllimimizi çıxmaq şərti ilə digər müəllimlərin sevimlisi deyildim. Məktəbdə aldığım təhsil “uğurlu” hesab da etmirəm. Ona görə də istəyirəm sizinlə indi “uğurlu” təhsilin nə olduğunu, bu günə kimi uşaqların nələr çəkdiyini paylaşım...



Uşaqlar nələr çəkir?

Təəssüf ki, araşdırdıqca təhsil sistemimizin əsasında milli məqsədlər və mənafelərin dayandığı ortaya çıxdı. Beləki, məktəblərin paylaşımlarında(3), uşaqların təhsil almaq haqqları ilə bağlı olan qanundakı maddədə (10) və eyni zamanda dövlət başçılarının təhsil siyasətində aydın şəkildə milli əsasa dayanan təhsil sistemimizin olduğunu görə bilərik (1). Qanunda uşaqlar barəsində dövlət siyəsətinin hər bir uşağın mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinin əhəmiyyətini vurğulayaraq, eyni zamanda dövlət siyasətinin milli və yerli xüsusiyyətləri nəzərə alınmaqla yaradılmış məqsədli uşaq sosial proqramları əsasında həyata keçirildiyi bildirilir(10).


Azərbaycanda bütün məktəblərdə tarix dərsi məcburidir və tarix dərsində alternativlərə yer yoxdur. Təhsil Nazirliyi tarix kitablarını 2000-ci ildə yenidən tənzimləməyə başladı. Bu qərarın qəbul olunmasının arxasında dayanan ideya hamımıza müəyyən qədər aydındır. Azərbaycanın müstəqil dövlət olaraq, öz milli kimliyini yenidən qazanması və əlbəttə ki, bu prosesin tez baş verməsi üçün ən asan yol, təhsildə olan təbliğatdır. Lakin Təhsil Nazirliyinin qəbul etdiyi qərarda dərsliklərdə heç bir irqi, cinsi, etnik və dini mövzularda müqayisənin olmamasına xüsusi diqqət yetirilmişdi. Ölkənin qanunvericiliyinə və qəbul etdiyi beynəlxalq razılaşmalara uyğun şəkildə, siyasət eyni zamanda, milli kimlik, din, irq və cinsiyyət mövzularında ayrı-seçkilik ehtiva edən fikirləri qadağan edir. Ancaq bəzi yazıçılara görə, Azərbaycan tarixi dərsliklərinin tərkibi dövlət tərəfindən idarə olunaraq dövlət siyasətini təsvir edir. Bundan əlavə, məktəblərin fəaliyyət planlarında da hər il qeyd edilməli olan xüsusi tədbirlər, ədəbiyyat və rəsm dərsində bu plana uyğun şəkildə ayrılmış vaxt da rəsmi olaraq müəyyənləşdirirlir (4). Məktəblərdə keçirilən yarışmaların şagirdlər tərəfindən daha həvəslə qarşılanması üçün ruhlandırıcı hədiyyələr və ya təriflər də bu fəaliyyət planının hissəsini təşkil edir.


Məktəblərdəki müsabiqələr pandemiya səbəbi ilə bağlanan və onlayn formatda keçən dərslərdə də qarşımıza çıxır. 108 nömrəli məktəbin səhifəsində “Biz zəfər çaldıq!” adında müsabiqənin detalları qeyd olunub. Məktəblərin səhifələrinə baxdıqda keçirilən müsabiqələrin, dərslərdən ayrılan vaxtın məqsədi də aydın şəkildə qeyd olunur. 108 nömrəli məktəbin səhifəsində bu aydın görmək olar: “Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərimiz arasında vətənpərvərlik hisslərinin daha yüksək səviyyədə aşılanmasıdır”. Bu hissəsini xüsusilə qeyd etmək lazımdır ki, müsabiqədə ölkə üzrə 35 məktəbdən 100 şagird iştrak edib (5).


Məktəbin internetdəki səhifələrindən əldə etdiyim məlumatlardan sonra araşdırmağa başladım. Səhifələrdə məktəb müəllimlərinin (xüsusilə, diqqəti çəkən bu müəllimlərin aşağı siniflərin rəhbərləri olduğu idi) müsahibələri ilə qarşılaşdım. Məsələn, məktəbin fəaliyyət planında ibtidai sinif şagirdlərinin vətənpərvərlik ruhunun inkişafına xüsusi diqqət yetirildiyi vurğulanaraq, sinif rəhbəri Rasif Məmmədovun şagirdlərinin çəkdiyi şəkillər barəsində izahda qeyd olunur:

“Şagirdlər Xocalı faciəsini gözləri ilə görməsələr də, müəllimlərinin, valideynlərinin dediklərindən, filmlərdən aldıqları təəssüratları uşaq təxəyyülü ilə ağ kağızlara köçürdülər. Rəsmlərdə fevralın 25-dən 26-a keçən gecə əliyalın, silahsız xalqa qarşı dəhşətli divan tutulması, qəddarcasına onların qətlə yetirilməsi, eyni zamanda bütün bu vəhşiliklərə sinə gərən mərd oğul və qızlarımızın məğrurluğu öz əksini tapmışdır”(2).

Bundan başqa, digər məktəblərin səhifələrindən soyqırım və müharibə ilə bağlı bir çox hadisənin səhnələşdirilməsini də görə bilərik. Əgər diqqət yetirsəniz, bu nümunələrin hər birində daha çox aşağı siniflərdən olan şagirdləri görəcəksiniz. Yazılanları bir neçə dəfə oxuduqda, müəllimin uşaqların adından danışdığını aydın hiss etmək olur. Bu misal sadəcə bir məktəb müəlliminin fikrini əhatə edir.


Araşdırmamı onlayn səhifələrdən kənarda etməyə başladıqda maraqlı faktlarla qarşılaşdım. Ətrafımda tanıdığım hər kəsdən soruşdum. Siz də şəkillər çəkirdiniz? sualıma əksər hallarda fikrimi təsdiqləyən cavablar verildi. Eyni zamanda iradlar da bildirildi. Soruşduğum yaş aralığını 30-35-ə qaldırdım. Ən sonda isə anamdan soruşdum. Digərlərindən fərqli olaraq, bu dəfə yanıldığımı gördüm. Anam məktəbin son illərində başına gələnlərdən danışdı.


1990-cı ildə 11-ci sinifdə oxuyarkən anam sinif yoldaşları ilə müəllimlərinin şiddətli qadağalarına baxmayaraq, sinifdə lövhələrə milliyətçi şəkillər çəkib, etirazlarını bildirir, sinif yoldaşları ilə yığışıb yerli yazarların şerlərini oxuyurdular. Bu hərəkətlərinə görə bir neçə dəfə müəllimləri anamı sinif yoldaşları ilə birgə cəzalandırıbmış. Anam həmin vaxt sinifdə vətənpərvər olmayanı təhqir etdiklərini və kənarlaşdırdıqlarını dedi. Onun təhsil aldığı dövrlərdə müəllimlərin şagirdlərə qarşı çıxması və hətta cəzalandırması həmin dövrün təhsil siyasətinin bir hissəsi idi. Eyni zamanda bu təkcə mənim anamın hekayəsi olduğu üçün bütövlüklə bir qənaətə gələ bilməsək də, bu fakt nələrisə görməyimizə kömək ola bilər. Burada nəzərə alınmalı olan digər fakt isə anamın, onun sinif yoldaşlarının, paralel siniflərin hamısının artıq kifayət qədər böyüyüb öz müstəqil fikirləri olan, ailədən də Azərbaycan milli dəyərləri barəsində hekayələr və Sovetin apardığı dini, etnik ayrıseçkiliyə qarşı yerli müqaviməti idi. Lakin onlar indiki kimi qanlı şəkillər çəkmək məcburiyyətində qalan ikinci sinif şagirdləri deyildilər. Eyni zamanda burada müəllimlərin fikirlərinin şagirdlərlə üst-üstə düşməməsi və hər bir şagirdin ailəsindəki vətənpərliyi də nəzərə almaq lazımdır. Bu təzadın özü də onların inkişafına kifayət qədər təsir etmiş görünür.


Bizim müəllimlərimizin əksəriyyəti və valideynlərimiz də həmin keçid dövründən olan nəsildəndir. Onların bizə verdiyi təhsil və tərbiyə, eyni zamanda onların sistem anlayışı ilə bizim anlayışlar fərqimiz kəskin şəkildə gözə çarpır. Azərbaycanlı gənclərin bir çoxu heç vaxt Sovet vətəndaşı olmayıb və bu sistemlə bağlı məlumatsızdırlar. Sovet hakimiyyəti dövründə yaşamış olan kəsimlə Sovet dövlətinin sistemindən xəbərdar olmayan və ya sadəcə tarixi oxuyaraq məlumatlanan gənclik arasında kəskin fərqlər var. Gənclər və Sovet hakimiyyəti görməmiş kəsim yeni azadlıq qazanmış dövlətin sistemini və eyni zamanda təzə qurulmuş sistemini görərək böyüyüblər. 1966-cı il ilə 1971-ci illər arasında doğulmuş nəsli keçid nəslinin altqrupu ya super-keçid qrupu adlandırmaq olar. Bir növ onlar yeni ilə köhnə arasında “ilişmiş” şəxslərdir. İki fərqli nəslin bir-birinə təsirindən başqa, dövlətin ümumi siyasətinin də şəbəkələşmiş təbliğatı gələcək nəslin müəyyən təsirə məruz qalmasına səbəb olur. Paulo Freire öz kitabında tərəfsiz təhsilin olmadığını bildirir: “Təhsil gənc nəslin bugünki sistemin məntiqinə inteqrasiyasını asanlaşdırmaq, sistemə uyğunlaşmasında istifadə olunan vasitədir” (21).


Yuxarıda sadalanan nümunələr bu prosesin məqsədyönlü aparılmasını göstərə biləcək qədər yetərlidir. Bu siyasətin nə zaman başladığını hər birimiz təxmin edə bilərik. Siyasət Azərbaycanın sisteminin qurulmağa başlandığı ikinci azadlıq dövründən sonra başlamışdır. Resurslara istinadən və müsahibələr əsasında deyə bilərəm ki, Birinci Qarabağ münaqişəsi başladığı andan, yəni 1988-ci ilin sonundan təhsil sistemi məktəblərin çoxunun dağıdılması və başqa məqsədlərlə istifadə olunması səbəbi ilə çox gerilədi. Eyni zamanda Sovet sisteminin və onunla yanaşı, təhsilinin də dağılması ilə təhsilin və sistemin qurulacağı vaxta qədər yerlə yeksan olduğu vəziyyətdə qalmalı oldu. Çünki dövlətin başında duracaq və növbəti siyasəti müəyyənləşdirəcək stabil hakimiyyəti olan başçı yox idi. Stabillik deyərkən, uzun illər davam edən hakimiyyəti nəzərdə tutmuram. Sadəcə istənilən hakimiyyət hələ də ələ keçmirdi. Çünki ayağa qalxmaqda cəsarətlənmiş, qəzəbli xalqın kifayət qədər dövlət başçısı seçə bilmə gücü vardı. Lakin nə üçün 1993-cü ilə Heydər Əliyevin hakimiyyətə gəlməsinə baxmayaraq, 2002-ci ildə yerlə yeksan olmuş təhsili və sonra isə 2003-cü ildə təhsil ocaqlarını dirçəltmək üçün sərəncam imzalandı? Axı üzərindən 10 il keçirdi.


Bəhs edilən sərəncamlar 2002-ci il oktyabrın 4-də Azərbaycanın o vaxtkı prezidenti, Heydər Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikası ümumi təhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” sərəncamıdır. Sərəncamın adından göründüyü kimi yeni nəslin dövlət siyasətinə uyğun şəkildə inkişafına təsir etmək məqsədi daşıyan addımdır. Bu sərəncam təkcə məktəbdəki sistemin yox, eyni zamanda universitetlərin də təhsil sisteminə təsir edə biləcək güclü bir təbliğat şəbəkəsinin yaranmasına gətirib çıxardı. Sonra isə 2003-cü il fevralın 17-də imzalanan “Azərbaycan Respublikasında yeni ümumi təhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ci illər) təsdiq edilməsi haqqında” sərəncamı sistemə təkan verdi (1). Dağıdılmış məktəblərin yerində yeni binalar və yeni təhsil sistemi quruldu.


Azərbaycanın müstəqillliyini ikinci dəfə qazandığı vaxtda təhsilin də siyasi ideologiyanın bir parçası olduğu bu cümlə ilə Heydər Əliyev tərəfindən artıq bəyan edilmişdi: “İndi Azərbaycan müstəqil dövlətdir. Azərbaycan öz milli ideologiya konsepsiyasını yaradaraq, inkişaf etdirərək, şübhəsiz ki, təhsilini də milli məqsədlər, mənafelər əsasında qurmalıdır(1). Təhsildə şagirdlərin üzərindən aparılan təbliğat çox təsiredici olduğundan ən çox bu mövzuya fokuslanmağı daha uyğun hesab edirəm. Hərçənd ki, yetkin insanların təbliğat və manipulyativ, vətənpərvər proqram və tarixi qeydlərdən təsirlənə bilməyəcəyini danmıram. Azərbaycanda təbliğat olduğu kimi digər ölkələrdə də mövcuddur. Hələ də bu şəkildə davam etdirməsə də, Avropada bir çox azyaşlı kitabları, qəzetdə yerini almış uşaq hekayələri mövcud olub. Xüsusilə, İkinci Dünya Müharibəsindən sonra və həmin vaxtlarda yayımlanan qəzet və jurnallarda bu təbliğat xarakterli hekayələrə və şəkillərə rast gəlmək mümkündür. Məsələn, Avstriyalı şagirdin Londonu bombalayan zeplin və bundan xoşbəxt olan kütləni göstərdiyi şəklini, 1917-ci ildə patriotik edeyalarla üz qapağında müharibəyə çağıran uşaq jurnalı, alman dilində qələbə şüarları səsləyən, hərbi geyimli uşaq illustrasiyalarını və s. misal gətirmək olar (11).


Dərsliklərin Azərbaycan və Ermənistanda azadlıqdan sonrakı dəyişikliklərini paralel şəkildə müqayisə edən tədqiqatdan bəzi suallara aydınlıq gətirmək mümkündür. Tədqiqat azad Azərbaycan və Ermənistan dövlətlərinin tarix kitablarını araşdırmaq məqsədi ilə aparılmışdır. Bu tədqiqatda Azərbaycanda 120, Ermənistandan isə 107 nəfər iştirak edib. Araşdırmanın müəyyən çərçivədə aparıldığını, zaman və əldə olunan resurslarla əlaqədar məhdudiyyətləri nəzərə almaq lazımdır. Əsas məhdudiyyət aydındır ki, Azərbaycan və Ermənistan arasındakı münaqişənin olmasıdır (13). Tədqiqat nəticəsində Azərbaycanda Ermənistan tarixi dərsliklərindən fərqli olaraq, artıq milli tarix dərsinin birinci ili olan beşinci sinifdən etibarən Ermənistan və ermənilərin obrazı görünməyə başlayır. İlk dəfə beşinci sinifdə görünən ermənilərin obrazı hər il dərslikdə inkişaf edir, on birinci və sonuncu dərslikdə öz zirvəsinə çatır. Nifrət ifadələrinin daha çox müharibə ilə bağlı olan hissələrdə qeyd olunması ifadələrin diqqət çəkməməsinə səbəb olur. Sanki bu ifadələrə haqq qazandırılır. Qarşı tərəfdə kimin durmasından asılı olmayaraq, hər bir müharibədəki təsvirdə həmin tərəf "düşmən" kimi göstərilir (13). Bu araşdırma da bizə tarix kitablarındakı vəziyyətin müəyyən qədər təsvirini vermiş olur.



Bütün bunların uşaqlara necə təsir etdiyini, onların nə hiss etdiyini müəyyənləşdirmək bizim üçün çətindir. İkinci Qarabağ Müharibəsindən sonra zərərçəkən ailələrin uşaqları ilə işləməyə başlayan psixoloqun dediklərindən müharibəni görmüş uşaqların travmasını təsəvvürümüzdə canlandıra bilərik. Psixoloq müsahibəsində qeyd edir:

“Bombalanmanı və ya yaxınlarının itkisini və silahlı münaqişənin digər reallıqlarını yaşayıb sağ qalan uşaqların bir çoxunun nitqlə bağlı problemləri var; onlarda təcavüzkarlıq və ya əksinə, depressiya güclənə bilər. Yeniyetmələrin sidik qaçırması səbəbindən uşaq bezlərini geymək məcburiyyətində qalmalarına aid nümunələr var. Psixoloji travma bir neçə dəqiqə ərzində inkişaf edə bilər. Məsələn, raket zərbəsi zamanı bomba düşdü, partlayış baş verdi, episentrdə olan və sağ qalan hər kəs inanılmaz stress yaşadı. Bəzən bir dəqiqə ərzində yaşanan stressdən xilas olmaq üçün, uşağa kömək məqsədilə bir neçə aylıq psixoloji reabilitasiya tələb olunur” (2). 

Müharibənin qorxusunu yaşamış, bu qədər ağır travma keçirmiş uşaqlarla sadəcə dərs kitablarıla edilən təsir, çəkdirilən rəsmlər, yazdırılan inşalar, şeir müsabiqələrində iştirak edənləri eyni deyil deyə bilərsiniz. Amma mənim gözümdə bənzərdir. İkisində də siyasətə qurban gedən uşaqlar var. Birində uşaqların qərarları, ideyaları, xəyal dünyaları, dünyaya və digər insanlara baxışı uğurlu təhsil adı ilə qurban verilir. Digərində isə ailələri heç vaxt unuda bilməyəcəkləri travma qazanırlar.


Yuxarıda qeyd olunan bir çox nümunədə uşaqların çəkdikləri şəkilləri, ağıllarına gələn ideyaların hardan qaynaqlandığı bir neçə dəfə qeyd olunub. Məsələn, mənim bələkdə körpəni çəkmək ideyamın nədən yarandığını aydınlaşdıraq. Uşaqlar yalnız təhsildə deyil, fərqli yerlərdə təbliğat məqsədli zorakı görüntüləri görə bilərlər. Aparılan araşdırma ilə erkən uşaqlıq çağında televiziyadan müşahidə olunan aqressiyanın yetişkin insanların davranışlarına təsirlərindən dəfələrlə bəhs edilib. Əlavə olaraq, uşaqların özləri ilə eyniləşdirdikləri gender kimliklərini nümayiş etdirdikləri zorakılıq səhnələrinin təsirini də göstərir. Eyni zamanda zorakılıq nümayişi ilə televiziyadakı aqressiv nümayişlərin arasındakı pozitiv əlaqəni ortaya çıxır. Bu tədqiqat nəticəsində əldə olunmuş məlumatlar göstərir ki, aqressiv yönəlimi olan uşaqların televiziyada aqressiv proqramları seçməsi daha çox gözlənilir və eyni zamanda uşaqlıqda zorakılıq nümayiş olunan proqramları izləmək gələcəkdə zorakı davranışların yaranmasına dəlalət edir.


Zorakılıq faktlarının araşdırılması zamanı gender rollarından qaynaqlanan fərqliliklər tədqiq edilmişdir. Xüsusilə, kişi kimliyi ilə verilən nümunələr cinayət və ciddi fiziki zorakılığa meyilləndiyi halda, qadın kimliyinin birbaşa deyil, dolayı şəkildə aqressiyanı nümayiş etdirmə ehtimalının daha yüksək olduğu qeyd edilir. Lakin tərəfdaşların bir-birilərinə qarşı gender fərqi olmadan bərabər tezlikdə sözlü, ümumi və aqressiya nümayiş etdirdikləri məlum oldu. Aqressiyanın təsirləri televiziyada eyni genderin nümayiş etdirdiyi aqressiya ilə eyniləşmə və reallaşdırma ilə şiddətlənir (17). Uşaqların televiziyada görə biləcəklərini biz həmişə nəzarət altında saxlaya bilmərik. Lakin bundan təsirlənə biləcəkləri üçün təbliğat xarakterli olan tapşırıqları, əksinə, bu çətin dövrdə travma alan uşaqların empatiyasını, stressini, zorakılığın təsirlərini incəsənəti istifadə edərək öyrənə bilərik.


Uşaqların bəzilərinə çəkdikləri şəkillərdəki obrazlar çox yaxın ola və onların hiss etdiklərini hiss edə bilərlər. Empatiyası çox olan və həssas uşaqlara şəkildəki faciə ağır təsir bağışlaya bilər. Empatiyanın öyrənilməsi ilə bağlı edilməli olan əslində, tamamilə fərqli şeylərdir. Uşağımıza empatiya ilə bağlı ciddi şəkildə bilmədiklərini öyrədə bilmərik. Empatiyanın formalaşması münasibətlərin qayğıkeş münasibətlər, hekayə oxumaq, ünsiyyət qurmaq, oyun, emosiyaların idarə olunmasını, emosiyaları anlamaq və bütünlükdə səbirlə əldə oluna bilər. Empatiyanın kökü anlayışının yaradıcısı Mary Gordonun dediyi kimi, “Empatiya əldə olunur, öyrədilmir.”(19).


Uşaqlara verilən tapşırıqlar fərqli formatda ola bilər. Bu formatda tapşırıqların izahedici analizi, uşağın çəkdiyi detallar və bu detalları çəkmə səbəbi barədə onlarla danışmaq, həm valideynin çəkilən zorakı şəkillərlə bağlı narahatçılığını aradan qaldıra bilər, eyni zamanda uşağı başa düşməyə kömək ola bilər. Lakin uşaqlarla olan ünsiyyətə diqqət etməliyik. Uşaqların fikrinə müdaxilə etməyəcək şəkildə, suallarımızı ucuaçıq formada verməyə həssas yanaşmalıyıq. Onların fikrini yönləndirə biləcək suallardan qaçmalıyıq ki, uşaqlar tam şəkildə nə üçün şəkildəki o detalı çəkdiyini və detalın mənasını bizə olduğu kimi öz fikirləri ilə izah edə bilsin. Onlara: “Nə çəkdiyin haqqında mənə danışa bilərsənmi? Çəkdiyin insanlar kimdir və onlar nə edir?” şəklində suallar verə bilərsiniz.


Şəkillər müxtəlif üsullarla analiz edilə bilər: analizin yanlış yola gedə biləcək hissəsi də məhz burdadır ki, bəzi tədqiqatçılar da elə bundan yayınmağa çalışır. Kristen Kallen Şarma New York Universitinin nevropsixoloqudur və bir çox psixoterapevt uşaqları analiz etmək üçün sənətin qeyri-müəyyənliyindən istifadə etməkdən çəkinirlər. Buna baxmayaraq, Şarma rəsmin müəyyən şeyləri aydınlaşdırdığı gerçəyini danmır. Lakin uşaqların çəkdiyi şəkillərə hər kəsin analitik yanaşması fərqli olur. Bu fərqli analizləri müzakirə edib, doğrunu tapmaq isə çox da real görünmür (18). Uşaqların qanlı və faciəvi şəkil çəkməsinin ən təsirli tərəfi onların çəkdikləri şəkillər və ya oxuduqları şerin mənası ilə bağlı fikirlərinin olub-olmamasında və ya bu şəkillərdən qorxma ehtimallarının olmasında deyil. Çünki uşaqların həqiqətən nə düşündüyünün ümumi şəkildə cavabını verə bilmərik. Lakin bu şəkilləri onların istəkləri olmadan, qiymət və ya təqdirnamə ilə etdirmək və bunun açıqca siyasi təbliğat olması danılmaz faktdır. Qorxulu hissəsi də uşaqlara həqiqətən necə təsir bağışladığını bilmədiyimiz təbliğatın hələ də davam etməsidir. İndi bizim bu olanları görüb səssiz qalmağımız Paulo Freirenin “Əzilmişlərin pedaqogikası” kitabında qeyd olunduğu kimi, bizim də həmin uşaqlar olmağımızdan və uşaqlıqda çəkilmiş çərçivədən çıxa bilməməyimizdən qaynaqlana bilər.

Ədəbiyyat siyahısı:

  1. https://caucasusedition.net/side-effects-of-conflict-the-impact-on-education-system-in-azerbaijan/

  2. 1993 by Paulo Freire Pedagogy of the oppressed, 181.

108 views
bottom of page