Bu gün 27 sentyabr, 2020-ci il Qarabağ müharibəsinin başlamasından 2 il keçir. 1994-cü il atəşkəsindən o günədək davamlı eskalasiyaların olduğu və heç zaman əslində “dondurulmuş” olmayan Dağlıq Qarabağ münaqişəsi yenidən çox kəskin şəkildə alovlandı.
Onda hələ bilmirdik ki növbəti 44 gün ərzində, hər iki tərəfdən 7000-ə yaxın əsgərin, yüzlərlə sivil vətəndaşın öləcəyi, 22 mindən çox əsgərin yaralanacağı, yüzlərlə əsirlərin və 100 minlərlə məcburi köçkünlərin olacağı bu müharibə bizi necə bir destruksiyalarla üz-üzə qoyacaq. Yaxınları və əzizləri bu rəqəmlərin içində olmayanlar üçün bu itkilər sadəcə rəqəm olaraq görülə bilər. Ancaq incikliklər, kollektiv travmalar və ağrıların yenidən təzələndiyi və yeni nəsillərə ötürüldüyü 44 günlük müharibəni qələbə-məğlub dixatomiyası xaricində görə bilmək üçün çox da mürəkkəb analizə ehtiyac yoxdur: Qazandıqlarımız itirdiklərimizi əvəz etməyəcək.
2020-ci il Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi ərazi üstünlükləri bu gün və gələcək üçün çox şey vəd etmir. Xüsusi ilə vəd olunan “sülh” əgər erməni xalqına qarşı revanşist münasibətlə və yenidən alovlana biləcək münaqişə qorxusu ilə, onları Qarabağdan tamamilə didərgin etməklə Azərbayanlıları ora yerləşdirməkdirsə bu sülh, başaldatmaqdan başqa bir şey deyil. Sülh təkcə zorakılığın olmaması şərti ilə yox, dərin incikliklərin həll olunması və barışığın mümkün olduğu bir şəraitdə mümkündür. 44 günlük müharibənin 2-ci il dönümü anmaqla sülh və müharibə haqqında yenidən düşünməyin zamanıdır.
Comments