top of page
Feminist Peace Collective

Artıq onlara nifrət də edə bilmirəm



Mənim 26 yaşım var, Azərbaycanda çox varlı və tanınmış bir nəsildə doğulmuşam, buna baxmayaraq kişilərdən ilk travmamı elə öz doğma atamdan almışam. O bizə çox yaxşı davranırdı amma anama daim fiziki və psixoloji zorakılıqlar edirdi; döyürdü, söyürdü, hətta bir dəfə anamı qan içində gördüm, atam onun üzünü ülgüclə kəmişdi. Buna dözə bilməyən anam boşanıb bizimlə başqa bir şəhərə köçdü və həyatmızın ən pis vaxtları bu gündən başladı.


Azərbaycanda boşanmış qadın olmaq bilirsiniz nə deməkdir? Nə qədər təmiz və namuslu olsan da hamı səni fahişə kimi görəcək və bir işini düzəltmək üçün mütləq ki, səninlə cinsi əlaqədə olmaq istəyəcəklər və əxlaqsız kimi davranacaqlar. Bunu hər gün anamın işdən evə gələndə üzündən və ağlamış gözlərindən oxuya bilirdim.


Məktəbdə dərslərimi çox yaxşı oxuyurdum amma atam olmadığı üçün daimi psixoloji təzyiq altında olurdum, uşaqlar mənə sataşır və məni ələ salırdılar. Hətta bir dəfə sirkə turşusu içərək özümə intihar etmişəm. Xəstəxanada olduğum iki həftə müddətində düşündüm ki, mən güclü qadın olmalıyam.


Universiteti bitirdikdən sonra Azərbaycanda ən perespektivli şirkətlərin birində mühəndis olaraq işə başladım. Bu zamana qədər heç bir kişi ilə sevgi münasibətində olmamışdım, 22 yaşımda isə bir bəylə tanış oldum. 2 il davam edən münasibətdə fiziki, psixoloji və cinsi zorakılıqlara məruz qalırdım, ilk bakirəliyimi onunla yaşadığım üçün, ayrılmaq istədiyimdə məni təhdid edib məndən pul istəyirdi, mənə çirkin, işəyaramaz və lazımsız bir insan olduğumu deyirdi, ən son ayrılmaq qərarımdan sonra barmaqlarımı qırdı, nəhayət bununla da kabus bitdi. 1 il sonra başqa bir bəylə tanış oldum, bu zaman isə siyasi, dini görüşlərimin fərqli olduğu üçün və təbii ki, bakirə olmadığım üçün daima psixoloji təzyiqlər görürdüm.


Bunlar azmış kimi işlədiyim şirkətdə üst vəzifəyə keçməyim üçün 40 yaşlı və evli supervayzerim onunla yatmağımı təklif edir, qəbul etmədiyim üçün isə məni hərkəsin içində alçaldırdı. Azərbaycanlı kişilərin o qədər əxlaqsızlıqlarının şahidi olmuşam ki, artıq onlara nifrət də edə bilmirəm. Bu cəmiyyət mənə sadəcə ölkədən qaçıb getmək şansı buraxıb, heç güclü qadın da olmaq istəmirəm, azad bir insan kimi hüquqlarımın olmasını istəyirəm.


Mənim danışdıqlarım öz həyatımdan çox kiçik və qısaldılmış örnəklərdi, bu cəmiyyətdə hər gün minlərlər qadın psixoloji və fiziki təzyiqlər görür, çarəsizlikdən və qorxudan susurlar. Hər il minlərlə qadın öldürülür, minlərlə məktəbli qızlar məmurlara fahişə kimi satılır, öz doğma ata və qardaşları tərəfindən illərlə cinsi istismar olunurlar.

Bizim cəmiyyətdə qadın doğulmaq işgəncədir və təmiz vicdanlı qalmaq üçün ömrünün sonuna kimi mübarizə aparmaq məcburiyyətində qalırsan.


58 views

Commentaires


bottom of page