Giriş
Dağlıq Qarabağ münaqişəsi Ermənistan və Azərbaycan arasında mübahisəli Dağlıq Qarabağ bölgəsi ilə əlaqədar müharibəyə, yerindən məhrum etməyə, travmaya və davam edən düşmənçiliyə yol açan ərazi və etnik bir münaqişədir. Sülh quruculuğunun nəzərdən keçirilməsinin vacib səbəblərindən biri Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ hökumətləri arasında mövcud dondurulmuş sülh danışıqlarında davamlı əhəmiyyət kəsb etməsidir. Otuz ildən çoxdur ki, insanlar qeyri-müəyyənlik və təhlükə içində yaşayırlar. Son illərdə Ermənistan və Azərbaycan hökumətləri hərbi xərclərini artırmaqdadırlar (Mutschler, 2017). Bu isə sülh danışıqlarının tədricən dayandırılması və münaqişənin hərbi yolla həll edilməsinə dolayı bir işarə idi. Azərbaycan və Ermənistan arasındakı sülh quruculuğunun illərdir effektiv və əlçatımlı bir şəkildə aparılmaması sülh aktivizminin hər iki ölkədə ciddi dərəcədə zəifləməsinə gətirib çıxardı. Bununla yanaşı, hər iki tərəfdəki mövcud fobik təbliğatlar bu prosesdəki anti-pasifist mövqelərin gücləndirilməsinə səbəb oldu. Həm Azərbaycanda, həm də Ermənistanda sülh tərəfdarları daim təzyiqlə üzləşməyə məcbur qalmaqdadırlar və hətta Azərbaycanda anti-müharibə motivli fikirlər səsləndirən şəxslər polis bölmələrinə belə çağırılmışdılar (Abubakirova, 2020). Ermənifob və azərbaycanlıfob düşüncə tərzi bu fobik təbliğatlar tərəfindən televiziya, mətbuat, radio və digər vasitələr ilə daimi olaraq yayılmışdır (Akhundov, 2017). Bu səbəblə də, sülh aktivizmi hər iki ölkədə acınacaqlı bir situasiyaya məruz qalmışdır.
Dağlıq Qarabağ (DQ) münaqişəsində sülh quruculuğunu hədəf alan mövcud təşəbbüslər bu proseslərə məcburi köçkün və qaçqın qadınları və queer/LGBTQİ+ icmalarını daxil etmədikləri üçün tənqid olunurlar (bax, məsələn, Najafizadeh, 2013; Selimovic et al., 2012; Jocbalis, 2016; Shahnazarian və Ziemer, 2014). Bu araşdırma Ermənistandan və Azərbaycandan olan LGBTQİ+/queer icmalarının perspektivlərini araşdıraraq mövcud sülh proseslərinin DQ münaqişəsinin həllindəki roluna nəzər yetirir. Bu əsasda, mövcud sülh təşəbbüslərinin LGBTQİ+/queer subyektlərin iştirakı və anlayışlarını əhatə edəcəkləri təqdirdə, daha dəqiq necə dəyişməli olacağını bu yazıda əks etdirirəm. Bu məqalə LGBTQİ+/queer icmasının mövcud sülh quruculuğu təşəbbüslərindən “niyə?” və “necə?” uzaqlaşdırıldığını aydınlaşdırmağa çalışır və onların interseksional təcrübələrini və mövqelərini nəzərə almaq üçün “sülh prosesi yenidən necə təsəvvür edilməli və yenidən dizayn edilməlidir?” sualına cavab tapmağı məqsəd qoyur. Bu tədqiqatın mövcud olan akademik ədəbiyyata əlavə etdiyi töhfə seksuallığın konstruksiyasına daha aydın bir baxış və Dağlıq Qarabağ münaqişəsinin sülh prosesləri kontekstində az araşdırılmış olan sülh proseslərinin interseksional anlayışına daha dərin bir diqqət yetirməkdir.
Metodologiya
Tədqiqatın əsas məqsədi DQ-dəki münaqişənin Ermənistan və Azərbaycandan olan LGBTQİ+/queerlərin həyatlarına və narahatlıqlarına təsirlərini araşdırmaq və bu subyektlərin sülh quruculuğunda necə iştirak edə biləcəyini düşünməkdir. Tədqiqat suallarına cavap tapa bilmək üçün keyfiyyət araşdırması tədqiqat dizaynı uyğun gəlir. Keyfiyyət tədqiqat metodu iştirakçı mərkəzli metodlardan irəli gələn kontekstual biliklərin vacibliyini vurğulayır (Gunaratnam, 2003). Məlumat toplama metodu olaraq, Bakı (Azərbaycan) şəhərində və onlayn şəbəkələr vasitəsi ilə Ermənistandan və Azərbaycandan olan LGBTQİ+/queer subyektlər ilə yarım strukturlu, açıq sonluqlu və iştirakçı müşahidələrini seçdim. Bunun ardınca, 10 müsahibə qarşılıqlı razılaşma və yaradıcı əməkdaşlığa diqqət yetirəcək şəkildə aparıldı (Campbell və Lassiter, 2014).
Əvvəllər LGBTQİ+/queer icmalarında işləyən həmkarlarımın dəstəyi ilə iştirakçılarla əlaqə qurdum. LGBTQİ+/queer iştirakçılar üçün mən həm də queer dostlarımdan Ermənistan və Azərbaycandakı LGBTQİ+/queer insanlarla əlaqələrini bölüşmələrini istəmişəm. Araşdırma ümumilikdə fərqli 5 müsahibədən və 10 nəfərdən ibarət olub, lent qeydləri vasitəsilə aparılmış və sahə qeydləri ilə tamamlanmışdır (bax - Cədvəl 1). Mövzu bələdçiləri, DQ münaqişəsinin cinsiyyət və gender aspektləri, sülh quruculuğuna interseksional yanaşma və Qafqazdakı cinsəlliyə, DQ münaqişəsinin militarizasiyası kontekstində queerlik roluna və queer perspektivlərə dair mövzulara yönəldilmişdir.
Bu araşdırmadan bir müddət sonra 2020-ci ilin İyul ayında və Sentyabr-Noyabr aylarında Ermənistan və Azərbaycan arasında müharibə başladı və Azərbaycan tərəfi bu müharibədə de-fakto olaraq qalib gəldiyini dünyaya elan etdi (Grzybowski et al., 2020). Azərbaycan tərəfin DQ konfliktinin həll olduğunu israrla deməsinə baxmayaq, Ermənistan tərəfi bu qənəatdə deyil (McLaughlin, 2021). Araşdırmaçı kimi, bu konfliktin həll olduğu qənaətinə gəlməməktəyəm. Bu konfliktin tam olaraq həll olunması üçün sülh quruculuğuna ciddi bir sərmayə qoyulmalıdır və bu prosesdə hər bir fərdin iştirakına imkan yaradılmalıdır. Baxmayaraq ki, bu araşdırma mövcud vəziyyətdən öncə aparalıb, lakin araşdırmanın nəticələri Ermənistandakı və Azərbaycandakı LGBTQİ+/ queer icması üçün hələ də aktuallığını qoruyub saxlamaqdadır.
Cədvəl I: Tərtib olunmuş iştirakçı məlumatı
Təxəllüs | Gender | Yaş | Etnik kimlik | Sosial-iqtisadi durum | Sahə | Vətəndaşlıq |
Lilit | transgender | 30-40 | Ermənistanlı | orta-təbəqə | onlayn | Ermənistan |
Eldar | queer | 20-30 | Azərbaycanlı | işçi-sinfi | Bakı | Azərbaycan |
Hayk | queer | 20-30 | Ermənistanlı | işçi-sinfi | onlayn | Ermənistan |
Vardan | gey | 20-30 | Ermənistanlı | orta-təbəqə | onlayn | Ermənistan |
Leyla | lezbiyan | 30-40 | Ləzgi | orta-təbəqə | Bakı | Azərbaycan |
Problemin qoyuluşu: Sülh quruculuğunda gender inkluzivliyi
Cobara (2018) görə, gender baxımından neytral sülh prosesi kimi bir anlayış yoxdur. Gender perspektivi, genderə həssas bir barışığa və siyasətlərin, proseslərin və sülh razılaşmalarının genderi olduğunu başa düşməklə başlayan daha əhatəli bir sülh prosesinə aparır. Bu eyni zamanda sülh proseslərində gender baxımından kişilər mərkəzli sülh qurma siyasətlərini və proseslərini açan əhəmiyyətli kateqoriyalardan biri olduğu anlamına gəlir. Analitik bir kateqoriya kimi gender, konkret vəziyyətlərdə güc münasibətlərini araşdırmağa və münaqişənin tarixi inkişafını daha geniş bir perspektivdə anlamağa imkan verir.
Dağlıq Qarabağda rəsmi səviyyədə sülh quranlar bir neçə tanınmış qadın xaricində əksəriyyəti imtiyazlı heteroseksual kişilərdir. ATƏT-in Minsk Qrupunun kişiləşmiş strukturları bu günə qədər Qarabağ status-kvosunu dəyişdirə və münaqişəni həll edə bilmədi (Walsh, 2014). Minsk Qrupunun yaxın gələcəkdə Ermənistan və Azərbaycanda yeni bir sülh planı yaratmağı hədəfləməsi də çətin deyil (ibid). Queer icmasının üzvlərinin Ermənistan və Azərbaycanda bu sülh təşəbbüslərinə aktiv və davamlı şəkildə daxil olduqlarına dair heç bir dəlil yoxdur. Bu, yenidən cinsiyyətin (kişi və qadın) ikili quruluşunu və mövcud prosesdə LGBTQİ+/queer perspektivlərinin istisna edilməsini göstərir. DQ münaqişəsinin sülh prosesləri üçün etnik mənsubiyyət, gender və cinsiyyətin qarşılıqlı konstitusiyasını nəzərdən keçirən çox az ədəbiyyat mövcuddur. Myrttinen və Daigle (2018), genderin yalnız qadın və kişilərin ikili kateqoriyalaşdırılması olmadığını və sülh quruculuğunu anlamaq üçün genderi lens kimi istifadə edərkən heteroseksual olmayan təcrübələrə və şəxsiyyətlərə diqqət yetirilməli olduğunu qəbul etməyin lazım olduğunu vurğulayırlar. Queer fərdlərin narahatlıqlarını əlaqəli bir şəkildə görmək lazımdır, yəni davranış, zəiflik və sülh qurma imkanlarını formalaşdıran gender və digər sosial fərqlər arasındakı qarşılıqlı əlaqəni anlamaq vacibdir.
LGBTQİ+/queer icmasının sülh quruculuğundan xaric edilməsi
Münaqişə və yerindən məhrum etmə, geniş yayılmış ayrı-seçkilik və nifrətlə üzləşmək LGBTQİ+/queer Ermənistan və Azərbaycandan olan icma üçün həssas məsələlərdəndir. Bu hissədə tədqiqat iştirakçılarının sülh təşəbbüslərindən kənarlaşdırılmasına dair queerliyin davamlı patologiya ilə assosiasiyasını və queerlərdən qorxmaq ilə əlaqəli fikirlərini təhlil edirəm. Erməni və Azərbaycan cəmiyyətlərində LGBTQİ+/queer insanlar, əksər hallarda pronatalist siyasət yürütmədikləri üçün “problemli insanlar” sayılırlar (Dadashzadeh və Paitjan, 2020). Erməni transgender Lilit queerlərin “rasional seçim etmək iqtidarında olmadığı” kimi düşünüldüyünü və sülh quruculuğundakı iştiraklarına qarşı bir arqument olduğunu irəli sürür:
“Ermənistanda queer icma rasional fərdlər kimi qəbul edilmir. Təəssüf ki, bizi ruhi xəstə olaraq qəbul edən Ermənistan cəmiyyəti hesab edir ki, LGBTQİ+ fərdləri DQ münaqişəsinin həllində kömək edə bilməyəcəklər. Çünki ilk növbədə biz öz “əqli problemlər”imizi həll etməliyik. Onların/bizim ruhi problemimiz queer olmaq və Erməni cəmiyyətinin ənənəvi dəyərlərinə riayət etməməkdir ...” Lilit, 46, orta sinif, erməni transgender, İrəvan
Lilit queer şəxslərin “ruhi xəstəliklər”ini və cəmiyyətin LGBTQİ+/queerlərə olan nifrətini heteronormativliyin bir məhsulu olduğunu izah edir. Burada “rasional seçim etmək iqtidarında deyil” anlayışı cinsəllik məsələsi ilə əlaqələndirilir və buna görə də queerlər əqli xəstə kimi görülür. Bu, LGBTQİ+/queerliyin patoloji xəstəlik olaraq qəbul edildiyini göstərir. Reproduktiv olmayan birliktəliklər və təbliğ edilən pronatalist siyasətlər səbəbindən, Ermənistan və Azərbaycan cəmiyyətləri queerliyi “xəstəlik” hesab edirlər. Queer icması kişi sülh qurucularına və onların heteronormativ kimliklərinə verilən üstün “rasionallığ”a zidd olan “ruhi xəstəliklər”inə və alçaldılmalarına (xüsusən irrasionallığa) görə xaric olunur. Eldarın müşahidələrinə əsasən queerlər qadın sülh qurucuları tərəfindən də proseslərə daxil edilmirlər:
“Sülh quruculuğu prosesində queer fərdləri daxil etməyən bir çox imtiyazlı qadın sülh qurucusu var. Queer fərdlərin “xəstəliy”i (imtiyazlı qadınlar tərəfindən) mövcud sülh təşəbbüsündə iştirak etmələri üçün hələ də bir maneə olaraq qəbul edilir”. Eldar, azərbaycanlı queer, Bakı.
Eldarın müşahidələri Lilitin Ermənistan və Azərbaycan cəmiyyətlərindəki queerlərin rəddi iddiasını gücləndirir. Sülh qurucuları olduğu iddia edilən imtiyazlı qadınlar belə, queer şəxsiyyətlərə qarşı manipulyasiya üzündən queer fərdləri sülh proseslərinə daxil etməyi hədəfləmirlər. Beləliklə, queerlərə qarşı olan bu imtina və manipulyasiya şiddəti patolojikliyi və kənarlaşdırmanı gizlətdiyini göstərir. Eldar və Lilit kimi Vardan da qadın sülh qurucularının onsuz da azlıq olduqları üçün danışıqlar prosesində marjinal fiqur kimi qəbul edildiklərini qeyd etdi. Hayk isə bir çox qadın sülh qurucularının kişilərin üstünlük təşkil etdiyi sülh quruculuğu prosesində (kişi sülh qurucularının təsirində qalaraq), hərbiləşdirməyə dəstək verdiyini iddia etdi. Bu səbəbdən sülh quruculuğundakı marjinallaşdırılmış qadınların queerlər barəsindəki perspektivləri kişi və heteronormativ linzalar vasitəsilə formalaşdırılmışdır. Queer icmasına qarşı patolojiləşdirmə Ermənistanda və Azərbaycanda ənənəvi heteronormativlik anlayışı ilə istehsal edilir. Bu prosesdə hegemonik maskulinliklər qərar qəbuledicilər sayılır və buna görə də artıq onlar queerliyi “zehni xəstəlik” kimi etiketləyirlər. Nəticə etibarilə, kişilərin üstünlük təşkil etdiyi sülh prosesi queer icmasını sülh proseslərindən kənarda saxlayır. Buna görə də birinci səviyyədə LGBTQİ+/queer icması Dağlıq Qarabağ münaqişəsinin həlli üçün “töhfə verməyən” subyekt hesab olunur.
Təhlilin ikinci səviyyəsi sülh proseslərindəki queerlərə qarşı olan qorxunun analizinə yönəlmişdir. Leyla müsahibə əsnasında qeyd etdi ki, bəzi sülh qurucuları Ermənistan və Azərbaycanda bir çox vətəndaş üçün sülh quruculuğu prosesində LGBTQİ+/ queer icmasını gücləndirmənin ciddi bir etibar itkisi probleminə səbəb ola biləcəyini düşünürlər. Tədqiqat iştirakçıları sülh proseslərinə queerlərin daxil edilməsinin yalnız qərbyönümlü sülh fəalları və təşkilatları tərəfindən dəstəkləndiyini iddia etdilər. Hayk qeyd edir:
“Queer insanların iştirakı problem kimi görülür və onlara qarşı irrasional qorxu səbəbiylə [sülh təşəbbüslərində] kənarlaşdırılır... Bir çox kişi və imtiyazlı qadın sülh qurucuları düşünürlər ki, bu prosesə queerlər qoşularsa, insanlar sülh quruculuğuna daha çox nifrət edərlər.... Ancaq inanıram ki, insanlar həyatın hər anında queerlərin görünürlüyünə alışacaqlar. Xüsusilə də “sülh qurucuları” bizə qarşı manipulyasiyanı dayandırdıqlarında”. Hayk, erməni, queer, Hollandiya
Hayk hesab edirdi ki, erməni və azərbaycanlı sülh qurucuları queer icmasını sülh proseslərinə qatmamaq üçün vətəndaşların düşüncələrini aktiv şəkildə manipulasiya edirlər. Burada Haykın nəzərdə tutduğu sülh qurucuları, əsasən, illərdir bu sahədə çalışan və ixtisaslaşmış sülh Qeyri-Hökümət Təşkilatları (QHT) nümayəndələridir. Lakin gənc nəsil arasındakı sülh tərəfdarları, qurucuları və aktivistləri arasında da sülh QHT-lərinin homofobik düşüncələrini davam etdirənlər az deyil. Yəni, queer icmanın sülh prosesinə qoşulması əksəriyyəti cisgender homofobik olan QHT sülh qurucularına və digərlərinə sərf etmir. Bu isə sülh prosesləri içərisində ictimai səviyyədə nifrəti və homofobiyanı bəsləyən və gücləndirən güclü anti-queer təbliğatının olduğunu göstərir. Homofobik zehniyyətlər (Carroll and Quinn, 2009), queerlərin “zehni xəstəlikləri” fikrindən qaynaqlanır. Bu həm də dövlət rəsmilərinin nifrət nitqi ilə söylədikləri ifadələrdə queerlərə qarşı “qorxu”nun sosial olaraq qurulduğunu göstərir. Bu təbliğat səbəbindən insanlar “queerliy”i problemli bir kateqoriya kimi başa düşürlər və bu səbəbdən LGBTQİ+/queer icmasının sülh qurma fəaliyyətləri və təşəbbüslərinə daxil edilməsi Ermənistan və Azərbaycan cəmiyyətlərində problem halına gəlir. Eyni zamanda, Haykın dediyi kimi insanların sülh prosesinə daha çox nifrət etməsi hələ də sülh prosesinin cavablandırılmamış suallarından biri kimi qalmaqdadır. Yəni, queer icmanın bu proseslərə qoşulmasına homofobik Azərbaycan və Ermənistan cəmiyyətlərinin necə reaksiya verəcəyi sual altındadır. Misal olaraq, 2020-ci ildə baş verən II Qarabağ Müharibəsində qeyri-queer gənc sülh fəalları istər Azərbaycanda, istərsə də Ermənistanda “xalq düşməni” damğasını aldılar. Militarist Azərbaycan və Ermənistan cəmiyyətlərinin queer icmadan olan sülh fəallarının prosesə qoşulması ehtimalında isə bu kimi reaksiyaların daha güclü anti-sülh və homofobik reaksiya ilə nəticələnəcəyi qaçılmazdır. Başqa sözlə ifadə etsəm, queer və sülh tərəfdarı olanlar interseksional nifrət nitqi ilə qarşılaşacaqlar ki, militarist sistemlərdə bu, mütəmadi olaraq baş verən bir prosesdir. Məhz buna görə də, Hayk düşünür ki, queer icma sülh proseslərinə məqsədli şəkildə cəlb olunmur və bu sonsuza qədər davam edə bilməz. Lakin bu yenə də heteronormativ sistemin qoyduğu qaydalardır və queer icma bu tipli çətinlikləri ya etirazlar, ya da sülh yolu ilə də olsa aşmağı bacarmalıdır.
LGBTQİ+/queer icmasının sülh quruculuğuna cəlb edilməsi
Keyfiyyət araşdırmasının nəticəsi olaraq, Dağlıq Qarabağ münaqişəsində sülh prosesinin yenidən dizaynına kömək edə biləcək və LGBTQİ+/queer icmasının sülh qurma fəaliyyətləri və təşəbbüslərinə daxil edilməsinə töhfə verəcək aşağıdakı üç təklifi irəli sürürəm:
Birincisi, LGBTQİ+/queerlər üçün açıq və təhlükəsiz müzakirə mühitlərini geniş şəkildə hazırlamaq, daha sonra bu sülh qurucularının proses içərisində olduqlarını digər insanlara məlumat verə biləcək təcrübələrini ifadə etmək və paylaşmaq lazımdır. Bu, icmanın sülh proseslərinin bir hissəsi olmasına imkan yaradacaqdır. Çünki bir çox tədqiqat iştirakçıları mövcud sülh təşəbbüsləri haqqında məlumata malik deyillər. Bu səbəbdən, LGBTQİ+/queerlərin liderliyini artırmaq və DQ münaqişəsi kontekstində sülh proseslərinə giriş əldə etmək üçün LGBTQİ+/queer sülh forumlarını qurmaq lazımdır.
İkincisi, queerlər arasında bilinçləndirmə aparmaq, mövcud sülh proseslərində aktiv iştiraklarını inkişaf etdirə bilər. Şüuru artırmağın əsas məqsədi müxtəlif LGBTQİ+/queer qruplara səslərini qaldırmadıqları müddətdə heç kimin DQ münaqişəsini həll etməyəcəyini və onları bu prosesin hissəsi olaraq qəbul etməyəcəyini göstərməkdir. Bu cür şüurun yüksəldilməsindən məsul olan insanlar bu cəmiyyətlərin təməl hərəkatına başlaya biləcək Ermənistan, Azərbaycan və Dağlıq Qarabağın LGBTQİ+/queer vətəndaşları olmalıdır. Kiçik qruplarda LGBTQİ+/queerlər öz təcrübələrini və hekayələrini bölüşmək üçün tədbir və toplantıları təşkil edə bilərlər ki, bu da sülh quruculuğunda şüur yüksəltməyin rolunu anlamalarına kömək edə bilər. Beləliklə, şüur yüksəltmə prosesi müxtəlif LGBTQİ+/queer qruplarından ibarət olan yerli icmalar, fəallar və sülh qurucular tərəfindən kütləvi bir hərəkat olaraq təşkil edilməlidir.
Son olaraq, kvota sisteminin tətbiqi daha çox LGBTQİ+/queerləri sülh proseslərinə daxil etmək üçün vacib bir addımdır. Kvota sisteminin əsas şərtləri LGBTQİ+/queer icmasının mövcud sülh təşəbbüslərinin bütün səviyyələrində təmsil olunmasını təmin etməkdir. Qanunvericilik vasitəsi ilə aktiv iştirak daha tutarlı və asan bir gücləndirmə təmin edir. Bu tip ciddi qiymətləndirmənin tətbiqi Ermənistan və Azərbaycanda milli konvensiyaların bir hissəsinə çevrilməlidir və bu, cəmiyyətin LGBTQİ+/queer icması haqqında yanlış təsəvvürlərini dəyişdirməyə kömək edə bilər. Bununla birlikdə, kvotalar uzunmüddətli fəaliyyət planları deyil və həmişə xüsusi mədəni və sosial-iqtisadi vəziyyətlərə uyğunlaşdırılmalıdır.
Nəticə
Xülasə olaraq, queer icmasının sülh quruculuğundan xaric olunması, qarşılıqlı gücləndirici iki səviyyədə ortaya çıxır - zehni xəstəlik və queerlərə qarşı olan qorxu. LGBTQİ+/queer araşdırma iştirakçılarının düşüncələri, Ermənistan və Azərbaycan cəmiyyətlərinin heteronormativliyinə meydan oxuyacaq şəkildə sülh proseslərinə kritik ictimai təhlillər və sülhə alternativ bir baxış verdiklərini göstərir. Xüsusilə, LGBTQİ+/queer araşdırma iştirakçıları anti-militarist bir perspektivi vurğulamağa və DQ münaqişəsində ordunun rolunun azalmasını dəstəkləməyə meyllidirlər. Queerlərin sülh prosesinə qoşulması münaqişənin həllinə kömək etməklə yanaşı, queer icmasının da görünürlüyünü Ermənistan və Azərbaycanda artıracaqdır. Queerlərin görünürlüyünün artması LGBTQİ+/queer icmasına qarşı formalaşmış zehni xəstəlik, patalogiya və “qorxu” düşüncələrini dağıtmağa kömək edə bilər. Bu səbəbdən sülh prosesinə LGBTQİ+/queerlərin daxil edilməsi və təmsil olunması, Ermənistan və Azərbaycanın LGBTQİ+/queer icması üçün həyati bir rol oynayır.
Ədəbiyyat siyahısı
Abubakirova, Sabina. 2020. ‘Rumours of Violent New Anti-Queer Group Spark Worry in Azerbaijan’. 2021. OC Media (blog). https://oc-media.org/rumours-of-violent-new-anti-queer-group-spark-worry- in-azerbaijan/.
Akhundov, Jafar. 2017. ‘Rise of Militaristic Sentiment and Patriotic Discourses in Azerbaijan: An Analytic Review’. Caucasus Edition–Journal of Conflict Transformation, 1–17.
Campbell, Elizabeth, and Lassiter, Luke Eric. “Doing Ethnography Today: Theories, Methods, Exercises.” Wiley-Blackwell 4, (2014): 1-160.
Cobar, Jose Alvarado, Emma Bjerten-Gunther, and Yeonju Jung. “Assessing gender perspectives in peace processes with application to the cases of Colombia and Mindanao.” SIPRI Insights on Peace and Security 6, (2018): 1–32.
Daigle, Megan, and Myrttinen, Henri. “Bringing Diverse Sexual Orientation and Gender Identity (SOGI) into Peacebuilding Policy and Practice.” Gender & Development 26, no. 1 ( 2018): 103–20.
Gunaratnam, Yasmin. Researching Race and Ethnicity Methods, Knowledge and Power. London: SAGE, 2003.
Grzybowski, Janis, Giulia Prelz Oltramonti, and Agatha Verdebout. “Fault Lines of a War Foretold.” Eurozine, 2020. Available at: https://www.eurozine.com/fault-lines-of-a-war-foretold/. Last accessed: May 15, 2021
McLaughlin, Daniel. “Armenia says conflict with Azerbaijan ‘unresolved’ as Kremlin hosts talks.” The Irish Times, January 11, 2021. Available at: https://www.irishtimes.com/news/world/europe/armenia-says-conflict-with-azerbaijan-unresolved-as-kremlin-hosts-talks-1.4455744. Last accessed: May 15, 2021
Mindaugas, Jocbalis. “Transformative Gender Narratives in South Caucasus: Conversations with NGO Women in the Armenian-Azeri Conflict.” Malmö högskola/Kultur och samhälle, 2016. Available at: http://muep.mau.se/handle/2043/21318. Last accessed: May 15, 2021
Najafizadeh, Mehrangiz. “Ethnic Conflict and Forced Displacement: Narratives of Azeri IDP and Refugee Women From the Nagorno-Karabakh War.” Journal of International Women's Studies 14, no. 1 (2013): 161–183.
Paitjan, Ani, and Dadashzadeh, Naila. “Armenia and Azerbaijan: Cross Views on Army and Homosexuality.” Caucasus Edition–Journal of Conflict Transformation, 2020. Available at: https://caucasusedition.net/armenia-and-azerbaijan-cross-views-on-army-andhomosexuality/. Last accessed: May 15, 2021
Selimovic, Mannergren Johanna, Nyquist, Brandt Asa, and Soderberg, Jacobson, Agneta. “Equal power - lasting peace: obstacles for women's participation in peace processes.” Kvinna till kvinna, Johanneshov, 2012. Available at: http://www.equalpowerlastingpeace.org/wp-content/uploads/2012/06/EqualPower_print.pdf. Last accessed: May 15, 2021
Shahnazarian, Nona, and Ziemer, Ulrike. “Emotions, Loss and Change: Armenian Women and Post-Socialist Transformations in Nagorny Karabakh.” Caucasus Survey 2, no. 1-(2014): 27–40.
Walsh, Sinead. “Nagorno-Karabakh: A Gender Inclusive Approach to Peace.” openDemocracy, 2014. Available at: https://www.opendemocracy.net/en/odr/nagornokarabakh-gender-inclusiveapproach-to-peace/. Last accessed: May 15, 2021
Zamanov, Ramil. “Gender, ethnicity and peacebuilding in the Nagorno-Karabakh conflict.” Charles University, Faculty of Humanities, 2020. Available at: https://dspace.cuni.cz/handle/20.500.11956/123476. Last accessed: May 15, 2021
Comments