Son bir neçə gündə Gürcüstanda minlərlə insan “xarici agentlər” barədə olan qanun layihəsinin hakim “Gürcü Arzusu” partiyası tərəfindən yenidən təqdim edilməsinə və parlamentdə birinci oxunuşda zorla təsdiqlənməsinə etiraz edir. Biz gürcü xalqı ilə onların mübarizəsində həmrəy olmaqla yanaşı, həm də cari hadisələr ətrafında dolaşan əsas narrativlər üzərində tənqidi müzakirələr aparmağı hədəfləyirik.
Bu günlərdə Tbilisidə şahidi olduğumuz hadisələrə bütün mürəkkəb fərziyələr arasında həm də başqa rakursdan - azadlıq və bərabərlik uğrunda mübarizə nəzərindən yanaşmaq olar. Azadlıq və bərabərlik uğrunda mübarizədə millətçilik, Avropa İttifaqına inteqrasiya, liberalizm kimi yarışan ideologiyaların toqquşması qarşımızda toz buludu yaradır. Və üçüncü tərəflərin müdaxiləsi olmadan sadəcə olaraq ləyaqətli həyat sürmək istəyən adi bir insan isə bu toz dumanının içində itib-batır. Bu xaosun içində düzgün yolu tapmaq üçün biz kompasımızı azadlıq və bərabərlik koordinatlarına uyğunlaşdırmağa çağırırıq. Bununla biz regionumuzu bürüyən toz buludları, fırtınalar, dumanlar və siyasi təlatümlərin arasından keçə və çətinliklərə baxmayaraq, axtarışımızın sabit qalmasını təmin edə bilərik.
“Xarici agentlər” barədə qanunun yenidən tətbiqi minlərlə insanı yenidən küçələrə çıxardı. Lakin bu dəfə Gürcüstan hökuməti əvvəlki səhvlərindən dərs çıxararaq yüzlərlə polisi küçələrə tökür və eyni zamanda iki düşərgənin yaranması barədə narrativlər yaradır. Bir tərəfdən hökumət qanunu Qərbin təsirinə və Gürcüstanın guya “Ukraynalaşdırılmasına” qarşı dayaq kimi qələmə verir. Digər tərəfdən, liberal siyasət tərəfdarları yaxınlaşan avtoritar repressiyaya işarə edərək, qanunu “Rusiya Qanunu” kimi pisləyirlər.
Kompasımıza yenidən nəzər saldıqda, vacib sual ortaya çıxır: biz bu kəsişmədə azadlıq və bərabərliyə aparan yolu necə ayırd edirik? Bizim yolumuz Gürcüstan hökumətinin Qərb hegemonluğuna meydan oxuması ilə uzlaşır, yoxsa “Rusiya üslubu” avtoritar repressiyalarına qarşı durmaq üçün Aİ-ni seçməkdən keçir?
Reallıqda Gürcüstan hökuməti standart sağçı mühafizəkar elitaların oyun kitabına sadiq qalaraq öz hakimiyyətini möhkəmləndirməyə və avtoritar taktikalarını normallaşdırmağa çalışır. Bu gedişat, Azərbaycan, Rusiya, Türkiyə, Macarıstan, Polşa və bir çox digər rejimlərdə şahidi olduğumuz tanış hekayələrlə səsləşir. Kitabın təkrarlanan mövzusu Qərb adlanan mücərrəd və dumanlı anlayışın periferik millətləri tabe etməyə cəhd göstərən qüvvə olduğu barədə narratividir. Bununla belə, məsələni yaxından təftiş etdikdən sonra məlum olur ki, həmin hökumətlər iddia edilən Qərb dövlətləri ilə möhkəm iqtisadi əlaqələr saxlayırlar (məsələn, Almaniya və ABŞ 2022-ci ildə Gürcüstanda ən çox idxal edən ölkələr sırasındadır). Bu ziddiyyət rahat şəkildə nəzərdən qaçırılır. İqtisadi istismar və bunun nəticəsində Qərbə güvənmə, açıq-aydın Qərb hökumətlərinin dəstəklədiyi dominant neokolonial və neoliberal münasibətlər bu hökumətlər üçün ziddiyyət təşkil etmir.
Avtoritar meyl o zaman təzahür edir ki, hakim sinif mövcud neoliberal iqtisadiyyatda sabit şəkildə mənfəət əlde etməsi üçün təhlükələri dərk edir. Gürcüstanda həm Aİ, həm də Rusiya bazarı da daxil olmaqla qlobal bazarla əlaqəli olan hakim elita Aİ və Rusiya arasında geosiyasi gərginlik şəraitində öz mövqelərini təhlükələrdən uzaqlaşdırmaq üçün təzyiq hiss edir. Baş nazir İrakli Kobaxidzenin "xarici agentlər qanunu"nu Gürcüstanın "Ukrayinləşdirilməsi"nə qarşı müdafiə kimi göstərməyə çalışması da məhz Ukraynanın ağır vəziyyətini xatırladan qorxunu manipulyasiya edərək vəziyyəti idarə etməyə cəhddir. Gürcüstan vətəndaşlarının Aİ-yə inteqrasiya istəklərinə baxmayaraq, hökumət “Rusiya bizi işğal edəcək” qorxusunu geniş mənada istismar etməyə çalışır.
Bu avtoritar model xüsusilə qonşu Azərbaycandan ilham alır. Aİ-Rusiya dixotomiyası ilə mübarizə apararkən öz suverenliyini balanslaşdırmaqda mahir olan Azərbaycan Gürcüstanın qaza olan tələbatının 90%-dən çoxunu təmin etməklə və iqtisadiyyatına milyardlarla sərmayə qoymaqla Gürcüstan siyasətinə əhəmiyyətli təsir göstərir. Qara dəniz elektrik layihəsi kimi alternativ enerji nəqlindən tutmuş qaz kəmərlərinə qədər Gürcüstan və Azərbaycan Aİ-nin enerji ehtiyaclarını ödəmək üçün əməkdaşlıq edirlər. Bununla belə, Aİ tərəfindən dəstəklənən bu enerji layihələri, nəql boruları və xətləri ilə yanaşı, avtoritar tendensiyaları da özündə daşıyır. Belə olduğu halda, Azərbaycanın avtoritar yanaşmasını təqlid etmək Gürcüstanın iqtisadi və siyasi asılılığını dərinləşdirir. “Xarici agentlər” haqqında qanun qəbul olunarsa, bu ssenari əhalinin borcla yüklənməsinə və vətəndaş cəmiyyəti tərəfindən göstərilən sosial xidmətlərin aşınmasına səbəb ola bilər.
Nəhayət, “suverenlik” adlanan şeyə üstünlük vermək vətəndaşların rifahı və muxtariyyəti bahasına olaraq, siyasi və iqtisadi uçurumun təhlükəli oyununa çevrilir. Beləliklə, hazırkı Gürcüstan hökuməti xüsusən anti-gender narrativlərinə əsaslanaraq Qərbin təsirinə qarşı mövqe tutduqda təklif etdiyi alternativ, əslində bədənlərə, qərarlara, sərbəst toplaşmaq azadlığına və əhalisinin siyasi iştirakına tam nəzarət etməkdir. Yerli siyasət üzərində nəzarəti gücləndirməklə təşkilatlanmış hərəkatlarının Qərbin ideoloji hökmranlığına müqavimət göstərmək imkanı var idisə, hakimiyyət orqanlarının sərt nəzarətinə, daralan vətəndaş məkanına və siyasi plüralizmin tədricən eroziyasına qarşı müqavimət göstərmək demək olar ki, mümkünsüz olur. Bu siyasi manevrin bariz nümunəsini baş nazirin müavini, Mədəniyyət, İdman və Gənclər naziri Tea Tsulukianinin musiqi, kino və teatr sahəsində müstəqil mədəniyyətşünasları rejimə sadiq olanlarla əvəzləməsində aydın görürük. Bu gün Tbilisi küçələrində baş verən və etirazların sadəcə kobud gücdən istifadə ilə deyil həmçinin ondan kənar mürəkkəb üsullarla yatırıldığı səhnələr bu zülmkar siyasi gündəmin davamına xidmət edir.
O zaman bizim mövqeyimiz sadəcə olaraq “Rusiya qanunu” adlanan qanuna qarşı Aİ-yə tərəfdar olmaqdan ibarət olmalıdırmı? Birincisi qeyd etməliyik ki, yerli aktorlara xarici yardımı məhdudlaşdıran qanunlar ideyası dövlət anlayışı qədər qədimdir. Daha yaxından araşdırdıqda belə qanunların müxtəlif versiyalarının demək olar ki, hər bir dövlətdə mövcud olduğunu başa düşürük. Onların əsas məntiqi, xarici təsirlərə qarşı mübarizə adı altında zahirən xarici müdaxiləni məhdudlaşdırmaq və yerli narazılığı yatırtmaq üçün, istər siyasi partiya, istər prezident, istərsə də monarxın müəyyən ərazi üzərində suverenliyini möhkəmləndirmək məqsədi daşıyır. “Rusiya qanunu” kimi damğalanmasından asılı olmayaraq, bu cür qanunların məqsədi azadlığın aşınmasıdır.
Onu da etiraf etmək lazımdır ki, liberal demokratik idarəetmə modelin QHT-lərin yaradılması vasitəsilə təmin etdiyi təşkilati çərçivə praktikada bir çox kontekstlərdə siyasi həyatın pasifikasiyasına, siyasətsizləşdirilməsinə və de-ideologiyalaşmasına gətirib çıxarıb. Müəyyən QHT-lər müsbət işlər görsələr də, liberal demokratik siyasətə xas struktural məhdudiyyətlər göz qabağındadır. Bu cür struktur, təcrid olunmuş icmalara qeyri-mütənasib şəkildə zərər vuran struktural bərabərsizliklərə və zorakılığa laqeyd qalaraq azadlıq illüziyasını yaradır. Bu gün bir çox Gürcüstanlıları narahat edən hiperinflyasiya, mənzil və iş imkanları, səhiyyə və təhsil kimi sosial-iqtisadi problemlər bütün ictimai dərdlər üçün dərman kimi qələmə verilən Aİ üzvlüyünün lehinə bir kənara qoyulur.
Bu cür vəziyyət bizi üçüncü yolu nəzərdən keçirməyə vadar edir. Bu isə yerli hökumətlərin qurduğu ritorik tələlərə və ya liberal demokratiyanın boş vədlərinə aldanmadan azadlıq və bərabərlik uğrunda mübarizədən ibarət olan yoldur. Bu yol, Gürcüstan hökumətinin azadlığa qəsdinə və avtoritar siyasətin həyata keçirilməsinə müqavimət göstərməyi, eyni zamanda neoliberal siyasətin hüdudlarını rədd etməyi və müstəqil təşkilatçılığı təşviq etməyi nəzərdə tutur. Qanun qəbul olunmasa belə mübarizə davam etməli və əslində daha da alovlanmalıdır. Bu üçüncü yol radikal və mürəkkəbdir, lakin bu yol, bu tozlu reallıq arasında can atdığımız azadlıq və bərabərliyə doğru yeganə əlverişli yol ola bilər. Bununla belə, biz eyni zamanda anlayırıq ki, bir qat toz buludu kimi görünən birinci təbəqə hazırki problemlər dağıldıqdan sonra belə bizim müdaxiləmizi gözləyən bir çox görünməz zülm təbəqələrinin kiçik bir hissəsidir. Buna görə də kiçik qələbələr, görünən və görünməyən zülm qatları tam məhv olmayana və azadlığımız tam əldə olunmayana qədər yetərli olmayacaq.
Comments