top of page
  • Sevinj Samadzade

Genderləşmiş danışıqlar prosesinin Dağlıq Qarabağ münaqişəsinə təsiri


Giriş

Bu məqaləni bir il yarım öncə 2020-ci ilin iyul ayında Tavuş/Tovuz sərhəddində Ermənistan və Azərbaycan arasında baş verən eskalasiyanın ortasında yazmağa başladım. Cəmi iki ay sonra Dağlıq Qarabağda genişmiqyaslı müharibənin başlaması da heç təəccüblü olmadı. Ona görə, bu yazıda verilən suallar davam edən və əgər həll edilməsə bizi uzun müddət bu döngüdə saxlaya bilən ardıcıl reallığı əhatə edir.

Artıq 30 ilə yaxındır ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında əsasən kişi mərkəzli danışıqlar prosesi konsensus olmadan davam edir. Bu qarşıdurmanın başlanğıcından bəri qadınların rolu dəyərsizləşdirilmiş və əsasən qayğıçı və analar kimi əlaqələndirilmişdir ki, bu da Ermənistan və Azərbaycanda qadın olma normasını əks etdirir (Kvinna, 2019) . Qadınların siyasi fəallığının olduqca aşağı olması ilə müşahidə olunan gender bərabərsizliyinin genişləndiyi patriarxal cəmiyyətlərdə qadınların danışıqlar prosesində olmaması təəccüblü deyil. Əslində, bu cür patriarxal güc quruluşa qadınların homogen bir qrup olaraq daxil edilməsi, fərqli qadın qruplarının səsini təmsil etməkdənsə, mövcud maskülləşdirilmiş siyasətlərə fayda verəcəyi bəllidir. Eyni zamanda, sülh prosesində qadınların bilavasitə iştirakı mövcud güc strukturları transformasiya etmək və davamlı sülhə nail olmaq potensialındadır (Krause et al., 2018) .Odur ki, bu məqalə Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən genderləşmiş danışıqların nəticələrini tənqid edəcək və feminist sülh müdaxilələrinin münaqişənin dəyişdirilməsi üçün əhəmiyyətini göstərməyə çalışacaq. Məqalə sülh yaratmaq əvəzinə, indiki kişiləşdirilmiş danışıqlar prosesinin mövcud ikili gender normalarına, hegemon maskulinliyə və müharibə qurmağa necə töhfə verdiyini qiymətləndirəcək. Nəhayət, feminist münaqişə transformasiyasının davamlı sülhə nail olmaq üçün ənənəvi kişi mərkəzli danışıqlara meydan oxuya biləcəyi yollar müzakirə ediləcək.

Silahlı qarşıdurmaya səbəb olan gender normaları və hegemon maskulinlik

Patriarxal cəmiyyətlərdə gender rolları və cinsiyyətçi güc münasibətləri, qadınlığı münaqişənin "qurbanı", kişiliyi isə qadınlığın "qoruyucusu" kimi təqdim edir ki, bu da təhlükəsizlik üçün zərurət ideyasını təkrarlayır (Johnson, 2005, s. 53) . Bu cür gender normativliyi, qarşılığında kişilərə daha çox güc və qadınlara qarşı daha çox zəiflik vəd edən patriarxal qurumların militarizasiyasına və eskalasiyalara səbəb olur. Kişiliyin sosial və mədəni olaraq xarakterizə olunduğu müxtəlif formalara aid olan maskulinlik, bütün kişilər üçün eyni deyil. Hegemon maskulinlik , kişiliklər arasındakı iyerarxiyanı və hakimiyyətdəki kişilərin yalnız qadınları deyil, həm də onlardan daha az imtiyazlara sahib olan digər kişiləri necə tabe etdiklərini təqdim edir (Connell, 2005, s. 76-79) . Bu ideya ətrafında sosial və siyasi olaraq idarə olunan Azərbaycan və Ermənistan, maskulinliyin qorunması üçün ilkin şərt kimi militarizmi və müharibəni nümayiş etdirir, buna görə də gənc oğlanları uşaqlıqdan məcburi səfərbərliyə və əsgərliyə qatılmağa hazırlayır (Axundov və digərləri, 2020, s. 18- 20) ;

Böhran vəziyyətində olan dövlətlər, xüsusən kollektiv milli kimliyi formalaşdırılması üçün müharibədə iştirakına görə kişiləri izzətləndirmək və onlara status vermək üçün bu cür maskulinliyin genişlənməsində maraqlıdır (Francis, 2004, s. 5) . Beləliklə, hər dəfə Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginləşmə və genişmiqyaslı hərbi əməliyyatlar başlayanda, bu dövlətlər kişiləri "ana vətən"-in qəhrəmanı və qoruyucusu kimi şərəfləndirməklə əhalini manipulyasiya etməyə və kişi qürurunu artırmağa çalışırlar. Bu metafora vasitəsi milləti qadınlaşdırmaq, eyni zamanda, münaqişə ətrafında kollektiv kimliyi qurmağın bir hissəsidir ki, passiv və zəif " ana vətən"-in qoruyucusu olan kişi roluna zəmin yaradır (Vojvodic, 2012, s. 4) . Qadınların dövlət və ordu üçün reproduksiya etmək məcburiyyətində olan "ana" rolu, nəinki onların öz bədəninə olan səlahiyyətlərini məhdudlaşdırır, həm də hər hansı bir siyasi qərar qəbul etmə prosesində iştirakından məhrum edir.


Sülh prosesinə deyil, müharibəyə kömək edən maskulinləşmiş danışıqlar

Olduqca hərbiləşdirilmiş dövlətlər olan Azərbaycan və Ermənistan hələ də kişilik gücündən nəinki düşmənçilik və müharibə mənbəyi, həm də danışıqlar prosesində iddialılıq olaraq istifadə edirlər. Bu baxımdan uzun illərdir davam edən sülh prosesləri, münaqişəni insanların mənafeyi naminə həll etməyi hədəfləməyən, əksinə vasitəçilər də daxil olmaqla, hakimiyyətdəki kişilərin biznesi üçün ən əlverişli maraqları təmsil edən başqa bir rəqabət formasına bənzəyir. Minsk Qrupunun həmsədrləri- Rusiya, Fransa və ABŞ uzun müddətdir ki, bu münaqişənin əsas vasitəçiləri idi, lakin hər iki dövlətlə silah ticarəti etməklə münaqişədən bəhrələndikləri üçün onların qərəzsiz vasitəçi qismində iştirakı olduqca sual altındadır (Borşevskaya , 2019, s. 12) . Bunun əksinə olaraq, vasitəçilik edən bu cür hegemon dövlətlər, böyük ehtimal ki, yanlız kişilərdən ibarət olan bu məclisi idarə etməyə və aralarında daha da mürəkkəb bir iyerarxiya qurmağa kömək edir.

Vasitəçilər və münaqişədə olan dövlətlər arasında bu cür asılı güc dinamikasına baxmayaraq, axırıncısı müharibədən öncə 2018-ci ilin sonundan 2020-ci ilin iyul ayına qədər bir daha uğursuzluqla həyata keçirilən sülh razılığını inkişaf etdirmək planı olmaqla bir neçə cəhdlər edilmişdi. 2019-ci ilin yanvar ayından "Əhalinin sülhə hazırlanması" adlı birgə plan həqiqətən də sərhəddə və təmas xəttində eskalasiyanın və itkilərin azalması ilə müşahidə olunduğundan sülh prosesində müsbət dəyişiklik üçün bir ümid verirdi (Conciliation Resources, 2019) . Prezident Əliyev və baş nazir Paşinyan 2020-ci ilin fevral ayında Münhendə bir araya gəlib ictimai debatda iştirak etməkləri ünsiyyətin artdığını göstərsə də, diskurs dəyişməmişdi və bir-birlərinə "tarix dərsləri" öyrətmə tərzi davam edirdi (Kucera, 2020). Üstəlik, hər iki ölkənin Xarici İşlər Nazirləri Covid-19 pandemiyası səbəbiylə qapanmalar dövründə sonuncusu 30 iyun 2020-ci il tarixində olmaqla onlayn görüşləri davam etdirirdilər. Bütün bu sözdə inkişaf edən proses üçün ortaq olan bir şey var idi: hakimiyyətdə olan kişilərin tam nəzarətində olan şəffaf və aydın olmayan gündəm.

Bir neçə gün sonra 12 iyul 2020-ci ildə, bir neçə əsgər, hərbi rəsmiləri və vətəndaşların ölümü ilə nəticələnən Tovuz, Azərbaycan və Tavuş, Ermənistan arasındakı sərhədində irimiqyaslı döyüşlər başladı. Bunun ardınca isə Azərbaycanda orduya dəstək göstərmək və daha çox müharibə və hərbi səfərbərliyi tələb etmək üçün Bakıda minlərlə millitarist kişi küçələrə axışdı. Düşmənçilik və nifrət sərhədlərin hüdudlarından kənara çıxdı və dünyanın bir çox yerlərində azərbaycanlı və erməni miqrantlar zorakı küçə döyüşlərinə və bir-birlərini alçaltmağa başladılar. Ümumiyyətlə, bu dinamikalar göstərir ki, "əhalini sülhə hazırlamaq" maskulinləşdirilmiş planı cəmiyyətlər arasında sülhün bərqərar olunmasına töhfə verə bilmədi və bunun əvəzinə daha çox şiddət, təcavüz, düşmənçilik və hətta 2021-ci ilin sentyabrında İkinci Qarabağ Müharibəsi adlanan daha böyük bir müharibənin başlamasına kömək etdi.

Ənənəvi danışıq prosesinə qarşı duran feminist münaqişə-transformasiyası

Kişiləşdirilmiş danışıqlar, təmsilçilik, şəffaflıq, hörmət və dialoq tələb edən əhatəli, davamlı və pozitiv sülhün mümkünlüyünü əngəlləyir. Bu sadə, lakin vacib elementlər Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlar masasında əskik olsa da, sülh quruculuğu və münaqişənin transformasiya üçün alternativ diskurs və yanaşma gətirməyi bacaran vətəndaş cəmiyyəti aktorları, qadın təşkilatları və sülh qurucuları tərəfindən geniş təcrübədən keçmişdir (Kvinna, 2019, s. 35) . Buna baxmayaraq, bu yanaşmalar münaqişə ətrafında siyasi qərarlara təsir edə bilmir və xüsusilə də qadınlar həmişə bu "bağlı qapılar" dan kənarda qalıblar. Qadınların səsinin danışıqlar masasına daxil edilməsinin ümumi güc strukturlarının dəyişmədiyi halda necə transformativ olacağı da mübahisəlidir. Çünki stereotipik olaraq, qadınlara iddiası olmayan və güzəştə getməyə hazır olan qrup kimi baxıldığından bunu yaradan patriarxal strukturlar tərəfindən asanlıqla idarə oluna bilər və ilk növbədə bu dəyişməlidir. Bundan əlavə, qadınlar və kişilər, sosial-konstruksiya olunmuş bir qrup olaraq, müharibə və münaqişə mövzusunda eyni təcrübəyə və eyni perspektivə malik deyillər. Buna görə də, qadınların sülh uğrunda mübarizələrini və münaqişələrin transformasiyasına töhfələrini başa düşməyin mahiyyəti qadınların müharibələrdə və hərbiləşdirmədə iştirakını və dəstəyini başa düşməklə gəlir (Sharoni, 2010, s. 6) . Ya orduda xidmət etməklə, ya da militarizasiya üçün fikir və duyğular yaratmaqla, məsələn, vətənpərvərlik mahnıları ifa etməklə və ya millətçilik tarixini öyrətməklə, Ermənistan və Azərbaycandakı qadınların təkcə matəm tutan analar stereotipik rolunu yerinə yetirmədikləri görünür.

Münaqişəyə feminist müdaxilə, sadəcə danışıqlar aparmaq və ya münaqişələri həll etməkdən daha çox, transformativdir. Bu müdaxilə sülhü başa düşmək və onunla əlaqələnməklə yanaşı, münaqişə və zorakılığı təhlil edərkən bir çox kritik suallar verir (Sharoni, 2010, s. 13) . Dağlıq Qarabağ münaqişəsi ətrafında mövcud siyasi qərarların verilməsində qadınların olmaması Ermənistan və Azərbaycanda qadınların üzləşdiyi ümumi zülmün və tabeçiliyinin nəticəsidir. Mövcud gender ədalətsizlikləri və zorakılığın mövcud olduğu reallıqda və münaqişədən birbaşa təsirlənən və ya hazırda münaqişə zonasında yaşayan qadınların daimi gücdən məhrum edilməsi, istismar və istimlak edilməsi , bu şəraitdə sülhün yalnız bir abstraksiya olduğunu izah edir. Bu vəziyyət həmçinin izah edir ki, BMT Təhlükəsizlik Şurasının Qətnaməsi 1325-də qadınların sülh proseslərində iştirakının əhəmiyyətindən danışılmağına və bununla bağlı fəaliyyət planları hazırlanmasına baxmayaraq o dövrdən bu yana çox şey dəyişməmişdir (Krause və digərləri, 2018, s. 987) . Patriarxiya qadınların işini və qabiliyyətlərini dəyərləndirməsə də, militarizmə yol göstərən kişiliklərin qurulması ilə özünü daim reproduksiya edir. Buna cavab olaraq, basqıçı gender əlaqələrinin feminist transformasiyası müharibəni və militarizmi və onları yaradan sistemləri artıq yaşatmaz hala gətirə bilər.

Subordinasiya ilə yox ədalətli təmsilçiliklə qurulan həmrəyliyin zəruriliyi

Ənənəvi maskülləşdirilmiş diplomatiyanı rədd edərək, sülh quruculuğu üçün feminist baxış, qadın vətəndaş cəmiyyəti qrupları arasında genişlənmiş həmrəyliyi və onların danışıqlar proseslərində və ya alternativ sülh prosesinin qurulmasında təmsil olunmasını əhatə edir. Krause (Krause və digərləri, 2018, s. 990) , davamlı və müsbət sülhün daha çox yerli kontekstlərini yaxşı bilən və ictimai-siyasi bərabərsizlikləri aradan qaldırmağı hədəfləyən vətəndaş cəmiyyəti qrupları və onları həqiqətən təmsil edən qadın siyasətçilər ilə əlaqə qurmaqla daha çox mümkün olduğunu müdafiə edir. Bu əlaqə, cəmiyyətlərin ehtiyaclarını birbaşa çatdırmaqla onların hazırlıqlı və təsirli bir şəkildə səfərbər olmaq üçün danışıqlar prosesi ətrafında iştiraklılıq və şəffalığı yaradaraq mövcud gizli, elitar və əlçatmaz danışıqlar zəncirinin kilidini açacaq. Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, icmalar səviyyəsində işləyən bir neçə sülh-qurucusu qadınlar var və onların danışıqlar prosesində təmsil olunması bu əlaqələri yalnız sülh müqaviləsi imzalamaqla deyil, həm də münaqişədə olan icmalar arasında sonrakı keçid dövrü ədalət, barışıq və reabilitasiya prosesi ilə dayanıqlı sülhü qurmaq potensialına malikdir. Bununla yanaşı, cəmiyyətlərin daxilində və cəmiyyətlər arasında sülh mədəniyyətini inkişaf etdirmək də daxil olmaqla alternativ sülh prosesi, siyasi, mədəni və sosial institutlar tərəfindən qurulan hər cür şiddət və ədalətsizliyi dəyişdirəcəkdir.

Bununla birlikdə, yerli qadınların sülh təşəbbüslərinə qarşı dayanan Ermənistan və Azərbaycandakı mövcud siyasi durum qadınların sülh və ədalət uğrunda mübarizəsini siyasi mübarizənin zəruriliyi səviyyəsinə qaldırır. Zaman-zaman hər iki dövlət feminist sülh qurucularının səslərini boğmağa çalışarkən, hər iki patriarxal dövlətin başçılarının qadın partnyorlarının sülh mesajlarını nümayiş etdirərək bunu da ört-basdır ediblər. Bu imitasiyalar isə aydındır ki, cəmiyyətlər arasında inamsızlıq və nifrətlə nəticələnən özlərinin yaratdığı uzunmüddətli dövlət təbliğatına və militarist siyasətinə tamamilə ziddir. Gender bərabərsizliyini və militarizmi davamlı şəkildə yaradan quruluşlarla tam müttəfiq olaraq, qadın güc sahiblərinin bu "sülh" obrazları, hakim sinif qadınların simalarını hərbiləşdirilmiş kişi gündəmlərinə sipər etməklə digər bütün qadınların səs və tələblərinə məhəl qoymur.

Nəticə

Beləliklə, genderləşmiş danışıqlar və Dağlıq Qarabağ münaqişəsi ətrafında qərar qəbul etmə prosesində qadınların olmaması yalnız ortaq zəmin və həll yolu tapmaq üçün deyil, həm də davamlı və dəyişkən sülh prosesini qorumaq üçün mənfi nəticələrə malikdir. Bu o deməkdir ki, siyasi və sosial səviyyədə gender və güc dinamikası dəyişməsə, danışıqlar hər iki cəmiyyət üçün yalnız iki tərəfli bir qılınc effekti verəcək və daha çox şiddəti və buna haqq qazandıran sistemləri ortaya çıxaracaq. İkili-gender çərçivəsində olan kişiliyin müharibəyə və qəhrəmanlığa qatılmaqla müəyyən olunduğu müddətcə, hər hansı bir sülh prosesindən nəsə gözləməyə dəyməz. Artıq aydındır ki, "Əhalini Sülhə Hazırlamaq"- bir il yarım davam edən başqa bir "kişi sözü", sülh gündəmini təqlid etməyi dayandırdı və gələcək hərbi müdaxilələr üçün böyük bir təkan verdi.

Bunun fonunda isə, sülh qurma və münaqişə transformasiyasına feminist yanaşma, qadın vətəndaş cəmiyyəti qrupları arasında həmrəylik quraraq və Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlar da daxil olmaqla bütün siyasi qərarların qəbulunda təmsilçiliyini genişləndirməklə həm müharibəni, həm də sülh proseslərini idarə edən hakim kişi dominant gender nizamına meydan oxumaq gücünə malikdir. Burada elitist sülhyaratmanı rədd etmək, gender normalarını və münasibətlərini dəyişdirmək, həmçinin münaqişə ilə əlaqəli qadınların müxtəlif təcrübələrini, ehtiyaclarını və səslərini nəzərə almaqla, hegemon kişiliyin idarə etdiyi ənənəvi diplomatiyaya alternativ sülh prosesini inkişaf etdirmək mümkün olacaq. Lakin, kapitalist patriarxal quruluşlar və militarizmin mövcud ittifaqının güclü olaraq qaldığı bir zamanda, belə bir inkişafın tezliklə mümkünlüyünü təxmin etmək çətindir.

İstinadlar

Axundov və başqaları. (2020). Münaqişələr və Təhsilin Hərbiləşdirilməsi: Orta məktəblərdə və Azərbaycanda Məktəbdənkənar Təhsil Sistemində Totalitar İnstitutlar (1 -ci hissə). Qafqaz nəşri , 18-20.

Borşchevskaya, A. (2019). Ermənistan və Azərbaycan arasındakı münaqişədə Rusiyanın roluna xarici baxış. Vaşinqton: Vaşinqton İnstitutu.

Uzlaşma mənbələri, C. (2019). Əhalinin sülhə hazırlanması: Ermənistan-Azərbaycan sülh quruculuğuna təsirləri. London: Barışıq mənbələri.

Connell. (2005). Kişilik. Cambridge: Polity Press.

Francis, D. (2004). Münaqişə Dönüşümündə Mədəniyyət, Güc Asimmetriyası və Cins. Berlin: Berghof Vəqfinin Konstruktiv Münaqişələrin İdarə Edilməsi Mərkəzi.

Qrup, C.-C. o. (2019, 16 yanvar). Https://www.osce.org/minsk-group/409220 saytından əldə edildi

Akopyan, A. (2020, 13 iyul). https://wfp.annahakobyan.am/az. Https://wfp.annahakobyan.am/az/2020/07/13/a-call-to-stop-the-military-operations-and-move-towards-peace/ saytından alındı

Johnson. (2005). Cins Düyünü. Pearson Təhsil Hindistan.

Krause və başqaları. (2018). Sülh danışıqlarında qadınların iştirakı və sülhün davamlılığı. Beynəlxalq Əlaqələr, 44: 6 , 985-1016. doi: 10.1080/03050629.2018.1492386

Kvinna, K. t. (2019). Onu dinləyin: Dağlıq Qarabağ münaqişəsinin cinsi təsiri və qadınların sülh üçün prioritetləri. Tbilisi: UP, LTD.

Sharoni, S. (2010). Münaqişələrin həlli: Feminist perspektivlər. Beynəlxalq Araşdırmalar Dərnəyi və Oxford University Press.

Qadın Üstünlüyü. (2003). LB Laschever -də Qadınlar Soruşmur : Müzakirələr və cinsiyyət fərqi (s. 164). New Jersey: Princeton University Press.

Vojvodic, N. (2012). Etnik Münaqişədə Cinsi Təhlil: Yuqoslaviya vəziyyətində səbəblər və nəticələr. London Universitet Kolleci .

Walsh, S. (2014, 04 oktyabr). Dağlıq Qarabağ: sülhə gender inklüziv yanaşma. Açıq Demokratiya saytından əldə edilib: Nagorno-Karabakh: a gender inclusive approach to peace | openDemocracy




163 views
bottom of page