Kitab oxuyurdum və bu sitata rast gəldim: “Cinsi orqanlar bədən səthinin cəmi 1 faizini təşkil edir. Ancaq 1 faiz olub olmamasından asılı olmayaraq cinsi orqanlar, onlara yüklənən mənalarla böyük miqdarda mədəni ağırlıq daşıyır. Və mən iddia edərdim ki, həm mədəniyyət üzvləri, həm də mədəni bilik istehsalçıları olaraq, bədənimizin cinsini və genderini başa düşmək və fərz etmək baxımından cinsi orqanlar bizim əslində təxminən 100 faizimizi təşkil edir (Valentine and Wilchins 1997: 215)”.
Bu olduqca sadə və aydın yanaşma heç ağlımdan belə keçməmişdi. Mən qadınam, Ermənistanda doğulmuşam və vaginam var. Ancaq müəyyən bir cinsiyyət orqanı ilə doğulduğum üçün mənə çox şeyi etmək, hətta düşünmək belə qadağan edilmişdi. Bu qadağalar mənim həm qadın, həm də bir millətin mənsubiyyəti kimliyimi tamamilə təşkil edirdilər. Amma məndə ən çox maraq doğuran qadının vaginasının (hər hansı bir) millətin saflığı və şərəfi ilə necə əlaqələndirilməsidir.
Gəlin Ermənistanda, Türkiyədə və Azərbaycanda (və bəlkə də başqa ölkələrdə?) mövcud olan köhnə “qırmızı alma” ənənəsini götürək. Qadının bakirəliyini (saflıq kimi oxunur) əlindən alan ilk kişinin eyni zamanda ona hakim olması fikri - bakirəliyin hansısa bir alınıb verilə bilən əmtəə kimi qəbul edildiyi Qafqazdakı bütün cəmiyyətlərində hələ də geniş yayılmışdır. Bunun təbii ki, tarixi kökləri var və əsasən qadın bədənini kişi istəklərinin yerinə yetirən və eyni zamanda namuslu millətin reproduksiyası üçün bir əmtəə kimi təsəvvür edən patriarxal ideologiyaya dayanır. Əhəmiyyətli olan odur ki, hesab olunur ki, evliliklə qadın müəyyən bir kişi bədəni ilə əbədi əlaqəyə girir və yalnız həmin kişinin bədənini qane etməlidir. Qadının müxtəlif kişi bədənləri arasında hər hansı bir yerdəyişmə ehtimalı qadının qətlinə səbəb ola bilər. Məsələn, ərindən boşanma halında, zorakılıq edən keçmiş ər yüksək dərəcədə güvənsiz hiss edib qadının öz bədəninə sahib olması fikrinə dözə bilməyib onu öldürür.
İlk acı təcrübəm sevgilimlə cinsi əlaqədə olmaq oldu. Biz bir-birimizi sevib iki il birlikdə olsaq da, nikahdan əvvəl bakirəliyimi almağa icazə verdiyim üçün məni bağışlaya bilməyəcəyini deyərək iki ay sonra məni tərk etdi. Onun məndən ayrılması o qədər də travmatik deyilmiş kimi, münasibətin sona çatmasında məni günahlandıraraq münasibətimizi bitirdi. Həyatımın ən pis dövrünü yaşadım. Günlərlə ağlayırdım. Duş qəbul etdim və hiss etdim ki, kimsə bədənimi palçığa bürüyüb və bədənimi nə qədər yusam da, kir yox olmayacaq. Özümü söyüb ağlayır, söyür, ağlayırdım. Bu barədə nə ailəmə, nə də dostlarıma deyə bilməzdim, çünki qadın dostlarımın çoxu “layiqli” münasibətdə idilər və qorxurdum ki, onlar mənim haqqımda pis fikirləşəcəklər. Aylar keçirdi, işə gedirdim, dostlarımla görüşürdüm, evə gəlirdim və yenə də hər şeyə görə üzülürdüm. Əvvəlki kimi ağlamağı dayandırdım, amma ağırlıq, utanc və günahkarlıq qarışıq hissi ürəyimdən getmirdi.
Tezliklə əla bir oğlanla tanış oldum. Dərhal bir-birimizi cəzb etmişdik və dost kimi danışmağa başladıq, baxmayaraq ki, romantik bir əlaqəyə doğru getdiyi aydın idi. Biz heç vaxt təkbaşına görüşməzdik, həmişə dostların əhatəsində, kinoya gedirdik və ya qəhvə içib Cascade yaxınlığındakı gözəl ərazidə gəzirdik. Bir dəfə bizimlə gələn iki dostu daha tez getməyə qərar verdilər (mən elə bildim ki, onlardan bunu xahiş edib). Məni gözəl bir yerə dəvət etmək istədiyini söylədi və artıq ürəyim həyəcandan sıçrayırdı. Üst damda gözəl bir kafeyə getdik və yemək yeyərkən o, hisslərindən danışdı. Xoşbəxtlik və sevinc məni içimdə yandırırdı, amma hislərim, o, mənim bakirə olmadığımı biləndə verəcəyi reaksiyasını gözləmək qorxusu ilə qarışmışdı. Çaşqın idim və nə edəcəyimi bilmirdim. Ona keçmişdəki münasibətimi əvvəldən deməliyəm? Amma o kifayət qədər mütərəqqi oğlan görünürdü, 30-lu yaşlarında belə şeylərlə maraqlanan adama oxşamır ? Bütün an o qədər gözəl idi ki, heç olmasa indilik heç nə deməməyə qərar verdim, çünki heç bir halda bunu sirr olaraq saxlamayacaqdım. Üstəlik, bilirdim ki, tezliklə söhbəti açmaq üçün əlverişli məqam olacaq və o zaman ona deyəcəm. İntuisiyam mənə deyirdi ki, o, heç vaxt belə bir şeyi problem hesab etməyəcək. Həmin axşam o, məni evə müşayət etdi və keçmiş sevgilimlə ağrılı ayrılıqdan bu qədər ay sonra, dəyərimin, şərəfimin mənə qaytarıldığını hiss etdim. Mən gülümsəyirdim, otağımda rəqs edirdim. Yenidən xoşbəxt idim.
Hər şey əla gedirdi, hər gün işdən sonra görüşmək üçün əlimizdən gələni edərdik. Bir həftə keçdi və həmişəki kimi həmin axşam da məni maşını ilə evə gətirdi. Maşında oturub söhbət edirdik. O, həmişə mənə “mələyim” deyirdi, daima saflığın obrazı olduğumu deyirdi. Keçmiş travmadan yavaş-yavaş sağalmaqda olan yarama psixoloji dərman olacağından ilk vaxtlar belə sözlərə ehtiyac duyurdum. Ancaq bu dəfə özümü narahat hiss etdim. Mən ondan yarızarafatla soruşdum: “Niyə həmişə saflığı məndə ən vacib xüsusiyyət kimi vurğulayırsan?” Dedi: “Çünki sən mənim saf qızımsan, toxunulmamış gözəlimsən və mənim olacağın günü xəyal edirəm”.
Sanki başımın üstündən bir vedrə buzlu su tökdülər. Mən şoka düşdüm. "Nə? Aman Tanrım! Amma o, necə ola bilərdi? Deməli o da? Mən nə edəcəyəm? Hamısı yalandır, hamısı eynidir...” Əllərimin necə soyuduğunu, gözlərimin necə islandığını hiss etdim. Mən ona kədərli sakit səslə dedim: “Niyə heç kimlə münasibətdə olmadığımı güman edirsən? Əgər bu sənin üçün belə vacib bir şey idisə, niyə əvvəldən məndən soruşmadın? Mənim sevgilim var idi, onunla birlikdə idim”. Gözləyirdim ki, mənə əsəbiləşəcək, məni “həqiqəti ondan gizlətməkdə” ittiham etməyə başlayacaq (hətta məndən heç soruşmasa da), ancaq o, dərindən kədərləndi. Bütün bu vəziyyətə o qədər qəzəbləndim ki, ondan əvvəl qadınlarla əlaqəsi olub-olmadığını soruşdum və o, "əlbəttə ki, oldum" cavabını verdi. Bu məni daha da qəzəbləndirdi. Bəs necə olur ki, onun münasibət qurması tamamilə normal və təbii hesab olunur və qadınlarla daha çox münasibətdə olmaq onu “təcrübəli, xarizmatik kişi” edir, onun kişiliyini və dəyərini ikiqat artırır; mənim vəziyyətimdə isə kiçik şəffaf qızlıq pərdəsi mənim bütün həyatımı, dəyərimi, cəmiyyətdəki, millətdəki statusumu müəyyən edir. Təəccüblüdür ki, mən böyük enerji və güc hiss etdim. Olduğum cəmiyyətdəki qadınların şüursuz şəkildə dünyanın kişi təmsilçiliyinə tabe olduqları üçün ləyaqətimə küsmək və özümə nifrət etmək üçün daha bir neçə ay sərf etmək istəmədim.
Ondan ayrıldım. Ona görə yox ki, o, hələ də birlikdə ola biləcəyimizi, amma ondan əvvəl “başqasının mənə sahib olduğu” fikrinin öhdəsindən gələ bilməyəcəyini və beləliklə, evlilikdən söhbət gedə bilməyəcəyini söylədi. Amma ona görə ki, mənim bütün dəyərim qızlıq pərdəmin saflığı ilə ölçən o cür kişilərdən bezmişdim. Necə olur ki, mən savadlı, xeyirxah, heç vaxt heç kimə zərər verməyən, açıq ürəkli bir insan ola bilərəm, ancaq daha imtiyazlı cinsiyyət orqanı olan başqa bir insan bədənimin və ruhumun taleyini həll edəcək gücə çevrildiyi üçün heç bir dəyəri təmsil etmirəm və heç bir ləyaqətim qalmır. Bu o deməkdir ki, ət və qandan olan mənim və bir çox qadının bədəni kişi və qadın arasındakı güc münasibətlərinə əsaslanaraq müəyyən şəkildə rəftar olunur. Bu gün bütün bunlar mənə absurd kimi gəlir. Bütün bunlar qadınlar həyatın patriarxal təsvirini mütləq həqiqət kimi qəbul etdikcə məntiqli gəlir. Amma belədirmi?
Comments