top of page
  • Feminist Peace Collective

8 Mart - Yaşamaq İstəyirik!

Azərbaycan Feminist Hərəkatı və İrandakı feminist inqilabdan ilhamlanaraq



Hər il həyat və hüquqlarımız uğrunda mübarizəni qeyd etmək və nümayiş etdirmək üçün 8 Martda qadınların tarixi dirənişini anırıq. Bu dəfə biz feminist düşüncəmizi və bədənimizi son bir ildə yaşadıqlarımızı düşünmək üçün sabit və kollektiv bir birlik olaraq ortaya qoyuruq. Yaxın bölgəmizdə feminist etirazların qızğın vaxtında, biz kollektiv kədər və iztirablarımızın müqavimət göstərmək və siyasiləşdirmək üçün yeni istiqamətlər və strategiyalar təyin etmək potensialı olduğunu müşahidə edirik.


Daimi müharibələr və böhran


Müharibələr, gərginliklər və fəlakətlərlə dolu daha bir il bizi və yaxın bölgəmizi təqib etmişdir. Dağlıq Qarabağ ətrafında sülh sazişi ilə bağlı gözləntilər tədricən yox olaraq, münaqişənin yenidən alovlanmasına gətirdi. 2022-ci ilin sentyabrında Ermənistana tam hücum, ardınca 2022-ci ilin dekabrında Laçın dəhlizinin blokadası və Dağlıq Qarabağın erməni əhalisini tərksilah etmək və sərhəddə Azərbaycan sərhəd-keçid məntəqələrini qurmaq məqsədi ilə dəhliz ətrafında mövcud gərginlik, kövrək olsa belə, sülh üçün bütün perspektivləri yox etdi. Qarabağda mədən sərvətləri üzərində korporativ toqquşmalar açıq-aşkar müstəmləkə kapitalist ekspansiyasının müharibənin davamlılığının əsas səbəbkarlarından biri olduğunu üzə çıxardı. Bu transmilli korporasiyalar bizim ümumi torpaqlarımızı və sərvətlərimizi ələ keçirmək və talan etmək üzərində rəqabət apardıqca, onları himayə edən rejimlər özünü militarizasiyaya davam edir və güclərini və nəzarətlərini dəyişdirən hər kəsi təhlükəyə mənbəyinə çevirir. Biz feministlər olaraq bu hegemonluğa son qoymaq üçün öz etirazımızı bildirməyə və müqavimət göstərməyə çalışdıq. Militarizm və etnomillətçiliyə ümumi ictimai dəstəyin fonunda, fikrimiz fərq yaratsa da, bunun okeanda bir damla olduğunu qəbul etməliyik.


Biz sülh səsləri olaraq hədəfə alındıq, marginallaşdırıldıq və yenidən təhdid olunduq, lakin biz sülh içində #Yaşamaqİstəyirik!


Müharibələr və fəlakətlər təkcə Qafqaza xas deyil. Rusiyanın Ukraynaya dağıdıcı hücumu son bir ildə davam etməkdədir. Bu hücum militarizm, millətçilik və mübarizə ilə bağlı bütün dəyərlərimizi və təsəvvürlərimizi sarsıtdı və şübhə altına aldı. Biz qonşuluqda neo-imperialist iştahın artması fonunda kiçik dövlətlər üçün anti-militarizmin və anti-millətçiliyin sərhədlərini sorğulamağa başladıq. Ukraynalı feministlər ekzistensial böhrana qarşı səfərbər olub, feminist pasifizm ideyasını şübhə altına alaraq özünümüdafiə üçün silahlanma tələb edərkən, Rusiyadakı feministlər də Rusiyada ən yaxşı təşkil edilmiş müharibə əleyhinə hərəkatlardan birinə çevrilən kollektiv müqavimət nümayiş etdirdilər.


Biz ukraynalı və rus bacılarımızın mübarizəsinə qoşulur və sülh içində #Yaşamaqİstəyirik!


Bölgəmizi sarsıdan başqa bir fəlakət də bu yaxınlarda Türkiyədə və Suriyada baş vermiş zəlzələ oldu. Nəticədə milyonlarla insan zərər çəkmiş, yüz minlərlə insan ölmüş və yaralanmışdır. Qadınlar və kuirlər lazımi səhiyyə xidmətlərinə, menstrual gigiyena vasitələrinə çıxışdan məhrum qalaraq, gender əsaslı zorakılığın ilk hədəfinə çevrilərək və hökumətin fəlakətin nəticələrinə vaxtında reaksiya verə bilməməsinin əsas qurbanı olaraq ən çox zərər çəkmişlərdən oldular.


Bu gün Türkiyədə və Suriyada olan bacılarımıza həmrəylik nümayiş etdiririk və onlarla birlikdə sülh içində #Yaşamaqİstəyirik!


Nəhayət, İranda qadınların onilliklər ərzində rejimin gender təzyiqinə cavab olaraq küçələri zəbt etməsi ilə başlayan feminist inqilabdan ilhamlandıq. Etirazlar Jina /Mahsanın dövlət tərəfindən törədilmiş femisid ilə öldürülməsi ilə başladı və müqavimət kimi “həyata” yeni bir məna verdi. Məcburi hicab sinfi hökmranlıqdan və kapitalist patriarxiyasından kənarda görünmədiyindən feminist mübarizənin sinfi mübarizələrlə çarpazlığı yenidən görmüş olduq. Yalnız bundan sonra 44 illik rejimin “sonunun başlanğıcı” başladı və etirazlar kütləvi və radikal xarakter aldı. Etirazlar başlayandan bəri yüzlərlə və minlərlə qadının bədəni rejimin yeni döyüş meydanına çevrilib, çünki təməl olaraq öz haqları üçün ayağa qalxan hər kəsi maksimum cəzalandırır və əzir. Rejimin iqtidarını saxlamağa çalışdıqca zülm və qəddarlığı genişlənsə də, İranda qadınların həyat mübarizəsi davam edir.


Jin , Jian, Azadi (“qadınlar, həyat, azadlıq ”) tələbi ilə feminist müqavimətinə qoşulur və təkrar edirik sülh içində #Yaşamaqİstəyirik !



Qeyb olan demokratiya


Neoliberalizm və mühafizəkarlıq arasında ittifaq yarandıqca biz demokratiyaların necə uğursuzluğa düçar olduğunu və ictimai narazılıqları və ehtiyacları həll etmək üçün müəyyən islahatları yenidən təşkil etməyə çalışan vətəndaş cəmiyyətinin necə parçalandığını görürük. Sistemlərin demokratiya imitasiyası pisləşdikcə, ört-basdır etdikləri avtokratik obrazlar onları əvəz edir. Bu tendensiya həm də qeyri-hökumət, müstəqil və ya demokratik adlanan, amma eyni dərəcədə problemli olan vətəndaş cəmiyyətinin təşviqi sistemlərindən də yan keçmir.


Bazar fikirlərini yenidən yaratmağa çalışan və kapitalist düşüncəni azadlıq kimi sırımağa çalışan QHT-ləşmə prosesinin sonuna gəldiyimiz bir vaxt, QHT-lərin maliyyələşdirmə kanallarının həm də dövlətin sosial xidmətlərə olan xərclərini azaltmağın bir yolu olduğunu nəticəsinə gəlirik. QHT-lərin və vətəndaş cəmiyyətinin “transmilli idarəçiliyin neoliberal tərəfi” olaraq təşkil olunaraq bəzi fərdi muxtariyyətlərin əldə olunması üçün vətəndaş iştirakçılığının və ya enerjinin peşəkarlaşdırılması və institusionallaşdırılmasını müəyyən etmişdir. Başqa sözlə, vətəndaş cəmiyyətinin təşviqi sadə insanların təşkilatlanması deyil, peşəkarların yayılmasını sürətləndirən və bu, artıq kapitalistlər, dövlət və onların himayədarları tərəfindən idarə olunan nəzarət və asılılıq strukturlarının qurulması deməkdir.


Bununla belə, postsovet kontekstində vətəndaş cəmiyyətinin təşviqi zamanı hakim sistemin hegemonluğundan kənarda yaranan vətəndaş iştirakçılığı sistemi istehzalı şəkildə narahat edir və mövcudluğu üçün təhlükə kimi görməyə başlayır. Vətəndaş cəmiyyətinin “xarici agentlər” kimi təhlükəsizləşdirilməsi, onların fəaliyyətinin məhdudlaşdırılması və kriminallaşdırılması, təbii ki, ictimai narazılıqlar və qəzəblər artdıqda dövlətin gündəminə gəlir. Bu yaxınlarda biz Gürcüstanda “xarici agentlərin qeydiyyatı haqqında” yeni qanun layihəsinin qəbulu ilə bu tendensiyanı yenidən müşahidə etdik. Amma həm də təəccüblü deyil ki, dünən axşam Tbilisidə hökumət bu qərarı ilə bağlı güclü müqavimətlə üzləşdi. Gürcüstanda vətəndaş cəmiyyəti məkanı uzun müddətdir ki, ermənilər və Azərbaycanlılar üçün sülhməramlı fəaliyyətlərin təşkilində və 2014-cü ildə analoji qanunla repressiyaya məruz qalan Azərbaycan vətəndaş cəmiyyətinin bir hissəsi üçün maliyyə vəsaitlərini əldə etmək üçün xüsusi əhəmiyyət kəsb edirdi. Buna görə də dünən gecə Gürcüstanda vətəndaş cəmiyyəti nəinki özünü tamamilə idarə olunmaqdan və məhv olmaqdan xilas etdi, həm də regional vətəndaş fəallığı üçün imkanlara yer saxladı.


Gürcüstanda vətəndaş cəmiyyəti və feministlər öz varlıqları uğrunda mübarizəyə səfərbər olunublar. Biz onların yanındayıq və təkrar edirik #Yaşamaqİstəyirik!


Azərbaycanda vətəndaş cəmiyyətinin təhlükəsizləşdiriməsi, xaricdən maliyyələşməni tənzimləyən və qadağan edən qanunun qəbul edilməsi, bir çox QHT-lərin ofis və bank hesablarının bağlanması, bir çox fəalın həbs edilməsi ilə yanaşı, hökumət ərəb üsyanlarından avtoritar dərslər aldıqdan sonra baş verdi. Paradoksal olaraq bu o demək idi ki, bir vaxtlar cəmiyyətin şikayət və ehtiyaclarına cavab verən, bununla da onları sakitləşdirən və siyasətdən çıxaran vətəndaş cəmiyyəti institutları ilə doldurulan boşluq daha da dərinləşdi və radikal müqaviməti stimullaşdırdı.


QHT-lərin azalması və vətəndaş cəmiyyəti üzərində dövlət nəzarətinin artması ilə alternativ hərəkatlar meydana çıxdı. Feminist hərəkat, yəqin ki, vətəndaş cəmiyyəti səfərbərliyinin radikal davamçılarından biridir ki, bu da “repressiyanın” yeni müqavimət yollarını təşfiq etməsinə bir nümunədir. Fem-Utopia, Femkulis , Feminist Peace Collective, QueerRadar, Queardian, Nefes LGBT, eyni zamanda təşkilatlanmasa belə mövcud solçu qruplar və başqa fərdi və kollektivlərin yaranması bunun göstəricisidir. Bu qadağa digər amillərlə yanaşı, qeyri-liberal, daha az iyerarxik və daha radikal ictimai hərəkatların, ideoloji cəhətdən birləşmiş gənclərin yaranmasına təkan verdi . Bu hərəkatlar zəif və mütəşəkkil olmalarına baxmayaraq, eyni zamanda həm varlıqlarını, həm də azadlıq və demokratiya uğrunda mübarizələrini davam etdirirlər.


Biz bu mübarizənin içindəyik və #Yaşamaqİstəyirik!



Genderləşmiş İstismar və Talan


Qadınların və femininləşdirilmiş bədənlərin muzdlu və prekariat əməyində görünən cinsi istismarını aradan qaldıraraq bərabərliyə nail olmaq üçün sadəcə olaraq fərqlərin tanınmasını istəmək kifayət deyil. Gender əsaslı maaş fərqinin azaldılması iş yerində bərabərsizliyə son qoymağın ən məşhur üsulu olaraq irəli sürülür, lakin biz kişilər kimi eyni dərəcədə istismar olunmaq üçün maaş fərqini azaltmaq istəmirik. Çox vaxt bəzi qadınların fərdi qələbələrinin qeyd edilməsi fonunda istismar və tabeçilik sistemləri qalmaqda davam edir.


Digər tərəfdən, ictimai reproduksiya işi, mahiyyət etibarı ilə qadınların yerli və ictimai şəkildə gördükləri ödənişsiz feminin işi olaraq qalır. Bir çox qadınlar üçün bu, həm də aşağı ödənişli və təhlükəli istehsal işlərinin bir hissəsi olmağa məcbur olunduqdan sonra ikiqat yük deməkdir. Xüsusən də 2020-ci il Qarabağ müharibəsindən sonra, ənənəvi olaraq ailə başçısı olan kişilər, müharibədə iştirak etdikdən sonra artıq ailənin təminatçısı ola bilmədiklərindən qadınların istehsalat işçi qüvvəsinə sövq edilməsi meyllərini müşahidə edirik.


Kredit verib sonradan insanların əməyini istismar etmək və əmlaklarını talamaqla bir çox ailələri borclu qoyan yırtıcı və neo-ekstraktiv maliyyə sistemləri qadınların prekariatlığını kəskin şəkildə artırdığın görürük. Borc və iqtisadi avtonomiya arasında əlaqənin gücləndirilməsi təkcə qadınları və qadınlaşmış bədənləri əhatə və tabe etmir, həm də onları zorakı mühitlərdən qaçmaq şansını məhdudlaşdırır və gündəlik sülhü qeyri-mümkün edir.

Biz Azərbaycanda bu maliyyə talanı və gündəlik şəxsi və dövlət istismarı nəticəsində dalana dirənmiş milyonlarla qadının yanındayıq və sülh içində #Yaşamaqİstəyirik!



Bədən, ərazi və cinsiyyətdən kənarda


Son həftələr Azərbaycan vətəndaş cəmiyyəti Azərbaycan hökumətinin təşkil etdiyi qisasçılıq siyasətinin tərkib hissəsi olan şəxsi həyata hücumlarla terrora məruz qalır. Siyasi məhbus Bəxtiyar Hacıyevin bir sıra qadınlarla şəxsi söhbətlərinin yayılması bu patriarxal distopiya daxilində həmin qadınların həyatlarını təhlükə altına qoyub. Bu söhbətlərin ələ keçirilməsi hökumət tərəfindən kibercinayətkarlıqla törədilib və bu üsuldan tənqidi səsləri susdurmaq üçün istifadə edilir. Azərbaycanda dövlətin istər onlayn, istərsə də oflayn rejimdə nəzarət mexanizmi birbaşa qadın bədənləri və seksuallığını hədəf alıb. Şəxsi həyatda, kişilər ailə daxilində və xaricində qadınlara nəzarət edərkən, ictimai həyatda dövlət kişi qəyyumluğu vəzifəsini yerinə yetirir.


Lakin aşkarlanan materiallar bir daha sübut etdi ki, müxalifət və klassik vətəndaş cəmiyyəti mövcud rejimə heç bir keyfiyyətli alternativ təklif edə bilməz. Onlar qadın və qadın bədənlərinin güc və rəqabət ərazisinə çevrildiyi patriarxal düşüncə tərzini bölüşürlər. Olanlar, həmçinin sübut etdi ki, qadınlar, femininləşdirilmiş və kuir bədənlər gender iyerarxiyalarını diktə edən hegemon maskulinlik tərəfindən alətləşdiriləcək. Bu da öz növbəsində emansipasiyanı ləngidir və bizim qadınlar və kuirlər olaraq öz azadlığımızı təmin etmək üçün tam müstəqil olmağımıza mane olur.


Bu hadisələrin namus cinayətləri və ya gender əsaslı zorakılığa əsaslanan davamlı və artan qadın qətlləri fonunda baş verməsi də təsadüfi deyil. Təkcə 2021-ci ildə Azərbaycanda 726 qadının əsasən intim partnyorları tərəfindən qətlə yetirildiyi və buna baxmayaraq bədənlərimizin hələ də evdə, iş yerində, küçədə və ya sosial mediada gündəlik təhlükələrlə üzləşməyə meylli olması faktı ilə ağrılı şəkildə qarşılaşırıq.


Bu ağır günlərdə qurban olan bacılarımızın yanındayıq və yenidən səsimizi qaldırırıq #Yaşamaqİstəyirik!



Öz ədalət mexanizmimizi yaratmağın vaxtıdır


Zorakılıq, etibarsızlıq və maliyyə sistemlərini birləşdirən bütün bu məsələlər iki əsas sualı ortaya qoyur: 1) Zorakılığa cavab vermək üçün feminist özünümüdafiə formalaşdırmaq bizim üçün nə deməkdir? 2) Bir-birinə zidd olan iki xüsusiyyəti - kütləvilik və radikallığı - necə bir araya gətirə bilərik?


Azərbaycanda feminizmin və ümumi vətəndaş cəmiyyətinin dövlət tərəfindən mənimsənildiyi bir vaxtda vətəndaş enerjimizi səfərbər etməklə ideoloji mövqeyimizi müəyyən etmək imkanları heç vaxt bu qədər vacib olmamışdır. Buna görə də, indi bizim feministlər olaraq tərəf tutmaq və artan zorakılığa cavab vermək üçün taktika və trayektoriyalarımızı müəyyən etmək vaxtıdır. Dövlətin ədliyyə sisteminin tələblərimizi yerinə yetirməməyə davam edəcəyini qəbul edərək, görünür ki, biz öz ədalət mexanizmimizi istehsal etməliyik. Feminist pasifizmdən və ya qeyri-zorakı təşkilatlanma yollarından kənara çıxmaq və özünümüdafiə təcrübəmiz bizim mübarizəmiz üçün məntiqi nəticəyə çevrilir. Qonşu bölgələrimizə və icmalarımıza nəzər salsaq, özümüzü yenidən təşkil etməyin transmilli aspekti bu artan zorakılığa kollektiv şəkildə cavab vermək potensialına malikdir.


Radikal mövqeyimiz avtomatik olaraq təcrid deməkdir, lakin biz radikallıq və kütləvilik arasında qarşılıqlı əlaqəni təklif etmək istəyirik, çünki feminizm digər anti-sistem mübarizələri ilə çarpaz əlaqə qura bilər. Ən əsası, işləməkdən və istismar edilməkdən imtina forması kimi tətillərin geri qaytarılması daha geniş tanınmanı təmin edəcəkdir. Yerli feminist müqavimətimiz, rejim dəyişikliyinə gətirən mükəmməl və ən uyğun anın əldə olunmasını gözləməməli, əksinə, tətillərlə və qayğı böhranına cavab verməklə siyasi mövqe yaratmalıdır. Bu halda o, nəinki islahat və inqilab dixotomiyasını dağıdacaq, həm də neoliberalizm və mühafizəkarlıq tandemindən qidalanan patriarxal avtokratik rejimi birbaşa olaraq sabitsizləşdirəcək .


Zorakılığa qarşı birləşmək, zülm sistemlərini dağıtmaq və mübarizə aparmaq üçün #Yaşamaqİstəyirik!





207 views
bottom of page