top of page
  • Feminist Peace Collective

Total müharibə, blokada və hökmranlığa qarşı Qarabağla/Artsaxla həmrəy olmalıyıq



Qarabağda/Artsaxda nə baş verir?


12 dekabr 2022 tarixindən etibarən Əliyev rejimi tərəfindən göndərilən bir qrup “eko-aktivistlər” Laçın/Berdzor dəhlizi boyunca hərəkətin qarşısını alaraq Qarabağdakı/Artsaxdakı erməniləri blokadaya almışdılar. Bunun davamında yol üzərində nəzarət məntəqəsini yerləşdirən Azərbaycan 23 apreldən bəri Qarabağa/Artsaxa giriş-çıxışı tam nəzarətdə saxlayıb,son həftələrdə bunu tamamilə məhdudlaşdırmışdır. Nəticədə isə Qarabağda/Artsaxda ciddi maddi qıtlıq, qaz və elektrik çatışmazlığı, aclıq, tibbi və s. xidmətlərə çıxışın olmaması humanitar fəlakətə gətirib çıxarmışdır. Əvvəl məhdud şəkildə dərman vasitələri, ərzaq və xəstələri müalicə üçün Ermənistana daşıyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin də fəaliyyəti dayandırılmışdır.


Blokadanın ilk günlərindən Azərbaycan dövləti bu hadisə ətrafında geniş propaqanda apararaq daxili və beynəlxalq ictimaiyyəti blokadanın mövcud olmadığına,insanların və yüklərin dəhlizdən Rusiya sülhməramlılarının müşayiəti altında keçdiyinə inandırmağa çalışırdı. Buna baxmayaraq, müstəqil informasiya vasitələri, sosial mediadan istifadə, habelə Qarabağdan/Artsaxdan olan sadə insanlarla ünsiyyət vasitəsilə blokadanın olmaması barədə məlumatların yalnış və yöndən yayındırıcı olduğunu elə əvvəldən anlamaq olurdu. Bu gün isə hər şey göz qabağındadır: uşaqlar gündə cəmi bir dəfə yemək yeyə bilir, hamilə qadınların və yaşlıların, xəstəliyi olan insanların sağlamlığı ciddi təhlükə altındadır.


Blokadanın bu gün gördüyümüz nəticəsi hərbi və mülki əhali arasındakı fərqin get-gedə necə itdiyini,Qarabağın/Artsaxın erməni əhalisinin hər birinin açıq şəkildə total müharibə hədəfi olduğunu bir daha göstərməkdədir. Total müharibənin məqsədi total qələbədir, yəni yarımçıq qalmış 2020-ci il qələbəsini sonunadək öz istədiyi şərtlər və formada olan məcburi dırnaqarası sülhə deformasiya edərək kapitalist maraqları özündə ehtiva edən mütləq qələbəyə nail olmaqdır. Bunu həyata keçirmək üçün isə blokada milli dövlətlər tərəfindən tətbiq edilən ən geniş yayılmış ənənəvi metoddur.


Bəs Azərbaycan nə üçün total qələbəni əldə etmək istəyir? Azərbaycanlıların daha da çox razılığını qazanmaq üçünmü, ya bəlkə erməniləri inteqrasiya etmək üçün? Biz düşünürük ki, Azərbaycan dövlətinin hərəkərlərində nə ermənilər, nə də azərbaycanlılara xitab edən hansısa məqsəd var. Azərbaycan xalqının yaşadığı kollektiv iztirablar Azərbaycan dövləti tərəfindən istismar və alət edilir. Erməni icmasını isə azərbaycanlılarla birgə yaşayışdan uzaqlaşdırmaq üçün blokada kimi yırtıcı taktikalar tətbiq olunur. Biz Azərbaycan dövlətinin etdiyi hərəkətləri öz hökmranlığını həmin ərazidə və geniş mənada bölgədə bərqərar etməsi ilə izah etməyə çalışacayıq. İstər Qarabağın/Artsaxın blokadası,Söyüdlü camaatına qarşı edilən zorakılıq və kəndin yenidən blokadaya alınması, istərsə də siyasi fəal əhaliyə qarşı edilən mütəşəkkil dövlət terroru, bunların hamısının bir-birilə əlaqəli olmasını anlamaq və əsl düşmənin gücsüz erməni icması deyil, hökmran və hegemon Azərbaycan dövlətinin olmasını qəbul etmək azadlıq uğrunda mübarizə üçün ən vacib mərhələdən biridir. Təsadüfü deyil ki, həm Qarabağın/Artsaxın həm də Söyüdlünün blokadası eyni Anglo-Asian Mining şirkətinin ekstraktivist ambisiyaları ilə dövlət terorrunun kəsişməsində meydana çıxdı. Bu paralellik özü Azərbaycan və Erməni xalqının kollektiv iztirablarını birləşdirən məqamlardan biridir, ancaq onunla məhdudlaşmır.


Son günlərdə baş verən hadisələrin ardıcıllığı qarşıya qoyulmuş ambisiyaları aşkara çıxarır. Qarabağı/Artsaxı 3-cü dövlətin ərazisində yox, məhz Bakıda və ən son Yevlaxda Azərbaycanla birbaşa danışıqlara gəlməyə məcbur edən, bununla da Qarabağın/Artsaxın Azərbaycana tabeçiliyi təmin etmək, paralel şəkildə bölgənin demilitarizasiyalaşdırılması və 2025-ci ilədək Qarabağda/Artsaxda mandatı olan Rusiya sülhməramlılarının çıxarılması ilə total nəzarəti ələ keçirməkdir. Rusiyanın Qarabağda yerləşdirdiyi ordunun sülhə yox, imperial maraqlara xidmət etdiyi aydın olsa da, Qarabağdakı əhalinin təhlükəsizliyi məsələsi ilə legitimliyini aktuallaşdırır.


Artıq total nəzarəti həyata keçirən hərbi ilə polis funksiyaları arasındakı fərq bulanıq görünür. Belə ki, son həftədə girov götürülmüş iki Qarabağ/Artsax vətəndaşı Birinci Qarabağ müharibəsi zamanı cinayətlər işləməkdə günahlandırılır. 68 yaşlı vətəndaş Vaqif Xaçatryan iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə müalicə üçün Yerevana gedərkən Laçın/Berdzor dəhlizindəki Azərbaycan sərhəd-keçid məntəqəsindən oğurlanıb. 61 yaşlı Rəşid Beqlaryan isə avqustun 1-də sərxoş halda təsadüfən Azərbaycanın nəzarətində olan əraziyə keçib və Azərbaycan sərhədçiləri tərəfindən həbs edilib. Bu nəzarətin təbii ki 2 nəfərlə kifayətlənməyəcəyi mesajını verən Azərbaycan Qarabağ/Artsax üzərində suveren güc qazanmaq üçün onları keçid ədalətini bərqərar etmək adına cəzalandırmaqla hədələyir. Dövlət zorakılığının bir forması olan müharibədən digər forması olan polis əməliyyatına çevrilən bu nəzarət forması Qarabağdakı/Artsaxdakı əhaliyə 2 seçim verir: ya Qarabağı/Artsaxı tərk etməlisiz, ya da yumşaq etnik təmizləmə ilə üz-üzə qalacaqsınız.



Hökmranlıq nədir və Azərbaycan dövlətinə niyə lazımdır?


Hökmranlıq mütləq deyil ki, özünü hakim olmaqla, tabe etməklə, məcburiyyətlə yaratsın. Əksinə, bu, liderlik və hökmranlığın, dominantlıq və tabeliyin,razılıq və məcburiyyətin qarışığıdır, baxmayaraq ki, razılığın azaldıldığı yerdə məcburiyyət daha çox çəki qazana bilir. Nəzərə alsaq ki, kapitalist münasibətlər əsaslı olaraq böhranlara meyllidir, hazırda yaşanan vəziyyət qaçınılmazdır. İqtisadi böhranların və sosial (sinfi) münaqişələrin uzunmüddətli perspektivdə tənzimlənməsi yalnız o zaman uğurlu ola bilər ki, dominant kapital fraksiyaları yaxud dövlətdə birləşən “güc bloku” xüsusi hökmranlıq üsulunu yaratsınlar.


Hegemonluq hökmranlığın xüsusi bir idarə forması kimi başa düşülə bilər. Burada aparıcı sinif fraksiyalarının dominantlığı ilk növbədə məcburiyyət və zorakılığa deyil, idarə olunan qrupların ən azı bir hissəsinin mövcud nizama dair aktiv razılığına əsaslanır. Bu razılıq da öz növbəsində müxtəlif dəyər sisteminə söykənən ideologiyalar vasitəsilə həyata keçirilir. Sabit dövlət nizamı üçün dövlətin gücdən istifadə monopoliyasının əhali tərəfindən legitim olaraq tanınması vacibdir. Bu cür legitimliyə yalnız uzunmüddətli perspektivdə siyasi kompromislər yolu ilə nail olmaq olar ki, bu da son nəticədə hakim sinif fraksiyalarının mənafeyinə uyğun gəlməklə yanaşı, hökmranlıq edilən qruplara real maddi yaxud simvolik güzəştlər deməkdir. Ən əsası isə odur ki, bu güzəştlər kapitalist sisteminin əsaslarına təsir etməsin, onu sual altına almasın, yəni istehsal vasitələri və hakimiyyət hələ də kapitalist sinfinin əlində qalsın. Razılıq və kütləvi sədaqət yalnız tabe qrupların maddi və simvolik cəhətdən təmin edilmiş inteqrasiyası ilə inkişaf edə bilər və hakim nizam və onun dövlətdə təmsil olunmasının legitim nizam kimi qəbul edilib-tanınması ilə nəticələnə bilər.


Belə ki, sərhədlərin çəkilməsi "bir qandan" olan və müəyyən miflərə inanan insanların bir ərazidə birləşdirilməsi ilə yanaşı, əsasən, iqtisadi funksiyaya malikdir. Başqa sözlə desək, ölkə sərhədləri fenomeni və ya milli dövlətlərin ərazi sərhədlərinin müəyyən edilməsi kapitalizmin məhsulu kimi başa düşülməlidir. Kapitalın akkumulasiyası, yəni investisiyalar və mənfəətlər vasitəsilə kapitalın yığımı kapitalist sistemin mərkəzi xüsusiyyətlərindəndir. Bu yığımın mümkün olması üçün kapitalistlərin bazarlara, resurslara və işçi qüvvəsinə çıxışı olmalıdır. Ölkələr arasında sərhədlər isə bu resurslara girişi nəzarətdə saxlamaq, idarə və inhisar etmək üçün istifadə olunur. Sərhədlər üzərində legitim hökümranlıq idarə edilənlərin razılığına da əsaslanmalıdır.Nəticədə, hegemon sinif öz sosial layihəsi üçün idarə olunanların, eləcə də hakimiyyət uğrunda yarışan müxalifət kəsimlərinin razılığını almalıdır.


Bu razılığın ən aydın nümunəsi 2020-ci il müharibəsi zamanı Azərbaycandakı müxalifət-vətəndaş cəmiyyəti-iqtidar ittifaqı oldu. Lakin bu ittifaq özünü müharibə və onun təməlində dayanan milliyyətçiliklə məhdudlaşdırmadı və davam edən hegemon sülh danışıqları, eyni zamanda blokada kimi zorakı taktikalara dəstəyini əsirgəmədi. Nəticədə isə bu razılıq hakim sinfin kapitalist maraqlarını yeritməsi üçün şərait yaradır.


Burada ən önəmli məqam indiyə qədər davam edən və hər ikisi də „Anglo-Asian Mining“ şirkətinin iştirakı ilə əlaqəli olan Söyüdlü və Laçın/Berdzor blokadalarının eyni kontekstə nəzərdən keçirilməsidir. Daha əvvəldə də qeyd etdiyimiz kimi, hegemonluğun ayaqda saxlanılması naminə kapitalizmin sabitləşməsi və tənzimlənməsi üçün milli dövlət içərisində əhalinin razılığı çox önəmlidir. Çünki konfliktlərlə dolu qeyri-stabil mühit kapitalist maraqların həyata keçirilməsi üçün real təhlükə yaradır. Buna Söyüdlü ayaqlanması və indiyə qədər davam edən Söyüdlü blokadası bariz nümunədir. Orada Anglo-Asian Mining şirkəti əhalinin qeyri-stabilliyini istehsala real təhlükə kimi gördüyündən dövlət repressiv aparatını maraq münaqişəsi, yəni razılığın olmaması anında işə saldı. Eyni zamanda Azərbaycan dövlətinin Anglo-Asian Mining ilə 2022-ci ildə daha üç yeni ərazisi ilə bağlı müqavilə bağlaması Qarabağdakı/Artsaxdakı Qızılbulaq, Dəmirli qızıl yataqlarının bir an öncə istifadəsinin vacibliyini artırdı və "Laçın blokadası" kimi siyasi gedişi gerçəkləşdirməyə vadar etdi. Adıçəkilən yataqlar hal-hazırda istifadə edilmir və onların istifadə imkanı Qarabağın/Artsaxın yekun statusunun həllindən asılı olacağını bildirilir. Odur ki, Azərbaycan bu kapitalist maraqlar naminə hər vəchlə “sülh müqaviləsi” bağlamağa cəhdlər edir.


Bu kontekstdə Qarabağ/Artsax erməniləri Azərbaycan dövlətinin hegemonluğunun əsaslanacağı razılıq anlayışından kənardırlar. Bunun əksinə olaraq nəsildən-nəsilə ötürülən müharibə travması səbəbindən Qarabağ/Artsax mövzusu ilə bağlı azərbaycanlıların razılıq və kütləvi sədaqətliliyi Əliyev rejiminə məlumdur. Bu səbəbdən Laçın blokadasını legitimləşdirmək üçün azərbaycanlı əhalinin razılığı birmənalı idi. Rejim Laçın blokadası vasitəsilə “ya Azərbaycan vətəndaşlığını qəbul et, ya da qapı açıqdır” ritorikasından istifadə edərək Qarabağda/Artsaxda yaşayan 120.000-dən çox erməniləri acınacaqlı vəziyyətə salaraq səfalət içərisində yaşamağa məcbur edir.


Əliyev rejimi bir tərəfdən Söyüdlüdə „Anglo-Asian Mining“ şirkəti tərəfindən qızıl çıxarılmasının ekoloji çirklənməyə və tullantıların təbiətə, əhalinin səhhətinə ciddi zərər vurmasından şikayətlənib etiraz edən kəndliləri blokadaya alıb onların etirazını qəddarca yatırmağa cəhd etdir, digər tərəfdən isə Laçın koridoru blokadasındakı"eko-aktivistlər"in eyni ekoloji problemləri səsləndirmələrini milli kimlik fonunda ermənilərə qarşı istifadə edərək bu mövzunu öz maraqları naminə siyasi alətə çevirir. Laçındakı həmin "eko aktivistlər"in indiyə qədər Söyüdlü ayaqlanması ilə bağlı öz susqunluğunu qoruyub saxlaması isə onların əsl mahiyyətlərini ortaya qoyur.


Belə nəticəyə gələ bilərik ki, hakim sinif milli kimlik anlayışını öz hegemonluğuna alət edərək ekoloji problemi bəhanə etməklə bu məsələyə ikili standartla yanaşması öz kapitalist marağından doğur: Söyüdlüdəki əhali qızıl çıxarılma prosesini öz etirazları ilə ləngitdiyi halda, Qarabağdakı/Artsaxdakı statusun naməlum qalması Əliyevlər rejiminin qızıl yataqlarından istifadəsinə imkan vermir. Nəticə etibarilə demək olar ki, hakim sinif üçün nə erməni, nə də azərbaycanlı əhalinin rifahı maraqlıdır. Burada milli kimlik siyasəti kapitalist maraq naminə istifadə edilərək, alət olunur.


Müharibə ətrafında patriarxal, militarist-millətçi ideologiyalardan bəhrələnən dil ilə yaradılmış mütləq razılıq hakim sinfin öz sonu görünməyən ləlöyün istismara əsaslanan maraqlarını daim fırlanan bir çarxa çevirir ki, bu da yalnız yoxsul insanların miskin fəlakətləri üzərində qurulub. Bu çarxı isə məhv etməyin əsl vaxtıdır.



Həmrəylik vaxtıdır!


Biz bilirik ki, sülh anlayışı dövlətlərin imzalayacağı hansısa müqavilələrlə bərqəraq olmur. Yuxarıdan aşağı diqtə edilən sülh sadəcə və sadəcə acgöz kapitalist maraqların və neoliberal münasibətlərin stabilləşməsinə, bu maraqların həyata keçirilməsi üçün kimlik siyasətlərini alətləşdirərək parçalamağa, qarşı-qarşıya qoymağa xidmət edir. Kapitalın çox kiçik bir qrupun əlində cəmləşdiyi müddətcə millətçilik və nifrət Əliyev siyasətinə və müharibəsinə haqq qazandırmaq üçün istifadə olunacaq. Biz indi diqqətimizi sinfi cəmiyyətin formalaşdırdığı iyerarxik dəyərlərə, avtoritar qurumlara, patriarxal-kapitalist dəyərlərə söykənən cəmiyyətlərə - bütün vəhşiliklərə qarşı sinfi mübarizəyə yönəltməliyik. Sülhü özündə ehtiva edən emansipativ transformasiya aşağıdan yerli təşkilatlanma ilə, azərbaycanlı və ermənilərin uzun, çoxmərhələli proses ərzində feminist düşüncəyə əsaslanan sinfi hərməylik zəminində birgəyaşayışı mümkün qılan təcrübələrin mübadiləsilə, bölən yox, birləşdirən amalımız ilə baş tutacaq. Sosial inqilab bu vəhşi vəziyyət və güc münasibətlərinə cavabımızdır.


Biz Laçın/Berdzor dəhlizinin dərhal açılmasını, Qarabağ/Artsax ermənilərinə lazımı qida məhsullarının çatdırılmasını, səkkiz aydan bəridir izoliyasiyaya məruz qalan ailələrin birləşməsini, tibbi yardıma ehtiyacı olan ermənilərin dərhal bütün strukturlardan istifadəsinə şərait yaradılmasını tələb edirik!


771 views
bottom of page