top of page
Feminist Peace Collective

İftiraların ifşası

Feminist Sülh Kollektivi, müharibə əleyhinə və feminist mövqelərə qarşı Azərbaycan dövlətinin 8 mifinin ifşası


Avqustun 10-unda “Total müharibə, blokada və hegemonluğa qarşı Qarabağ/Artsaxla həmrəyliyə” çağırış bəyanatı yaydıqdan sonra kollektivimiz Azərbaycan dövlətinin havadarlıq etdiyi media və sosial media trollarının çoxsaylı hücumları ilə üzləşdi.


Görünür ki bəyanatımızın yayımlanmasından bir neçə gün sonra hökumət öz mediasının ipini buraxdı. Mənalı məzmun müzakirəsi ilə məşğul olmaq əvəzinə, millətçi hissləri alovlandırmaq üçün adi taktikalardan istifadə edərək “Gah “feminist”, gah “anti-militarist” adı ilə Ermənistana işləyən xain şəbəkə “ (publika.az); “Azərbaycanlı “feministlərdən” növbəti təxribat: Azərbaycan əleyhinə bəyanatın feminizmlə nəəlaqəsi?” (musavat.com); "Feminist Sülh Kollektivi" platformasının sirləri (modern.az) ; “Feminist Sülh Kollektivi: Azərbaycanda erməniləri müdafiə edən yeni “müxalifət” qurulur” (publika.az); “Feministlər ermənilərin havadarları rolunda” (yeniazerbaycan.com) və s . kimi başlıqlarla tullantı fırtınasına təkan verdilər.


Bu hücumlar bəyanatın məzmununu deyil, həm bütövlükdə kollektivimizin, həm də konkret üzvləri hədəf alıb, bizi “satqın”, “ekstremist”, Soros, Qərb fondları və ya Ermənistan tərəfindən dəstəklən kimi qələmə verirdi. Trollar istifadə etdikləri dildə bizi fahişələr adlandırıb alçatmağa çalışmaqla, ictimai və siyasi olmağa cəsarət edən hər hansı qadını susduran kişi siyasi nizamının tanış taktikasını açıq şəkildə göstərdilər. Hətta daha sonra Nəqliyyat və Rabitə Nazirliyinin Kibertəhlükəsizlik Xidmətindən konkret məqalələri silməyəcəyimiz təqdirdə saytımızın Azərbaycanda bloklanacağı ilə bağlı xəbərdarlıq aldıq. Biz təbii ki, məqalələri silmədik. Odur ki hazırda bəzi insanlar hələ də sayta daxil ola bilsə də, Azərbaycanda bir çox oxucu saytı aça bilmir və sayt bloklanıb.


Uzun illərdir qurduqları millitar sistemə meydan oxuyarkən qəzəblə qarşılaşmaq təəccüblü deyil. Bu sistemə dərin sərmayə qoyan və ya ondan faydalananlar çox güman ki, qəzəblənəcəklər, çünki müharibəni şübhə altına almaq onların son bir neçə onillikdə səylə qurduqları hökmranlığın təməlini təhdid edir. Müharibə reallıqları, təbliğat, yalan və miflərlə yüklənmiş əhalinin əksəriyyətilə bəyanatlarımızın rezonans doğurmayacağını bilsək də, öz etirazımızı bildirməkdə qətiyyətliyik. Bu müqavimət ilk və tək bir hadisə deyil və davam edəcək. Bəyanatımız dərc olunandan bir neçə gün sonra bizimlə yanaşı, digər fəallar da müharibə əleyhinə tədbir təşkil etdiklərinə görə satqın kimi damğalandılar . Dağlıq Qarabağ münaqişəsinin son üç onilliyi ərzində Azərbaycan və Ermənistanda sülh tərəfdarları dövlət və/yaxud millətçi qruplar tərəfindən ardıcıl olaraq satqın kimi etiketləniblər. Bununla belə, antimilitarizm və anti-müharibə əhval-ruhiyyəsində kök salan radikal sülh toxumları cücərməyə davam edir, möhkəmdir.


Müharibə əleyhinə səsləri hədəfə almaq və təcrid etmək kimi dövlətin tanış strategiyası bu dəfə yeni forma alıb. Kollektivimizin feminizm və müharibə əleyhinə olan iki qeyri-populyar ideologiyanı təmsil etməsi dövlətin belə bir paranoya dövründə öz populyar anti-feminist və müharibə təbliğatını rahat şəkildə yaymasını asanlaşdırır. Rejimin bu vəsvəsəli dövründə ictimai nizama nəzarəti itirmək qorxusu siyasi fəal qrupları sıxışdırmaq, onları susdurmaq və fikirlərini ictimaiyyətdən uzaqlaşdırmaq üçün zorakılığa əl atmaqdan keçir. Azərbaycan dövlətinin indiki paranoid məntiqinə aydınlıq gətirmək üçün feminist və müharibə əleyhinə mövqelərlə yanaşı, onların kollektivimizə cavab olaraq təbliğ etdikləri 8 mifi ifşa edirik.



Mif 1: Müharibə əleyhinə, feminist və LGBTI+/kuir səslər qərb institutlarının və qrant verənlərin məhsuludur.

Bu hücumların bəziləri bizim kollektivin ideallarının Qərb institutlarının və qrant verənlərin məhsulu olduğunu və ya Feminist Sülh Kollektivinin yeni müxalifəti təmsil etdiyini iddia edir. Əvvəla, biz məhz hər hansı resurslardan və gündəmlərdən asılılığın qarşısını almaq üçün institusional qrupların, partiyaların və ya QHT-lərin bir hissəsi olmaqdan şüurlu şəkildə imtina etmişik; bu cür maliyyələrin gətirə biləcəyi təsir və nəzarət mexanizmlərini yaxşı bilirik. Müharibə əleyhdarı, feminist və kuir müqavimətlərinin kökləri, xüsusən ölkədə QHT- ləşmə prosesinin tənəzzülündən sonra təbii şəkildə meydana çıxan qlobal bilik və müqavimət ötürülməsinə dayanır. Azərbaycanda QHT-lərə qarşı repressiya 2014-cü ildə başladı və siyasi fəallıqda müəyyən boşluqlar yaratdı. Nəticədə, əvvəllər QHT səviyyəsində fəallıqla məşğul olan məkan öz mövcudluğunu dayandırdı və bəzi radikal, daha az institutsional səslərin meydana çıxmasına səbəb oldu. Müharibə əleyhinə, feminist və kuir səslər, bu maliyyələşdirmə sxemləri sayəsində bir zamanlar daha ənənəvi və daha az radikal fikirlərlə dolu olan bu boşluğun məhsulu kimi böyüdü. Buna görə də, vəsaitlər dayandıqdan və ya minimum səviyyəyə çatdıqdan sonra daha yerli müqavimət hərəkatları artmağa başladı.


Azərbaycan siyasi elitası hakimiyyətin müəyyən etdiyi hegemon razılıqdan kənara çıxdığımız üçün “Feministlər Ermənistanın sifarişi ilə Qərb tərəfindən maliyyələşdirilir” iddiasını edərək bizim bəyanatımızı təkzib edir. Xarici təsir və rüşvət iddialarından istifadə edən bu taktika Azərbaycan rejiminin öz popular diskursunu yaratmaq üçün ardıcıl olaraq istifadə etdiyi yaxşı işlənmiş strategiyadır. Hamıya məlumdur ki, avtoritar Azərbaycan “demokratik” Avropa Parlamentində siyasətçiləri ələ keçirmək və müəyyən narrativlər və siyasətləri irəli sürmək üçün öz maliyyə təsirindən istifadə edir.


Bu paradiqmadan kənar hərəkətləri təsəvvür edə bilməmələri onları hər hansı fikir ayrılığının xarici direktivlərin nəticəsi olduğunu düşünməyə vadar edir, cavab olaraq bizi "sifarişli" kimi etiketləyir . Bundan əlavə, qeyd etmək lazımdır ki, Azərbaycandan neft və qaz alan, onu özlərinin “ən etibarlı müttəfiqi” hesab edən və indiki avtoritar rejimi dəstəkləyən eyni Qərb dövlətləri Azərbaycan siyasi elitasının diskursunda istehza ilə yanaşılırlar.


Reallıqda avtoritar Azərbaycan hökuməti öz legitimliyini demokratik Qərbin maliyyə dəstəyi ilə qoruyub saxlayır ki, bu da bizi tənqid edənlərin tez-tez gözdən qaçırdığı bir reallıqdır. Bu, bizim mövqeyimizə qarşı müsahibələr verən, dolayı yolla da olsa, Qərb tərəfindən qeyri-ixtiyari olaraq maliyyələşdirilən, feministlərə yönəlmiş iftiralar və günah keçisi silsiləsini davam etdirən şəxsləri əhatə edir. Üstəlik, bizi feminizm kimi yad ideyaları cəmiyyətimizə gətirməkdə, onun harmoniyasını pozmaqda ittiham edirlər.


Azərbaycan dövlətinə qarşı eyni arqumentləri tərsinə çeviririk. Onların ritorikası Qərbdən gələn bəsit sağçı və ənənəçi şüarları təkrarlayır: azlıqları və LGBTQİ-ləri günahlandırır, özlərini böyük bir millət kimi hallüsinasiya edir, apardıqları müharibəni antiterror əməliyyatı adlandırır və bütün bu etdiklərini anti-müstəmləkəçi diskurs kimi təsvir edirlər. Hər hansı hegemon dövlətlərə qarşı anti-müstəmləkəçi mübarizə Qərbdən gələn ortalama sağ populistlərin adi repertuarıdır . Son zamanlar təxəyyülləri çox da geniş olmayan perferik diktaturaların çoxu bu cür müstəmləkə əleyhinə narrativləri təkrarlamaqla məşğuldurlar. Azərbaycan dövləti bizi öz həyatımız, azadlığımız və ləyaqətimiz uğrunda haqlı mübarizəmizdə ittiham edərkən eyni Qərb ideyalarına arxalanır . Xatırlatmaq istəyirik ki, müstəmləkəçilikdən sonra “yerli ideyalar” demək olar ki, yoxdur, xüsusən də Avropanın belə yaxın periferiyasında olanlar həmişə Avropa ideyalarının təsiri altına düşmüş və özünü böyük Avropanın bir hissəsi kimi yerləşdirmişdir.


Mif 2: Qərb Azərbaycan vətəndaş cəmiyyətini rejimə qarşı inqilabi qüvvə yaratmaq üçün maliyyələşdirir.

Avtokratları , ənənəçiləri, sağçıları və bütün mühafizəkar qrupları bir kabus təqib edir- Soros və onun " rəngli inqilabları" kabusu. Düzdür, vətəndaş cəmiyyətinin qlobal miqyasda təşviqi Sorosun şəxsi liberal baxışına və öz ticarət maraqları üçün bu ölkələrdə azad bazar iqtisadiyyatını genişləndirməkdə kapitalist maraqlarına borcludur. Lakin Əliyev və onun Azərbaycandakı şəriklərinin ictimai sərvətlərə geniş sahib olaraq və kapital yığımlarını nəzərəti əla alaraq, bundan şikayət etmələri ironikdir. Azərbaycanın liberal dövlət quruculuğu və azad ticarət adı ilə aldığı vəsait son üç onillikdə vətəndaş cəmiyyətinin və QHT-lərin əldə etdiyi məhdud vəsaiti xeyli üstələyir.


Sovetlər dağıldıqdan sonra "tarixin sonu"na və Qərb liberal demokratiyasının davamlı universal tətbiqinə inam həm dövlət, həm də QHT sektorunda maliyyə və ideoloji kanallarla təbliğ olunurdu. Bu proses, qlobal sülh və demokratiyanın təşviqi adı altında Qlobal Şimal və Qlobal Cənub, o cümlədən postsovet məkanı arasında yeni asılılıqları gücləndirmişdir.


Bununla belə, vətəndaş cəmiyyətinin göstərdiyi səyləri xarici yardımla əlaqələndirmək, mövcud güc strukturlarına meydan oxumağa cəhd edən şəxslərin həqiqi zəhmətini sarsıtmağa meyllidir. Vaxt keçdikcə bu cəhdllərin bəziləri dövlətə uyğunlaşdı, bəziləri isə siyasətdən kənarlaşdırıldı və ya tamamilə ləğv edildi. Azərbaycanda dövlətin təşkil etdiyi şərait vətəndaş cəmiyyəti sferasında hegemoniyaya qarşı və ya inqilabi qüvvənin formalaşmasına faktiki mane oldu.


Rejimin riyakarlığı təkcə vətəndaş cəmiyyətini sıxışdırmaqla deyil, həm də ittiham etdikləri şəxslərlə maliyyə əlaqələri, müqavilələr və görüşlər təşkil etməklə göz qabağındadır. Məsələn, rejim bizi Sorosa işləməkdə ittiham etsə də, Əliyev Sorosun özü ilə vaxtilə şəxsən görüşmüşdür. Eynilə rejim Fransaya qarşı aqressiv mövqe sərgiləyərkən TotalEnergy kimi Fransız enerji şirkətləri ilə müqavilələr imzalayıb. Bundan əlavə, cəmi bir neçə gün əvvəl Əliyev, əlaltısı Mirşahin Ağayevin liberal dəyərləri təbliğ etməkdə və yeni formalaşan müxalifəti dəstəkləməkdə ittiham etdiyi USAİD-in rəhbəri Samanta Paueri qəbul etmişdir.


Biz Azərbaycan siyasi elitasının ictimai olaraq şərlədikləri liberal fiqurlarla ardıcıl əlaqəsini sual edirik. Bunu dövlət edəndə strateji bir addım kimi təsvir olunur. Ancaq vətəndaş cəmiyyəti bunu qanuni, tam şəffaf maliyyə ilə alanda dövlətin ritorikasında ruhlarını şeytana satmış olurlar. Saraylarda və hündür təhlükəsizlik divarları arxasında oturanlardan və gəncləri liberal Qərbə ucuz qiymətə satılan bəzi faydalı axmaqlar kimi təsvir edənlərdən gözləntilərimiz məhduddur. Halbuki biz onların yolu ilə gedib özümüzü Əliyevə baha qiymətə sata bilərik - onlar üçün dünya yalnız ya liberallardan, ya da öz növlərindən ibarətdir. Onlar üçün dünya bu ikili qütbdə sadələşdirilmişdir. Kiminsə Mərdəkanda daça sahibi olmaqdan başqa ideya və arzularının ola biləcəyini təsəvvür etmək onların imkanları xaricindədir.


Cib jurnalistləri üçün növbəti dəfə haqqımızda məqalə hazırlayarkən, ev tapşırığını düzgün yerinə yetirməyi məsləhət görürük. Əlifba kitabını alın, məktəbə gedin, oxumağı öyrənin və sonra ifadələrimizə yenidən baxın. Bəlkə o zaman bizim fikirlərimizlə tənqid etməyə çalışdığınız fikirlər arasındakı fərqi görə biləcəksiniz.


Mif 3: Müharibə əleyhinə olmaqla sistemə sədaqətsizlik qeyri- azərbaycançılıq və ya antiazərbaycançılıq deməkdir.

Milli kimliyimizi şübhə altına alan, bizi erməni və ya heç olmasa azərbaycanlı olmayan kimi qələmə verən şərhləri müşahidə etmişik. Milli kimliyin bəzi mədəni aspektlərini qorumağın dəyəri olsa da, biz qurbanlıq, diktaturluq və ona kor-koranə sədaqətlə qurulan milli kimliyi şiddətlə rədd edirik. Mübarizəmiz sistemə sədaqətsizlikdir və buna görə də məhz sistemin qurduğu millətçi təbliğatın yaratdığı və davam etdirdiyi “azərbaycanlı olmağın nə demək olduğu” anlayışına açıq şəkildə meydan oxuyuruq. Azərbaycanda böyüyən, eyni küçələrdə gəzən, eyni məktəblərdə oxuyan, dost -tanışını müharibədə itirən, keçmişdə eyni millətçi hissləri paylaşan insanlar olaraq təkcə mətbəxdə deyil, həm də ictimaiyyətdə Azərbaycan haqqında danışmağa, tənqid etməyə heç də az legitimliyimiz və mövqeyimiz olmadığını düşünürük.


Bizə sataşanlar hər şeyi dövlət maraqları çərçivəsinə sığışdırmağa çalışırlar. Amma biz xalqıq və bizim dərdimiz nə Azərbaycanda, nə də Ermənistanda milli kimliyiklərimizi dövlətin kimliyi ilə eyniləşdirərək bizi istismar edən hakimiyyətdəkilərin maraqları deyil. Söhbət adətən dövlətin maraqları kimi satılan onların şəxsi mənfəətindən gedir. Bizi bölgəmizdə mövcud zorakı, acınacaqlı və istismar şəraitində yaşayan insanların taleyi maraqlandırır .


Bizə qarşı hücumlarda dövlətin əlaltı mediasının toxunmadığı əsas mövzu bəyanatda vurğuladığımız Gədəbəydəki Söyüdlü etirazları ilə Azərbaycanın kapitalist maraqları arasında əlaqədir . Rejimin Söyüdlü üsyanında azərbaycanlılara verdiyi işgəncələrə məhəl qoymayan , kollektiv travmaları qaşıyaraq “baxın, vay, erməniləri dəstəkləyirlər” deyə qışqıran bu media qurumları tarixi asimmetrik təqdim etdikləri kimi, eyni məntiqlə də bizim bəyənata şərh verdilər. Burada bir sual yaranır: Niyə? Çünki trollar Azərbaycan hegemon diskursunun imkan verdiyi qədər mövzuya şərh verə bilirlər. Çünki Azərbaycanda yaşayan insanların dövlət terroruna məruz qalması rejim və onun əlaltılarının vecinə deyil. Əgər bu rejim və onun əlaltıları həqiqətən də istismar etdikləri, istifadə etdikləri xalqı, saysız-hesabsız əsgərlərin taleyini, Zəngilan və Qubadlı rayonlarında çalışan, lakin maaşlarını rejim əlaltıları tərəfindən oğurlanan işçilərin taleyini düşünsəydilər, müharibə nəticəsində evini itirən, küçədə qalan insanlar istifadə olunub kənara atılmayacaqdı.


Mif 4: Dağlıq Qarabağdakı müharibə ədalətli müharibədir, zəruri şərdir və buna görə də təcavüz deyil.

Hesab edilir ki, ədalətli müharibə uğrunda ölməyə dəyər müharibədir və buna görə də daha böyük xeyirə nail olmaq üçün müvəqqəti zəruri şərdir (dövlət kimi). Amma bu həqiqətənmi? Dövlətlər arasında müharibələr tarixən həmişə hakim sinfin öz resurslarını, gücünü və hegemonluğunu genişləndirmək üçün alət olub . Müharibələr qırğın maşınlarıdır və təkcə insan həyatı deyil, həm də nəsillər boyu travmalar və incikliklər bahasına başa gəlir, cəmiyyətdəki hər zülmü ədalət adı altında təkrarlayır. Nə bu əbədi müharibə, nə də başqa müharibələr ədalətli deyil. Sonra qışqırırlar: “Bəs evlərini itirmiş məcburi köçkünlər, qaçqınlar? Onların öz torpaqlarına qayıda bilməmələri haqsızlıq deyildimi?” . Cavabımız belədir: “Bəli, ədalətsizlik idi. Haqsızlıq idi. Lakin müharibə və sistemli və davamlı olaraq kütləvi qaçqınlığı yaradan hər hansı müharibə də eyni dərəcədə ədalətsizdir”. Revanşizm, açıq-aşkar kapitalist patriarxal və imperialist güc rəqabətinin davamlılığı üçün bir zərurət olduğu halda, insanların şüuruna müharibə zərurətini aşılamaq üçün sadəcə bir alver vasitəsidir. Müharibə aparan istənilən xalq eyni dərəcədə qurban və təcavüzkardır. Bu “zəruri şərə” imza atdığımız zaman məsuliyyətimizi dərk etməyimiz üçün ədalətli və ədalətsiz müharibı adl altında qurulan yalançı dixotomiyanı dağıtmalıyıq.


Mif 5: Hər şey könüllüdür: Azərbaycan Qarabağdakı erməniləri inteqrasiyaya çağırdığı zaman onlar özlərini blokadaya alıb, aclıqdan ölürdülər və sonda könüllü olaraq Qarabağı tərk etdilər.

Artsaxın blokadası başlayanda Azərbaycanda insanların çoxu orada blokadanın və humanitar fəlakətin olduğuna inanmırdı. Azərbaycanda aparılan təbliğat Ağdam yolunun təklif edildiyini və ermənilərin bu yoldan istifadə etməkdən imtina etdiklərini, buna görə də özlərini mühasirəyə aldığını iddia edirdilər. Distopiyaya ən absurd inteqrasiya planı ondan ibarət idi ki, əgər onlar Azərbaycanın humanitar yardımını qəbul etsələr, bu, inteqrasiya olunduqları anlamına gəlir. Qarabağ erməniləri bütün muxtariyyət tələblərindən əl çəksəydilər, bu inteqrasiya baş verərdi və nəinki Azərbaycan pasportu daşıyacağını qəbul etməli, həm də buna görə minnətdar olmalıdırlar. Ola bilsin ki, sonrakı mərhələdə ermənilərdən gözləntilər hakim elitanın bu günlərdə qurduğu vətəndaş millətçiliyini mənimsəyən qürurlu Azərbaycan vətəndaşlarına çevrilmək olacaq. O zaman bu ssenarini nəzərə alsaq, Azərbaycana inteqrasiyanı qəbul etməmək həqiqətən də Azərbaycandakı rejimə qarşı aclıq aksiyası idi və bu zəruri mübarizə seçim deyildi. Qarabağdan Ermənistana məcburi köçürmə də seçim deyildi. 2023-cü il sentyabrın 19-da baş vermiş hərbi hücumdan sonra bu gün Qarabağın bütün erməni əhalisinin boğazına bıçaq dirənməsi nəticəsində evlərindən didərgin düşüblər. Görünən odur ki, Azərbaycan əhalisinin əksəriyyəti ermənilərlə bir yerdə yaşamağın tərəfdarı deyil və onlar Qarabağın ermənisizləşdirilməsinin tərəfdarıdır . Rəsmi diskursda isə “bizim Qarabağ erməniləri ilə heç bir problemimiz yoxdur, amma problem onların rejimidir” yalanının qalmasını müşahidə edirik.


Mif 6: Ermənistan və ermənilər transsendental düşməndirlər və buna görə də Azərbaycan öz təhlükəsizliyini militarizasiya və güc yolu ilə qorumalıdır.

Ermənilərə qarşı geniş yayılmış düşmənçilik, ilk növbədə, 1990-cı illərdə uduzulan müharibənin nəticəsi olan təhqir və narazılıqların birləşməsindən qaynaqlanır. Bundan əlavə, həm ictimai, həm də siyasi sahədə güclü millətçi təbliğatın davamlı yayılması bu əhval-ruhiyyənin genişlənməsinə kömək etmişdir. Müharibənin tərənnümü və kişi qəhrəmanlığının romantik şəkildə təsviri gündəlik həyatın ayrılmaz hissəsinə çevrilərək ermənilərə qarşı düşmənçiliyi daha da artırıb .


Bəslənən qarışıq hisslərin arasında ermənilərin “düşmən”, azərbaycanlıların isə “qurban” kimi təqdim edilməsi əsas yer tutur. Bu inanc bir neçə onilliklər ərzində nifrət, inamsızlıq və iyrənmək emosiyalarının diskursda üstünlük təşkil etməsinə imkan vermişdir. Rejimin tarix kitabları, şəhidlərə və qəhrəmanlara pərəstiş, məişət simvolları və rəvayətlər vasitəsilə cəmiyyətin təməlinə toxunmuş israrlı təbliğatı mənfur düşmən obrazını əbədiləşdirib. Bu cür yanaşma isə rejimin repressiv təhlükəsizlik aparatını gücləndirməsi üçün istifadə edilmişdir.


Bu qaynayan nifrətin davam etməsinə icazə vermək əvəzinə, biz onu bütün güc və resursları əllərində cəmləşdirənlərəə- xüsusən də hakim elitaya və texnoloji və produktiv şəbəkələrin başında duranlara- yönəltməyə çağırırıq. Düşmənçiliyin bu şəkildə yenidən kanalizasiyası, gücümüzü bərpa etmək və zülmə qarşı mövqe tutmaq üçün bir vasitədir. Sahibləri, hökmdarları və hökmranlıq və istismar üzərində qurulmuş cəmiyyəti əhatə edən ümumi düşmənin müəyyən edilməsi başına bombalar yağan və evini məcburi tərk edənlər kimi marginallaşmışların həmrəyliyə doğru təməl addımdır. Bu perspektivlə biz hakim güc və ədalətsizlik sistemlərinə qarşı kollektiv hərəkatı təşviq etməyə çalışırıq.


Mif 7: Müharibə sülhdür, sülh isə müharibədir : Azərbaycan sülh istəyir və bununla da öz son məqsədi olan sülh və sabitliyə çatmaq üçün müharibə aparır.

“Sülh müharibədir” təkcə ona görə deyil ki, hakim sinif gələcək müharibələrə hazırlaşmaq üçün sülh vaxtından istifadə edir. Həm də daha çox ona görədir ki, onların “sülhü” özünü elə müharibə kimi bərqərar edir. Sülh dövrü iqtisadiyyatı bizi qarşıdan gələn müharibələrə hazırlamaq üçün kifayət qədər hərbiləşdirilmişdir. Azərbaycanda insanlar müharibə iqtisadiyyatının bir hissəsi olduğunu başa düşməkdə çətinlik çəkir.Birincisi ona görə ki, onların əksəriyyəti hələ də bizi gələcək müharibələrə sakitcə hazırlayan sülh dövrü iqtisadiyyatının bir hissəsidir. Hal-hazırkı mövcud hərbi texnologiya və üsullarla müharibə zonasından uzaqda qalanların çoxu, müharibə olduğu zaman, nadir hallarda gündəlik iş rejimində hər hansı əhəmiyyətli dəyişiklik görməkdədir. Məsələn 2020-ci ildəki 44 günlük müharibə və ondan sonra davam edən hücumlar zamanı müharibə zonasında olan insanlar əziyyət çəksə də, Bakıda insanlar gündəlik həyatlarını davam etdirirdilər.


Biz paytaxtda olduğumuz müddətdə bizi bu qədər darıxdıran, eyni zamanda sakitləşdirən gözəl “sivil sülhü” yaşamağa davam edəcəyik. Bu “sülhü” gətirən qüvvələr kimdir? Onlar Azərbaycanın silahlı hərbçilərdir. Bu “sülhü” qoruyacaq qüvvələr kimlərdir? Onlar Azərbaycanın silahlı və təlim keçmiş polisləridir. Dağlıq Qarabağdakı sülhməramlılar kimlərdir? Onlar Ukraynada müharibə və Ukrayna xalqına qarşı soyqırım aparan Rusiyanın silahlı hərbçiləridir. Hətta küçələrdə belə sülhü forma geyinmiş, çox vaxt hərbi təlim keçmiş silahlı insanlar qoruyur. Polis də dövlətin qolunu təşkil edir və yoxsul məhəllələrdə yaşayanlar çox vaxt səhv hərəkət etsələr, işğalın, ölüm və ya əsir düşmə təhlükəsi altında olmağın nə olduğunu bilirlər. Nümayişlər və etirazlar zamanı izdihamın idarə edilməsində iştirak edən polisin aşkar hərbiləşdirilməsinə nəzər salın. Sülhməramlılıq və sülhyaratma əslində müharibədən başqa bir şey deyil. Beləliklə, demək olar ki, biz hökmdarlarımızın öz hakimiyyətlərini qoruyub saxladıqları daimi müharibə, bitməyən zorakılıq şəraitində yaşayırıq.



Mif 8: Feminizmin Dağlıq Qarabağ məsələsi ilə nə əlaqəsi var?

Bizə hücum edən yazı və reportajlarda özünü büruzə verən ən maraqlı məqam feminist sözünü dırnaq içərisində yazaraq “onlar əsl feminist deyillər, əsl feministlər dövlətlərini sevməlidirlər” ifadəsinin eyhamıdır . Bu nöqteyi-nəzər feministlərin nəinki güclü vətənpərvər və müharibə dəstəkçisi mövqeyini nümayiş etdirmələrini gözləməklə məhdudlaşır, həm də eyni gözləntiləri geylərə qarşı yönəldərək, onları alçaldıcı şəkildə Azərbaycan dilində “özgə” mənasını verən “ ögey ” adlandırırmağa qədər davam etmişdir.

Bu özgələşdirmə marginallaşmış şəxlərin üzərində hakim olmağa xidmət edir və onlara cavabımız belədir: “Feminizm məhz hökmranlığı rədd edən siyasi mübarizədir!”. Bu mübarizəni dövlət, polis, ata və ər kontekstində başa düşmək lazımdır . Biz bilirik ki, dəyişiklik mövcud iltihablı sistemlər daxilində onlara uyğunlaşaraq baş verməyəcək. Buna görə də, feminizmi müharibə kontekstindən təcrid olunmuş şəkildə nəzərdən keçirmək ən yaxşı halda sadəlövhlük, ən pis halda isə axmaqlıqdır.


Millətçilik və milli istəklər uğrunda gedən müharibələr, bizim genderləşmiş və sinifləşmiş bədənlərimizi istismar edir və cəmiyyətdəki mövcud əzici gender rollarını yenidən istehsal edir. Odur ki biz, kimin ağlayıb yol gözlədiyini, kimin döyüşüb öldüyünü, kimin qorunduğunu, kimin qoruyan olduğunu, kimin döyüşə getdiyini, “qoruyanlar” arasında kimin müharibəyə getməyəcəyini müəyyən edən kapitalist müharibəsinə qarşıyıq. Biz qadınları anaya, kişiləri əsgərə çevirən, burjua kişilərinin cəbhədə görünmədiyi, yalnız aşağı təbəqədən olan kişilərin militarizmin ətçəkən maşınına layiq görüldüyü, müharibənin yükünün burjua qadınları tərəfindən yox aşağı işçi sinfi qadınların tərəfindən daşınmağa məhkum olunduğu müharibəni rədd edirik. Biz müharibəni davam etdirən bu faşist-millətçi diskurla yoğrulmuş gender rollarını rədd edirik. Biz genderləşmiş bədənimizi zorakı güc strukturları ilə nəzarətdə saxlayan dövlətə sadiq olmağa məcbur edən milli kimliyi rədd edirik. Biz öz burjua maraqlarını, kreslolarını və kapitalını qorumaq və siniflər arasında müharibədə ictimai sabitliyi bərpa etmək üçün genderləşmiş bədənimizi qalxan kimi istifadə edərək “dövləti və xalqı qorumaq” illüziyasına əsaslanan hökmranlığı rədd edirik!




371 views
bottom of page