top of page
  • Aynur Zərrintac

Atanın tay corabı


Baxışlarını pəncərəyə zilləyib fikrə dalmışdı. Şüşə boyu iri dolular üzü aşağı süzülür, arxalarınca incə və şəffaf cığır qoyurdular. Ağdamın küçəsində yenə də özünəməxsus yağış yağırdı. Əlindəki corab gəlinciyi bir o yana, bir bu yana çevirdi. Girdə oyuncağı əlində sıxıb-açdıqca, yumşaqlığından içinə mərhəm bir hiss yayılır, atasının sərt əlləri ilə onu qucağına alıb bağrına basdığı anı xəyalında canlandırırdı.

-Mənim Mehri balam, qaç atanın corabını tap gətir gəl görüm.

Murik yenə də atanın corablarını didişdirmiş, hərəsini otağın bir küncünə atmışdı. Bu pişiyin adəti idi, pəncəsinə keçən əski-üskünü kənc-künədə gizlətmək.

-Tapdım, tapdım...

- Ay sağ ol, bu bununku. – Atası Mehriyə gülümsəyib, corabı sağ ayağına keçirərək, sol ayağının baş barmağını havadaca oynadıb qaşı ilə işarə etdi: - Bəs bununku?!

Səkkiz yaşlı Mehrinin cüt hörüyü havada bir anlıq şaxə qalxdı. Özünü çarpayının altına altdı. Adətən Murik corabları çarpayının altına aparırdı. Amma yoox, burda deyildi.

-Bəs divan? – özlüyündə düşünüb əyilərək divanın altına göz gəzdirdi. – Burda da yoxdur. Divanın üstündə xumarlanan Murikin qulağını ehmalca dartıb ciddi – cəhdlə axtarışa girişdi. Corabın sol tayı qeyb olmuşdu. – Murik, hanı corab? Tez elə, düş axtar! Ata tələsir. – deyib, pişiyi əli ilə yüngülcə yerə itələdi.

Sanki corabı itirən özü imiş kimi, atasının qarşısında dayanıb, hörüyünün bir ucunu barmağına dolayaraq asta səslə: - Tapmadım, ata - dedi.

-Ax Murik, axxxx. Deməli, bu dəfə bizi təzə corabla yola salacaq. Neynək, döyüşə birtay corabla gedərik. – deyib, atası nənənin ona uzatdığı yeni corabları aldı. - Bax Mehri, bu tayı çıxarmıram, üstündən yenilərini geyinirəm. Amma sol tayı tapan kimi ananın köməkliyi ilə poçtla göndərərsən mənə. Məktub yazmağı da unutma.

Mehri o günü də iti uşaq zəkasına həkk etmişdi. Amma ayın hansı günü olduğunu heç cür yadına sala bilmirdi. Sadəcə onu xatırlayırdı ki, nənəsinin də, anasının da yanaqlarından indi pəncərə şüşəsindən süzülən damlalar kimi göz yaşları axırdı. Atanın corab tayı tapılmadı. Sonradan 1992-ci il Ağdərədə gedən döyüşlərdə ağır yaralandığı xəbəri gəldi evə. Mehri xəbər gələn günü nənə ilə ananın çığırtısına oyanmışdı. Nə olduğunu dərk etməyə macal tapmamış, anasının qucağına atılıb qışqırmağa başladı:

-Atamı istəyirəm. Qayıdacaq hə?! Qayıdacaq! Ona söz vermişəm. Tapacam.

Bir həftə sonra onların da evində belinə qara lent dolanmış bir hərbçi şəkli stolun başında özünə məskən saldı. Şüşə üzlük arxasından qaşları düyünlənmiş, sərt simasıla onu seyr edənlərə baxan, sadəcə Mehriyə gülümsəyən atanın şəkli.

* * *

-Məəllimə, bəs indi nə edirik?

Sədayılın səsi Mehrinin düşüncələrini şüşədə süzülən damlalardan ayırıb kiçik sinif otağına qaytardı.

-Aha, deməli, dostlar, sizdən hər birinizin bir ədəd corab gətirməyinizi xahiş etmişdik.

Masa üstündəki konfeti tələsik ağzına soxan Sədayıl heç kimə macal vermədən:

-Mən gətirmişəm. Amma axşam yadımdan çıxmışdı deyə, evdəkilərdən istəyə bilmədim. Nənəmin yuyub asdığı corabın tayını gətirmişəm. – deyib, tələsik ipdən dartıb gətirdiyi yun corabı stolun üstünə qoydu. – Düzdür, bir az nəmdir, amma havada yellətsəm quruyacaq.

Mehrini gülmək tutdu. Balacalarla işlədiyi qrupda belə hadisələrlə qarşılaşmağı birinci dəfə deyildi ki... O neçə il idi ki, gəzir, sosial teatr və incəsənət vasitəsilə uşaq, yeniyetmə, gənc qruplarında travmalar, problemlər və ya hər hansı sosial bir mövzu üzrə təlimlər keçirdi. Ən çox da kuklalar vasitəsilə apardığı təlimlərdə iştirakçıların necə dəyişdiyini, özlərinə qapılıb özləri ilə bir olduğunu görürdü. Azyaşlı qruplarda işləmək daha cəlbedici idi. Uşaqların problemin həllinə özlərinə məxsus yanaşmaları var idi. Hətta özlərinə bir şey lazım olanda yerin deşiyində belə olsa, dartıb gətirirdilər.

-Məəəlimə, gecikdim, bağışlayın.

Əli hövlank içəri girdi. Başına keçirdiyi iri plastik torbanı çıxarıb qapının ağzına qoydu. Ayaqları deyəsən islanmışdı. Amma halından məmnun görünürdü. Gözləri gülümsəməkdən qıyılıb yoxa çıxmışdı.

-Məəlimə, bağışlayın, gecikdim. Gətirmişəm. Atamınkıdır.

Əli əlindəki kişi corabını bərk-bərk sıxıb dedi:

-Daha ona lazım deyil. Qayıdıb atam. Dedi müharibə bitib. Gördü ki, evdə heç kim mənə tay corab vermir, corabını verdi ki, al apar dərsə. Biz indi bundan nə düzəldəcəyik həə? Oyuncaq edəcəyik?

Mehri gözlərini Əlinin əlində havadaca yellənən corab tayına dikib, əlindəki tay corab oyuncağı şüursuz halda bərk sıxırdı. Çox sonralar divanın arakəsmə söykənəcəyindən təsadüfən tapdığı, atanın o gün o taysız getdiyi corab indi onun əlində muncuq gözləri ilə Əlinin atasının corabına baxırdı.


Ardı ola bilər...


77 views
bottom of page