top of page
Səadət Abdullazadə

Yuxu


Müharibə ilə ilk yaxın tanışlığım əslində çox da uzaq tarixdə olmayıb. İl 2015 idi. Gənclərə təlim keçmək üçün Ağdama səfər etmişdik. Bir gün təlim bitdikdən sonra cəbhə xəttinə getmək qərarına gəldik. O günü, orda hiss etdiklərimi hələ də unuda bilmirəm.


Avqustun əvvəli, isti günlər idi. Ağdamın inzibati mərkəzi sayılan Quzanlı qəsəbəsindən uzaqlaşıb kəndlərə yaxınlaşdıqca hava sanki sərinləyir, buludlar böyüyür, səma rəngini dəyişirdi. Getdikcə dağılmış, yanmış evlər görünürdü. Gedəcəyimiz yolun sonuna çatdığımızda yarımçıq tikilmiş evlərin ətrafında əsgərlər gözə dəyməyə başladı. Bir neçə əsgər dağılmış evlərin yanında paltarlarını yuyub sərirdi. Sanki bir müharibə filminin içində idim. Özümü o qədər narahat hiss edirdim ki, hisslərimi necə mənalandıracağımı bilmirdim. Çünki müharibə heç vaxt düşünmək istəmədiyim bir mövzu idi.


Uşaq vaxtı müharibə səhnələrinə baxmağa qorxurdum. 90-cı illərin uşaqları olaraq məhdud televiziya kanallarının olduğu vaxtlarda böyümüşdük. Xocalı soyqırımı, 20 Yanvar hadisələrinin anım günlərində televizor sönülü qalırdı. Çünki televizorda mövcud olan bir-iki kanal o günlər ancaq qorxduğum kardları göstərirdi. O zamanlar TRT-1 kanalı da var idi. Amma həmin günlər o kanal yayımlanmırdı. Mən də növbəti günün tez gəlməsini arzu edərdim ki, cizgi filmlərinə baxa bilim. Müharibədən uzaq, ucqar bir kənddə böyüyən bir uşağın başqa istədiyi nə ola bilərdi ki?!


İllər keçdikcə müharibə və düşmən anlayışları üzərində düşünüb, sülh üçün fikirləşən bir gənc kimi öz aləmimdə kiçik addımlar da atırdım. Ta ki, İkinci Qarabağ müharibəsinə qədər. Bu dəfə müharibəni daha dəqiq hiss edib, dəhşətlərini müşahidə edəsi oldum. Ana olduğum üçün körpə övladımın yanında qalmalı olduğumdan mülki əhaliyə yardıma gedən dostlarıma qoşula bilməmək ürəyimi sıxırdı. Amma dəyişməyən o idi ki, yenə də müharibə ilə bağlı heç bir kadra, videoya baxa bilmirdim. Bu, yəqin uşaq vaxtı baxanda qorxduğum kadrlardan qalma travma idi. Övladımla oynadığım adi oyunlar zamanı belə o səhnələrdən kiçik xatırlatma olduğundan əsəb keçirirdim.


Müharibə davam edən vaxt oğlum Orxanla taksiyə minmişdim. Taksi sürücüsü çevrilib Orxana baxaraq, – “ o oğlandır?”soruşdu. “Hə” deyə təsdiqlədiyimi görüb dedi: “Gələcəyin əsgəri”. Həmin vaxt donub qaldım, nə deyəcəyimi bilmədim, yolboyu bu haqda fikirləşirdim: “Mənim balam gələcəyin əsgəri? Yəni müharibədir, kimsə gəlib qapını döyür ki, övladını buna görə səndən ayırırıq və sən verirsən?!” Bu sual bütün günü beynimdə fırlanırdı. Elə axşam da həmin fikirlərlə yatdım. Axı yuxu da bizim alt şüurumuzun məhsuludur. Yuxuda görürəm ki, qapı döyülür, açıram, iki hərbi geyimli şəxs Orxanı aparmağa gəldiklərini deyirlər. Mən də “axı onun yaşı çatmır” deyə təəccüblənirəm. Bir də baxıram ki, yeni yeriməyə başlayan bir yaşlı Orxan qapıya tərəf, onların yanına gedir. Deyirəm, “Orxan, hara gedirsən?” Orxan da çevrilib mənə baxır, sonra yenə divardan tuta-tuta gedir. Ordaca oyanıram. Necə dəhşətli bir yuxu. Mənim üçün yuxudur, amma başqa bir valideynin bu real həyatda başına gəlir. Həmin vaxt yata bilmirdim. Qorxurdum birdən yatanda nəsə baş verər, Orxanın mənə ehtiyacı olar.


Elə hey fikirləşirdim ki, necə rahatdır, kimsə sənin övladını əlindən alır, harasa göndərib döyüşdürür. Və beləcə bütün həyatın o gündən etibarən dəyişir. Təkcə sənin özün üçün yox, gedən üçün də. Sağ qalmaq üçün kimisə öldürməli olması, istəmədiyi və seçmədiyi bir davaya girməsi, sağ qayıtsa belə artıq başqa adam olaraq həyata davam etməli olması... Çətin deyil məgər?!


Xüsusilə də düşünürsən ki, sən övladını insani və dünyəvi dəyərlərə inanaraq böyüdəcəksən. Ədaləti, yaxşılığı öyrətməyə çalışacaqsan. Yaxşı adam olması, heç kimi incitməməsi, özündən gücsüzü əzməməsi, insanı, təbiəti, heyvanları sevməsi üçün həvəsləndirməyə çalışacaqsan. Müharibə isə bunların hamısını silir. Bütün inandıqlarını geridə qoyur. Bu məqamda övladını bütün bunlardan necə qoruyacaqsan? Müharibədən sonra da bu sual başladı beynimdə fırlanmağa. Bəs indi müharibənin təsirlərindən onu necə qoruyacam?!


Novruz bayramında ailəmizin yanına rayona getmişdik. Biz şəhərdə televizora baxmadığımız üçün televizorda nələrin getdiyindən xəbərimiz olmur. Rayonda qaldığımız müddətdə efirdə diqqətimi çəkən reklamlar gedirdi. Yerli televiziya kanallarının birində təxminən belə bir anons gördüm: “Övladınızı ekranda görmək istəyirsinizsə, “Qarabağ Azərbaycandır!” şüarını dedirtdirib, videosunu bizə göndərin, yayımlayaq”. Həmin gün ərzində televizorda neçə dəfə balaca uşaqların “Qarabağ Azərbaycandır!” adlı şüarını səsləndirən videolarını gördüm. Müharibə vaxtı və sonrasında azyaşlılara hərbi paltar geyindirib, şeir oxutdurub, videosunu çəkib paylaşan valideynlər görmüşdüm, amma televiziyaya çıxarmaq – bu artıq başqa bir mərhələ idi.


Hərbiləşmiş cəmiyyətin yəqin elə qaydasıda budur: uşaq yaşlarından müharibəyə, döyüşə səsləyən uşaqlar böyütmək. Hərbi geyimi, silahı uşaqlıdan adiləşdirmək, normallaşdırmaq. Sonra da vaxtı gələndə rahatca müharibəyə aparmaq, elə özü kimi müharibəyə gətirilən qarşı tərəflə döyüşdürmək. Kim tez vursa, o da həyatda qalır...


65 views

Comments


bottom of page