top of page
  • Toğrul Abbasov

“Bəzi Mələklərin Bığı Olur”




Giriş

Ucal Mələkim !

Qadınla yüksələcək şəni Azəristanın,

Olursa tərbiyə uğrunda səyi nisvanım

Ucal ,ucal, mələkim! Yüksəlir səninlə həyat

Ucal ki, yüksələ aləmdə şöhrətü şanın

(Əliağa Vahid)


2020-ci ildəki Qarabağ müharibəsinin hərarətli günlərinin birində, Azərbaycan ordusunun qazandığı üstünlükdən coşquya qapılan bir azərbaycanlı, qadın sosial media istifadəçisi yumruğunu irəliyə doğru havada tutmuş İlham Əliyev şəklini paylaşaraq belə bir rəy yazmışdı: “bəzi mələklərin qanadı yox, bığı olur”. Görünür bu rəy çox bəyənildi ki, daha sonra oxşar hərəkət və paylaşımlar digər azərbaycanlı istifadəçilər tərəfindən də təkrarlandı. Bığlı (və aqressiv) kişinin mələk olaraq təxəyyül edilməsi, müharibədə daha əvvəl rastlaşmadığımız bir imic transvestindən xəbər verirdi.

Müxtəlif inanclarda mələklərin kök etibarı ilə fərqli təsvir olunmalarına baxmayaraq[1], Azərbaycanda mələk obrazı daha çox qadınlar və qız uşaqlarını təsvir etməklə istifadə olunur. Azərbaycan dilinin izahlı lüğətinə görə, mələk “Allahın göstəriş və əmrlərini yerinə yetirən, çox gözəl qadın surətində qeyrdi-maddi qanadlı bir məxluq”dur. Bığ isə əksinə, maskulinliyin rəmzidir. Yenə azərbaycan dili lüğətinə müraciət edəsi olsaq, bığ “kişilərin üst dodaqlarının üstündə qırxılmamış saxlanılan tük topası”dır. Amma ənənəvi olaraq, Azərbaycan toplumunda bığın mənası daha böyükdür. Məsələn, “Atları Yəhərləyin” (1985) filmində cəza olaraq Qaçaq Nəbi tərəfindən bığının yarısı kəsdirilən kəndxuda bu alçaldılmadan çıxış yolunu özünü öldürməklə tapır. Qaçaq Nəbinin özünə isə dastanda deyilən təriflərdən biri onun bığlarının “eşmə-eşmə olması” ilə bağlıdır. Üstəlik, 1999-cu ildə çap olunan “Min Beş Yüz İlin Oğuz Şeiri” antologiyasına daxil edilən şeirlər üçün dastandan seçilən hissələrdə həmin misralar da yer alır (1999:523)[2]. Yaxud “Arşın Mal Alan” (1945) filmində Soltan bəy kişiliyi ilə bərabər zadəgan statusunu da vurğulamaq üçün bığını önə çəkir: “Mən bəylərlə plov yemirəm ki, bığım yağa batar”. Bığın Azərbaycandakı “kişilik rəmzi” nümunələrini çoxalda bilərik.

Elə isə bir qadının ənənəvi olaraq qadınlığı (mələk) və kişiliyi (bığ) təmsil edən rəmzləri ölkənin və ordunun başında duranın timsalında birləşdirməsi nədən xəbər verirdi? Bu nümunədən yola çıxaraq qadınlar və kişilər arasında müharibəyə yanaşmada fərqliliyin olub-olmadığını anlaya bilərikmi? Yoxsa müharibənin özü milliyətçiliyin formalaşdırmağa çalışdığı ənənəvi gender rollarına başqa bir yolla meydan oxumadırmı? Femininlik və maskulinlik arasında cizgi feminizm və ya kvir nəzəriyyələrinin hədəflədiyinin tam tərsi yöndə də pozula bilərmi? Bu məqalədə yuxarıdakı sualları araşdırmağa çalışacağam. Əvvəl milliyətçilik, militarizm və gender münasibətlərini tədqiq edərək, bu mövzudakı nəzəriyyələrin qısa xülasəsini və baxışını ortaya qoymağa çalışacağam. Daha sonra Azərbaycan nümunəsində millət quruculuğu və gender rollarını tarixi perspektivdə ələ alacağam. Son hissədə isə yuxarıda verdiyim nümunə də daxil olmaqla, ikinci Qarabağ müharibəsi ətrafında, əvvəli və sonrası ilə mediada milliyətçilik, militarizm və gender rollarını analizi edərək suallarıma cavab tapmağa çalışacağam.




Millətin Gender Təsəvvürləri

Qızdı, ya oğlandı bu ?

Qaşları əyri, qara buynuz kimi,

Bığları qırxıqdı fransız kimi

Kofta geyib, naz eləyən qız kimi

Canlar alan qızlara qurbandı bu

Gör necə bir modabaz oğlandı bu

(Əliağa Vahid)


19-cu əsr italyan siyasətçisi və nəzəriyyəçisi Massimo D’azeglio gec də olsa, İtaliyada feodal dövlətlərinin birləşdirilib milli dövlət quruldudan sonra parlamentin ilk iclasında “İtaliyanı qurduq, indi isə italyanları yaratmağın vaxtıdır” demişdi (Hobsbawm, 2000: 44). Bu fikir, milliyətçilik haqqında daha sonra ortaya qoyulan bir çox analizin əsasını, ya da kökünü izah edirdi. Hərçənd bəzi nəzəriyyəçilər millətin və milliyətçiliyin hər zaman var olduğunu, bunların bir növ təbii şəkildə (primordialistlər), yaxud çox qədim zamanlardan (perennialistlər) insan varlığında yer aldığını iddia etsələr də (Smith,1986;12)[3], xüsusilə 80-ci illərdən etibarən Eric Hobsbawm (1983;1991), Benedict Anderson (1983), Ernest Gellner (1983)[4] kimi modernist nəzəriyyəçilər millətin bir sıra texniki, iqtisadi və mədəni hadisələrin nəticəsində milliyətçi elita və iqtidarlar tərəfindən yaradılmış modern bir konstruksiya, icad və ya təxəyyül olduğunu ortaya qoymuşdular. Daha açıq ifadəylə modernist nəzəriyyəçilərə görə, milləti milliyətçilər yaradıb və bu, modernitinin məhsuludur. Bu milliyətçi inşa və ya “icadın” (Gellner) necə olduğuna, nə vaxt və harada başladığına dair isə nəzəriyyəçilərin baxışları müxtəlif idi.

Anderson daha çox modern dövrdəki mədəni dəyişikliklərə üstünlük verir. Ona görə milliyətçilik şüurlu şəkildə mənimsənilmiş ideologiyalardan fərqli olaraq, özündən əvvəlki mədəniyyətin içinə doğulub və onunla yaşadığı bütünləşmə/qarşı çıxmalarla formalaşıb. Yəni millət (Gellnerin iddia etdiyi kimi) süni bir icad deyil və onun güclü mədəni qaynaqları var (Anderson,2006:9-37). Bu qaynaqlardan istifadə edə bilmək və onu geniş kütlələrə yaya bilmək isə kapitalist çap sənayesinin inkişafı ilə mümkün olub. Gellner sənaye inqilabının yaratdığı ictimai dəyişiklik və hərəkətliliyin daha vacib olduğu fikrində idi. Bu dəyişikliklər təkcə mərkəzləşdirilmiş dövlətləri (milli dövlətləri) yaratmamışdı, həm də iqtidarları siyasi və iqtisadi səbəblərdən maarif yoluyla kütlələri eyni amal, yüksək və homojen mədəniyyət (dil, təhsil və s.) ətrafında birləşdirməyə sövq etmişdi. Gellnerlə oxşar fikirləri paylaşan Hobsbawm isə siyasi ehtiyaclara daha çox vurğu edirdi. Ona görə millət ideolojik hegemonlara xidmət edən icaddır və “milli şüur” icad edilmiş ənənələrin ən açıq və ən çox yayılmış nümunəsidir (2000:80-101).


Ancaq maraqlı olan, bu nəzəriyyəçilərdən heç birinin gender rolları ilə millət quruculuğu arasındakı münasibəti gündəmə gətirməməsi idi. Məsələn, Hobsbawm milləti təmsil edən siyasi birliyə borclu olan vəzifələrin digər ictimai vəzifələrdən, bəzi fövqaladə hallarda isə bütün vəzifələrdən öndə gəldiyini deyirdi. Ona görə modern milliyətçiliyin daha əvvəlki dövrlərdəki etnik birliklərdən fərqi məhz bu, millət üçün vəzifələndirilmiş olmaq idi (2000:80-101). Ancaq buna baxmayaraq, Hobsbawm “millət quruculuğunda kişilərə və qadınlara “verilən vəzifələr” eynidirmi?” sualı ilə maraqlanmamışdı. Bu sualı dilə gətirərək milliyətçiliyə yeni bir tənqidi baxış gətirənlər isə feminist araşdırmaçılar olub. Burada, xüsusilə Cynthia Enloe, Nira Yuval-Davis, Floya Anthias, Kumari Jayawardena, Sylvia Walby, G.L.Mosse kimi araşdırmaçıların ilkin müdaxiləsi olduqca əhəmiyyətli idi[5].

Məsələn, Nira Yuval-Davisvə Floya Anthias birgə redaktoru olduqları Woman-Nation-State (Qadın-Millət-Dövlət) (1989) kitabında qadınların cinsi həyatlarına nəzarətin millətin quruluşunda əsaslı yer tutduğunu göstərir və kitabın girişində qadınların millət içindəki vəzifəsini (milli rollarını) 5 hissəyə ayırırlar:

  • a) Etnik icmaların üzvlərinin bioloji təkrar istehsalçısı olmaq

  • b) Etnik/milli qrupların sərhədlərinin təkrar istehsalçısı olmaq

  • c) İcmanın ideoloji təkrar istehsalında mərkəzi rolda duraraq və mədəniyyətin (kültürün) ötürücüsü olmaq

  • d) Etnik/milli fərqliliklərin göstəriciləri (simvolları –t.a.) olmaq

  • e) Milli, iqtisadi, siyasi və hərbi mübarizələrin iştirakçısı olmaq

Yəni Yuval-Davis və Anthias qadınların milli layihədə yer almasını çox vaxt doğum, uşaqların tərbiyəsi kimi yollarla “milli mədəniyyətin” qorunub növbəti nəsillərə ötürülməsi ilə (a-b-c), bəzi hallarda sadəcə passiv simvollar olaraq (d), daha nadir hallarda isə birbaşa milli mübarizəyə qoşulmaq yolu ilə (e) baş verdiyini təyin edirlər (1989;8-11).

Burada mühüm olan həm də “milliyətçi vəzifələndirilmələr”in nə qədər könüllü, nə qədər məcburi, yaxud nə qədərinin qadınların hüquqları baxımından azadedici olub olmadığıdır. Feodal patriarxiyadan qopub “vətəndaş olaraq miliyyətçi layihənin içində yer almaq” qadınlara nə qazandırmışdı?


Jayawardena Feminism and Nationalism in the Third World (Üçüncü Dünyada Feminizm və Milliyətçilik) (1986) kitabında əsasən bunu araşdırıdı və xüsusilə üçüncü dünya ölkələrində anti imperial millətçiliyin qadınların azadlığına müsbət təsiri olduğu fikrindəydi. Buna görə də bir çox üçüncü dünya ölkəsindən verdiyi nümunələrlə (Hindistan, Misir, Əfqanıstan, İndoneziya və s.) 19-cu əsrin sonu, 20-ci əsrin əvvələrində ilk feminist hərakatlarla milliyətçilik hərəkatları arasında qadın hüquqları baxımından yaxın münasibəti ortaya qoyurdu. Yazara görə, bütün bu ölkələr imperializmin caynağında idi. Buna görə də feminizim və anti-imperial milliyətçi hərəkatlarla iç-içə keçmişdi. Qadınlar öz tələbləri üçün çox vaxt kişilərdən mütəşəkkil milliyətçi hərəkatların yan qolu kimi, nadir hallarda isə müstəqil şəkildə fəaliyyət göstərirdilər.

Buna görə də Jayawarden üçüncü dünyadakı həm feminizmi, həm də milliyətçiliyi imperializm və kapitalizm hesaba alınmadan anlamağın mümkün olmadığını dilə gətirirdi. İmperial qüvvələrə qarşı “bərabər vətəndaşlıq hüquqları tələbi” kimi təsvir edə biləcəyimiz bu anlayış həm feministlərin, həm də anti-imperial milliyətçilərin tələblərinin üst-üstə düşməsi demək idi. Bir çox üçüncü dünya ölkəsində birinci dünyadakılardan fərqli olaraq. qadınlarla kişilərə eyni vaxtda seçmə hüququnun verilməsi buna nümunə ola bilər.


Bərabər vətəndaşlıq hüququ isə Yuval-Davisin modernist nəzəriyyə içərisində daha sonra yazacağı klassik əsəri Gender and Nation (Gender və Millət)də (1989) təsvir etdiyi milli layihələr içindəki üç mifdən biri, bərabər vətəndaşlıq mifi (staatnation) idi. Yuval-Davisə görə digər milli miflər isə əfsanəvi ortaq kök mifi (volknation) və ortaq mədəniyyət mifi (kulturnation) idi. Yuval-Davis bu əsərində digər miflər kimi “bərabər vətəndaşlıq mifi”ni də tənqid edərək, bunun da təcridedici (exclusionist) olduğunu iddia edirdi (2008:5-21). Çünki Yuval-Davise görə vətəndaşlığın da (digər anlayışlar kimi) mütləq təsviri mümkün deyil: fərqli dövlət və toplumlarda müxtəlif vətəndaşlıq anlayışları olduğu kimi, eyni toplum içində müxtəlif qrupların müxtəlif vətəndaşlıq statusları var və bunlar da zamana bağlı olaraq dəyişir. Bu, qadınların da vətəndaşlıq statusları üçün belədir. Qadınların vətəndaşlığını təkcə kişilərin vətəndaşlığı ilə müqayisədə deyil, həm də onları hegemon və ya əzilən qrupa aid olmalarını, etnik və mədəni köklərini, şəhərdə və ya kənddə yaşamalarını nəzərə alaraq anlamaq mümkündür (2008:69).


Cynthia Enloe (2000) da milliyətçilik hərəkatlarının qadınlara vətəndaşlıq çərçivəsində azadlıq gətirmədiyi görüşündədir. Enloe milliyətçiliyin maskulin tarix və yaddaş vasitəsiylə yaradıldığını, kişilər ön plana çıxarılarkən maskulin utanc və alçaldılma qorxularından, maskulin ümidlərdən istifadə edildiyini bir çox nümunələrlə göstərir. Enloeyə görə, tarixi olaraq milliyətçi azadlıq hərəkatları sonradan qurulan yeni milli dövlətlərdə imperializmi təmsil edən kişilərin hegemonluğunu yerli kişilərin hegemonluğu ilə əvəzləməsindən başqa bir rol oynamamışdı.

“İmperiyaları dağıdıb yenilərini quran milliyətçi hərakatların qazanclarına baxdıqda, beynəlxalq siyasi sistemdə heç bir radikal dəyişiklik etməmiş olmaları təəccüblüdür. Yeni milli dövlətlə bağlı patriarxal bir paradiqmanı mənimsəyən və maskulin qürurun yönləndirdiyi milliyətçi hərəkat beynəlxalq arenada yeni bir oyunçu olmaqdan o tərəfə getmir. Bir çox yeni patriarxal milli dövlət beynəlxalq müzakirələr masasını biraz daha tündləşdirə bilər, amma həmin masada oynanan beynəlxalq oyunu dəyişdirə bilməz” (Enloe 1990: 64).

Enloenin digər xüsusi müdaxiləsi isə militarizm və gender münasibətlərini gündəmə gətirməsidir. O, militarist qlobal strategiyaların gender rolları, müxtəlif “kişilik konstruksiyaları” ilə münasibətinə diqqət çəkirdi. Enloeyə görə, qadınların dövlətə və ya digər militarist qruplara inteqrasiyası həmin qürum və qrupların gender əsaslı kimliklərini və gözləntilərini dəyişdirmir. Bir başqa sözlə, qadınlar istər müharibəyə, istərsə də sülh quruculuğuna qoşulsun, onlar nə ordunu, nə də sülh danışıqlarını bir anda “gender neytral” hala gətirmirlər. Onlar daha əvvəldən normaları, mühitləri və ifadə formaları maskulin dəyərlərlə müəyyənləşdirilmiş strukturlara qoşulmuş olurlar.[6] Bir sözlə, bütün modern qurumlar kimi bu strukturlar da “cinsiyyətləndirilmiş qurumlardır” (2000).




Azərbaycan Milliyətçiliyinin Qadın Təsəvvürləri

Elimin zəfəri, qalibiyyəti.

Hər işdə mərdliyi, fəaliyyəti

Qoymuşdur heyrətdə bəşəriyyəti,

Çox çəkməz, ölkəmiz bir cənnət olar.

(Əliağa Vahid)


2002-ci ildə çap olunan Azərbaycan Qadın Ensiklopediyasının Azərbaycan Qadını: Şərəf və Ləyaqət Timsalı adlı ön sözündə SSRİ sonrası Azərbaycanın 30 illik baş ideoloqu sayıla biləcək prezident aparatının keçmiş rəhbəri Ramiz Mehdiyev Azərbaycanın zəngin və qədim tarixində qadınların hər zaman mühüm rol oynadığını vurğuladıqdan sonra “Qadını həmişə zərif məxluq saydığımızdan onların kişilərlə bərabər millətin payına düşən məhrumiyyətlərə qatlaşmalarını heç vaxt istəməzdik. Amma nə edəsən, zaman-zaman xalqımızın düçar olduğu bəla və faciələri qadınlarımız da yaşamış, çətinliklərə və məhrumiyyətlərə dözmüşlər” deyirdi. İstəmədən də olsa qadınların təyin olunmuş rolundan kənara çıxmaq məcburiyyətində buraxılması təkcə Mehdiyevin deyil, qadınların qoruyucusu olmaqla vəzifələndirilmiş bütün Azərbaycan kişilərinin təəssüf səsidir. Amma kişiləri buna məcbur buraxan həmişə yadlar və düşmənlərdir: “Bu, XX əsrin əvvəlində baş vermiş siyasi sarsıntılar dövründə də, repressiya qovğalannda da, dünya müharibəsinin məhrumiyyəti illərində də və nəhayət əsrin sonunda Azərbaycana qarşı yönəldilmiş erməni təcavüzünün qızğın çağında da belə olmuşdur.” (Mehdiyev, 2002 : 5-8).


Milliyətçiliklə gender münasibətlərinin ilk araşdırıcılarından biri olan George Mosse Nationalism and Sexuality: Respectability and Abnormal Sexuality in Modern Europe (Milliyətçilik və Cinsəllik: Modern Avropada Mötəbərlik və Anormal Cinsəllik) (1985) əsərində milllətin quruluşunu kişilərin və maskulinliyin müəyyənləşdirdiyini, qadının isə arxa səhnəni hazırladığını irəli sürürdü. Mosseyə görə “qoruyan kişi” mifi “qorunan qadın” mifininin ortaya çıxmasına səbəb olur. Amma əsas qorunansa “qadınların iffəti və namusu”dur. Namus və iffətin qorunması qadının vəzifəsi, kişinin isə “milli utancdan” xilas olma yoludur. Bu mənada Ensiklopediyanın giriş yazısındakı bəzi hallar üçün bildirilən təəssüf hissi də qadınların vəzifələrini yerinə yetirə bilməmələrinin, yəni arxa planda qalaraq arzu olunduğu kimi ismətlərini qoruya bilməmələrinin təəssüf yükü ilə doludur. Amma bu, təkcə bu yazıya məxsus bir hiss deyil.


Özünün Guardians of the Nation: Women, Islam and the Soviet Legacy of Modernization In Azerbaijan (Millətin Qorucuları) məqaləsində Nayereh Tohidi (1998) Azərbaycanda qadının həmişə namus qoruyucusu rolunda olduğunu göstərir. Tohidiyə görə, istər Çarlıq, istərsə Sovet dövründə, həmçinin post-Sovet dövürdə azərbaycanlı qadın millət quruculuğunun həm obyekti, həm də subyektidir. “İsmətli qadın” obrazı xüsusilə Rusiya ilə münasibətlərdə “biz və onlar” strukturunun əsasını təşkil edərək milli kimliyin qurulmasında xüsusi yer tuturdu. (1998:163-165). Buna görə də hər nə qədər Sovet dövründə qadınlar ictimai həyatda nisbətən aktiv rol alsalar da, bu onları məişət və ailə həyatında patriarxal normalara və adət-ənənəyə uyğun olaraq “ismətlərini qorumaq vəzifəsindən” azad etmirdi. Üstəlik, ictimai həyatda da Sovetlər dövründə kişilər və qadınlar arasında bərabərlik olduğu deyilə bilməzdi (1998:142-145).

Hələ Çarlıq dövründən etibarən, Azərbaycanda “qadın məsələsi” digər bir çox üçüncü dünya ölkələrində olduğu kimi modernləşmə və milli konstruksiyanın əsas parametrlərindən biri idi. Yeni formalaşmağa başlayan milli burjuaziya və maarifçilər qadınların rolunun da müasirləşməli olduğunu düşünürdü. Amma bu, qadınların azadlıq və bərabərliyindən daha çox “savadlı modern ana” roluna hesablanmışdı. 1911-ci ildə çap olunan ilk qadın jurnalı “İşıq”da Şəhrəbanu Şabanzadənin “Oxumaq lazımdır” məqaləsi dövrün əsas maarifçi fikrinin xülasəsi kimidir:

“Əvət, qadınlar bəşəriyyətin anası, insaniyyətin ruhu olduqları üçün hər kəsdən əvvəl təhsili-elm etməlidirlər. Halbuki biz o qaydadan çıxıb millətimizin tənəzzülünə bais olmuşuz. İştə birinci olaraq bu bəlanı dəf və izalə etmək üçün biz də baisi-tərəqqi olan mətbuatımızın tərəqqisi üçün oxuyalım! Oxutduralım! Oxumağa çalışalım! Oxumaq lazımdır, oxumaq!!!”[7]

Digər tərəfdən, məsələn, Tağıyevin qızlar məktəbinin də həm bahalı olması, həm də məktəbdə oxumaqla yanaşı ev işlərinin də öyrədilməsi Azərbaycan burjuası və maarifçiliyinin qadının həqiqi azadlığı və statusunun yüksəldilməsini nəzərə almadığınıgöstərir. Yəni istər modern olsun, istərsə də mühafizəkar, “qadın məsələsi” ilə bağlı milliyətçi-maarifçi perspektiv “seçilmiş müəyyən reformlar” və “öz dəyərlərin” (qərbin elmi + öz mənəviyyatımız) birliyindən meydana gələn anlayış idi (Tohidi,1998).

Üstündən 100 il keçdikdən sonra belə, “milli qadın” və ya “milli feminizim” anlayışlarının eyni çərçivədə olması təsadüfi yox, milli layihənin davamlılığının göstəricisidir. Məsələn, özünü ilk feminist sayt kimi təqdim edən qadinkimi.az saytının baş redaktoru Aysel Əlizadə saytın açılışını 1918-ci ildə elan edilmiş “milli cümhuriyyətə” hədiyyə edirdi.[8] Həmçinin, özünün “Türk qadını rəngli kəlağayı bağlayıb, qara örtükdə gəzməyib” məqaləsində Azərbaycanda qadınların probleminin yetərincə milli olmamaqlarından qaynaqlandığını iddia edir: “Əziz qadınlar, milli koloriti olan kəlağayıya yiyə duraq. Örpəyimizə yenidən can verək. Ağa olduğumuzu xatırladaq. Nə deyirsiz?”[9]


Azərbaycanda din, ənənə və millət üçbucağında formalaşdırılan bu “qadın konstruksiyasını” Jill Vickersin araşdırmasında (2006) da müşahidə etmək mümkündür. Araşdırmaya görə, Sovetlər dağıldıqdan sonra bir çox azərbaycanlı qadın ictimai həyatda deyil, evdə qalmağa üstünlük verməyə meyllidir. 30 fərqli ölkənin müqayisəli sxemini hazırlayan Vickers qadınların dövlətin strukturuna bağlı olaraq ictimai həyatda yer almağa hər yerdə can atmaya biləcəyini, əksinə, feminizmi dəstəkləməyərək “evə qayıtmaq” arzusunda ola bildiyini göstərir. Həmin yerlərdə kişilər isə ictimai rolların tamamına yiyələnərək milliyətçilik hərəkatını daha da fəallaşdırırlar. Bu mənada azərbaycanlı qadınlar da çoxluqla milliyətçi layihəni dəstəkləyərək “evə qayıtmağın” lehində olan kateqoriyadadır (2006:88). Yəni qadınların evdə/arxada mühafizə altına alınması fikrinin qadınlar tərəfindən də dəstəklənməsi Azərbaycan milli layihəsinin uğuru kimi görülə bilər.

Amma nəzərə almaq lazımdır ki, bu milliyətçi görüşdə mühafizə altına alınan təkcə qadının fiziki bədəni deyil, həm də “ana vətənin bədəni”dir. Milliyətçi diskursda vətənin bir qadın bədəni olaraq təmsil edilməsi kişi qardaşlardan mütəşəkkil millətdə, kişilərin birliyinə söykənən bir milli kimlik inşa etmək üçün istifadə edilir. “Millət kişilərin birliyinin rəmzidirsə, vətən də namusu qorunmalı olan qadındır” (Afsaneh Najmabadi,1997). İran millətçiliyi ilə vətən arasındakı cinsiyət münasibətlərini araşdırdığı məqaləsi The Erotic Vatan [Homeland] as Beloved and Mother: To Love, To Possess, and To Protect (Sevgili və Ana Olaraq Erotik Vətən: Sevmək, Özününküləşdirmək, Qorumaq)da Najmabadi, millət və vətən arasındakı namus bağını bu cür ifadə edir:

Kökləri İslam düşüncəsində olan namus anlayışı millətin dini icmadan milli icmaya çevrilməsiylə birlikdə dini mənasından (namus-i İslam) qoparılaraq milli mənaya çevrilmişdi (namus-i İran). Qadının isməti fikri ilə İranın bütünlüyü arasında gedib gələn namus kişinin lazım gəldikdə qadının ismətini, lazım gəldikdə isə İranı sahiblənməyinə və mühafizə etməyinə bağladı: cinsəl namus ilə milli namus qarşılıqlı olaraq bir-birilərinin qurucusu olmağa başladı.[10] (1997:444)

Namus anlayışnın vətən və qadın arasındakı bu assosativ bağlayıcı gücü Azərbaycan üçün də qüvvədədir. Beləcə, Nuval-Davis tərəfindən bərabər vətəndaşlıq hüquqlarının təcrid ediciliyi ilə bağlı yuxarıda vurğulanan vəziyyət Azərbaycan nümunəsində özünü aşkar şəkildə göstərir. Vətəndaşlıq rolları milliyətçi arzuların yönünə görə dəyişir, nəyin nə vaxt qadınların vətəndaşlıq borcu olduğu milliyətçi diskurs tərəfindən müəyyənləşdirilir. Bunun ən aşkar olduğu vəziyyət isə böhran anları, yəni müharibə vəziyyətləridir. Enloe milliyətçi hərəkatın militarist hala gəldiyi anlarda cəmiyyətdəki kişi üstünlüyünün daha da artdığını bildirirdi. Buna əsasən, Enloe, orduya dair hər şeyin son dərəcə maskulin xüsusiyyətlərə sahib olduğunu göstərir (1990:56). Belə demək mümkündürsə, militarist anlarda milliyətçiliyin vəd etdiyi bərabər vətəndaşlıq mifi tamamilə ortadan qalxır; artıq o, müharibənin (militarizmin) tələb etdiyi tək vətəndaşa, “bığlı mələk”ə çevirilir.




“Bizim Qadın – Düşmən Qadın”

Dumanlı dağların başında durdum,

Dumandan özümə bir xeymə qurdum,

Keçdi xəyalımdan öz gözəl yurdum,

Dumanlar içində duman görünür.

(Əliağa Vahid)


Edward Said Orientalism (Şərqşünaslıq; 1979) əsərində qərbin şərq üzərində müstəmləkəçi siyasətinə paralel olaraq, orientalist əsərlərdə bir-birinin həm əksi olan, həm də bir-birini tamamlayan iki cür dişilik obrazı formalaşdığını göstərir. İlk obraz “qadın olaraq şərq”dir. Erotik cazibə, antirasional ehtiras olaraq “qadın şərq” qərbli imperialistlərə bu qadını “ələ keçirməyə”, “onun içinə (qaranlıq/sirrli guşələrinə) girməyə”, nəticədə onu zəbt edərək öz erotik arzularını həyata keçirməyə səsləyən bir məkandır. “Bu, xüsusilə səyyahların və romançıların yazılarında açıq-aydın görünür: Qadınlar, çox vaxt kişi təxəyyülündən çölə çıxmış məxluqlardı. Sərhədsiz şəhvətin ifadəsi, tamamilə axmaq və ən əsası istəklidirlər”. Digər obraz isə “barbar şərqli kişinin” zorlamasından mühafizəsi lazım olan “nəvazişli qadın qərb”. Nəticədə zəbt edilməyə çalışılan məkan da, müdafiə olunmağa çalışılan məkan da bir-birindən fərqli olsa da, qadın bədəni kimi təsvir edilirdi.

Azərbaycanla Ermənistan arasındakı Qarabağ konflikti ətrafında yaradılan narrasiya da Saidin təsvir etdiyi “qadının dualist bədəni” üzərindən tez-tez gündəmə gəlir. Bir tərəfdə “qadınlarımızın döşü kəsildi” sado-erotik ritorikası ilə “barbar erməni kişisinin ismətli azərbaycanlı qadına yaşatdıqları” narrasiyası (və o isməti qoruya bilməməyin gətirdiyi “kişilik utancı”), digər tərəfdə “erotik nəsnə olaraq zorlanmağa dəvət edən erməni qadını”.

Nümunələri çoxdur. Hələ müharibədən əvvəl həm KİV-də həm də kitablarda “ermənilərin azərbaycanlı qadınlara etdikləri” iddiasında olan bir çox material var idi. Məsələn, AMEA-nın əməkdaşı, siyasi fəlsəfə doktoru Zaur Əliyev “Erməni işgəncə növləri” başlıqlı yazısında

“Ermənilər əsasən Xocalı şəhərindən əsir düşən hamilə qadınların qarınlarını əsgər bıçağı ilə cıraraq, bətindəki uşağı itlərə yem edir, qadının daxilinə giliz, diri pişik, ilan, qurbağa, siçan və sairə doldurur, yaranı tikir və qadının əzablar içərisində ölməsinə baxırdılar.”

Və ya

“ Ermənilər 4 yaşından 60 yaşına qədər bütün qız və qadınları növbə ilə zorlayır, sonra onları lüt halda rəqs etməyə məcbur edirdilər. Xocalıdan əsir düşən 6 yaşlı bir qızın zorlanmasına dözə bilməyən anası özünü kəndirlə boğaraq, digəri isə işləməyə aparılanda yaba ilə özünü öldürmüşdür. Əsir azərbaycanlı qızların içərisində bakirə olaraq saxlanan qızlar Qarabağa qonaq gələn xaricdəki ermənilərə və bəzi xarici ölkələrin yüksək titullu məmurlarına hədiyyə edilirdi.”

kimi işgəncə, qətl və zorlama metodlarını təsvir edərək bu məlumatların “şahidlərin ifadəsi, MTN-nin məlumatları, “Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası”nın hesabatları, müharibə iştirakçıları, erməni müəlliflərinin yazdıqlarına əsaslan”dığını iddia edirdi. Hərçənd hansı məlumatın hara əsaslandığını göstərmədiyi üçün məqalənin daha çox “milli təxəyyülün” məhsulu olduğu hiss olunur.[11]


Joane Nagel “Düşmən qadınlar seksual baxımdan hər zaman çox sərbəst, asan əldə edilə bilən, daha tək tip ifadə olunur: sürtüklər, fahişələr ya da legitim təcavüz hədəfləri” deyə yazırdı. Bu mənada erməni qadınları da “legitim təcavüz nəsnələri” obrazı ilə mediada dəfələrlə gündəmə gətirilirdi. Məsələn, modern.az saytında 2011-ci ildə dərc olunan “Fahişəlik ilahəsinin erməni gözəlçələri” yazısında erməni qadınların tarixən də, bu gün də fahişəliklə məşğul olduğu “mənbələrlə” iddia edildikdən sonra

“Buradan da aydın olur ki, erməni fahişələri öz viruslarını yaymaq üçün sərhəd tanımır. Bəli, budur hay kişi və qadınlarının gerçək üzü! Bir millətin ki, qadını fahişə, kişisi isə gözəlçədir, onlardan hər cür iyrənclik gözləmək mümkündür. Və beləcə anlayırıq ki, biz kişilərlə yox, fahişəliyi tarixən özünə peşə seçən cinsiyyətsizlərlə üzbəüzük!”

nəticəsinə gəlinir.[12]


Bir başqa nümunədə isə erməni qadınlarının təkcə fahişəliyi deyil, həm də “bizim kişiləri yoldan çıxaran dəvətkarlığı” qabardılır. “Ermənistanın qədim peşə sahibləri türk kişilərini necə yoldan çıxarır?” başlıqlı məqalə “Azərbaycanın başına gələn bütün bəlaların səbəbkarını” taparaq sonlanır:

"Doğrusu, Ermənistanda fahişəliyin kökünü araşdırarkən üzə çıxan bu tarixi faktlar bizi həmişə düşündürən bir məsələyə cavab tapmağımıza da vəsilə oldu. İndi anlaşılır ki, həmişə bizim mənsəb sahiblərimizin, sovet dövründə ölkədə yüksək postları tutan şəxslərin, gənc və perspektivli yazarlarımızın (maraqlananlar sosial şəbəkələrdə yeni ədəbiyyatçılarımızın, köşə yazarlarımızın erməni qızlarına heyranlıqlarını asanlıqla müşahidə edə bilərlər-red.), Türkiyədə də türk kişilərinin ağlını başından alan erməni qızların hansı cəhəti imiş"...

Yazının daha da əhəmiyyətli tərəfi, Ermənistanı bir məkan olaraq “fahişə qadınla” assosasiya etməsidir. “Ermənistanda əxlaqsızlıq üçün münbit şərait” yarım başlığında Türkiyə mətbuatı Ermənistandakı qaynaqlara istinad edərək Ermənistanda fahişəliyin təkcə iqtisadi vəziyyətin ağırlığı səbəbindən çiçəklənmədiyini yazır. Türkiyə ermənilərinin bloqunda qeyd olunub ki, Ermənistanda fahişəlik üçün təbii şərait var. Çünki hələ 2001-ci ilin rəsmi statistikasına görə, ölkədə 3 milyon 150 min əhalinin 2 milyon 100 mini, yəni ½-i qadındır. Nəzərə alınsa ki, əmək qabiliyyətli kişilərin də yarım milyonundan çoxu işləmək üçün Rusiya və başqa ölkələrə gediblər, onda ölkədəki demoqrafik balansı təsəvvür etmək çətin deyil” deyilərək, “kişilikdən əziyyət çəkən ermənistan” vurğusu artırılır.[13]

Bütün bunlarla yanaşı müharibə dövründə “düşmənin fahişə qadını” obrazı, birbaşa düşmənin obrazına və düşmənin coğrafiyasına çevrilərək təmsil genişliyi daha da artırılır. Bir başqa deyişlə, düşmən bədəni artıq tamamilə ələ keçirilməli olan “fahişə qadın bədəninə” çevrilir. Bu, həm son müharibə dövründə, həm də sonrasında davam etdirilən xəttdir. Müharibə dövründə Ermənistan tərəfindən qadınların da döyüşdüyü ilə bağlı xəbərlər “Ermənistanda kişi qalmadı: Qadın könüllülər cəbhəyə göndərilir[14], “Erməni qızların hər kəsi güldürən hərbi təlim görüntüləri[15] kimi başlıqlarla verilərək “kişi azərbaycanın maskulin gücü” ilə “qadın ermənistanın zəifliyi” qabardılır. Çünki müharibə özü bir növ “kişiliyə dəvət” yoludur (Mosse,1985: 34). Ancaq “qadın olaraq ermənistanın” (“qadınlara xas”) hiylələrinə qarşı da sayıq olmaq lazım idi. Çünki “Ermənilər qızlarını cəbhəyə başqa məqsədlə göndərirlər”. Bu başlıqlı yazıda azərbaycanlı keçmiş qadın döyüşçü azərbaycanlı kişiləri bu hiyləyə qarşı ehtiyatlı olmağa çağırırdı:

Azərbaycan qadınlarının müharibəyə getməyinə ehtiyac yoxdur. Bizim kişilərimiz, qardaşlarımız, atalarımız, həyat yoldaşlarımız çox şücaətlə döyüşürlər. Harda əsgərlərimizə xidmətə ehtiyac varsa, qadınlarımız ordadır. Yetərincə çox sayda qadınlarımız hərbi xidmətdə qulluq edir. Biz onların qadınlarıyla döyüşmək istəmirik. Biz onların kişiləriylə döyüşmək istəyirik, qadınlarını isə qadın saymırıq. Erməni qadınlarıyla döyüşmək Azərbaycan qadınına ləkədir. O qadınlar bizim üçün həşəratdır. Onlar qadınlarını cəbhəyə göndərərkən döyüşmək üçün yox, Azərbaycan kişilərini ələ almaq üzrə təlimatlandırırlar[16]

“Qadın Ermənistan” və ya “kişiliyini itirən Ermənistan” diskursu müharibədən sonra da davam edirdi. “Ərsiz qalan Erməni Gəlinləri Xankəndidə süni mayalandırma ilə doğub-törətmək, çoxalmaq planı.”[17], “Maviləşən Ermənistan ordusu[18] , “Erməni Qadın Sülhməramlıları Satdı[19], “Ermənilər “ağır artilleriya”nı işə salıb: Xankəndində erməni qız rus sülhməramlısından hamilə qaldı[20] kimi bir çox məqalə və xəbərdə Ermənistan “kişiliyini itirmiş”, “qadınlaşmış” və buna görə də patriarxal təsəvvürdəki “fahişə qadın” xüsusiyyətlərinə yiyələnmiş bir məkan olaraq təsvir edilir. Sosial şəbəkələrdə gen-bol yayılan, ermənilərin “fahişə qadın” və “zorlanmağa layiq qadın” kimi verilən təsviri isə bu məqalənin çərçivələrinə yerləşməyəcək qədər çoxdur və yayılmağa davam edir. Cynthia Enloenun vurğuladığı kimi, “qadınlar ya millətin qoruyub müqəddəsləşdirdiyi ikonalar, ya da ələ keçirilib alçaldılacaq müharibə qəniməti olur. Hər iki vəziyyətdə də həqiqi oyunçular azadlıqlarını, namus və şərəflərini vətənlərini və qadınlarını qoruyan kişilər olur” (1990,45).



Nəticə

Nəticədə, hər nə qədər milliyətçilik “bərabər hüquqlu vətəndaşlar” mifi ilə fəaliyyətə başlasa da, milli dövlət qurulduqdan və milliyətçi ideologiya hakim pozisiyaya keçdikdən sonra, vətəndaşlar milli layihənin və “kəşf olunan ənənələrin” hegemoniyasına uyğun olaraq gender rollarını həyata keçirməyə başlayır. Azərbaycanda isə bu, “kişinin namusu” (bığ) və “qadının isməti” (mələk) rolları ilə təyin olunur. Amma milliyətçilik layihəsi militaristləşdikdə, bu rollara da kişinin xeyrinə yeni bir çərçivə qoyulur. Tamamilə maskulinizimlə dolu olan militarizm “bığ və mələyi” kişinin lehinə birləşdirir. 2020-ci ildəki Qarabağ müharibəsindəki “bığlı mələk” obrazını da militarizmin bu birləşdiriciliyi olaraq görmək mümkündür. Lakin müharibədən sonra baş verən başqa bir simvolik hadisəni də xatırlamaq lazımdır. Müharibə veteranı ilə müsahibə götürməyə gedən vətənpərvər qadın jurnalist daha sonra ictimaiyyətə həmin veteran tərəfindən cinsi qısnamaya məruz qaldığını açıqladı. Yəni müharibə bitmiş, bığ və mələk ayrılmış, kişi və qadının vətəndaş olaraq gender rollarını bərpa etməyin vaxtı çatmışdı.





İstifadə Olunmuş Ədəbiyyat

Anderson, Benedict (2006). Imagined Communities(reprint). Verso.London.

Enloe, Cynthia (1990). Bananas, Beaches, Bases: Making Feminist Sense of International Politics.University of California Press.

Enloe, Cynthia (2000). Manoeuvres: The International Politics of Militarizing Women's Lives. University of California Press.

Gellner, Ernest (1983). Nations and Nationalism. Basil Blackwell Publishing. Oxford

Hobsbawm, Eric. and Ranger, Terence (1983). The Invention of Tradition.

Cambridge University Press. Cambridge.

Hobsbawm, Eric(2000). Nations and Nationalism since 1780: Programme, Myth, Reality. (Second Edition). Cambridge University Press. Cambridge.

Jayawardena, Kumari (1986). Feminism and Nationalism in the Third World. Zed Books.London-New Delhi.

Mehdiyev, Ramiz (2002). Azərbaycan Qadın Ensiklopediyası.Azərbaycan Milli Ensiklopediyası Nəşriyyat-Poliqrafiya Birliyi.Bakı.

Mosse, L. George (1985). Nationalism and Sexuality: Respectability and Abnormal Sexuality in Modern Europe. Howard Fertig. New York.

Najmabadi, Afsaneh (1997). The Erotic Vatan [Homeland] as Beloved and Mother: To Love, To Possess, and To Protect. Comparative Studies in Society and History, Vol. 39, No. 3 (Jul., 1997), pp. 442-467.

Said, Edward (1978) Orientalism. Routledge & Kegan Paul Ltd.

Smith, Anthony (1986). The Ethnic Origins of Nations. Blackwell Publishing.

Tohidi, Nayereh (1998). “Guardians of the Nation- Women, Islam and the Soviet Legacy of Modernization In Azerbaijan” Women in Muslim societies: diversity within unity. Ed: N. Tohidi & H.L. Bodman. Lynne Rienner Publishers. Colorado.

Vickers, Jill (2006). Bringing Nations In: Some Methodological and Conceptual Issues in Connecting Feminisms and Nationalisms.International Feminist Journal of Politics, 8:1 March 2006, 84–109.

Yuval-Davis, Nira &Anthias, Floya (1989).Woman- Nation-State. MacMillan Press.London.

Yuval-Davis, Nira (2008). Gender and Nation(reprint). Sage Publishment.London.


Qeydlər: [1]Mələk obrazı müxtəlif mifologiyalarda, dinlərdə və onların müxtəlif qollarında bir-birindən fərqli göstərilə bilər. İslâm dinində isə mələk “fərqli surətlərə girə bilən və duyğularla hiss edilməyən nurani varlıqlar”dı. Qurana əsasən insanlar və cinlərdən fərqli olaraq nurdan yaradıldığına inanılan mələklərin yeyib içmədikləri, vəzifələrinə uyğun olaraq iri və güclü ola bildikləri, bu güclərini təmsil edən əllərə və birdən çox qanada sahib olduqları bildirilir. Quranda həmçinin müşriklərin mələkləri dişiliklə ifadə etmələri və “allahın qızları” kimi adlandırmaları rədd edilmiş, onların cinsiyyətsiz olduğu vurğulanmışdır. (TDV İslam Ensiklopediyası:https://islamansiklopedisi.org.tr/melek) [2]“Min Beş Yüz İlin Oğuz Şeiri” antalogiya layihəsi Nazim İbrahimova, şeirlərin seçimi, tərtibi və izahı isə yazıçı Anar Rzayevə məxsusdur. [3]Primordialist və perennialist yanaşmaların milliyətçi ideoloq və liderlərin propaqandalarından kənar artıq akademik olaraq heç bir keçərliliyi qalmadığı müxtəlif şəkillərdə ifadə edilib. Bəzi araşdırmaçılar bu yanaşmaların ciddiyə alınacaq tərəfi olmadığını bildirdiyi kimi, bəziləri isə (Eller və Coughlan) bunların ümüumiyyətlə sosiologiya ədəbiyyatından çıxarılmalı olduğunu vurğulayıblar. Ancaq Anthony Smith kimi bəzi araşdırmaçılar isə xüsusilə perennailist araşdırmaların əhəmiyyətli olduğunu, bununla etnik simvolların, diskursların, yaddaşların anlaşıla biləcəyini vurğulayıb(Smith,1986:192). [4]The Invention of Tradition (1983) E. Hobsbawm and T. Ranger; Nations and Nationalism since 1780 Programme, Myth, Reality (1991) E. Hobsbawm; Imagined Communities (1983) Benedict Anderson; Nations and Nationalism (1983) Ernest Gellner. [5]G.L. Mosse- Nationalism and Sexuality: Respectability and Abnormal Sexuality in Modern Europe, (1985); Kumari Jayawardena - Feminism and Nationalism in the Third World (1986); Cynthia Enloe - Bananas, Beaches, Bases: Making Feminist Sense of International Politics (1990); Cynthia Enloe - Maneuvers: The International Politics of Militarizing Women's Lives (2000); Nira Yuval-Davis ve Floya Anthias (ed.)-Woman- Nation-State (1989). Nira Yuval-Davis- Gender and Nation (1997) [6]Məsələn, İngiltərənin Guardian qəzetində İyul, 2021-ci ildə dərc olunan son araşdırmaya görə İngiltərə ordusundakı qadınların 2/3-i qısnamaya və ya cinsi istismara məruz qalıb: https://www.theguardian.com/uk-news/2021/jul/25/two-thirds-of-women-in-uk-military-report-bullying-and-sexual-abuse [7]nəql edən: http://www.anl.az/down/meqale/xalqcebhesi/2014/aprel/361398.htm [8]https://musavat.com/news/aysel-elizade-azerbaycanin-ilk-feminist-saytini-acdi_526410.html?fbclid=IwAR2zD-G7neWpZz_jGdMpmHd_NvKmUNA22y3-wxoTGeEIrxXyacGPeMV0Xyc [9]http://qadinkimi.az/az/turk-qadini-rengli-kelaayi-balayib-qara-rtukde-gezmeyib/?fbclid=IwAR0GJ2u5PGulwwf3bGbp07H99vQ3MDyWR9dreIM5BlQ7bPSpDpV9ptyA1yc [10]Afsanah Najmabadi 2005-ci ildə çap olunan Women with mustaches and men without beards: gender and sexual anxieties of Iranian modernity (Bığlı qadınlar və saqqalsız kişilər: İran modernləşməsinin gender və seksual təşvişləri) kitabında İrandakı milliyətçiliyin (və millətin) formalaşması ilə gender münasibətlərini daha ətraflı araşdırır. Najmabadi modernləşmə ilə birlikdə “qadın vətənə” duyulan kişi sevgisinin heteronormativliyini vurğulamaqla birlikdə bunun eyni zamanda İranın Sufi ənanəsindəki homoseksual sevgidən də qopma olduğunu bildirir. (2005:2). Qısacası, “erotik vətən” təkcə arzu olaraq deyil, həm də heteronormativ arzu olaraq milliyətçiliyin əsasında dururdu. Daha ətraflı bax:Women with mustaches and men without beards : gender and sexual anxieties of Iranian modernity (A.Najmabadi,2005,University of California Press) [11]http://www.nuh.az/23325-ermni-ignc-nvlri-ok-fotolar-18.html [12]https://modern.az/az/news/18085 [13]https://news.milli.az/armenia/37004.html [14]https://oxu.az/war/432490 [15]https://baku.ws/karabakh/101270 [16]https://modern.az/az/news/261595/ermeniler-qizlarini-cebheye-basqa-meqsedle-gonderirler-kecmis-doyuscu-qadindan-cagiris [17]https://yenisabah.az/ersiz-qalan-ermeni-gelinleri-xankendide-suni-mayalandirma-ile-dogub-toretmek [18]https://kaspi.az/az/mavilesen-ermenistan-ordusu?fbclid=IwAR2b5Z7UXPmJqP0hme9vb3O3Ab3nFsUwqw91LsetpoE56w-R6db3aIcxTJU [19]https://oxu.az/society/521416 [20]http://pia.az/ermeniler-agir-artilleriyani-ise-salib%E2%80%A6-%E2%80%93-xankendinde-ermeni-qiz-rus-sulhmeramlisindan-hamile-qaldi-398825-xeber.html

254 views
bottom of page