top of page
  • Sevinj Samadzade

İranda feminist inqilab - “İnsanları məcburi öz cənnətinizə apara bilməzsiniz!”


Bəndər Abbasda Məhsa Əminin ölümü ilə bağlı keçirilən etiraz aksiyasında qadınlar hicablarını yandırırlar. | Mənbə: Courtesy

Biz, Azərbaycandan olan solçu feministlər olaraq öz yaxın coğrafiyamızdakı bu feminist inqilabi prosesə tam həmrəylik ifadə edir və onun ideyaları, taktika və tələblərinin bizim üçün necə önəmli olduğunu bildirmək istəyirik. Biz İrandakı müxtəlif etnik qruplardan olan bacılarımızın yanındayıq və ümidliyik ki, bu mübarizə tarixi an olaraq geniş regiondakı feminist mübarizələrə təkan verəcək və bizim feminist utopiyalarımızın ən mükəmməl nəticəsinə çatmadan belə getdikcə əldə oluna biləcəyini göstərəcək.

16 senytabr 2022-ci ildə, İranda “əxlaq polisi” tərəfindən dövlətin hicab qaydalarına uyğun geyinmədiyini iddia edərək 3 gün əvvəl həbs edilib işgəncə verilən 22 yaşlı Məhsa Əmini həyatını itirdi. Buna cavab olaraq qadınlar həm qadın bədənini nəzarətdə saxlayan və onu qətl edən polisə və onun havadarı olan rejimə qarşı etiraz səslərini ucaldaraq yeni inqilabi bir prosesə başlamış oldular.


Etnik kürd olan Məhsanın kürd adı “Jina”-dır və bu kürdcə “yaşam/həyat” deməkdir. “Jina” kürd qadınlarının Türkiyədə və Rojavada 2013-cü ildən bəri siyasiləşdirdikləri bir termindir və bu termin yerli feminizminin həm nəzəri həm də praktiki əsasında dayanır. Odur ki biz Türkiyədə də feminist yürüşlərdə eşitdiyimiz, eyni zamanda Rojavada İŞİDə qarşı döyüşən qadınların əsas sloqanı olan “Jin, Jiyan, Azadî (Qadın, Həyat və Azadlıq)”-in bu dəfə İranda kütləvi etirazların əsas şüarına çevrildiyini gördük. Yaxın şərqdəki dekolonial və anti-imperialist feminizmin siyasiləşməsi və inqilabi porseslərə təkan verməsi feminizmin digər mübarizələrlə kəsişdirərək necə daha geniş bir kollektiv gücə çevrildiyini göstərməkdə davam edir. Məhsa/Jinanın qətlindən bəri həftələrdə davam edən bu etirazlar feminist inqilabın başlanğıcıdır.


Məhsa Jina Əmini

Əvvəla inqilab hər hansı rejim dəyişikliyi, qiyam və ya islahat proqramı ilə əlaqəli olsa da onlarla məhdudlaşmır. İnqilabı onlardan fərqli edən müvəqqəti sosial dəyişiklik yox permanent bir proses olmasıdır. Bu permanent dəyişiklik nail olmaq istədiyimiz utopiyaları yarada bilmək üçün konkret baxışlar və ideologiyalar tələb edir. Bu prosesdə inqilabdan əvvəlki nizam məhv edilərək, yeni siyasi, iqtisadi və simvolik münasibətlər yaradılaraq gündəlik həyat yenidən təşkil olunur (Lauson, 2019, s.5). İnqilab və onunla gələn sosial transformasiyalar çatmaq istədiyimiz gələcəyə yəni utopiyaya aparan kollektiv səfərbərlikdir. Tomas Murun (2003/1516) utopiyaları məşhur təsnifatında da dediyi kimi, utopiya daha yaxşı bir dünyaya nail olmaq imkanları mümkün olan və bunun baş verə biləcəyinə inandığımız gələcəkdir. Bu alternativ gələcəyə gedən yolun başlanğıcı üçün isə kollektiv qəzəb, ümid və həmrəylik lazımdır.


1978-1979-cu illərdə başqa bir inqilab yaşamış və o zamankı utopiyaları tezliklə distopiyaya çevrilmiş nəsil və onların davamçıları üçün siyasi və sosial dəyişiklik tələbi 44 il ərzində ekzistensial bir səviyyəyə çatmışdır. İnqilabın proqressivliyini 1979-cu il fevralda hakimiyyətə gələn Ayatullah tezliklə azlıqlara, müxalifətə və qadınlara qarşı çevirməklə altüst etməyə başladı (Moğadam, 1997, s.114). Buna cavab olaraq 1979-cu il 8 mart-Beynəlxalq qadınlar günündə məcburi hicaba qarşı etiraz yürüşləri keçirən əsasən orta-sinif solçu və liberal İranlı qadınlar “Ya başımız örtüləcək ya da başımız yaralanacaq”, “ Biz inqilab etmədik ki geriyə gedək” deyərək inqilabın belə irticaçı məcraya keçməsinə etiraz etmişdilər (Moğadam, 1997, s.114). Bu etirazlardan sonra hicabı məcburi edən qayda bir müddətlik dayandırılsa da tezliklə 1980-ci ildən solçuları və liberalları hakimiyyətdən kənarlaşdırandan sonra artıq 1981-ci ildə hicab məcburiyyətə çevrilməyə başladı. Küçədə etriaz edən qadınları “Qərb mədəniyyətinə” tabe olan imperializmin dəstəkçiləri adlandıran Xomeyni və İslamist media ilə yanaşı, əslində, o zamankı solçular da məcburi hicab məsələsini və qadınların haqlarını imperalizmlə mübarizədə “ikinci” dərəcəli görürdülər deyə qadınların davamlı xəbərdarlıqları kölgədə qalmışdı[2].


8 Mart 1979-cu ildə İran qadınlarının Beynəlxalq Qadınlar Gününü qeyd etmələri Xomeyninin məcburi hicab haqqında yeni fərmanına qarşı etiraza çevrilir.

Lakin gender zülmü də daxil olmaqla digər hökmranlıqlara qarşı mübarizələr 44 il ərzində dayanmamış və dövlət repressiyalarına rəğmən etiraz səslərini davamlı ucaltmışdılar. Bu etirazlar əsasən iqtisadi səbəblərdən doğsa da məcburi hicaba etiraz və bununla bağlı debat bir müddət idi ki davam edirdi. Xüsusi ilə son 5 ildə 2017-ci ildən başlayaraq iqtisadi səbəblərdən genişlənən etirazlar daxilində məcburi hicab məsələsi yenidən aktuallaşmışdı. 2017-ci ildə 27 dekabrda Tehranda İnqilab küçəsində öz ağ hicabını çıxarıb çubuğa bayraq kimi taxaraq etiraz edən Vida Müvahəddən sonra, bir çox qadın “İnqilab küçəsinin qızları” adı ilə həm küçədə, həm sosial mediyada hicablarını çıxararaq etiraza qoşulmuşdular. Eyni zamanda Ruhanin prezidentliyi dövründə(2013-2021) müəyyən reformist cəhdlərlə məcburi hicabla bağlı qadağaların nisbətən yüngülləşdirildiyi deyilməsinə rəğmən, daha sonra fanatik Rəsinin hakimiyyətə gəlməsi ilə nəzarətin və zorakılığın aşkar şəkildə artıdığı görünürdü. Son dövrlər kuirlərə qarşı olan dövlət terroru da artmaqda idi və bu ilin sentyabrın əvvəlində 2 kuir aktivist qadın, Zəhra Seddiği və İlham Çobdar da ölüm cəzası almışdı.


Ümumilikdə son illər İranda insanların əksəriyyətinin dini dövlət olmaq və məcburi hicabla bağlı yanaşmalarının müsbət olmadığını bildirən bir neçə araşdırmalar var. 2020-ci ildə aparılmış müstəqil sorğulardan birində əhalinin 72%-inin məcburi hicaba qarşı olduğu göstərilir (GAMAAN, 2020). Yəni, artıq siyasi islamın hakimiyyəti saxlamaq üçün alət olunması ictimai təfriqə çevrilmişdir. Kollektiv 98-in[3] dediyi kimi “İslam respublikası öz əhalisinin ağlında artıq ölüb; indi insanlar onu həqiqətən öldürməlidir”. Odur ki, bu gün iqtisadi məsələlərlə yanaşı artıq digər hökmranlıqlar-həm etnik qruplara qarşı, həm qadınlara və kuirlərə qarşı olan zülmlər etirazların mərkəzi məsələlərinə çevrilib. Qadınların son etirazlarda hicablarını yandırması və əhalinin əksəriyyətinin məcburi hicaba qarşı qayanması ilə artıq rejimin uzun müddətdir istifadə etdiyi “psevdo anti-imperialist” narrativlərivlərin legitim olmadığı tam aşkara çıxardı. Təbii ki, hələ də bu diskurla qadınların azadlıqlarını imperializmə dəstək verən və qərbçi adlandıraraq yadlaşdırmağa çalışan rejim əslində öz bir faiz lokal oliqarxiyası da daxil olmaqla, Dünya Bankının göstərişlərinə və BVF intizamına əməl edərək, işçiləri və onların azsaylı həmkarlar ittifaqlarını nəzarətdə saxlayaraq və kapital üçün aşağı maaşlı bazar yaradaraq kapitalist-imperialist nizama qarşı yox, onun içində olduğunu göstərir (Bouzari, 2018). Eyni zamanda uzun illərin sanksiyaları rejimin qərblə münaqişəsinin nəticəsi olaraq göstərilsə də, aydındır ki bu sanksiyalar əksərən aşağı sinif üçün ağır iqtisadi nəticələr gətirmişdir və rejimin gücünü azaltmasına təsiri olmamışdır.


Lakin eyni cəhdlə qərbdəki bəzi liberal feministlər də İrandakı qadınların mübarizələrini öz kimlik siyasətləri daxilində və hər hansı rejim dəyişikliyini ideal olaraq 1979-dan əvvələ qayıdışla, başqa sözlə kolonial və kapitalist nizama geridönüş olaraq görürlər. İranda məcburi hicab sinfi hökmranlıqdan və kapitalist partiarxiadan kənarda deyil və onun metodlarından biridir. Ona görə İrandakı feminist mübarizələri sinfi mübarizələrədən uzaqlaşdırmağa çalışansadəcə siyasi islama qarşı qoyanlar da qadınların səslərini və fəaliyyətlərini alətə çevirlər. Etirazlarda hicabın yandırılmasını faşist İslamafobiya ilə eyniləşdirilməsi, və ya bu mübarizələrin dini azadlığa qarşı qoyulması isə başqa bir oriyentalist səfsəfədir. Məcburi hicabın o biri qütbündə dayanan bəzi İslamafoblar hicabı qadağan etməklə qadın bədəni üzərində eyni patriarxal zülmlə hökmranlığı və bədən siyasətini tətbiq edirlər.


Bu gün İranda feminist inqilaba şahid oluruq. Bu etirazlar yeni ümidin, başqa sözlə 44 illik davam edən “rejimin sonunun başlanğıcı” ola bilər. 25 sentyabr 2022-ci ildə bunu öz çağırışlarında ifadə edən “Ədalət axtaran müəllimlər” qrupu artıq aşkar bir inqilabi fazanın başlandığını, inqilabdan başqa bir həllin olmadığını qeyd edirlər. Son bir neçə həftədə müəllimlər, tələbələr, işçilər aktiv şəkildə İranın hər tərəfində etirazlara qoşulublar. Artıq ideoloji olaraq insanların qəzəbini soyuda bilməyən və islahat da təklif edə bilməyən rejimin yeganə aləti repressiyalardır. Etirazları zorakı şəkildə yatıran və bu günədək 27 uşaq da daxil olmaqla 215 nəfəri qətl edən rejim nəzarəti əldə saxlamaq üçün həm polis, həm də SEPAH (İran İnqilab keşikçiləri Ordusu) tərəfindən qiyamları yatırmağa çalışır. 2019-cu il benzin qiymətinin artmasına qarşı olan“Qanlı Noyabr” ilə tanınan kütləvi etirazlarda[4] 1500-dək adam öldürmüş[5], ölkə üzrə interneti tamamilə kəsmiş bu qüvvələr təbii ki, rejimi qorumaq üçün indiki etirazlarda da maksimum zorakılıq, nəzarət və işgəncədən çəkinmirlər. Lakin bu repressiyalar eyni zamanda inqilabçıların militant mübarizəyə keçmələri üçün zəmin yaradır. Çünki əgər inqilablar mövcud əzici və zorakı nizamı, gücü və hökmranlığı dəyişdirməyi hədəfləyirsə, əzənlə üz-üzə gəlmək üçün zorakılıqdan istifadə etmək qaçılmaz görünür (Fanon, 1963, s.37).



İranda Jinanın adı ilə başlayan “həyat” üçün mübarizəyə çevrilən bu etirazlar feminist inqilabı anlamaq və onun transmilli gücünü görə bilmək üçün bizə bir neçə nəticələr verir. Bu nəticələr, Argentinada başlamış #NiUnaMenos[6] (az. Bir (qadın) daha azalmayacağıq) hərəkatının lideri Veronika Qaqonun da təklif etdiyi feminist inqilab üçün olan əsas tezisləri bir daha təsdiqləyir. Bu tezislərdən bəzilərinə yekun olaraq nəzər sala bilərik.


Birincisi, feminist inqilablar müxtəlif məkanlarda və təxrübələrdə müxtəlif hərəkatlar arasında əlaqələr quraraq siyasi transversallığı, yəni üst-üstə düşən və kəsişən siyasi tələbləri yenidən kəşf edir. Məhsanın qətli əzilən qadınların, etnik qrupların, və işçilərin kollektiv qəzəbinin ortaq partlayışına çevrildi. Bu baxımdan qadınların azadlığı və gender zülmünə qarşı mübarizə sinfi mübarizə ilə paralel şəkildə insanların azadlıq tələbinin mərkəzində dayandığını görürük.


İkincisi, inqilabi tələbləri tətillər, küçə aksiyaları və siyasi kampaniyalarla birləşdirən feminist mübarizələr islahat və inqilab arasındakı ikililiyi aradan qaldırılır. Kapitalist patriarxal rejim daxilində təklif olunan islahatları bütövlükdə rədd edən İranlı feministlər artıq tələblərini inqilabi şəkildə, hicablarını başlarından açmaqla, havada yellətməklə və polis zorakılığına qarşı barikadalarda onları yandırmaqla göstərirlər.


Üçüncüsü, feminist inqilab qadınları inqilaba daxil etmək və onların təmsilçiliyini alətləşdirməkdən kənardır. Məhz elə İran tarixinə baxanda bu dəfəki etriazların inqilabi xarakterinin əvvəlkindən necə fərqləndiyini, artıq qadın haqlarının “ikinci” dərəcəli məsələ yox, mərkəzi məsələ və inqilabi güc olmasını görürük. Qadınlar inqilabın sadəcə iştirakçıları yox, artıq səbəbkarlarıdır və gender zülmünə qarşı olmayan heç bir dəyişikliklə barışmırlar.


Bu feminist inqilabın nəticələri isə həm daxili həm də beynəlxalq irəliləyişlərdən asılıdır. Daxili olaraq feminizmin siyasi transversal olaraq kəsişdiyi digər solçu mübarizələrin fəaliyyətləri, hərəkatlar arasında koordinasiya və tətillərin genişlənməsi labüddür. Kütləviləşən tətillər rejimin repressiyalarının bir nöqtədə yararsız olmağına gətirəcək. Beynəlxalq olaraq isə həmrəylik və dəstək vermək çox önəmlidir. Təbii ki, bu dəstək əsasən daxildəki səsləri ədalətli şəkildə çatdırmaq və yerli ehtiyaclara lazımi səfərbərlik göstərməkdir [7] .




Əlavə: Kürd Sol Feministlərin İranda Feminist Qiyamla bağlı bəyənatı[8]

İrandakı hazırkı feminist qiyamla bağlı Kürdüstandan olan solçu feministlər tərəfindən yazılan və imzalanan bəyanat.

Kürdüstandan səsimizi eşidirsiniz. Bu səs, tarixi ayrı-seçkilik, həbs, işgəncə, edam və sürgünlə əlamətdar olan bir coğrafiyadan olan solçuların və marginallaşmış feministlərin kollektiv səsidir. Bu, 1979-cu il inqilabının ilk günlərindən belədir. Biz təkcə zorakılıqla deyil, həm də mübarizə və müqavimətlə dolu bir tarixi miras götürmüş kürd qadınlar və kuirlərik. Biz həmişə bir neçə cəbhədə vuruşmalı olmuşuq: bir tərəfdən kürd və qeyri-kürd kişilərin patriarxiyasına qarşı, digərində isə rejimin islamçı fundamentalizminə və onun gender iyerarxiyasının tətbiqinə qarşı. Şovinist feministlərə qarşı, biz etnik-milli azlıq olaraq bizə tətbiq edilən müxtəlif hökmranlıq formaları ilə kəsişən şəkildə gender zülmünü ifadə etmək üçün çox ciddi mübarizə aparmışıq.

Bu gün hamımız İranda forma və məzmun baxımından feminist inqilabın şahidi oluruq. Kürdcə “ Jin – Jiyan – Azadî ” (“Qadınlar-Həyat-Azadlıq”) şüarı bu mübarizələr silsiləsinin mərkəzi tələbinə çevrilərək ona yeni bir həyat verdi. İranda xalqın mübarizəsinə, xüsusən də qadınların küçələrdə cəsarətli və qarşısıalınmaz döyüşlərinə barışmaz dəstəyimizi ifadə edirik. İndiki üsyanın Jina Əmininin dövlət femisidi nəticəsində qətlindən doğduğunu nəzərə alıb, biz bu üsyana Jinanın adınını vermək istərdik: “Jina hərəkatı ” [“həyat üçün hərəkat”]. Kürtcə Jina adı həm həyat, həm də həyat verən mənasını verir və bu ad indi hər yerdən ucalan şüarın orta kəlməsi olan Jiyan'ı xatırladır. Bizim üçün Jina uyğun addır, çünki biz inanırıq ki, “ Berxwedan jiyan e” [kürd şüarına istinad, “həyat müqavimətdir”].



Bu üsyan nəinki gender və seksual zülm məsələsini ictimai bir narahatlıq səviyyəsinə qaldırdı, həm də genderləşmiş, etnik və sinfi təzyiq formalarının necə radikal şəkildə, yəni bir-biri ilə əlaqəli şəkildə ifadə oluna biləcəyini praktikada göstərdi. Bu siyasi artikulyasiya etirazçılara diktaturaya, siyasi islama, şovinizmə, patriarxiyaya və kapitalın hökmranlığına qarşı güclü və vahid cəbhə yaratmağa imkan verdi. Sosial mübarizələri “özəl” sferadan “ictimai” sferaya, məişət sahəsindən küçələrə daşıyan o qadınlar və kuirlər bizi həqiqətən ruhlandırır, çünki bizə patriarxatdan, dövlət və kapitaldan qurtulmağın bir-biri ilə necə dərindən bağlı olduğunu göstərdilər.


Unutmayaq ki, tarixin kritik bir konyukturunda, həlledici dönüş nöqtəsindəyik. Jina bu çoxşaxəli və çətin şəraitdə bizi birləşdirən ümumi kodumuza çevrilib. Biz özümüzü bütün Jinaların öldürülməsinə görə ədalət axtaran ictimai hərəkatların , xüsusən də qadın qətlinə və kuir qətlinə qarşı çıxan feminist və solçu hərəkatın bir hissəsi kimi görür, eyni zamanda “eksklüziv millətçiliklərə” (sol və ya sağ) qarşı dururuq.


“ Jin – Jiyan – Azadî ” əvvəlcə Türkiyədə kürd qadınlarının mübarizələrində meydana çıxdı və son vaxtlar Rojavada əsas şüarlardan birinə çevrildi; İranda isə bir göz qırpımında bütün ölkənin hər bir küncünə yayıldı. Bu sloqanı önəmli edən odur ki, o, Yaxın Şərqdə müstəmləkəçi və imperialist qüvvələr tərəfindən tarixən müəyyən edilmiş sərhədləri aşa bilər - necə ki, dövləti olmayan bir xalq olan kürdlər, xüsusilə də kürd qadınları regionda ediblər. Biz bu transmilli və transsərhəd birliyini həqiqətən də parlaq hadisə olaraq kürd qadın hərəkatının gücünün göstəricisi kimi qəbul edirik. Biz özümüzü İrandakı qadın etirazlarının və kuir icmalarının ayrılmaz bir hissəsi kimi gördüyümüz kimi, Kürdüstanın İraq, Türkiyə və Suriyadakı digər bölgələrində də qadınların və kuirlərin tarixi təcrübələrinin inkişaf etməsindən istifadə edirik. Kürd şəhidlərinin dəfn mərasimində ənənəvi olaraq istifadə edilən “ Jin – Jiyan – Azadî ” indi şəhidimiz Jina Əmininin dəfn mərasimində oxunur . Bu bizə, ölüm və əsarətlə idarə olunan patriarxal qüvvələrə qarşı mübarizədə qadınların gücündən, subyektivliyindən və cəsarətindən danışmağa imkan verir.


Jinanın dövlət femisidi ilə qığılcımlanan hazırkı qiyam tez bir zamanda xüsusilə məcburi hicaba qarşı və ümumilikdə rejimin devrilməsi lehinə hərəkata çevrildi . Hərəkat iki spesifik aspektdə İrandakı kürd qadınları, eləcə də digər etnik mənsubiyyətli qadınlarını əks etdirən əsas narrativlərə və miflərə meydan oxuya, başqa sözlə onları dekonstruksiya edə bildi. Birinci mif, millətçilərin etnik azlıqlara mənsub qadınları irqçi şəkildə təhrif etməsi, heç bir səsi olmayan siyasi partiyaların əlində sadəcə kuklalar kimi təqdim etməsi idi. İkincisi isə, Yaxın Şərq qadınlarına Qərbin orientalist baxışıdır.


Rejimin repressiyaları və vəhşilikləri heç kim üçün yeni xəbər deyil. 1979-cu il İnqilabından sonra zorakılıqla qurulandan bəri İslam Respublikasının bütün sosial münaqişələrə cavabı həmişə repressiya yəni etirazçıların həbsi və öldürülməsi olub. İranda bir çox digər insanlar kimi, son iki həftə ərzində yüzlərlə qadın və feminist fəal həbs edilib və hazırda həbsdədir. Buna baxmayaraq, qadınlar və kuirlər göstərdilər ki, qorxu, artıq onların cəmiyyətdə genişlənən müxtəlif hərəkatlarda iştirakına mane ola bilməyəcək. Onlar göstərirlər ki, bütövlükdə regiondakı maskulin diktatorlarının və oliqarxlarının devrilməsində öndə gedə bilərlər və artıq gedirlər.


İndi İranda baş verənlər zorakılığa, fundamentalizmə və yaşamaq hüququndan məhrumiyyətə qarşı mübarizənin yeni tarixi dövrünün başlanğıcını vəd edir. Biz özümüzü bu hərəkatın bir hissəsi hesab edirik, bölgədəki və Qlobal Güneydəki solçu və feminist/kuir qrupları bu müharibədə bizə qoşulmağa dəvət edirik. Biz kürd, türk, ərəb və bəluc feministlərini, patriarxal etnik zülmlərlə yanaşı hamımıza tətbiq edilən müxtəlif hökmranlıq formalarının kəsişmə xüsusiyyətlərini yenidən müəyyən etmək üçün bizə qoşulmağa çağırırıq. Biz həmçinin “Qərb” və dünyanın digər yerlərindəki anti-kapitalist və anti-irqçi feministləri mübarizəmizi dəstəkləməyə və bizim yanımızda durmağa çağırırıq. Azadlıq və emansipasiya idealları bizim həyat hüququmuzu geri almadan həyata keçirilə bilməz; “ Jin – Jiyan – Azadî ” -də tam olaraq əks-səda verən budur . Bizim feminist inqilabımız bu şüara çox diqqətlə əməl edir və bununla da onun praktikada həyata keçirilməsi üçün həqiqəti qlobal həmrəylik tələb edir.





İstinad:

Bouzari R. (2019), Iranian pseudo anti-imperialism, Open Democracy Iranian pseudo anti-imperialism | openDemocracy

Crimethink (2022), Revolt in Iran : The Feminist Resurrection and the Beginning of the End for the Regime CrimethInc. : Revolt in Iran : The Feminist Resurrection and the Beginning of the End for the Regime

Fanon, F. (1963), The Wretched of the Earth, Farrington, C. (trans.), Grove Press, New York, USA

Gago, V. (2020). Feminist International. Verso. Eight Theses on the Feminist Revolution - Toward Freedom

GAMAAN (2020), Iranians’ attitudes toward religion: A 2020 survey report GAMAAN-Iran-Religion-Survey-2020-English.pdf

IHR (2022), Iran Protests: At Least 215 People Including 27 Children Killed Iran Human Rights | Article: Iran Protests: At Least 215 People Including 27 Children Killed | (iranhr.net)

Krauss J. (2022), AP news, What kept Iran protests going after first spark? EXPLAINER: What kept Iran protests going after first spark? | AP News

Lawson, G. (2019). Introduction: The Rights and Wrongs of Revolution. In Anatomies of Revolution (pp. 1-18). Cambridge: Cambridge University Press. 9781108482684_excerpt.pdf (cambridge.org)

Moghadam V. (1997), Gender and Revolutions, “The case of Iran” Theorizing Revolutions - Google Böcker

More, T. (2003/1516), Utopia (London: Penguin)

RFE/RL (2022). Two Iranian Women Sentenced To Death For LGBT Activism Two Iranian Women Sentenced To Death For LGBT Activism (rferl.org)





Qeydlər: [1] Bu yazı əsasən Crimethink tərəfindən Kollektiv 98 ilə əməkdaşlıq nəticəsində nəşr olunan məqalədən ilhamlanıb. Məqaləni (ingiliscə) oxumaq üçün keçid. [2] 1979 İrandakı feminist etirazlarla bağlı ətraflı oxumaq və qısa-metrajı filmi izləmək üçün keçid. [3] İrandakı mübarizələrə fokuslanan anti-kapitalist və anti-avtoritar qrup olan Kollektiv 98 öz adını 2019-cu ilin noyabrında - İran təqviminə görə 1398-ci ildə yayılan "Aban" 98 üsyanından götürmüş və Məhsa/Jina Əminin qətlindən sonra genişlənmiş hərəkatdır. [4] 2019-cu ilin noyabr üsyanı haqqında məlumat üçün Kollektiv 98-un Roar jurnalında dərc olunan və 100-dən çox mililtant, aktivist və akademikin imzaladığı bəyanata baxa bilərsiniz. [5] Öldürülənlərin sayı bugünədək dəqiq bilinmir. Amnesty International azı 304 nəfərin öldüyünü təsdiqləyir, amma Reuters bu rəqəmin 1500 nəfər olduğunu bildirir. [6] Ni una menos (az. Bir (qadın) daha azalmayacağıq) Argentinada başlayan və Latın Amerikasında genişlənən dördüncü dalğa feminist hərəkatıdır. Hərəkat dövlət və qeyri-dövlət femisidi, gender-əsaslı zorakılıq, abort, seks işçiləri və transgenderlərin haqları üçün tətillər təşkil etmiş, onlayn kampaniyalar aparmışdır.

[7] İrandakı hadisələri izləmək üçün İnstagramda Kollektiv 98-i, Telegram-da SarKhatism/ və Blackfishvoice (hər üçü fars dilində) və Slingers CollectiveKürdüstan İnsan Haqları Şəbəkəsinin (hər ikisi ingilis dilində) internet saytlarını izləyə bilərsiniz. [8] Bu bəyanat orijinal yazılmış fars dilindən yox, Crimethink platformasında ingiliscə dərc olunan bəyanatın azərbaycancaya tərcüməsidir.

158 views
bottom of page