top of page
  • Sevinj Samadzade

Geosiyasi dəyişikliklər fonunda Azərbaycanda LGBTQİ+ hüquqları necə gizli alətə çevrilir



Son həftələr Azərbaycan və ABŞ arasında gərginliyin artması fonunda feminizm və LGBTQİ+ hüquqları mövzuları ətrafında müzakirələr yenidən gündəmə gəlib. Gərginlik Azərbaycan hökumətinin USAİD və onun maliyyə tərəfdaşlarını hədəfə alaraq milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirməsi ilə başlayıb, Abzas Media komandası və digər müstəqil jurnalistlərin həbs olunması və ABŞ-da təhsil almış şəxslərin agent şəbəkələri kimi damğalanmaqları  ilə davam etmişdir. Vətəndaş cəmiyyətinə qarşı repressiyaların bu yeni dalğası ayrıca hadisə deyil, rejimin gücünü itirmək paranoyası,      regionda daha geniş geosiyasi dəyişikliklərin baş verməsi və bunların ardınca ABŞ Senatında 907-ci düzəlişin qəbulu ilə bağlıdır. Bu tanış mənzərədə yeni olan isə LGBTQİ+ hüquqlarının hökumətin ritorikasında xarici müdaxilələrə qarşı və daxili təhlükəsizliyi qorumaq məqsədilə gücləndirilmiş silaha çevrilməsidir.


1992-ci il oktyabrın 24-dən qüvvədə olan Azadlığa Dəstək Aktının 907-ci düzəlişi Azərbaycanın Dağlıq Qarabağı blokadaya alması ilə əlaqəli olaraq qəbul edilmişdir. Bu məhdudiyyətlər xüsusilə ABŞ-ın Azərbaycana birbaşa hərbi və iqtisadi yardımına təsir göstərirdi. 2001-ci ildə Senat Prezidentə 907-ci düzəlişdən imtina etməyə icazə verən düzəliş təqdim etmişdi və bununla da məhdudiyyətlər aradan qaldırılmışdı. Amma ABŞ Senatı 2023-cü il noyabrın 15-də münasibətləri əhəmiyyətli dərəcədə dəyişdirən Azərbaycana bütün hərbi yardımı dayandıran qanun layihəsini qəbul edərək 907-ci düzəlişi faktiki olaraq yenidən təsdiqlədi. Beləliklə də , tarix yenidən təkrarlandı: Azərbaycan tərəfindən 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağın  blokadası ilə bağlı qəbul edilən  bu düzəliş 2023-cü ilin sentyabrında Dağlıq Qarabağın üzərində tam nəzarəti bərpa etdikdən sonra yenidən tətbiq edilmiş oldu.


Bu xarici siyasət dəyişiklikləri qəfil görünsə də, uzun müddətdir davam edən Qarabağ problemi ilə daha dərin əlaqəni ortaya qoyur. Bununla belə, dəyişən geosiyasi dinamikada xüsusi maraq doğuran məqam “LGBT gündəliyi” adlanan diskursun məqsədyönlü şəkildə hədəflənməsidir. Artıq bir il əvvəl 2022-ci ildə ABŞ-ın  bəzi dairələrində ABŞ prezidenti Co Bayden administrasiyasının Azərbaycandakı LGBTQİ+ icmasının üzləşdiyi təzyiqləri əsas gətirərək 907-ci düzəlişin Azərbaycana potensial tətbiqini vurğulayırdırlar.


2022-ci ildə buna cavab olaraq dövlətyönlü mediya olan Milli.az fürsətdən istifadə edib kuirləri ABŞ xarici siyasətinin alətləri kimi təqdim etməyə başlamışdı. Çoxlu ziddiyyətli arqumentlər təqdim edən bu yazıda, müəllif nəticə olaraq Azərbaycanda LGBTQİ-ların “cinsi azlıqlar” olaraq mövcud olduqlarını və homofobiyanın pis olduğunu etiraf edir . Bununla belə, müəllif  daha sonra 180 dərəcə arqumentini dəyişdirərək “cinsi azlıqların tərənnümü” adlandırdığı şeydən iyrəndiyini ifadə edərək, bunu Qərbin təbliğ etdiyi gündəliklə əlaqələndirir. Bu geniş yayılmış diskurs, “cinsi azlıqlar” yarlığından  istifadə etməklə yanaşı Azərbaycan mediasında kuirləri alçatmaq, onları siyasi təsirdən məhrum etmək və gözəgörünməz qalmağa məhkum etmək üçün olan taktikanın təcəssümüdür.  


Beləliklə, bunları nəzərə alaraq, bəzi suallar ortaya çıxır: kuir siyasəti ilə ABŞ-ın xarici siyasət məqsədləri arasında həqiqi əlaqə varmı? Bundan başqa, LGBTQİ+ məsələləri ABŞ və Azərbaycan arasında gərginləşən münasibətlər kontekstində hansı aktuallıq kəsb edir? Bu sualları tənqidi şəkildə araşdırmaq üçün həm xarici, həm də daxili siyasətdə hüquqlar anlayışını tarixən və indi necə silahlanmasını araşdırmaq zəruridir.

 

Xarici və daxili istismar arasında

İmperiya dövlətləri tarixən öz gündəmlərini periferiyalara qədər genişləndirməyə çalışmışlar, bu da çox vaxt yerli hakimiyyətlərin  və xalqların neokolonial alətlər və yumşaq güc vasitəsilə tabe edilməsi ilə nəticələnmişdir. Qeyd edək ki, LGBTQİ+ və qadın hüquqlarının bu məqsədlə istifadəsi, diqqəti bu siyasətlərin əsl mahiyyətindən yayındıraraq strateji kamuflyaj rolunu oynayır.


ABŞ-ın qadınların azadlığı naminə Əfqanıstanı işğal etməsi, insan haqlarını təbliğ iddiası ilə  İraqın işğalı və Fələstinli kuirlərin hüquqlarını müdafiə bayrağı altında İsrailin Fələstinə qarşı aparteidinə haqq qazandırmaq cəhdləri kimi misalları araşdırsaq, kimlik siyasətinin geosiyasi maraqlar üçün necə manipulyasiya edildiyini tarixi olaraq görürük. Bununla belə, təsirə məruz qalan qruplar, istər Əfqanıstanda, istər İraqda, istərsə də Fələstindəki qadın və kuirlər, davamlı olaraq bu siyasi manevrlərdə alət kimi istifadə edilməsinə qarşı çıxdıqlarını bildirərək deyirdilər: “Bizim adımıza danışmayın!”.


Xarici siyasətdə LGBTQİ+ hüquqlarının müdafiəsi buna görə də postkolonial xalqları daha da sıxışdırmaq potensialına malik bir vasitə kimi ortaya çıxır. Bu alətləşdirmənin digər daha qaranlıq tərəfində isə periferik xalqların öz yerli avtoritar, ənənəçi və ya sağçı hökmdarlarına tabe olmaq seçimsizliyi dayanır. Beləliklə, Qərbin iddia edilən universal liberal dəyərlərinə sığınarkən həqiqi dəstəkdən daha çox reaksiya almaqla məhdudlaşan bu qruplar siyasi elitalarının əlində alətə çevrilirlər.


Qlobal səhnədə Azərbaycan kollektiv Qərb və Şərq, daha dəqiq desək, ABŞ və Rusiya arasındakı məkanda naviqasiya edərək, suveren güc nümayiş etdirməyə və qlobal nizam çərçivəsində öz mövqeyini təsdiq etməyə çalışır. Bununla belə, reallıqda Azərbaycan seçici şəkildə hər iki tərəfdən ritorikanı mənimsəyir, eyni zamanda digər avtoritar rejimlərin diskursunu və taktikasını qəbul edir.


Digər tərəfdən, Azərbaycan ardıcıl olaraq geosiyasi maraqların toqquşmasına uyğunlaşır, öz xarici siyasətini balanslaşdırılmış kimi təqdim edir və xüsusən də Qərblə ehtiyatlı manevrlər edir. “Qərbi cəzalandırmaq” istəyini əks etdirən ritorikaya baxmayaraq, Prezident Əliyevin vətəndaş cəmiyyətini sıxışdırmaqda əsl məqsədi daxili nəzarəti gücləndirmək və regional hegemonluğa nail olmaqdır. Ölkə daxilində bunu mədəni münaqişələrin uydurması yolu ilə vətəndaş cəmiyyətini dağıtmağa yönəlmiş “rəngli inqilablar, LGBT gündəmi və radikal feminizm” kimi qəbul edilən Qərb təhdidlərinə qarşı müdafiə kimi qələmə verməklə əsaslandırılır.


Bu gün Azərbaycan hökumətinin gender və LGBTQİ+ hüquqlarından alət kimi istifadə etməsi, və xüsusən də 907-ci düzəlişinin qəbulundan sonra ABŞ ilə münasibətlərin gərginləşməsi bu siyasi dinamikanın birbaşa nəticəsidir. Azərbaycan  ABŞ-ın tarixən  LGBTQİ+ hüquqlarından  silah olaraq istifadə etməsini “dekolonializm” bayrağı altında cavab olaraq öz xeyrinə manipulyasiya etmək qabiliyyətini dərk etdiyi aydın görünür. Bu taktika isə kuir məsələlərini Azərbaycan cəmiyyətinə uzaq və yad kimi yerləşdirir və LGBTQİ+ hüquqlarını milli təhlükəsizlik məsələsi kimi təqdim edən təhlükəsizləşdirmə[1] strategiyası ilə birləşdirir.



LGBTQİ+ milli təhlükəsizlik məsələsi kimi

Son bir neçə gün ərzində vətəndaş cəmiyyətinə qarşı yeni hücumlar fonunda davam edən qarayaxma kampaniyasında qızğın iştirak edən Azərbaycanın dövlət media qurumu olan AzTV ardıcıl olaraq  Amerika və Qərblə əlaqəli olan “LGBT gündəmindən” danışır. O, ABŞ-ın LGBTQİ+ məsələlərini yerli siyasətə daxil etməklə rəngli inqilabları dəstəklədiyini iddia edir.


Kanal “LGBT gündəminin” xaricdən gətirilən “radikal feminizmin” əlavəsi kimi təsvir edərək, qeyd edir ki, bu gündəmin məqsədi ailə institutunun əsaslarını aşındırmaqdır. Verlişlərdə göstərirlər ki, bu təsir milli şüuru reqressiv kimi qələmə verərkən homoseksuallığı təşviq etməyə çalışır. Bu təsvir isə təkcə Qərbə qarşı ittihamçı tonu bəlli etmir, həm də yerli siyasi mənzərəyə LGBT diskursunun daxil edilməsinin millətçi perspektivi vurğulayır.


Oxşar arqumentlərlə digər bir hökumətyönlü media - APA xəbər agentliyi də ardıcıl məqalələrində USAİD-in Azərbaycandakı siyasətinə qarşı dövlətin mövqeyini əks etdirən məlumat yaymışdır. Məqalədə feministlər və LGBTQİ+larla bağlı məsələlərə daim diqqət yetirməyi vurğulayır, onları Azərbaycan cəmiyyəti üçün yad kimi qələmə verirlər:

"Digər göstəriş isə daim diqqəti feministlər və LGBT-lərlə bağlı Azərbaycan cəmiyyəti üçün xarakterik olmayan məsələlərə yönəltmək, ölkədə bu insanlara qarşı guya “ayrı-seçkilik” edildiyi barədə yerli və beynəlxalq ictimaiyyətdə rəy formalaşdırmaqdır”.

Bütün bu ritorikalar Qərb və Azərbaycan arasında dəyər münaqişəsi hissini gücləndirib, LGBTQİ-ları “təhlükə” kimi qələmə verərək onları təhlükəsizləşdirməklə yanaşı, kuirliyi millətə yad kimi qələmə verən bir hekayəni davam etdirir. LGBTQİ+ məsələlərinin milli təhlükəsizlik səviyyəsinə yüksəldilməsi Azərbaycan hökumətinin yaxşı hesablanmış strategiyasını ortaya qoyur. Qarabağ üzərində qələbədən sonra milli birliyin müvəffəqiyyətlə əldə edilməsindən sonra millətçiliyin yeni səviyyəsi bu birliyi qoruyub saxlamaq üçün başqa xəyali təhlükələrin müəyyən edilməsini tələb edir. Bu axtarışda hökumət strateji olaraq millətçilik və dini hissləri tətbiq edərək, feminizmlə yanaşı LGBTQİ+ fəallığını da, Azərbaycan adət-ənənələrinə və İslama təhlükə kimi təsvir edir.


Bu strateji manevr kuir icmanın bərabərlik və hüquq tələblərini legitimsizləşdirmək üçün mədəni və dini dəyərləri manipulyasiya edir .O, məqsədyönlü şəkildə millətçilik və dini dəyərləri liberal fərdiyyətçiliyə qarşı qoyaraq, qlobal miqyasda sağçı hakimiyyət tərəfindən istifadə edilən mühafizəkar gündəmi gücləndirir. Azərbaycan siyasətində mühafizəkarlığa doğru indiki keçid rejimə qarşı fərqli fikirləri marginallaşdırmaq və vahid Azərbaycan ictimaiyyətini “ənənəvi, mühafizəkar dəyərlər” kimi qələmə verilən anlayışlar ətrafında toplamaq cəhdi kimi ikili məqsədə xidmət edir.


Bu dəyişiklik təsadüfi deyil, əksinə, Qərb ideallarına, xüsusən gender bərabərliyinə, reproduktiv hüquqlara, seksual təhsilə və müxtəlif cinsi kimliklərin qəbuluna zidd olan əxlaqı və “ənənəvi dəyərləri” təbliğ edən diskurslarla mürəkkəb şəkildə bağlıdır. Belə olduğu halda aktivistlərin damğalanması  və LGBTQİ+ müqaviməti üçün həqiqi səyləri Qərb tərəfindən maliyyələşdirilən və yönəldilmiş deyib bununla da öz konspirasiya nəzəriyyələrini yeritmək asan olur.


Odur ki, Azərbaycan əhalisini birləşdirmək üçün daha geniş strategiyanın bir hissəsi olaraq, ənənəvi gender rolları davamlı vurğulanır. Bədən bu nəzarət mexanizmlərində mərkəzi rol oynayır, və həm milliləşdirilmiş simvol, həm də heteroseksual normaların tətbiqi üçün bir vasitə olaraq xidmət edir. Bu mexanizmlər xalqın adına kollektiv şəkildə formalaşan “uyğun davranışı” müəyyən edən diskurslar vasitəsilə ənənəvi dəyərləri tənzimləməyə və gücləndirməyə çalışır.


Seksuallıq və qadın hüquqlarına qoyulan məhdudiyyətlər qəsdən dövlətin intizam gücü və siyasətinin deyil, “ənənəvi dəyərlərin” müdafiəçiləri kimi vurğulanır. Bu məhdudiyyətlərə “ənənəvi dəyərlər” damğası vurmaqla dövlət şəxsi seçimlər və davranışlar üzərində öz nəzarətini qanuniləşdirməyə çalışır, onları milli kimliyin vacib komponentləri kimi təqdim edir. Bu taktika nəinki mühafizəkar ideologiyaları gücləndirir, həm də ənənəvi dəyərləri və milli təhlükəsizliyi qorumaq fasadı altında fərqli fikirləri və müxalifəti sıxışdırmaqla hakimiyyəti birləşdirmək vasitəsi kimi də fəaliyyət göstərir.

 

Yol ayrıcında seçim etmək

Azərbaycanda ənənəvilik və müasirlik arasında dəyər konflikti xüsusi ilə maddi əsaslara söykənir. Əhalinin əhəmiyyətli hissəsinin yoxsulluq və qeyri-müəyyən şəraitdə yaşadığı bu neftlə zəngin ölkədə diqqəti aktual siyasi və iqtisadi problemlərdən yayındırmaq üçün dəyərlər məsələsi siyasi diskursda tez-tez əsas yer tutur. Qlobal miqyasda dövlətlər tərəfindən mənimsənilən bu taktika kapitalist-patriarxal təkrar istehsal mexanizmi rolunu oynayır. Onun əsas məqsədi insanları əsas məsələlərdən yayındırmaq və onların narazılığını xarici amillərlə əlaqələndirmək, “başqalarına” qarşı ittiham etməyi aşılamaqdır.

Analoji strategiyanı miqrantları təhlükə kimi göstərməyə və geniş yayılmış islamofobiyaya şərait yaratmağa müvəffəq olan Avropada miqrantları hədəf alan siyasətlərdə görürük. Qərbin sağçı ritorikasını məharətlə mənimsəyən Azərbaycan hakimiyyəti Qərb təhsilindən tutmuş seksuallığın ifadəsinə qədər uzanan geniş müasirlik fasadını təqdim edir. Lakin bu müasirlik sadə insanlara çatanda çox vaxt ənənəvilik pərdəsi altında maskalanır. Maraqlıdır ki, hətta ənənəvilik də nəzarət altında fəaliyyət göstərir, dini icmalar və qruplar əhəmiyyətli dərəcədə basqı ilə üzləşirlər.


Mövcud mənzərədə mərkəzi hədəf kuir icmanın sağlamlıq, həyat və iş kimi fundamental hüquqlarından məhrum edilməsinə göz yumaraq siyasi alət kimi istifadə etməkdir. Zəruri hallarda isə, bu nəzarət maşını onları orduya çağırmaq və müharibə təhlükələrinə məruz qoymaq kimi güclü biosiyasət vasitəsilə həyata keçirilir. Bu zülmə qarşı ortaya çıxan kuir-feminist müqavimət hərəkatı əslində hökumətin nəzarət və təzyiq aparatına qarşı dayanır.


Azərbaycan kontekstində postsovet dövründə balanslaşdırılmış xarici siyasət Rusiya ilə hərbi-strateji əməkdaşlıq və Qərblə güclü iqtisadi əlaqələr arasında zərif tarazlığın olmasını zəruri edirdi. Bununla belə, guya Qərbin neoliberal iqtisadiyyatının asanlaşdırdığı müasirliyi qəbul edən rejim bunu strateji olaraq milli müasirlik diskursunun altında gizlədir – Qərbdən faydalı hesab edilən elementləri seçici şəkildə mənimsəyən bir diskurs yaradır. Bu yanaşma həm qadınların, həm də kuirlərin əməyinin istismarını asanlaşdırır və Azərbaycana güclü nəzarət və hesabatlılıq mexanizmləri olmadan qlobal siyasətdə və iqtisadiyyatda iştirak etməyə imkan verir.


Rusiya ilə strateji münasibətlərin təhlükəsizliklə bağlı təsiri göz önündə olsa da, Azərbaycan Rusiyada müşahidə olunan bəzi qanunvericilik tədbirlərini, məsələn, "Anti-homoseksual təbliğat" qanunu hələ də qəbul etməmişdir. 2014-cü ildən Rusiyanın “Xarici vəsaitlərin məhdudlaşdırılması” qanununu tətbiq etməsinə baxmayaraq, Azərbaycan daha sərt “Anti-homoseksual təbliğat” qanununu və ya bu yaxınlarda LGBTQİ+ hərəkatını Rusiyada “ekstrimist qrup” kimi qadağan edən qanunları qəbul etməkdə tələsmir. Bununla belə, bu strateji məhdudiyyət Azərbaycanda gələcəkdə hüquqlardan kuirlərə qarşı dağıdıcı vasitə kimi istifadə potensialını azaltmır. Rusiyada mövcud olanı tamamilə qəbul etməmək, bəlkə də, balanslaşdırılmış xarici siyasət qərarının bir hissəsi kimi qəbul edilə bilər. Halbuki reallıqda Azərbaycan öz qanunvericiliyində hüquqlardan dinamit kimi istifadə etməyi hədəfləyən uyğunlaşdırma üçün o qədər də səy göstərmir. Hüquqi məhdudiyyətlərin olmaması rejimi repressiyaları başqa vasitələrlə həyata keçirməkdən çəkindirmir, lakin tezliklə bunu hüquq yolu ilə edəcəkləri ilə bağlı şübhələr yoxdur.


Artıq ötən il bu mövzu siyasi diskursda öz əksini tapmışdır. Belə ki, deputat Cavanşir Paşazadə və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin professoru Əfsər Sadıqovun Azərbaycanda Rusiyanın gey təbliğatı qanunvericiliyinə oxşar qanunun qəbul edilməsi ehtimalı ilə bağlı fikirləri ortaya atmışdılar. Bu arada hökumət bu gündəliyə tələsmir, əksinə daha incə üsullara üstünlük verir. Odur ki, LGBTQİ-lara qarşı mədhudiyyətlər qanunvericilik aktları vasitəsilə yox, dövlət təhlükəsizliyi ilə bağlı narahatlıqların kölgəsində tətbiq edilir.


Kuir və feminist müqavimət qrupları isə, xüsusən də Qərbdən maliyyələşmənin azalması və Azərbaycan hökumətinə qarşı əhəmiyyətli siyasi təzyiqin olmaması fonunda yeni strategiyalar nəzərdən keçirilməlidir. Təhlükəsiz məkanlar və sosial xidmətlər onsuz da məhdud bir mühitdə azaldıqca, bu hərəkatların həm ideoloji, həm də praktiki olaraq etdiyi seçimlər onların taktikasını formalaşdıracaq. Mütləq hakimiyyət iştahası ilə idarə olunan Əliyev rejimi mövcud məhdudiyyətləri aşaraq vətəndaş cəmiyyətini ya tamamilə kökünü kəsməyə, ya da onu özünə uyğunlaşdırmağa çalışır. Buna baxmayaraq, bu çətin dövr həm də Qlobal Qərb və Qlobal Şərqin ikili çərçivəsini aşan azadlıqçı mübarizələrin yaranması üçün müəyyən imkanları ortaya qoya bilər.


Azərbaycanın Rusiya və kollektiv Qərb arasında nüanslı xarici siyasət oyunu kuirlərin və qadınların əməyini daha dərindən istismar edir, hüquqları isə silaha çevirir. Buna görə də LGBTQİ+ ilə bağlı problemlərin milli təhlükəsizlik məsələsinə çevrilməsi, müxalif fikirləri susdurmaq üçün düşünülmüş strategiyanı əks etdirir. Bu strategiya isə ənənəvi gender rollarını tərifləməklə, bədənimizi heteroseksual normaları tətbiq edən milliləşdirilmiş simvollara çevrir və beləliklə də, LGBTQİ+ icmanı Azərbaycanda və qlobal miqyasda sağçı və avtoritarizmin yüksəldilməsinin fonunda alətə çevirir . Qeyd:

[1] Təhlükəsizləşdirmə və ya sekuritizasiya müxtəlif kontekstlərdə siyasi güclər tərəfindən müəyyən qrupların təhlükəsizliyə təhdid kimi qələmə verilməsi və bununla da irəli atılan bu təhlükələri aradan qaldırmaq üçün zorakı tədbirlərə haqq qazandırılmasıdır.


İstinadlar


Alioghlu, E. (2022, May 17). Bakıya "mavi hücum" və "çəhrayı" tələb: azlıq çoxluq olmaq istəyir. Retrieved from Milli.az: https://news.milli.az/politics/1043069.html


Al-Monitor. (2023, November 17). US senate votes unanimously to suspend Azerbaijan's military assistance. Retrieved from AL-Monitor: https://www.al-monitor.com/originals/2023/11/us-senate-votes-unanimously-suspend-azerbaijans-military-assistance


APA . (2023, November 22). Main instructions of USAID emissaries in Azerbaijan become known -DETAILS. Retrieved from APA Information Agency: https://en.apa.az/political/main-instructions-of-usaid-emissaries-in-azerbaijan-become-known-details-416819


AzTv. (2023, November 20). Qərbin Azərbaycandakı agentinə çevrilənlər: Bakının bu həmləsinə qarşı gizli işbirliyinə girdilər. Retrieved from AzTv Youtube Channel: https://www.youtube.com/watch?v=ITg0fEhb5PY&t=1s


BBC News. (2022, November 22). Russia passes 'Answer to Blinken' gay propaganda law. Retrieved from BBC News: https://www.bbc.co.uk/news/world-europe-63747732


BBC News. (2023, November 17). Russia seeks extremist label for LGBT movement. Retrieved from BBC News: https://www.bbc.co.uk/news/world-europe-67454386


Clifford, B. (2019). Rights as Weapons: Instruments of Conflict, Tools of Power. Princeton: Princeton University Press.


JamNews. (2023, July 11). Violations of religious freedom in Azerbaijan. Retrieved from JamNews: https://jam-news.net/violations-of-religious-freedom-in-azerbaijan/


LGBTQNation. (2022, May 12). Biden’s bold pledge on LGBTQ rights is being tested by Azerbaijan. What will he do? Retrieved from LGBTQNation: https://www.lgbtqnation.com/2022/05/bidens-bold-pledge-lgbtq-rights-tested-azerbaijan-will/


Milli.az. (2022, December 1). “Azərbaycanda da LGBT təbliğatını qadağan edən qanun qəbul olunmalıdır”. Retrieved from Milli.az: https://news.milli.az/society/1088784.html


Qafqazinfo. (2023, November 25). ABŞ bu hoteldə Azərbaycandakı agenturası ilə görüşəcək - Fotolar. Retrieved from Qafqazinfo.az: https://qafqazinfo.az/news/detail/abs-bu-hotelde-azerbaycandaki-agenturasi-ile-gorusecek-fotolar-419503


QueeRadar. (2021). Queer Monitoring of Media. Baku: QueeRadar. Retrieved from https://queeradar.com/wp-content/uploads/2023/02/report_EN-2020.pdf

QuueRadar. (2023). Monitoring hate speech against LGBTQI+ in Azerbaijani online media. Retrieved from QueeRadar: https://queeradar.com/wp-content/uploads/2023/07/QR-2023-EN.pdf


Voice of America. (2023, December 14). 7 Journalists Jailed in Azerbaijan Since Late November. Retrieved from Voice of America: https://www.voanews.com/a/journalists-jailed-in-azerbaijan-since-late-november-/7398577.html


Bu məqalənin ərsəyə gəlməsinə QueeRadarın Mentorluq Proqramı dəstək göstərib.

 

 

 

 

 

 

62 views
bottom of page