Trilogiya: "Tofiq Yaqublu üçün mübarizə məktubları”
- Feminist Peace Collective
- 7 hours ago
- 4 min read

Azərbaycanda tanınmış dissident Tofiq Yaqublu hər zaman azadlıq və ədalət uğrunda sarsılmaz mübarizəsi ilə tanınıb. Siyasi fəaliyyəti boyunca o, çoxsaylı saxta ittihamlar, işgəncələr və həbslərlə üzləşib. 2025-ci ilin martında, o fırıldaqçılıq və sənəd saxtakarlığı ittihamı ilə 9 illik həbs cəzası alıb və bundan sonra aprel ayının 1-dən azadlığa çıxana və ya ölənəqədər davam etmək niyyətində olduğunu bildirdiyi ölüm aclığına başlayıb.
İfrat ədalətsizlik, avtoritarlıq və zorakılıq zamanı susmaq, bu zorakılıqla şərik olmaq deməkdir. Tofiq Yaqublu şərik olmur. O, ölüm aclığı ilə zülmə qarşı cəsarətli mövqe göstərməklə yanaşı, bir cəmiyyətin vicdanını da ayağa qaldırır. Bu məktublar trilogiyası onun mübarizəsinə xitab, azadlıq və ədaləti qiymətləndirən hər kəs üçün hərəkətə çağırışdır.
1) Tofiq Yaqubluya Məktub: Onun şəxsi mübarizəsinə və əzminə həsr olunmuşdur.
2) Azərbaycan Xalqına Məktub: Cəmiyyətin bu hadisəyə münasibətinə və məsuliyyətinə diqqət çəkir
3) Gələcək Nəsillərə Məktub: Gələcəkdə bu hadisələri öyrənəcək uşaqlara ünvanlanmışdır.
Məktub 1
Əziz Tofiq bəy,
Tarixdə nə ədalətsiz bu döngü, nə də qaranlıq bu çağ ilk dəfə deyil, son da olmayacaq, amma yaxşı bilirik ki, əbədi də olmayacaq. Bu qaranlığı yayanlar gecənin əbədi olduğunu düşünür, amma onlar anlamırlar ki, zindanlar bəzən günəşi gizlədə bilər, amma onu söndürə bilməz. Sizin aclığınız sadəcə fiziki müqavimət deyil — bu, qorxaqlığın hakimiyyətə çevrildiyi bir rejimə qarşı verilən amansız və vicdanlı bir savaşdır. Siz ən son anda da öz bədəninizlə bu rejimə “bizi nə susdurmaq, nə də sındırmaq mümkündür” deyirsiniz. Siz illərdir öz səsini unutmuş, özünə və vicdanına yadlaşmış, ümidini itirmiş bir xalqa mübarizənin heç vaxt bitmədiyini göstərirsiniz.
Bu avtoritar rejim sizi dəfələrlə zindana atdı, adınızı qaranlıq ittihamlarla ləkələməyə çalışdı. 2013-cü ildən başlayaraq müxtəlif illərdə sizi siyasi motivlərlə həbs etdilər. 2020-ci ildə pandemiyanın ortasında aclıq aksiyası ilə siz həm zindanı, həm də susdurulmuş cəmiyyəti silkələdiniz. İndi isə yenidən, bir daha bu xalqın vicdanı olaraq, dəmir barmaqlıqlar arasında əyilmirsiniz – əksinə ucalırsınız.
Siz hər dəfə həbsə atılanda, hər dəfə məhkəmə zalında qondarma hökmlərlə qarşılaşanda, biz görürük: bu rejimin sizdən qorxusu ideoloji yox, mənəvidir. Onlar sizdən qorxur, çünki siz satılmırsınız. Onlar sizdən qorxur, çünki sizin həyatınız bir dəyər, bir prinsip, bir dirənişdir. Onlar sizdən qorxur, çünki sizin gözlərinizdə hələ ümid var – xalqın boğulmuş səsində, susmuş ruhunda o ümidin yenidən doğulma qorxusudur bu.
Bu rejim bizim üzərimizə qorxu ilə gəldi, amma siz "ölümdən o tərəfə nə var ki"- deyərək, azadlıq və şərəfli həyat uğrunda göstərdiyiniz bu ən radikal müqavimət forması ilə hər gün o qorxunun divarlarını bir-bir sökürsünüz. Sizin aclığınız bizim susqun cəmiyyətə ünvanlanmış son xəbərdarlıqdır: “Susduqca ölürük. Əyildikcə yox oluruq. Qorxduqca zəncirlərimiz qalınlaşır.”
Siz təkcə aclıqla mübarizə etmirsiniz. Siz həm də xalqın yaddaşsızlığına qarşı mübarizə aparırsınız. Bu xalq susmağa alışdırılıb, unutmağa məcbur edilib, qaranlığa öyrədilib. Amma siz — bir nəfər — bütün bu tarixi sindromlara qarşı dirəniş göstərirsiniz. Bu, təkcə siyasi bir aksiya deyil. Bu, bir əxlaqi üsyandır. Bu, rejimə qarşı bir xalqın öz vicdanı ilə ayağa qalxması üçün ünvanlanmış çağırışdır.
Biz sizinləyik. Sizin susmayan iradəniz bizim səsimizə çevrilir. Və siz göstərirsiniz ki, hətta bu zülm rejimində belə insan ruhu sındırıla bilməz. Bu döyüş bizimdir. Bu mübarizə artıq başlayıb.
Sevgi və həmrəyliklə,
Feminist Sülh Kollektivi
Məktub 2
Əziz Azərbaycan xalqı,
Tofiq Yaqublu 36 gündür ölüm aclığı edir. Heç bir əsası olmayan 9 illik həbs hökmünə qarşı etiraz olaraq başladığı aclıq aksiyası nəticəsində onun səhhəti kritik həddə çatıb. Bu gün Bakı Apellyasiya Məhkəməsi onun həbsini qüvvədə saxladı. Bu qərar, faktiki olaraq, Tofiq Yaqublunun ölüm hökmüdür. Bu, bir insanın həyatına qarşı dövlət səviyyəsində həyata keçirilən bir qəsd, dövlət zorakılığının ən banal üzüdür.
Çünki Tofiq Yaqublunu diri saxlamaq rejim üçün təhlükəlidir. Amma onun ölməsi də təhlükəlidir və bu rejim əmin olsun ki, Tofiq Yaqublunun ölümü onlar üçün siyasi və mənəvi məğlubiyyətdən başqa bir şey olmayacaq. Çünki xalqın içindən bir insan, heç bir şəxsi marağı olmadan, ölümə qədər dirənirsə bu artıq rejimin deyil, xalqın həqiqətidir.
Bu ölkədə söz demək, ədalət tələb etmək illərdir zülm, yoxsulluq və ədalətsizlik görən xalq üçün vuruşmaq deməkdir. Özü də yuxarıdan heç bir əmr gəlmədən, könüllü və vicdanlı şəkildə gücə, bizi əzənə, səsimizi kəsənə qarşı vuruşmaqdır. Və bu açıq-aşkar döyüşdə Tofiq Yaqublu həlak olacaqsa bizim şəhidimizdir.
Bir çoxumuz illərlə avtoritar, hərbiləşmiş, istismarçı əliyev rejiminin hakimiyyətində yaşayaraq bir şeyi heç sorğulamadan qəbul etmişik: Şəhidlik yalnız fiziki müharibə meydanında ölməkdir. Bizə belə öyrədilib ki, şəhid yalnız rəsmi formada torpaq uğrunda hərb meydanında can verəndir. Və bu anlayış tədricən bir ideoloji alətə, bir səssizlik silahına çevriilib. Əliyev siyasi rejimi şəhidliyi yalnız özünə sərf edən kontekstdə təqdim etməklə, orduya sədaqət və dövlətə itaət edənləri bu titula layiq görüb.
Ancaq şəhidlik sadəcə dövlətlərarası müharibədə deyil, haqsızlığa qarşı hər bir mübarizədə də meydana çıxır. Əgər şəhidlik, dedikləri kimi, vətən uğrunda can verməkdirsə o zaman vətəndə ədalətli həyat uğrunda ölən şəhid sayılmırmı?! Azadlıq uğrunda canından keçmək şəhidlik deyilmi?! Zülmə qarşı son nəfəsinə qədər dirənmək fədakarlıq deyilmi?!
Tofiq Yaqublu azad edilməlidir – dərhal, qeyd-şərtsiz! Əgər o aclıqda həlak olsa, bu rejimin üzərinə əbədi bir ləkə kimi yapışacaq. Bu ləkə nə qələbə paradlarıyla, nə də saxta vətənpərvərliklə silinməyəcək.
Əgər bu ölkədə şəhidlik hələ də bir dəyərdirsə Tofiq Yaqublu bu xalqın əsl şəhididir. Və əgər biz xalq olaraq yenə də susacağıqa, sabah şəhidlik yalnız susqunluqdan doğan ölümlə xatırlanacaq.
Mübarizə ilə,
Feminist Sülh Kollektivi
Məktub 3
Əziz gələcək nəsil,
Sən bu məktubu oxuyanda, bəlkə də, Tofiq Yaqublu adını ilk dəfə eşidəcəksən. Bəlkə də, artıq tarix dərslərində, ya da ailə söhbətlərində onun haqqında danışılıb. Amma biz istərdik ki, sənə onun haqqında danışaq, kim olduğu, nə üçün aclıq etdiyi və niyə bu qədər insanın susduğunu dilə gətirək.
Tofiq Yaqublu Azərbaycanda insanların azad və ədalətli yaşaması uğrunda mübarizə aparan bir insan idi. Sözün gücü ilə döyüşürdü, vicdanın səsi ilə danışırdı. Amma bu ölkədə həqiqəti söyləmək cinayət sayılırdı. O, dəfələrlə şərlənərək həbs edilib, işgəncələrə məruz qalmışdı. Sonuncu dəfə isə, 2023-cü ilin dekabrında, saxta ittihamlarla həbs oludu və məhkəməsi başa çatdığında 9 il azadlıqdan məhrum edildi. Bu ədalətsizliyə etiraz olaraq, 2025-ci ilin aprelində ölüm aclıq aksiyasına başladı.
Onun aclığı bədəninin yox, ruhunun fəryadı idi. Səssiz bir çığırtı, zülmün divarlarına çırpılam bir zərbə idi. Gözləri qaraldı, bədəni zəiflədi, amma iradəsi sınmadı. Çünki bilirdi ki, bu mübarizə təkcə onun deyil, sənin və sənin kimi gələcək nəsillərin azadlığı üçündür.
Sən bu məktubu oxuyanda, bəlkə də, artıq azad bir cəmiyyətdə yaşayacaqsan. Bəlkə də, artıq insanlar sözlərini sərbəst deyə bildiyi yerdəsən. Bəlkə də yaşadığın cəmiyyətdə ədalət məhkəmələrdə deyil, ürəklərdə hökm sürür. Əgər belədirsə, bil ki, bu azadlıq asanlıqla qazanılmadı. Bu yolda Tofiq Yaqublu kimi çoxları canından, sağlamlığından keçdi, evindən- yurdundan məhrum qaldı, amma ruhən hər zaman səslərini ucaltdılar.
Əziz gələcək nəsil, həqiqəti sev, ədaləti qoru və heç vaxt susma. Çünki susqunluq zülmün ən böyük silahıdır. Sənin səsin, Tofiq Yaqublunun mübarizəsinin davamıdır.
Sevgi və ümidlə,
Sənin keçmişindən gələn səslər
Comments