top of page
  • Səadət Abdullazadə

Azərbaycanda trans qadınların sağlamlıq hüququ və tibb xidmətlərinə çıxışı

Məqalə Səadət Abdullazadənin Essex Universitetində magistratura üzrə diplom işinin bir hissəsidir.

Məqalənin ərsəyə gəlməsinə QueeRadarın Mentorluq Proqramı dəstək göstərib.

Cəmiyyətdəki stiqma və tabular trans qadınların hüquqlarının həyata keçirilməsində çox sayda maneələr yaradır. Patrialxal sistemin yaratdığı vəziyyət trans qadınların digər hüquqlarına olduğu kimi sağlamlıq hüquqlarına da təsir edir. Məqalə trans qadınların cinsi sağlamlıq və hüquqlarının vəziyyətini, ölkədəki cinsi sağlamlıq xidmətlərinə çıxışlarını təsvir edəcək. Eyni zamanda yazı mövzu ilə bağlı son araşdırmalara əsaslanacaq və trans qadınların cinsi sağlamlıq xidmətlərinə çıxışında maneələr, sağlamlığın təmin edilməsi baxımından ölkənin məsuliyyəti və səhiyyə sisteminin səmərəliliyi vurğulanacaq. Ölkədə trans qadınlara qarşı baş verən sistematik zorakılığın sağlamlıq hüquqlarına necə təsir etməsi araşdırılacaq.


Cinsi və reproduktiv sağlamlıq və hüquqlar insan hüququ məsələsi kimi

Azərbaycanda LGBTİQ+ hüquqları ilə bağlı vəziyyət ildən ilə pisləşməyə davam edir. “İLGA Avropa”nın “Rainbow Map and Index 2022 on Human Rights of LGBTI people” (İnsan Hüquqları üzrə Göy qurşağı Xəritəsi və İndeksi 2022) görə Azərbaycan Avropada hüquqların qorunması və təhlükəsizlik baxımından sonuncu yerdədir.[1] Nifrət nitqi və cinayətlər qarşısı alınmadan normallaşdırılır, trans qadınlara qarşı baş verən hücumlar və qətillər gender-steriotipsiz istintaq və təqiblərdən kənarda qalır.


Bununla bağlı addımların atılmaması isə prosesin patrialxal sistemin istəyi olduğu göstəricisidir. Trans qadınlara qarşı baş verən bu zorakılıq və ayrı-seçkiliklər təhsil, səhiyyə, hüquqi və sosial müdafiə kimi bütün sahələri əhatə etdiyi üçün bu zorakılığın sistematik zorakılıq olduğu aydın olur. Cinsi sağlamlıq da səhiyyə sistemi içində yer aldığı üçün bu sistematik zorakılıq içində xidmətlərə çıxış vəziyyəti araşdırılmağa ehtiyac duyur.

Sağlamlıq daha geniş mənada özünü ifadə etdiyi üçün bura sadəcə fiziki sağlamlıq deyil, həm də mental və sosial rifah da daxildir. Sağlamlıqdan yola çıxıb cinsi və reproduktiv sağlamlığa baxıldığı zaman isə buraya insanların özlərini təhlükəsizlikdə hiss etmələri və xoş cinsi həyat keçirmələri aid edilir. Şəxsin nə vaxt, harda, necə, nə qədər reproduktiv funksiyasından istifadə edib–etməyəcəyini müəyyənləşdirmək azadlığı cinsi və reproduktiv sağlamlığın (CRS) əsasını təşkil edir.[2] Ona görə də bəzi tədqiqatçılar bu məsələni təkcə inkişaf məsələsi deyil, həm də insan hüquqları məsələsi hesab edirlər.[3] Cinsi sağlamlıq anlayışı ilk dəfə 1975-ci ildə ifadə edilməyə başladıqdan sonra cinsi hüquqlar anlayışı inkişaf etməyə başlayıb.


Cook, Dickens və Fathalla (2003) qadınların cinsi və reproduktiv sağlamlıq kontekstindən bəhs edərək, qadın olmağın sağlamlığa təsiri olduğunu qeyd edirlər. Bunu qadınların cinsi və eyni zamanda həm də reproduktiv funksiyası olan qadınların xüsusi sağlamlıq ehtiyaclarının olması ilə əsaslandırırlar.[4] Müəlliflər qadınların cinsi və reproduktiv sağlamlıq hüquqlarının pozulma səbəbinin digər bütün insan haqlarının pozulması olduğunu vurğulayırlar. Trans qadınların cinsi sağlamlıq ehtiyaclarının hormon qəbulu, cərrahi əməliyyatlar, cəmiyyətdəki təzyiq və ya pis rəftar səbəbi ilə daha fərqli ola biləcəyi qənaətinə gəlmək mümkündür.


Bu baxımdan trans qadınların cinsi sağlamlıq imkanlarına çıxış əldə edə bilməmə səbəbinin təməldə trans qadınların insan hüquqlarının pozulması olduğunu qeyd etmək mümkündür.


Bu səbəblə də yazı trans qadınların cinsi və reproduktiv sağlamlıq xidmətlərinə çıxışındakı manelərin köklərini müəyyənləşdirmək və baş verən zorakılığın təsirlərini CRS kontekstindən araşdırmaq üçün aşağıdakı suala cavab tapmağa çalışacaqdır:

Azərbaycanda trans qadınlara qarşı baş verən sistematik zorakılıq onların cinsi sağlamlıq hüququna necə təsir edir?



Trans qadınların cinsi və reproduktiv sağlamlıq xidmətlərinə çıxışı

Cinsi sağlamlığın tərifinə baxsaq, cinsi əlaqədən həzz almaq, zorakılıqdan uzaq və cinsi yolla ötürülən xəstəliklərdən qoruna bilmək xüsusiyyətlərini əhatə edən sağlamlıqdan bəhs edildiyi aydın olur.[5] Bu mövzuda iki məsələ xüsusilə diqqət mərkəzindədir - nəsilverməyə (fertilliyə) nəzarət edə bilmək və cinsi yolla ötürülən xəstəliklərə qarşı təhlükəsizliyi tənzimləmək.[6] Qorunmamış cinsi əlaqə cinsi yolla keçən xəstəliklər (CYX) və İnsan İmmunçatışmazlığı Virusunun (İİV) ötürülməsi üçün münbit şərait yaradır. Bu səbəblə də qoruyucusuz həyata keçən cinsi əlaqə İİV-in ötürülməsində mühüm faktorlardan biri hesab edilir. Məsələn, bu baxımdan risk qrupuna daxil edilən seks işçilərinin nümunəsinə baxsaq, yoluxmanın qarşının alınması üçün onların cinsi sağlamlıq mərkəzlərinə və qoruyucu vasitələrə çatımlılığı vacibdir. Nəzərə alsaq ki, sosial-iqtisadi şərait cinsi və reproduktiv sağlamlığın həm təşviqində, həm də pozulmasında mühüm rol oynayır, o zaman seks işçilərinin ayrı-seçkiliklə üzləşməsi onların sağlamlıq xidmətlərinə çıxış imkanlarını məhdudlaşdırır; belə bir kontekstdə seks işçisi trans qadındırsa, diskriminasiya daha da artır. [7] Belə ki, trans qadınlar sağlamlıq xidmətlərindən istifadə etmək istəyərkən güc münasibətlərinə əsaslanan ayrı-seçkilik və pis rəftarla üzləşirlər.

Azərbaycanda ümumilikdə səhiyyə xidmətlərinə çətinliklə çıxış əldə edən trans qadınlar tranzisiya dövründə xüsusilə əziyyət çəkirlər. Mövzu ilə bağlı müsahibə alıdığım rejissor və trans aktivist Vüsalə Hacıyeva trans qadınların cinsi sağlamlıq xidmətlərinə çıxış vəziyyətini bu cür təsvir edir:

“Trans qadınların cinsi sağlamlıq xidmətlərinə çıxış vəziyyəti digər bütün tibbi xidmətlərlə eyni dərəcədədir. Dəqiq desək, daha çox əlçatmazdır. Bir çox təcrübədə trans qadınlar hətta ilkin tibbi yardım xidmətindən də istifadə edə bilmirlər. Bu tip hallar həm dövlət, həm özəl xəstəxanalarda yaşanır. Bu məsələ və digər tibbi xidmətlərlə bağlı məsələlər qanunvericilikdə heç bir formada yer almadığına görə xəstəxanalar, yaxud konkret olaraq həkimlər öz istəklərinə uyğun şəkildə davranırlar. Adətən neqativ davranışların səbəbi həm ümumi transfobiya, həm də cəzasız qalacaqlarına inandıqlarına görə baş verir.”

Azərbaycanın səhiyyə qanunvericiliyi olan “Əhalinin sağlamlığı haqqında Qanun”da və müvafiq aktlarda hormon terapiyasına dair bir tənzimləmə yoxdur. Hormon terapiyası qanunla tənzimlənmədiyi üçün də nə dövlət, nə də özəl xəstəxanalar bu xidməti həyata keçirmir.[8] Ölkədə hormonal terapiya və adaptasiya əməliyyatı edə bilməyən trans qadınlar sonrakı mərhələdə cinsi sağlamlıq problemləri üçün etibarlı həkim tapmaqda çətinlik çəkirlər.


Azərbaycandakı trans qadınların İİV və cinsi yolla keçən xəstəliklərə yoluxması ilə bağlı məlumatların dəqiq əldə edilməsi çətindir. Belə ki, QİÇS mərkəzinin son hesabatına əsasən, 2022-ci ilin ilk 5 ayı ərzində İİV-ə yoluxma hallarının sayı 341 olub. Mərkəzin hesabatında qeyd edilib ki, “yoluxanların 4,3 faizində homoseksual kontakt nəticəsində yoluxma qeyd edilmişdir .”[9]


Mövzunun araşdırılması mərhələsində Azərbaycanda resurs azlığına görə ölkədə sahə ilə bağlı fəaliyyət göstərən yerli gənclər şəbəkəsinə müraciət edilib. LGBTİQ+ üzrə fəaliyyət göstərən Gender Resurs Mərkəzi benefisiarlarının ehtiyac və narahatlıqlarından ibarət daxili hesabatını yazıya töhvə vermək məqsədi ilə paylaşıb.[10] Hesabata əsasən, mərkəzə müraciət edən 23 trans qadın cinsi reproduktiv sağlamlıq mərkəzlərinə çıxışlarının olmadığını qeyd edib. Müraciət edənlərdən bir çoxu harda yoxlanışdan keçəcəyini bilməyib, yoxlanışdan keçən şəxslərin bir çoxu isə transfobiya ilə qarşılaşıb. Mərkəzin hesabatına görə, cinsi və reproduktiv sağlamlıq xidmətlərindən yararlanmaq istəyən trans qadınların müraciətinə Səhiyyə Nazirliyinin tabeliyində olan heç bir xəstəxanada baxılmayıb. Çünki müraciət etdikləri xəstəxanalarda onlardan sığorta və psixiatrik arayış tələb edilib ki, bu da trans qadınlarda olmayıb.


Amma ümumilikdə hesabatda bu mövzu haqqında danışmağın trans qadınlar üçün tabu olaraq qalması qeyd edilir. Eyni zamanda onlar cinsi-reproduktiv problemlər kəskinləşmədən bu mövzu haqqında danışmadıqlarını bildiriblər. Hətta xəstəliklərin ilkin mərhələsində müraciət etmədiklərini, yalnız xəstəlik daha kəskin mərhələyə keçdikdən sonra müdaxilə üçün həkimə getməyə məcbur olduqlarını qeyd ediblər. Tibbi xidmətlərin pulsuz olmadığı ölkədə xəstəxanalara getmək üçün iqtisadi vəziyyətlərinin stabil olmamasını səbəb kimi göstəriblər.


Ümumilikdə isə trans qadınların cinsi sağlamlıq xidmətlərindən istifadə etməmə səbəbi kimi maddi vəziyyətləri və işsizlik qeyd olunub. Cinsi sağlamlıq xidmətlərindən yararlanmaq üçün ödəniş edə biləcəkləri zaman isə transfob olmayan həkim tapmaqda çətinlik çəkdiklərini vurğulayıblar.


Vüsalə trans qadınların cinsi sağlamlıq xidmətlərinə çıxışlarının olmamasının səbəblərindən birinin qanunun olmamasında görür:

“Bunun əsas səbəbi dövlətin transgenderlərə və eyni zamanda digər LGBTQİ+lara münasibətindədir. LGBTQİ+larla bağlı 2000-cı illərdən bəri yalnız bir qanun qəbul olunub. O da Azərbaycanın Avropa Şurasına daxil ola bilməsi üçün təmin edilmiş homoseksual münasibətlərin dekriminallaşdırılması ilə bağlı qanundur. Hazırda sırf transgenderlərlə, onların tibbi xidmətlərə əlçatımlılığının artırılması, trans-spesifik səhiyyə imkanlarının yaradılması və yaxud diskriminasiya əleyhinə addımların atılması ilə bağlı bir qanun yoxdur. Bu da ona gətirib-çıxarır ki, tibbi xidmətə əlçatımlılıq müraciət etdiyin müəssisənin əməkdaşlarının etikasından asılı olur. Bu isə doğru deyil. Həkim-həkimdir və peşə prinsipinə uyğun olaraq işini həyata keçirməlidir. Bizdə isə adətən belə olmur. Şəxsi təcrübəmdə qəbuluna girdiyim mütəxəssislərin əsas problemi düzgün leksikadan istifadə ilə əlaqəli olub. Lakin xidmət ala bilmişəm. Amma bu xidmətləri aldığım həkimləri ancaq onlayn və uzun axtarışlardan sonra tapa bilirdim.”

Öz tranzisiya dövrünü təsvir edərkən Vüsalə bildirir ki:

“Tranzisiyaya başlamaq qərarı aldığım ərəfədən 6 ay müddətində endokrinoloq axtarışında olmuşam. Bu axtarışların sonunda Bakıda özəl xəstəxanaların birində fəaliyyət göstərən endokrinoloq tapmışdım. Ona qədər digər endokrinoloqlarla əlaqə saxladığım və qəbullarda olduğum zaman transgenderlərlə işləmədiklərini deyirdilər, (transfobik subyektiv səbəbləri əsas gətirib) ya da qanunda protokolun olmadığını bildirirdilər. Yəni, protokol transgenderlərə hormonal terapiya yazmağa icazə vermir. Bir neçə endokrinoloq isə qəbula hazır olsalar da, təcrübələri məni qane etmirdi və verilən çox sadə suallara cavab verə bilmirdilər. Tapdığım həkim Türkiyədə iş təcrübəsinə sahib olduğu üçün transgenderlərlə iş təcrübəsi var idi. Məndə də güvən yaradan ilk faktor bu idi. Lakin problemlər bununla bitmədi, çünki həvəslə gözlədiyim qəbuldan sonra mənə yazılan hormonal preparatları Bakıda uzun müddət tapa bilmirdim. Apteklərdə satışları 4-5 il idi ki, dayanmışdı. Səbəb olaraqsa əczaçılar "bu dərmanlar translar üçündür deyə gətirilmir" deyirdilər. Bu yaxınlarda icmadan olan digər bir trans qadınla ünsiyyət zamanı bəlli oldu ki, vəziyyət indi də eynidir. Mən də onlar da daima Türkiyədən gələn dost-tanışdan dərman gətirmələrini istəyirik. Bu böyük problemə səbəb olur, çünki biz bu preparatları gündəlik qəbul etməliyik. Belə olduğu halda isə məcburi fasilə etmiş oluruq. Bu da hormonal balansın pisləşməsinə və daha çox disforiyaya səbəb olur.”


Ölkə qanunvericiliyində sağlamlıq hüquqları

Müsahibin də qeyd etdiyi kimi, problemi əhatə edəcək spesifik qanunvericiliyə baxdıqda əslində ilk problemin elə qanunlardakı boşluqda və həyata keçirilməyən hissəsində görmək mümkündür. Konstitusiyanın 41-ci maddəsi Sağlamlığın qorunması hüququ haqqındadır. Maddənin 1-ci bəndində qeyd edilir:

“Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.”[11]

Konstitusiya qəbulundan 20 ildən çox vaxt keçməsinə baxmayaraq, pulsuz olmayan tibbi xidmətlər maliyyə çətinliyi olan qruplar üçün əldə edilməsi çətin hüquqa çevrilib.


2010-cu ildə “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan respublikasının qanunu qəbul edilib. İİV infeksiyası ilə mübarizə sahəsində dövlət üzərinə götürdüyü təminatları qanunun 4-cü maddəsində sadalayır. Belə ki, İİV infeksiyası ilə mübarizə üzrə milli strategiyanın və dövlət proqramlarının qəbul edilməsi və həyata keçirilməsi; infeksiya ilə mübarizə üzrə xidmətlərin ölkənin bütün ərazisində təşkilinin təmin edilməsi; əhalinin infeksiya və onunla mübarizə sahəsində hərtərəfli məlumatlandırılması və maarifləndirilməsi; yüksək riskli əhali qrupları arasında İİV-in səmərəli profilaktikası üzrə kompleks tədbirlərin həyata keçirilməsi və s. kimi öhdəliklər qanunda öz əksini tapır.


Yüksək riskli əhali qrupunun izahı 1.0.9-da bu formada izah edilir: “yüksək riskli əhali qrupları — İİV-ə yoluxmaya münasibətdə riskli davranış tətbiq edən və ictimai sağlamlığa təhlükə yaradan əhali qrupları (infeksion narkotik istifadəçiləri, nizamsız cinsi əlaqə tətbiq edən şəxslər, cinsi azlıqlar və s.).[12] İİV-in yalnız sağlamlıq məsələsi olmadığı artıq aydındır. İİV-in yoluxmasında həssas qrup olan seks işçiləri İİV-ə yoluxma riskini artıran cinayət, zorakılıq, ayrı-seçkilik kimi insan hüquqları pozuntuları ilə üzləşməyə davam edirlər.[13] Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına əsasən trans qadınların reproduktiv yaşda olan bütün yetkinlərə nisbətdə İİV-ə yoluxma ehtimalı 49 dəfə çoxdur.[14]Azərbaycan qanunvericiliyinə əsasən isə seks işçiliyi qanuni deyil. Azərbaycanda trans qadınların iş tapa bilmək probleminə görə də üz tutduqları işlərdən biri də seks işçiliyidir.[15] Sağlamlıq xidmətlərinə və qoruyucu vasitələrə çıxışları olmadıqlarına görə isə həyatı təhlükələri və rifah vəziyyətinin pisləşməsi artaraq davam edir.


Cinsi və reproduktiv sağlamlığı əhatə etməli olan “Əhalinin reproduktiv sağlamlığının müdafiəsi və ailə planlaşdırılması” haqqında Qanunun layihəsi hazırlanıb, parlamentdə təqdim edilsə də, qəbul edilməyib. Qanunu irəli sürən işçi qrupu qəbul ediləcək qanunun ölkədə yayılmaqda olan İİV riskinə, boşanma və sonsuzluğa müsbət təsir edəcəyini bildirsələr də, qanun layihəsinin əleyhinə çıxış edən deputatlar süni mayalanma, surroqat analıq və sperma donorları kimi qanunda yer alacaq hissələrin “milli mentalitetə” uyğun olmadığı fikrini irəli sürdükləri üçün qanun hələ də qüvvəyə minməyib.[16]


Hüquqların həm işlək, həm də bərabər və əlçatan olması üçün transformativ olmasına ehtiyac var. Transformativ bərabərliyin vacibliyini vurğulayan nəzəriyyəçilərdən olan Fredman (2016) onun məzmununu anlamaq üçün dördölçülü yanaşma (four-dimensional approach) təklif edir.[17] Fredmanının yanaşması üzərindən edilməli olanları və Azərbaycandakı trans qadınların vəziyyətini müəyyən edə bilərik.


Fredman bərabərliyə gedən yolda təklif edir ki, ilkin olaraq əlverişsiz şərait aradan qaldırılmaldır. Həm maddi, həm sosial mənfi cəhətlərini qeyd edən müəllifin bu təklifindən yola çıxaraq trans qadınların üzləşdiyi maddi sıxıntıları qeyd etmək yerinə düşər. Seks sənayesində fəaliyyət göstərən trans qadınların bir çoxu işsizlik və maddi sıxıntılar səbəbindən bu iş ilə məşğul olmaq məcburiyyətində qaldıqlarını bildirirlər. Bu da onların cinsi sağlamlığını daha çox təhlükəyə atır. Xüsusilə də tranzisiya dövründə olan trans qadınlar ölkədə tapılmayan dərmanları xarici ölkələrdən sifariş verməli və ya ölkədə çox tapılan dərmanlar üçün böyük maddi vasait xərcləməli olurlar. Digər bir tərəfdən isə cərrahi əməliyyat və sağalma dövrü üçün də davamlı maddi dəstəyə ehtiyac duyurlar. Amma iqtisadi çətinliklərə görə, prosesi yarıda dayandırmağa məcbur qalırlar.


Fredman ikinci ölçü kimi isə stiqma, stereotipləşdirmə və gender əsaslı zorakılığın aradan qalxmasının vacibliyini vurğulayır. Trans qadınlar iş müraciətləri zamanı üzləşdikləri stiqma və sterotiplər səbəbilə işə götürülmürlər. Bu səbəblə də alçaldıcı münasibət görməmək üçün iş müraciətləri etməkdən çəkinirlər.


Üçüncü ölçü kimi fərqliliyə uyğunlaşmaq üçün strukturların dəyişdirilməsi nəzərdə tutulur.[18] Transfobik yanaşma dövlətin bütün sturukturlarını əhatə edir. Trans qadınların qətlləri polis tərəfindən ətraflı araşdırılmır, hökumətyönlü jurnalistlər televiziya və sosial mediada trans qadınların fotolarını və videolarını yayımlayaraq onları məsxərəyə qoyur, cəmiyyətdə nifrət nitqinin artmasına təkan verir.


Fredmanın son mərhələ olaraq təklif etdiyi sosial və siyasi iştirakçılığın təbliği mərhələsidir. Bu baxımdan Azərbaycanda trans qadınlar ölkədəki bütün sosial və siyasi proseslərdən kənarda qaldığını demək olar. Küçədə azad gəzə bilməyən trans qadınların siyasi iştirakçılığı təmin edilməsi üçün, şübhəsiz ki, tətbiq edilməli qanunlar və mexanizmlər zəruridir.


Effektiv sağlamlıq xidmətinin əhəmiyyəti


Vüsalə sağlamlıq xidmətlərinə çıxış problemlərinin mənbəyini barədə belə deyir:

“Əsas problemlərdən biri adekvat və təcrübəli ginekoloqların, mamoloqların və s. tapılmasındadır. Təcrübəli həkim tapılması o demək deyil ki, sənə hətta özəl xəstəxana daxilində ödəniş əsasında xidmət göstəriləcək. Digər əsas problem də PEP (Post Exposure Prophylaxis) və PrEP (HIV Pre Exposure Prophylaxis) kimi İİV-dən qoruyucu dərmanlara əlçatımlılıqla əlaqəlidir. Bizdə bu preparatların pulsuz verilməsi ilə bağlı hər hansı tənzimlənmə və xidmət yoxdur. Eyni zamanda bura cinsi yolla yoluxan viruslarla bağlı testlərin aparılmasını da əlavə etmək olar. Cinsi sağlamlıqla bilavasitə əlaqəli olmasa da, endokrinoloji xidmətlərə əlçatımlılıq da sıfırdır. Trans qadınlar üçün - xüsusən də hormonal terapiya keçənlər üçün endokrinoloji xidmətlərə çatımlılıq mütləqdir. Lakin Bakı şəhərində üç il əvvəl uzun araşdırmalardan sonra tapdığım endokrinoloq yeganə mütəxəssisdir ki, qəbul həyata keçirir, təcrübəsi var və nisbətən transfob deyil.”

Reproduktiv sağlamlıq anlayışı sağlamlıq məsələsindən daha geniş aspektləri əhatə edərək inkişaf və insan haqları məsələsinə çevrilib.[19] Dörd “P” (providence, people, politicians, and providers of health services) adı verilən bu göstəricilər arasında təminat, insanlar, siyasətçilər və səhiyyə xidmətləri yer almaqdadır. Bu göstəricilər cinsi və reproduktiv sağlamlığın müəyyən edilməsinə kömək edərək vəziyyətin xidmətə ehtiyacı olan şəxslər üçün ya yaxşılaşdırlmasına, ya da pisləşməsinə şərait yaradır. Çünki siyasətçilər və qanunvericilər tətbiq etdikləri siyasət və qanunlarla cəmiyyətlərin formalaşmasında mühüm rol oynayırlar.[20] Buna görə də sağlamlığa və sağlamlıq mərkəzlərinə ayrılan resurslara nəzərət etməklə həm insanların cinsi və reproduktiv sağlamlığı inkişaf edə bilər, həm də pozula bilər.


ÜST-ün translar və İİV haqqında siyasət xülasəsində səhiyyə işçilərinin translarla davranış kodeksləri xüsusi qeyd edilib. Səhiyyə işçilərinin trans qadınların cinsi və reproduktiv sağlamlıq ehtiyaclarına və narahatlıqlarına qarşı həm həssas, həm məlumatlı olmaları tələb edilir. Bu həsasslıq istifadə edilən diskursda da özünü göstərməlidir, bu səbəblə də tibb işçiləri trans qadınların anatomiyası və ya cinsi davranışı ilə bağlı fərziyyələrdən çəkinməlidirlər. Tibb işçiləri nəzərə almalıdırlar ki, trans qadın və ya kişilər fiziki və cinsi zorakılığın qurbanı ola və ya öz anatomiyalarından narahat ola bilərlər, ona görə də cinsiyyət orqanlarının müayinəsi onlar üçün fiziki və psixoloji cəhətdən xüsusilə çətin ola bilər.[21] Səhiyyə xidmətlərinin trans qadınlara ayrı-seçkilik üzərində qurulmamış xidmət təqdim etməsi isə trans qadınlara sistematik zorakılıq tətbiq edən bir sistemdə çətindir. Çünki ilkin qəbul edilməli və tətbiq edilməli məsələ onun təməl insan hüquqları tərəfidir. Stiqma və ayrı-seçkilikdən uzaq öz cinsi kimliyini müəyyən etmək və ifadə edə bilmək insan hüquqlarından istifadənin mühüm ölçüsüdür.[22]


İnsan hüquqlarına əsaslanan trans-spesifik səhiyyəyə dair təlimatlarda qeyd olunur ki, peşəkar tibb işçiləri tərəfindən trans qadının təcrübəsinə, ehtiyaclarına qarşı mühakimə və hörmətsizlik, trans qadınların şəxsi məlumatlarını paylaşmaq, məcburi müalicə və ya əməliyyat, hər növ zorakılıq, şəxsin şəxsi həyatının əsassız sorğulanması[23] və s. qəbuledilməzdir.


Trans qadınların əlçatan və insan hüquqlarına əsaslanan trans-spesifik xidmətlərə və xidmətlər haqqında ətraflı məlumata çıxışa, keyfiyyətli tibbi yardım üçün ixtisaslaşmış və gender, cins və müxtəliflik haqqında müvafiq təlim keçmiş, məxfiliyi qoruyan tibb işçilərindən qayğı görməyə haqqları var.[24] Bu məqamda səhiyyə işçiləri vəzifə öhdəliklərini necə yerinə yetirməyə və insanların həyat şəraitinə necə töhvə verə bilməyə fokuslanmalıdırlar.


Tibb işçilərinin təhsil aldıqları zaman gender və cins haqqında maarifləndirib LGBTİQ+ dostu tibb perofessionalları hazırlamaq insanların sağlamlıq xidmətlərindən pis rəftardan uzaq yararlanmalarına şans yaradacaq. Səhiyyənin inkişafı və hər kəs üçün əlçatan ola bilməsi üçün yeniliklərə ehtiyacı var. Huntun (2006) qeyd etdiyi kimi bu cür yeniliklər yalnız səhiyyə işçiləri ilə sıx əməkdaşlıqda yaranır. Yalnız bu yolla səhiyyə işçiləri insan hüquqları hərakatının bir parçasına çevrilə bilər.[25] Bunun da yolu davamlı və təhlükəsiz şərait qurmaqdan keçir. Hüquqların təmin edilməsi bütün sahələrdə baş tutmadıqca təklif edilən səhiyyə xidmətləri də öz ayrı-seçkili yanaşmasını qoruyacaqdır.


Yekun

“Cinsi sağlamlıqla bağlı səhiyyə sistemindən nə gözləyirsən” sualına Vüsalənin cavabı kədərli olsa da, tam həqiqəti əks etdirir:

“Əslində hazırda Azərbaycanda trans qadınlar üçün vəziyyət o qədər pisdir ki, biz trans-spesifik səhiyyədən danışmalı və bu üzrə tələblər ortaya qoymalı olduğumuz halda sadə tibbi xidmət və prosedurlara əlçatımlılıq üçün savaşırıq. Yəni hazırda yeganə gözləntim fundamental tibbi xidmətlərə transgenderlərin də əlçatımlılığının formalaşdırılmasıdır. Həkimlərin daha məlumatlı olması üçün hər hansı təlim proqramlarının keçirilməsi və təbii olaraq diskriminasiya əleyhinə qanunun qəbul edilməsidir. Bu başlıca addımların atılmasından sonra, bəlkə, digər vacib məsələlər barədə gözləntilərim olacaq.”

Səhiyyə sistemi reproduktiv və cinsi sağlamlıqla bağlı çatışmazlıqları təkbaşına aradan qaldıra bilmədiyi üçün cinsi sağlamlığın keyfiyyət və əlçatanlığının yaxşılaşdırılması səhiyyə sektorundan kənarda fəaliyyətə ehtiyac duyur.[26] Çünki trans qadınların sağlamlığına mənfi təsir edən göstərici gender ayrı-seçkiliyi ənənəsindən gəlir. Trans qadınların sosial, iqtisadi, hüquqi və mədəni hüquqları pozulduğu üçün sağlamlıq hüquqları da pozulur. Trans qadınların hüquq və azadlıqları təmin olunmadıqca əlçatan sağlamlıq xidmətlərinin təşkili çətin və qeyri-effektivdir. Səhiyyə xidmətlərinə çıxışını məhdudlaşdıran qanunlar insanları informasiya və xidmətlər axtarmaq və almaqdan kənarlaşdıra və ya çəkindirə bilər. Trans qadınların iş, yaşayış yeri, müdafiə sistemi, təhsil və səhiyyəyə digər vətəndaşlarla bərabər formada əli çatmamasını gender siyasətinin bir parçası hesab etmək olar.


Çünki cinsi oriyentasiya və gender kimliyinə görə institusional ayrı-seçkiliyin tətbiqi dövlət siyasətinin bir hissəsidir. Bu ayrı-seçkilik təhsil mərkəzlərindən başlayaraq səhiyyə sisteminə kimi həyatın bütün sferalarına yeridilib. Edilməli işlərin də bir-birilə zəncirvari həyata keçirilməsinə ehtiyac var. Bu səbəblə də polisindən deputatına, müəllimindən bütün dövlət qulluqçularına kimi hər kəs məlumatlandırılmalıdır. Mexanizimlər təkcə trans qadınların cinsi sağlamlığını yaxşılaşdırmaq üçün deyil, həm də onların bütün insan hüquqlarını təmin etmək üçün lazımdır. Çünki trans qadınların fundamental insan hüquqları ilə bağlı pozuntular aradan qalxmadıqca cinsi sağlamlıq xidmətlərinin əldə edilməsi ya yarımçıq, ya da qeyri-mümkün olacaq. Trans qadınların insan hüquqları tanınmalı və hörmət edilməlidir, bunsuz heç bir hüquq təmin edilə bilməz.


Biblioqrafiya

Azərbaycan Respublikasının Konstitusiyası, maddə 41: Sağlamlığın qorunması https://www.fhn.gov.az/uploads/legislation/aze/konstitusiya.pdf


Azərbaycan Respublikası Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzi, “Bu ilin beş ayında 341 nəfərdə İİV-ə yoluxma halı aşkarlanıb “<https://aids.az/bu-ilin-bes-ayinda-341-n%c9%99f%c9%99rd%c9%99-iiv-%c9%99-yoluxma-hali-askarlanib-statistika/> daxil olunub 01 june, 2023


Burton A, Butler J, Marwah P, Mazzacurati C, Schilperoord M and Steen R, “Addressing HIV and Sex work” (2010) FMR, 25-27


Cook RJ, Dickens BM, Fathalla MF, “Reproductive Health and Human Rights: Integrating Medicine, Ethics, and Law” (2003)


Dingake OBK, “The state of human rights in relation to key populations, HIV and sexual and reproductive health” (2018) RHM 26,52, 46-50


Gender Resurs Mərkəzi yerli şəbəkədir. 2020-ci ildən etibarən mərkəz “LGBTQI icmaları üçün məsləhət və psixososial dəstək” layihəsini həyata keçirməyə başlayıblar. Mərkəzin benefisiarların bütün narahatlıqlarını və maneələrini əhatə edən daxili məlumat bazası vardır. Yazıda istinad verilən hesabat Gender Resurs Mərkəzinin psixo-sosial xidmətlər layihəsi çərçivəsində mərkəzə müraciət edən trans qadınların sosial işçilərə verdiyi məlumatlar əsasında hazırlanmışdır. Hesabat iyirmi üç trans qadının fikirlərini ifadə etdiyini, Azərbaycandakı bütün trans qadınlar icmasını əhatə etmədiyini vurğulamışdır. https://en.grcenter.org/psixososial-konsultasiya


Hunt P, “The human right to the highest attainable standard of health: new opportunities and challenges” (2006) Transactions of the Royal Society of Tropical Medicine and Hygiene 100, 603-607


ILGA Europe, Annual review of the Human Rights of Lesbian, Gay, Bisexual, Trans, and Intersex people in Azerbaijan Covering the Period of January to December 2022


İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan respublikasının qanunu, https://e-qanun.az/framework/19707


Nuranə Məmməd, “Hormon terapiyasından məhrum trans vətəndaşlar” (Mikroskop Media, 30 June 2022) < https://mikroskopmedia.com/2022/02/25/hormon-terapiyasindan-mehrum-trans-vetendaslar/> daxil olunub 01 august, 2022



United Nations Population Fund, “Sexual and Reproductive Health” (04 April, 2022)

<https://www.unfpa.org/sexual-reproductive-health> accessed 03 June, 2023


Transgender Europe, “Guidelines to human rights-based trans-specific healthcare”, (2019)


UNFPA, Azərbaycan Respublikasında cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə saziş qurumlarının tövsiyələrinin icra vəziyyətinin qiymətləndirilməsi, Bakı 2015


World Health Organization, “Policy brief: Transgender people and HIV,” (2015)

Fredman S, “Women and Poverty: A Human Rights Approach” (24(4) African Journal of International and Comparative Law 2016) 494-517


İstinadlar

[1] ILGA Europe, ANNUAL REVIEW OF THE HUMAN RIGHTS SITUATION OF LESBIAN, GAY, BISEXUAL, TRANS AND INTERSEX PEOPLE IN EUROPE AND CENTRAL ASIA, Annual Review of The Human Rights Situation of Lesbian, gay, Bisexual, Trans, and Intersex People in Azerbaijan Covering the Period of January To December 2022, 34 [2] UNFPA, 04 April, 2022 <https://www.unfpa.org/sexual-reproductive-health> 03 June, 2023 [3] Rebecca J. Cook, Bernard M. Dickens, Mahmoud F. Fathalla (2003) “Reproductive Health and Human Rights: Integrating Medicine, Ethics, and Law” s. 1 [4] Rebecca J. Cook, Bernard M. Dickens, Mahmoud F. Fathalla (2003) “Reproductive Health and Human Rights: Integrating Medicine, Ethics, and Law” s.2. [5] Rebecca J. Cook, Bernard M. Dickens, Mahmoud F. Fathalla (2003) “Reproductive Health and Human Rights: Integrating Medicine, Ethics, and Law” s.2. [6] Rebecca J. Cook, Bernard M. Dickens, Mahmoud F. Fathalla (2003) “Reproductive Health and Human Rights: Integrating Medicine, Ethics, and Law” s.6. [7] Burton A, Butler J, Marwah P, Mazzacurati C, Schilperoord M and Steen R, “Addressing HIV and Sex work” (2010) FMR, s.26. [8] Queer Radar 30 iyun 2022, Nuranə Məmməd, Hormon terapiyasından məhrum trans vətəndaşlar < https://queeradar.com/hormon-terapiyasindan-m%c9%99hrum-trans-v%c9%99t%c9%99ndaslar/> 01 iyun, 2023 [9] Azərbaycan Respublikası Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzi, <https://aids.az/bu-ilin-bes-ayinda-341-n%c9%99f%c9%99rd%c9%99-iiv-%c9%99-yoluxma-hali-askarlanib-statistika/> 01 iyun,2023 [10] Hesabat Gender Resurs Mərkəzinin sosial xidmətlər layihəsi çərçivəsində mərkəzə müraciət edən trans qadınların sosial işçilərə verdiyi məlumatlar əsasında hazırlanmışdır. Hesabat iyirmi üç trans qadının fikirlərini ifadə etdiyini, Azərbaycandakı bütün trans qadınlar icmasını əhatə etmədiyini vurğulamışdır. https://en.grcenter.org/psixososial-konsultasiya [11] Azərbaycan Respublikasının Konstitusiyası, maddə 41 https://www.fhn.gov.az/uploads/legislation/aze/konstitusiya.pdf [12]“İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikasının qanunu, https://e-qanun.az/framework/19707 [13] Oagile Bethuel Key Dingake, “The state of human rights in relation to key populations, HIV and sexual and reproductive health” (2018) RHM 26,52, s 47. [14] World Health Organization, “Policy brief: Transgender people and HIV”, (2015) s 6. [15]ILGA Europe, Annual review of the Human Rights of Lesbian, Gay, Bisexual, Trans, and Intersex people in Azerbaijan Covering the Period of January to December 2022, s.37. [16] UNFPA, Azərbaycan Respublikasında cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə saziş qurumlarının tövsiyələrinin icra vəziyyətinin qiymətləndirilməsi, Bakı 2015, s 22. [17] Fredman, S., ‘Women and Poverty: A Human Rights Approach’, 24(4) African Journal of International and Comparative Law 2016, s 505-506. [18] İbid. s 506. [19] Rebecca J. Cook, Bernard M. Dickens, Mahmoud F. Fathalla, (2003) “Reproductive Health and Human Rights: Integrating Medicine, Ethics, and Law” s.6. [20] İbid. s 11. [21] WHO policy brief on transgender and HIV, 2015, s. 21. [22] Rebecca J. Cook, Bernard M. Dickens, Mahmoud F. Fathalla (2003) “Reproductive and Sexual Health” s. 11. [23] Transgender Europe, September 2019, Guidelines to human rights-based trans-specific healthcare, s. 12. [24] İbid. s. 14. [25] Hunt P, “The human right to the highest attainable standard of health: new opportunities and challenges” (2006) Transactions of the Royal Society of Tropical Medicine and Hygiene 100, s. 607. [26] Rebecca J. Cook, Bernard M. Dickens, Mahmoud F. Fathalla (2003) “Reproductive and Sexual Health” s 25.

58 views
bottom of page