top of page

Kişilər niyə qadınlardan "üstündür"? Şəhriyar Məmmədyarovun cavab verə bilmədiyi suala cavabımız

Son günlər Şəhriyar Məmmədyarovun qadınlar barədə dediyi  arxaik seksist fikirlər gündəmi zəbt edib. O, müsahibəsində qadın şahmatçıların kişilərlərlə bərabər mübarizə apara bilmədiyini deyib: “Düzdür, bu fikirlər qadınların xoşuna gəlməyəcək. Bəlkə də deyəcəklər, o deyil, amma bu gün dünyanın 100 ən yaxşı şahmatçısından biri belə qadın deyil. Yəni, heç bir qadın şahmatçı kişilərlə bərabər mübarizə apara bilmirlər. Qadınlar kişilərdən hansı sənətdə üstündür ki?! Çox fikirləşməyiniz belə artıq qəribədir. Fikirləşdiniz, rahatlıqla deyə bilmədiniz. Çünki yoxdur”. Daha sonra müsahib ondan bunun səbəbini soruşanda cavab vermək istəmədiyini bildirib. 


Gəlin həm şahmatda, həm də Şəhriyarın dediyi kimi bütün sahələrdə "üstün" olan kişilərin buna necə nail olmasından danışaq, uzun-uzadı yazmadan. 


Əvvəla ondan başlayaq ki, elit və peşəkar şahmat heç bir maskulin güc tətbiqi ehtiyac duyulmasa da tarixən siyasi, mədəni və iqtisadi səbəblərdən kişilərin dominantlığında olan bir oyun olmuşdur. Bu baxımdan Şəhriyar öz arxaik və seksist bəyanatı ilə onunla həmfikir olan məşhur həmkarları Bobi Fişer və Qari Kasparova qoşulması ilə yəqin ki, fəxr edə bilər. Bobi Fişer 1962-ci il  Harper jurnalına müsahibəsində demişdi: “Bütün qadınlar, hamısı zəifdir. Onlar kişilərlə müqayisədə axmaqdırlar. Bilirsiniz, qadınlar şahmat oynamamalıdırlar. Yeni başlayan oyunçular kimidirlər. Hər hansı bir kişiyə qarşı hər oyunda məğlub olurlar. Dünyada elə bir qadın oyunçu yoxdur ki, onu məğlub edə bilməyim”. Qari Kasparov isə 2003-cü ildə London Zamanı jurnalına “Şahmat idman, psixoloji müharibə, elm və incəsənətin qarışığıdır. Bütün bu komponentlərə baxanda kişi hökmranlıq edir. Şahmatın hər bir komponenti kişi hökmranlığı sahələrinə aiddir” demişdir. 

Cəmiyyət və siyasətin seksist harmoniyasından “uğur” qazanan bu kişilər qadınları alçaldaraq və əzərək güc və resusrlar qazanmaqlarında patriarxal hegemoniyaya borclu olduqları halda bunu bioloji üstünlüklər olaraq sırımağa çalışırlar. Tarix isə başqa bir reallığı qarşımıza qoyur. 


Qərbdə şahmat yarışları rəsmiləşən kimi və birinci yerin qaliblərinə iqtisadi mükafatlar verilməyə başlanandan qadınların şahmatda iştirakı aşağı düşməyə başladı. Qadınlar yalnız on doqquzuncu əsrin sonunda (şərti olaraq) qazanc əldə etmək hüququna malik oldular. O vaxtdan bəri kişilərin qazancını qadınlara verməmək üçün, qadın şahmatçılar kişilərlə birlikdə yox, yalnız qadınların iştirak etdiyi turnirlərlə yarışa bildilər və qadınlar arasında ilk dünya çempionatı 1927-ci ildə başlamışdır. Kişilər və qadınların birgə yarışları çox sonradan geri qaytarılmış və bu zaman da turnirin peşəkar hesab oluinması üçün nəzərdə tutulan kvotalarda say olaraq əsas yerlər həmişə kişilərə verilmişdir. O vaxtdan bəri qadınlar kişilərlə birgə yarışlarda olduqca aşağı təmsil olunur. 


Bəs digər sahələrdə qadınlar hardadır? Qadınların emansipasiyası və hüquqları uğrunda mübarizənin nəticəsi olaraq son iki əsrdə qadınlar ictimai fəal olmağa, evdən çıxmağa çalışılar və buna nail olurlar. Təhsil almaq bir qırağa, evdən bayıra çıxmağa imkanı olmayan qadınlar necə tarix boyu hansısa publik vəzifə tuta bilərdilər? Bununla belə istisna qadınlar var, Marie Skłodowska-Curie və Ada Lovelace kimi. Şəhriyar Məmmədyarovun "mənə qadınların kişilərdən üstün olduğu peşə göstərin" sualına isə Judith Butleri, Gayatri Spivakı, Hannah Arendt, Simone de Beauvoir, Angela Davis, Bell Hooks, Martha Nussbaum, Ursula Le Guin və digərlərini oxumağı məsləhət görürük. Kişilərdən yaxşıdılarmı? Canlarını da alarlar, o yana da keçərlər! 


Uzun sözün qısası, əsrlər boyu evə qapadılmış, əmlak və resurslara sahib olmaqdan məhrum olmuş və məişət və qayğı işi ilə yüklənmiş qadınlar olmasaydı, kişilər bu "bioloji" üstünlüyü necə qazanardılar?! 24 saat ərzində yemək bişirmək, evə baxmaq, evi təmizləmək, bazarlıq etmək, uşaq varsa ona baxmaq, paltar yumaq, bundan sonra isə əlavə produktiv iş görmək çox çətindir. Əksər işçi qadınlar isə bu ikili yükün daşıyıcısıdırlar.


Patriarxiyanın yaratdığı struktural ədalətsizliklər digər irqçi, sinifçi zülm sistemləri ilə kəsişir. Bunun nəticəsidir ki, alimlərdən tutmuş, Şəhriyarın dediyi aşbazlara qədər hər sahədə "ən yaxşılar" və "ən uğurlular" nəinki kişilər olub, həmçinin ağ, imtiyazlı sinifdən olan və əsasən Avropalı kişilər olub. Bunu görməzdən gələn Şəhriyar dolayısı ilə Azərbaycan kimi qlobal miqyasda "ən yaxşı" və "ən uğurlu" ola bilməyən xalqları da axmaq və bacarıqsız hesab edir?! Əsrlər boyu qadınlar da daxil, irqləşdirilmiş və istismar olunmuş xalqların bilik istehsalı və paylaşımına olduqca məhdud çatımı olması onları "bioloji" və "intellektual" olaraq daha zəifmi edir?!


Şəhriyar Məmmədyarovun düşüncələri timsalında seksist və rasist

düşüncələrlə qarşılaşan qadınlarla səslənirik: Bilik və əməkiyimizin dəyərsizləşdirilməsinə imkan verməyəcəyik! 

74 views

Comments


bottom of page