top of page

Laçın blokadası: neo-kolonialism, vətəndaş cəmiyyəti və dövlət zorakılığının ortasında



Bir aydan çoxdur davam edən Laçın dəhlizinin Azərbaycanlı “eko-aktivistlər” tərəfindən blokadaya alınması Dağlıq Qarabağda humanitar fəlakətə gətirib çıxarıb. Ərzaq qıtlığı, internetin kəsilməsi, tibbi və digər xidmətlərdə məhdudiyyətlər, ayrı qalmış ailələr son bir ayın izolyasiyasının acı nəticəsidir. Azərbaycanda 2020-ci il qələbəsindən sonra intensivləşən yeni milliyətçiliyin və revanşizmin gətirdiyi mənəvi kənarlaşdırma baş verənlərlə bağlı ümumi vəziyyəti hakim sinif, vətəndaş cəmiyyəti və cəmiyyətin hegemonik razılığında saxlayır: Bir qisim humanitar fəlakəti inkar edir, bir qisim sevinir, bir qisim isə ümumiyyətlə vecsizdir.


Blokadanın tələbi Qarabağda olan mineral yataqların istismarı və onun yaratdığı ekoloji fəlakətlər olaraq göstərilir. “Dedilər gəl-mən də gəldim” deyib nə olduğundan bixəbər olanlardan tutmuş, dövlət agentləri və QHT nümayəndələri (bu arada ekoloji fəaliyyəti olmayan[1]) da daxil bu kiçik səfərbərlik 1988-ci il Topxana meşəsi üçün toplaşan və daha sonra milli azadlıq hərəkatına çevrilən proseslərlə paralelliyi olsa da, o vaxtkı milliyyətçi hərəkatlardan fərqli olaraq demək olar ki, bugün hər şey dövlət və hakim sinifin indoktrinasiyasının məhsuludur. Bununla yanaşı etiraz etmək adəti dövlət tərəfindən mənimsənilərək nəzarətdə saxlanılmağa çalışılır və beləliklə bu minlərlə insanın həyatına təsir edən etiraz tamaşası açıq şəkildə fərqli dövlət zorakılıqlarını legitimləşdirir.

Cəmiyyətdəki daxili böhranları və sosial frustirasiyaları kanalizasiya etmək üçün istifadə olunan münaqişə və milliyətçilik, müxtəlif strukturlar vasitəsi ilə cəmiyyətlə dövlət arasında olanda münaqişələri idarə etməyə çalışır. Lakin Laçın dəhlizi blokadası təkcə dövlət zorakılığı və təzyiqinin təcəssümü yox, həm də genişlənən neokolonializmin bir hissəsi olaraq görülməlidir. Burda həm dövlət maliyyəsi ilə çalışan vətəndaş cəmiyyətinin rolu, həm yataqlara kimin sahib olması, həm də iqtidarla iqtisadi imperializmin əlaqəsini analiz etməyə ehtiyac duyulur.


Birincisi aksiyanı vətəndaş cəmiyyətinin etdiyini göstərməyə çalışırlar. Bəllidir ki hakimiyyət özü bunu təşkil edib. Amma vətəndaş cəmiyyətinin az bir kəsimi çıxmaqla baş verənlərə dəstək və ya neytral qalmasının səbəbləri əslində elə vətəndaş cəmiyyətinin mahiyyətindədir. Vətəndaş cəmiyyətini dövlətə alternativ kimi göstərməyə çalışan neoliberal diskursa qarşı bu cür hadisələr açıq şəkildə vətəndaş cəmiyyətinin mahiyyətini ortaya qoyur. Yəni istər hökumət təşkil edir, istər etmir vətəndaş cəmiyyəti öz fuksiyasın yerinə yetirir: dövlət və cəmiyyət arasında konfliktdə vasitəçilik edir və onlar arasında hegemon razılıq yaradan institutları təşkil edir[2]. Başqa sözlə, müxtəlif institutlar, təşkilatlar və ya strukturlar şəklində vətəndaş cəmiyyəti əhalinin hiddətini kompensasiya etmək üçün dövlət daxilində islahat təklif etməklə dövlətin gücünü və hegemonluğunu asanlaşdırır. Orda olar “aktivistlər” əslində etməli olduqlarını edirlər. Dövlətçi maraqları universal göstərməyə çalışıb hakimiyyətin sanki özlüyündə edə bilmədiyini missiyanı yerinə yetirirlər. Missiyaları isə olduqca saxta olduğundan sülh üçün uçurduqları göyərçin belə əllərində ölür.


Sosial hərəkatların nəzarətdə saxlanıldığı, siyasi partiyalarla bağlı yeni qanunla müxalifətin faktiki olaraq yox olacağı bir mühitdə dövlət zorakılığının və nəzarətinin yeni şəkilləri ilə qarşılaşırıq. Polis və təhlükəsizlik qüvvələri hələ də hakim elitanın əlində əsas güc olsa da, vətəndaş cəmiyyəti vasitəsilə ideoloji hegemonluğun digər vasitələri qurulur. Qramsçinin hegemonluq anlayışına istinad edərək, Boqqs “Qramşinin marksizmi” kitabında vətəndaş cəmiyyətini “qurulmuş nizam və ona hakim olan sinfi maraqları təmin edən ailə də daxil olmaqla bütün strukturlar və cəmiyyətinin hər tərəfinə nüfuz edən bütöv bir dəyər və əxlaq sistemi kimi” müəyyən edir[3]. Beləliklə, vətəndaş cəmiyyəti, cəmiyyətin ehtiyaclarını ödəmək üçün təqlid etsə də, hakim təbəqə ilə cəmiyyət arasında hegemonik razılığın yaradılmasına öz töhfəsini verməkdədir. Yəni vətəndaş cəmiyyəti müstəqil subyektiliyi olub olmasından asılı olmayaraq əslində özünü Laçın koridorunda etirazla olduqca dəqiq şəkildə təmsil edir.


İkincisi, Laçın koridorunun blokadası ilə irəli sürülən həm yataqlara nəzarət, həm də Zəngəzur dəhlizi tələbləri, hakimiyyətin sülh dedikdə əslində tam olaraq nəyi nəzərdə tutduğunu ifşa edir. Artıq heç bir şühbə yoxdur ki, hakim sinif və onun havadarları mövcud və gələcəkdəki mənfəətlərinin təhlükəsizliyinin təmin etmək üçün mümkün siyasi şəraitlərdə hər şeyə hazırdırlar. 2022-ci ilin sentyabrında birbaşa hərbi gücdən istifadə edərək zorakı sülh gətirməyə cəhd edən hakimiyyət bu dəfə izolyasiya və blokada metodunu seçir. Əsas məqsəd Qarabağ əhalisinii yumşaq şəkildə “etnik təmizlənmə” təhlükəsi ilə üz-üzə qoymaqla mineral yataqlara nəzarətin təmin edilməsi və bununla da birbaşa iqtisadi imperializmi təşkil etməkdir.


Qarabağın Azərbaycanın nəzarətinə keçdiyi bölgələrdəki yataqları artıq 2020-ci il müharibəsi davam edə-edə Anglo Asian mədən şirkətinə həvalə edən hakimiyyət, 2022-ci ilin iyulunda yeni müqavilə ilə əlavə 3 yataq sahələrinə nəzarəti də həmin şirkətə vermişdir. Britaniya şirkəti olan Anglo Asian sahibləri sıx şəkildə Azərbaycan, ABŞ və Britaniya ilə əlaqəlidirlər. Bu yeni müqavilə Anglo-Asian şirkətinin mənimsəməyə çalışdığı, Azərbaycan və Ermənistanın hələ də müəyyənləşməyən demarkasiya xəttində qalan Zod/Sotk mədən yatağını əldə edə bilməməsinin kompensasiyasıdır. Zod yatağına nəzarət edən Ermənistan olsa da, aparıcı şirkət Geomining Gold MMC Rusiya ilə əlaqəli şirkətdir. Odur ki, Bakı bu başağrısından imtina edib ikisi 2020-ci ildə Azərbaycanın nəzarətində keçən ərazilərdə, biri isə Dağlıq Qarabağın nəzarətində olan yeni yataqları (Xarxar, Qaradağ, Dəmirli, Qızılbulaq) Anglo Asiana həvalə etmişdir. Beləliklə yataqların Ermənistan tərəfindən istismarını bəhanə edən Azərbaycanın Laçın dəhlizini blokadaya almasının əsas məqsədlərindən biri yataqları Anglo Asian şirkətinin nəzarətinə verə bilməkdir. Bununla yanaşı tələblərdən digəri olan Zəngəzur dəhlizi layihəsi də hərbi və siyasi əhəmiyyətli olmağı ilə yanaşı həm də Anglo-Asian şirkətinə verilən Vejnali və Ordubad yataqlarına tam nəzarəti əldə etmək üçün irəli sürüldüyü də məlumdur[4].


İmperialist hegemonluğundan qurtulmaq üçün yüksələn milli mədəniyyət və mübarizələrdən fərqli olaraq, hakim sinifin yenidən təşkil etdiyi, müharibələri qaçılmaz və sülhü qeyri-mümkün edən yeni millətçi miflər imperializmi dəstəkləyir[5]. Neokolonializm və iqtisadi asılılıq vasitəsilə bu sistem həm periferiyalarda hakimiyyətin daimiliyini, həm də öz hegemonluğunu təmin edir. Postsovet məkanında Qərb imperializmi daha çox mədəni və iqtisadi hegemonluq yolu ilə qorunsa da, Rusiyanın bölgədəki gücü bilavasitə müstəmləkə köklərinə söykənir, ona görə də hərbi və siyasi nəzarəti davam etdirməkdən çəkinmir. Müstəmləkə nəzarətinin əsas göstəricilərindən biri davamlı hərbiləşmədir. Artıq 2020-ci ilə qədər Ermənistan və Azərbaycanın kifayət qədər hərbiləşdirilməsinə fəal şəkildə töhfə verən Rusiya 2020-ci il atəşkəs sazişindən sonra Qarabağda yerləşdirilmiş sülhməramlıları ilə əlavə nəzarəti təmin edib. Ukraynada müharibənin davam etdiyi bir vaxtda mövqeyinin zəifləməsinə baxmayaraq, Rusiya bu yaxınlarda oliqarx Ruben Vardanyanı Dağlıq Qarabağın rəhbərliyinə təyin etməklə, siyasi və iqtisadi üstünlüyünü təmin etməklə Dağlıq Qarabağın hazırkı faktiki himayədar dövlətinə çevrilib.


Laçın dəhlizinin blokadası zamanı azərbaycanlılarla ermənilərin arasında dayanan rus sülhməramlılarını, Britaniya şirkətinin Qarabağdakı mədən sahəsinə sahiblənmək marağı naminə etiraz edən azərbaycanlı “eko-aktivistləri” və nəhayət ermənilərin Rusiyaya tərəfində Qarabağda yeni təyin olunmuş rəhbərə arxalandıqlarını gördükdə belə bir nəticəyə gələ bilərik ki, gücsüzləşdirilmiş və müstəmləkəçilər tərəfindən sanki “pasifikasiya” məhkum edilmiş azərbaycanlılar və ermənilər nə müstəmləkə döngüsündən, nə də müharibədən asanlıqla qurtula bilməyəcəklər. Şirkətlər, hərbi və vətəndaş cəmiyyəti vasitəsilə neokolonializmi təşkil edən iqtidarla insanların hegemon razılığını məhv etmədən indiki dönügünü dəyişmək mümkünsüz görünür. Əgər vətəndaş cəmiyyəti zorakı dövlətlə əzilən cəmiyyət arasındakı münaqişəni təmziləyirsə, eyni nizamla istehsalın bütün faktorlarına sahib olmağa çalışan şirkət və individuallar isə koloniyalarındakı dövlətlər və hakim sinif vasitəsi ilə nəzarəti və mənfəətlərinin təhlükəsizliyi təmin etməyə çalışırlar. Odur ki dövlət, vətəndaş cəmiyyəti, və neokolonializmin sıx ittifaqının təzahürü olan Laçın blokadasının davam etməsi yerli xalqları zəiflədəcək və davamlı münaqişə vəziyyətində saxlamaqla onları tabe və asılıq edəcək, bununla da da gələcəkdə bizi gözləyən müharibə də daxil bütün dövlət zorakılıqlarını legitimləşdirəcək.



[1] Laçın dəhlizində keçirilən etiraz aksiyasında təmsil olunan QHT-lərin mandatı ilə bağlı araşdırmanı daha ətraflı izləmək üçün (1) Mikroskop Media in English on Twitter: "The NGOs participating in the actions organized by the 🇦🇿 government in Lachin corridor are presented as NGOs specializing in ecology. We watched more than 50 videos and researched the NGOs there, and they have nothing to do with ecology and environment. https://t.co/rPrVYv3qc3" / Twitter [2] Riddiough C. (1981) Sosializm, feminizm və gey/lezbiyan azadlığı; Marksizm və Feminizmin Bədbəxt Evliliyində Sinif və Patriarxiya mövzusunda debat. (səh. 71-90) [3] Boggs C. (1976) Gramşinin Marksizmi London: Pluto Press, 1976 s. 39 [4] Anglo Asian şirkəti ilə bağlı təhqiqat və onların yeni müqavilələri haqqında ətraflı oxumaq üçün Azerbaijan Gives British Mining Company Three New Sites as Compensation for Sotk Mine (hetq.am) [5] Fanon F.(1961) “On National Culture,” Wretched of the Earth

 
 
 

Comments


Feminist Peace Collective Est.2021

bottom of page