top of page
  • Feminist Peace Collective

Müharibədən Sonrakı Azərbaycan: Dəmir Yumruqdan Dəmir Məngənəyə Keçid



20 noyabrdan başlayaraq media üzərində dövlət nəzarətinin geniş yayıldığı Azərbaycanda nadir müstəqil xəbər orqanı olan AbzasMedia-ya həyasızcasına hücuma başlanılıb. Direktor Ülvi Həsənli saxlanılıb, onun müavini Məhəmməd Kekalovun isə 48 saatdan artıqdır ki, harda olduğundan xəbər belə yoxdur. Bu arada həmin medianın baş redaktoru və jurnalist Sevinc Vaqifqızı ölkəyə qayıdarkən dərhal həbs edilib.


Vətəndaş cəmiyyəti və media dairələri bu dəmir məngənin get-gedə sıxılacağını və yeni reydlər və həbslər olacağını gözləyirlər. Hökumətin nəzarətində olan media, müstəqil qrupları “şanlı qələbə”dən sonra birləşmiş Azərbaycanın və azərbaycanlıların sabitliyini pozmağa çalışan ABŞ-nin dəstəklədiyi agentlər kimi qələmə verərək qarayaxma kampaniyasına başlaması bu narahatlığa əsaslar verir. Odur ki, dindirilən Ülvi Həsənlinin “AbzasMedia”nın niyə Qarabağ kimi mövzulardan daha çox korrupsiyaya yer verməsi ilə bağlı sorğu-suallarla qarşılaşması təəccüblü deyil.


Prezident Əliyevin 2020-ci il qələbəsindən sonra nəzarətsiz siyasi güc əldə etdiyi iddia edilərkən, post-müharibə dövründə siyasi mənzərə vacib suallar doğurur. Böyük ictimai dəstəyə baxmayaraq, Əliyev niyə fərqli fikirləri boğmaqda israr edir və təzyiq taktikasından əl çəkmir? Radikal feminizm həqiqətən də onun rejimi üçün təhlükədirmi, yoxsa bütün bunların arxasında başqa dərin bir plan dayanır? Bu bitməyən söz-söhbətdə daha bir vacib sual: burada ABŞ-nin rolu nədir? Sadiq olmayan vətəndaş cəmiyyəti və media ABŞ-nin əlində bir alətdirmi?


Başlayaq qondarma Qərb, ABŞ, demokratiya, insan haqları və Azərbaycanın lüğətində yeni peyda olan söz - radikal feminizmlə. Hökumətin əsas ittihamı ondan ibarətdir ki, Azərbaycanda vətəndaş cəmiyyəti ABŞ-nin əlaltısıdır. Necə olur ki, ABŞ demokratiya və insan haqları yolu ilə Azərbaycanda sabitliyi pozmağa çalışır, amma eyni zamanda illər əvvəl Əliyev rejiminin 2014-cü ildə vətəndaş cəmiyyəti və demokratiyanı çökdürməsinə susuraq göz yummuşdu. Birləşmiş Ştatlar heç vaxt Azərbaycan hökumətinə hər hansı daxili zülmlərə görə ciddi təzyiq göstərməyib. Məsələn, Azərbaycan Konstitusiyasının bir neçə referendumla dəyişiklik edilərək işləməyən kağız parçasına çevrilməsi, hakimiyyət bölgüsünün zəiflədilməsi və konsolidasiya edilmiş avtoritar rejimə çevrilməsi kimi hüquq pozuntuları və ya demokratiya pozuntuları ABŞ üçün “narahatlıqdan” başqa bir şey yaratmamışdır. Bundan əlavə, ABŞ Əfqanıstan və İraqdakı kampaniyaları zamanı Azərbaycanı etibarlı müttəfiq hesab edirdi. Azərbaycan sonradan ABŞ-ni təkcə yanacaqla deyil, həm də informasiya ilə təmin etmiş, öz ərazisində hərbi təyyarələrə eniş hüququ vermiş və Əfqanıstandakı qoşunlara qoşulmuşdu. Həmçinin, ABŞ şirkətləri neft sənayesində və dəniz neft yataqlarının işlənməsində mühüm rol oynayırlar. Əliyev ABŞ-nin dəstəyini necə yüksək qiymətləndirdiyini dəfələrlə xatırlatmış və hətta bu yaxınlarda USAİD-in indi düşmənləşdirilmiş rəhbəri Samata Pauerlə görüşmüşdü.


Bəs necə oldu ki, o, bir gecədə köhnə müttəfiq zəif və sıxılmış vətəndaş cəmiyyətindən istifadə edərək ölkədə sabitliyi pozmaqda maraqlı oldu? Cavab bəllidir. Demokratiya, insan haqları və indiki dövrdə feminizm anlayışları hökumətlər tərəfindən münasibətləri pisləşən kimi və ya daxili müxalifəti susdurmaq istəyən kimi alətə çevrilir. Qərb gücləri heç vaxt təbliğ etdikləri eyni dəyərlərəəhəmiyyət verməmişlər, əvəzində bu dəyərlərdən yalnız aralarında ziddiyyətli olduqları müəyyən hökumətlərə təzyiq vasitəsi kimi istifadə edirlər. Amma eyni zamanda Azərbaycan kimi dövlətlər və ya hər hansı digər sağçı hökumətlər də (məsələn Macarıstan, Hindistan, Rusiya, Braziliya, Polşa, Gürcüstan və s.) demokratiya, insan haqları, feminizm və digər fikirlərdən eyni səbəblərə görə sui-istifadə edirlər. Bu ölkələr danmaq istədikləri eyni oyunun bir hissələridirlər və onlarla razılaşmayan siyasi müxalifləri sıxışdırmaq üçün eyni fikirləri deformasiya edir və kirlədirlər.


Bu halda məlum ziddiyyətli vəziyyət ortaya çıxır: Qərb gücləri rəqib gördükləri hökumətlərə təzyiq göstərmək üçün demokratik dəyərlərdən fürsətçi istifadə etdiyi kimi, sağçı rejimlər, o cümlədən Azərbaycan da fərqli fikirləri yatırmaq üçün eyni ritorikadan istifadə edirlər. Bu oyun həm qlobal güclər, həm də onların tənqid etdiyi dövlətlər tərəfindən demokratik idealların siyasi mənfəət üçün həyasızca istismarını ifşa edir.


Əliyev isə mühüm qələbə qazanmasına və geniş dəstək almasına baxmayaraq, zülm mövqeyindən yapışdıqca bu paradoks dərinləşir. Qələbə ona tam suveren hakimiyyət veribsə, vətəndaş cəmiyyəti üzərində zalım hökmranlığın davam etməsi onun hərəkətlərinin arxasında duran əsl motivlərlə bağlı narahatlıq yaradır. İlkin olaraq zəfər mövqeyindən qəbul edilən müharibədən sonrakı dövr, repressiyaların davam etməsi ilə daha da qaranlıq reallığı ortaya qoyaraq insanlar tərəfindən Əliyevin hakimiyyətə olan doymaz iştahını şübhə altına alır.


Müharibədən sonrakı qələbənin illuziyası ilə kollektiv şüuru bəzəyən təntənəli “qələbə eynəkləri” müharibədən sonrakı mənzərənin sərt reallıqları ilə qarşılaşdıqca yavaş-yavaş öz parıltısını itirir. Sərhədsiz səlahiyyətlərə malik Prezident Əliyev onun hegemon hekayəsinə etiraz etməyə cəsarət edənlərə qarşı “dəmir yumruq” qaldırır. Qəzəb və kədərə boyanmış, zorakılıq, itkilər və emosiyalarla əlamətdar olan müharibənin nəticələri, hökmranlıq və ya sakitləşdirmə yolu ilə həll edilmədikdə, davamlı zorakılığa çevrilmə riski yaradır. Odur ki, insanların qəzəbinin yönünü ya dəyişdirmək, ya da cəzalandırmaq lazımdır.


Qadınlar və kuirlər bu ictimai təcavüzün əsas hədəfinə çevrildiyi üçün biz bu yöndəyişimin maskulin zorakılıq şəklində özünü göstərməsini müşahidə edirik. Son üç il ərzində qadınlara qarşı zorakılıq artmış və qadınlar yenidən siyasi arenada oyuncağa çevrilmişdir. Prezident Əliyev Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişafı və səlahiyyətlərinin genişləndirilməsi” (Azərbaycan hökumətinin ələ keçirməyə çalışdığı digər gündəm) mövzusunda keçirilən konfransda müraciətində tarixi qələbəni fəxrlə Azərbaycan qadınının vətənpərvərlik ruhu ilə əlaqələndirdi. Amma məsələyə yaxından nəzər saldıqda isə kəskin ziddiyyətləri görmək olur. Çünki əsasən müəllimlik və səhiyyə kimi peşələrlə məşğul olan qadınları fəxrlə vurğulayan prezident, həm də bilir ki, onlar aşağı gəlirli, istismarçı istehsal rollarında fəhləlik edir və bununla da həm dövlət, həm də onun fərdi gəlirlərini artırırlar.


Ağır əməkdən əlləri qabarmış qadınlar, müharibədə yaxınlarını itirmiş və əlil ailə üzvlərinə gündəlik qayğı göstərmək məcburiyyətində qalanlar müharibədən sonrakı cəmiyyətin uçurumun kənarında olduğu acınacaqlı reallığını əks etdirirlər. Qələbənin bəzəkli eynəkləri olmadan bu müharibə qeyri-müəyyənlik və çarəsizliyin qaranlıq mənzərəsini ortaya qoyur.


Eyni zamanda, bu ört-basdır edilmiş reallığı üzə çıxarmağa çalışanlar hökumətin dilində nəhəng düşmənlər kimi qələmə verilirlər. Qələbənin ideal olmayan tərəflərinə işıq salmaq istəyən şəxsləri satqın kimi damğalayır, sanki onlar xalqın qələbədən tam həzz almasına mane olurlar. Nəticə etibarilə, Azərbaycan xalqına, Qarabağdan olan məcburi köçkünlərə, münaqişədə canını və ya sağlamlığını qurban vermiş kişilərə məxsus olmalı olan bu qələbə Prezident Əliyev və onun ailəsi tərəfindən “dəmir yumruq”la mənimsənilir.


Əsassız ittihamlarla saxlanılan Qubad İbadoğlu kimi vətəndaş cəmiyyəti üzvlərinin həbsi, və son günlər “Abzas Media”nın üzvləri Ülvi Həsənli, Məhəmməd Kəkalovun və Sevinc Vaqifqızının saxlanılması müharibədən sonrakı ssenariyə aydınlıq gətirir. Bu hadisələr yerli auditoriyada güclü rezonans doğurmasa da, Azərbaycandakı repressiv davranışlara görə müəyyən dərəcədə məsuliyyət daşıyan Qərb siyasət dairələrində narahatlıq doğurmalıdır. Birbaşa Amerikaya işləməkdə günahlandırılan bu fəallar nizam-intizam və qorxu ilə səciyyələnən post-müharibə dövrünün əsas qurbanlarına dönürlər.


Azərbaycanın elan etdiyi qələbənin ardınca, zəfər fasadı müxalif fikrin dəmir yumruqla yatırılması dəhşətli reallığını ört-basdır edir. İstər qlobal güclərin, istərsə də Azərbaycan kimi avtoritar rejimlərin demokratik dəyərləri alətə çevirməsi və insan hüquqlarını siyasi məqsədlərə qurban verməsi kinli oyunun məntiqini ifşa edir. Qeyri-müəyyən şəraitdə zəhmətindən istifadə edilən Azərbaycan qadınlarının acınacaqlı vəziyyəti elan edilmiş qələbənin qaranlıq tərəfini göz önünə qoyur. Beləliklə də, feministləri radikal adlandırmaq və hədəfləmək bu qaranlıq siyasətin əsas alətinə çevirilir. Bu hadisələri izləyərkən, beynəlxalq ictimaiyyətin, xüsusi ilə Qərb siyasətçilərinin sadəcə narahatlıqdan kənara çıxmalarına və Azərbaycanda fəalların müdafiəsini davamlı şəkildə tələb etmələrinə ciddi ehtiyac var.


Şəffaflığa və ədalətə can atan şəxslərə qarşı əsassız həbslər və əsassız ittihamlar sərt reaksiya tələb edir, beynəlxalq ictimaiyyəti Azərbaycan hökumətini öz əməllərinə görə cavabdeh olmağa çağırırıq.

128 views
bottom of page