top of page

Neft və milyonlar səltənətində bitməyən dövlət zorakılığı


Gədəbəyin Söyüdlü kəndindəki etirazlara ithafən


Söyüdlü kəndi, Gədəbəy 20 iyun 2023-cü il

Dünən (20 iyun 2023-cü il) Gədəbəyin Söyüdlü kəndinin sakinləri hakim ailəyə məxsus qızıl mədənlərinin çirkli sularını axıtmaq üçün süni gölün yaradılmasına etiraz etməyə cəhd ediblər. Lakin bu etiraz, Azərbaycanda baş verən istənilən etiraz kimi, zorakılıqla yatırılma]a çalışılıb. Vətəndaşlara qarşı göz yaşardıcı qaz və dəyənəklərdən istifadə edilib. Azərbaycan dövlətinin qadına ayırdığı “ana, ağbirçək” rollarına qoyduğu ağızdolusu hörməti isə “şanlı Azərbaycan polisi” etirazın əsas iştirakçıları olan yaşlı qadınlara qarşı göz yaşardıcı qaz və dəyənəklərli istifadə edərək puça çıxardı. Eyni zamanda ictimai olaraq polis imicini qoruyucu və təhlükəsizliyi təmin edən kimi sırımağa çalışan Azərbaycan hakimiyyəti də bu cür hadisələrlə öz yaratdığı mifləri dağıdır. Çünki etiraz edən insanların tamamilə haqlı olması və eyni zamanda heç bir təhlükə olmamaları, onlara qarşı edilən zorakılığın açıq şəkildə dövlət zülmü olduğuna, üstəlik hakim elitanın tapşırığı ilə baş verməsinə dair heç bir tərəddüd yaratmır.


Söyüdlü kəndində baş verənlər ilk və tək hadisə deyil. Ən yaxın dövrə baxsaq, 2023-cü ilin əvvəlindən demək olar hər ay baş verən kollektiv etirazlardan biridir. Bundan əvvəl 13 mart tarixində Saatlının Nabatkənd kəndində su tələbi ilə bağlı aksiya, 13 aprel Bakıda taksi sürücülərinin aksiyası, 2 iyun tutulmuş dindarların yaxınlarının aksiyası, 8 iyun Tərtər işi ilə bağlı aksiya baş tutmuşdur. Bütün bu aksiyaların qarşısı zorakı metodlarla alınıb.


Lakin Gədəbəydəki hadisələr Azərbaycan cəmiyyətini sosial şəbəkələrdə xüsusilə hiddətləndirərək səsini çıxarmağa vadar edib. Təkcə siyasi fəallar deyil, gündəlik “siyasətə qarışmayan” şəxslərin də səslərini çıxarmağa başlaması hadisəyə kütləvi etirazdan xəbər verir. İstənilən avtoritar idarəetmə sistemində olduğu kimi, Azərbaycan cəmiyyəti də həm qorxu və tabeçilik yaradan intizamedici güclə, həm də maddi baxımdan kasıb və asılı vəziyyətə salınmaqla susdurulsa da, ümumilikdə dövlət gücünu qeyri-zorakı vasitələrlə təmin etməyə çalışır. Aşkar zorakılığı isə daha görünməz və şəxsi səviyyələrdə saxlayır. Odur ki, neft və milyonlar səltənətində yaşayan insanların davamlı olaraq kasıb və tabeçi vəziyyətdə yaşamaqları onları etiraza gətirəcək kollektiv güc və ya qəzəb yaratmır.


Bakıda fəhlələr, işçilər müxtəlif sənaye sahələrində şirkətlər tərəfindən istismar edilir, hətta sıravi işçiləri əzən şirkətlər özləri belə qapadılır və bazardan çıxarılır ki, yeni avtoritar dövlət kapitalizmi və hakim sinfin monopoliyası genişlənsin. Bakıdan kənar istənilən pereferiyada isə kəndlilər torpaqları əllərindən alınaraq rəiyyət kimi yaşayır. Rəiyyətin isə etiraz etmək hüququ yoxdur: nə çirklənən təbiətə, nə qurudulan göllərə, nə axarı dəyişdirilən çaylara, nə susuzluğa, nə əllərindən alınan torpaqlara, nə də ki, kimyəvi maddə tullantılarına.


Söyüdlü kəndi, Gədəbəy 20 iyun 2023-cü il

Ən kiçik etiraza cəhd etdikdə isə, bu gün gördüyümüz mənzərə ilə qarşılaşırıq. Azərbaycandakı ultrastabilliyi pozulması qorxusu dövləti ən kiçik və təhlükəsiz görünən tələblərə belə zorakı yollarla cavab verməyə vadar edir. Xüsusi ilə onlara tanış olmayan, adaptasiya edə bilmədikləri spontan etirazlara qarşı yeganə cavabı göz qorxutmaq, bu spontanlıqdan yarana biləcək kütləviliyin qarşısını nə olursa olsun almaqdır. Bu halın paradoksu isə dövlətin zorakılığını daha aşkar etdiyi zamanda heç nəyə ümidi qalmayan əhalinin yeganə yolunun kütləvi etirazlara çevrilməsindədir.


Biz bu etirazlara ümidlə baxır və Azərbaycanda dəyişikliyin gözlənilməz olacağına və aşağılardan gələcəyinə inanırıq. Hiddətlənməklə yanaşı, bizə ümid verən məqam yaşadığımız avtokratiyada hələ də etiraz ocaqlarının və gözlənilməz itaətsizliyin baş verməsidir. Bu cür etirazlar ölkədə zorakılığın dözülməz həddə çatdığından və hakimiyyətin qurduğu miflərin tədricən dağılmağa məhkum olduğundan xəbər verir. Lakin hal-hazırkı yaranan kiçik qığılcımda insanların qəzəbini sakitləşdirmək etmək üçün, kimlərinsə cəzalanması və yenidən “yaxşı” polis kimi miflərin bərpası üçün hakimiyyətin çaba verəcəyini də istisna etmirik. Bu kiçik fasilədən sonra yenidən öz zülmlərinə qayıdışla isə yuxarıda qeyd etdiyimiz paradoksuxu qaçılmaz edəcəklər. Hələlik isə, “müharibədən sonra hər şey yaxşılığa doğru olacaq” vədlərinin verilməsinə baxmayaraq dövlət zorakılığı davam edir. Linklər:

[2] Gədəbəydə etiraz olub, polis müdaxilə edib https://www.azadliq.org/a/gedebey-etiraz/32467906.html

[3] Saatlıda: Maskalı polis "rezin güllə ilə oğlumu vurdu"https://www.bbc.com/azeri/articles/c51q93qrkqyo

[4] "Axşam evimizə çörək aparmaq istəyirik", Bakıda taksi sürücülərinin etirazı

[5] Dindarların aksiyası: “Mən indi necə yaşayım?” https://www.bbc.com/azeri/azerbaijan-65790045

[6] “Tərtər işi” ilə bağlı Bakıda etiraz: “Gəl bura, Prezident” https://www.bbc.com/azeri/azerbaijan-65850388


 
 
 

Comentarios


Feminist Peace Collective Est.2021

bottom of page