top of page
  • Feminist Peace Collective

Rusiyadakı feministlərin müharibə əleyhinə manifesti

Təcrümə olunub: Feminist Sülh Kollektivi tərəfindən

İnsanlar Rusiyanın Ukraynaya təcavüzünə qarşı etiraz aksiyasında iştirak edir. Moskva, 27 fevral 2022-ci il. Foto: Reuters/Evgenia Novozhenina

Aşağıdakı mətn Ukraynadakı işğala və müharibəyə qarşı birləşmiş Rusiyadakı feministlərin manifestidir. Feminizm müasir Rusiyada Vladimir Putin hökumətinin başlatdığı təqib dalğaları ilə məhv edilməmiş azsaylı müxalif hərəkatlardan biridir. Hazırda Rusiyanın ən azı otuz şəhərində onlarla yerli feminist qruplar fəaliyyət göstərir. Bu mətndə ölkədə müharibə əleyhinə nümayişlərdə iştirak edən feministlər bütün dünyadakı feministləri Putin hökumətinin başlatdığı hərbi təcavüzə qarşı birləşməyə çağırır.



Fevralın 24-də, Moskva vaxtı ilə səhər saat 05:30 radələrində Rusiya prezidenti Vladimir Putin Ukraynanın “denazifikasiyası” və “demilitarizasiyası” məqsədilə “xüsusi əməliyyat” elan etdi. Bu əməliyyat çoxdan hazırlanırdı. Bir neçə ay idi ki, rus qoşunları Ukrayna ilə sərhəddə doğru irəliləyirdi. Bununla belə, ölkə rəhbərliyi hərbi hücum ehtimalını da təkzib edirdi. İndi biz bunun yalan olduğunu görürük.


Rusiya qonşusuna müharibə elan edib. Bu, Ukraynanın nə öz müqəddəratını təyin etmək hüququ, nə də dinc həyat yaşamaq ümidinə imkan vermədi. Bildirmək istərdik ki, bu ilk dəfə deyil və müharibə son səkkiz ildə Rusiya hökumətinin təşəbbüsü ilə aparılıb. Donbasdakı müharibə Krımın qanunsuz ilhaqının nəticəsidir. Biz hesab edirik ki, Rusiya və onun prezidenti Luqansk və Donetskdə insanların taleyi ilə bağlı heç də narahat deyil və heç vaxt narahat olmayıb. Səkkiz ildən sonra respublikaların tanınması isə Ukraynanın azadlığı adı altında işğalı üçün sadəcə bir bəhanə olub.


Rusiya vətəndaşları və feministlər olaraq bu müharibəni pisləyirik. Feminizm bir siyasi qüvvə olaraq təcavüz və hərbi işğal müharibəsinin tərəfində ola bilməz. Rusiyadakı feminist hərəkat bərabər imkanlara və perspektivlərə malik ədalətli cəmiyyətin inkişafı üçün mübarizə aparır. Bu cəmiyyətdə zorakılıq və hərbi münaqişələrə yer ola bilməz.


Müharibə zorakılıq, yoxsulluq, məcburi köçkünlük, parçalanmış həyatlar, güvənsizlik və gələcəyin olmaması deməkdir. Bu, feminist hərəkatın əsas dəyər və məqsədləri ilə barışmazdır. Müharibə gender bərabərsizliyini daha da gücləndirir və insan hüquqları sahəsində əldə olunan irəliləyişləri uzun illər geridə qoyur. Müharibə özü ilə təkcə bombalar və güllələrin zorakılığını yox, həm də cinsi zorakılığı gətirir. Müharibə zamanı hər bir qadın üçün təcavüzə məruz qalma riskinin bir neçə dəfə artdığını tarix göstərir. Bu və bir çox başqa səbəblərə görə, rus feministləri və feminist dəyərləri bölüşənlər ölkə rəhbərliyinin başlatdığı bu müharibəyə qarşı güclü mövqe nümayiş etdirməlidirlər.


Hazırkı müharibə, Putinin müraciətlərindən də göründüyü kimi, həm də hökumət ideoloqları tərəfindən bəyan edilən “ənənəvi dəyərlər” bayrağı altında aparılır. Bu dəyərləri Rusiya guya missioner kimi bütün dünyada təbliğ etməyə çalışır və onları qəbul etməyənlərə qarşı zorakılıq tətbiq edir. Tənqidi düşünməyi bacaran hər kəs yaxşı başa düşür ki, bu “ənənəvi dəyərlər”ə gender bərabərsizliyi, qadınların istismarı və həyat tərzi, özünüidentifikasiyası və hərəkətləri dar patriarxal normalara uyğun gəlməyənlərə qarşı dövlət repressiyası daxildir. Qonşu dövlətin işğalının bu cür təhrif olunmuş normaları təbliğ edərək demaqoq “azadlıq” ardınca getmək istəyi ilə əsaslandırılması Rusiyadakı bütün feministlərin bu müharibəyə maksimum enerjiləri ilə qarşı çıxması üçün başqa bir səbəbdir.


Bu gün feministlər Rusiyada azsaylı fəal siyasi qüvvələrdən biridir. Uzun müddət Rusiya hakimiyyəti bizi təhlükəli siyasi hərəkat kimi qəbul etmədiyindən biz müvəqqəti olaraq digər siyasi qruplara nisbətən dövlət repressiyalarından daha az təsirləndik. Hazırda Kalininqraddan Vladivostoka, Rostov-Dondan Ulan-Ude və Murmanska kimi ölkənin hər yerində qırx beşdən çox müxtəlif feminist təşkilat fəaliyyət göstərir. Biz Rusiya feminist qruplarını və ayrı-ayrı feministləri Feminist Müharibə Əleyhinə Müqavimətə qoşulmağa və müharibəyə və onu başlayan hökumətə fəal şəkildə qarşı çıxmaq üçün qüvvələri birləşdirməyə çağırırıq. Biz həmçinin bütün dünyada feministləri müqavimətimizə qoşulmağa çağırırıq. Biz çoxuq və birlikdə çox şey edə bilərik: Son on il ərzində feminist hərəkat geniş media gücü və mədəni üstünlük qazandı. Onu siyasi gücə çevirməyin vaxtıdır. Biz müharibəyə, patriarxata, avtoritarizmə və militarizmə qarşıyıq. Biz qalib gələn gələcəyik.


Biz bütün dünyadakı feministlərə səslənirik:


  • Dinc nümayişlərə qoşulun və Ukraynadakı müharibəyə və Putin diktaturasına qarşı oflayn və onlayn kampaniyalara başlayın, öz fəaliyyətlərinizi təşkil edin. Materiallarınızda və nəşrlərinizdə Feminist Müharibə Əleyhinə Müqavimət hərəkatının simvolundan, həmçinin #FeministAntiWarResistance#FeministsAgainstWar hashtaglarından istifadə etməkdən çəkinməyin.

  • Ukraynadakı müharibə və Putinin təcavüzü haqqında məlumatları yayın. Bizə hal-hazırda bütün dünyanın Ukraynaya dəstək verməsi və Putin rejiminə hər hansı bir şəkildə kömək etməkdən imtina etməsi lazımdır.

  • Bu manifesti başqaları ilə paylaşın. Feministlərin bu müharibəyə və hər cür müharibəyə qarşı olduqlarını göstərmək lazımdır. Hələ də Putin rejiminə qarşı birləşməyə hazır olan rusiyalı fəalların olduğunu nümayiş etdirmək də vacibdir. İndi hamımız dövlət tərəfindən təqib olunmaq təhlükəsi ilə üz-üzəyik və sizin dəstəyinizə ehtiyacımız var.


Ətraflı məlumat üçün FeministAntiWarResistance Telegram kanalına qoşula bilərsiniz (rus dilində)


Bu məqalə ilk dəfə Jacobin-də nəşr olunub və ingilis dilinə Anastasiya Kalk və Jan Surman tərəfindən tərcümə olunub.


155 views
bottom of page